ABŞ-ın Cənubi Qafqaz
siyasətində Azərbaycan amili
Müstəqillik Günü
münasibətilə amerikalı həmkarı Cozef Baydenə
təbrik məktubu göndərən Prezident İlham Əliyev bildirir
ki, Birləşmiş
Ştatlarla ölkəmiz arasındakı diplomatik əlaqələrin 30 ildə sağlam tərəfdaşlıq
münasibətləri çərçivəsində davam
etdirilməsi və dünya siyasətinin aktual problemlərinin
həllində birgə səylərin uğurla nəticələnməsi
bütünlükdə bölgədə sabitlik
üçün etibarlı təminatdır
İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlarla diqqət çəkən Azərbaycan maraqlı təşəbbüsləri, hadisələrə ədalətli mövqeyi ilə hər zaman olduğu kimi, yenə də siyasi platforma mərkəzinə çevrilib. Mühüm tədbirlərdə beynəlxalq hüquqa əsaslanan məntiqli çıxışları ilə liderlik məharətini göstərən Prezident İlham Əliyev son günlərdə dünya ictimaiyyəti tərəfindən maraqla izlənilən yüksək səviyyəli tədbirlərdəki nitqləri ilə də Azərbaycanın siyasi, iqtisadi, humanitar siyasətinin uğurlarından bəhs etmişdir. Paytaxtımızda keçirilən «TEXNOFEST- Azərbaycan » festivalı Türkiyə- Azərbaycan qardaşlığının rəmzi kimi yaddaşlarda iz saldı. Enerji sənayesində yaranan tələbatla bağlı müzakirələrin aparıldığı Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərinin, Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunun keçirilməsi o deməkdir ki, Azərbaycanın təşəbbüsü kimi maraq doğuran « yaşıl enerji» layihələri bütün dünya ölkələri tərəfindən maraqla izlənilir. Rolşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun «Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək» mövzusunda keçirilən XI sessiyasında Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan bərpa- quruculuq işlərindən bəhs edən Prezident İlham Əliyev Aşqabadda Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, İran İslam Respublikasının, Rusiyanın birgə iştirakı ilə təşkil olunmuş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında regional əməkdaşlığın bölgədə sabitliyin təminatına verdiyi töhfələrdən söz açmışdır. Bu günlərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin «Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi» mövzusuna həsr olunan Bakı konfransı bir daha göstərdi ki, illərdən bəri sivilizasiyalararası körpü kimi əməkdaşlığın möhkəmlənməsinə töhfələr verən, multikultural dəyərlərin təbliğində nümunə göstərilən Azərbaycan tolerant ölkə kimi də müxtəlif millətlərin birgə yaşadığı nadir ölkələrdəndir.
İllərin təcrübəsi göstərir ki, Azərbaycanın xarici siyasətinin əsas amili tərəfdaş dövlətlərin maraqları ilə milli mənafelərimizi qarşılıqlı əməkdaşlıq sahəsində inkişaf etdirməkdir. Bu gün respublikamızın Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ölkələri ilə münasibətlərinin qarşılıqlı tərəfdaşlıq səviyyəsində davam etdirilməsi Prezident İlham Əliyevin dünyada möhkəmlənən şəxsi nüfuzunun, siyasi qətiyyət və hazırlığının nəticəsidir. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan artıq bölgədə sabitliyin təminatı üçün önəmli reallıqların müəllifi, təşəbbüskarıdır. Prezident İlham Əliyevin müxtəlif səviyyələrdə aparılan müzakirələrdə açıqlamaları , beynəlxalq platformalardakı çıxışları dəstəklənirsə, bu etimad təsdiqləyir ki, ölkəmiz humanitar hüququn qorunması istiqamətində də rolunu uğurla davam etdiririr. Azərbaycan həmişə regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirir, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edir.
Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan keçməsi, və daha sonra da onun vaxtının uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətinin ifadəsidir. «Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqir edilməsi, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər. Çünki artıq minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər» sözləri ilə düyna ictimaiyyətini milli münaqişələrə qarşı mübarizədə birlik göstərməyə çağırır.
Amerika Birləşmiş Ştatları ilə münasibətlərin tərəfdaşlıq səviyyəsində inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. ABŞ Prezidenti Co Baydenin xalqımızın milli bayramlarında, o cümlədən Müstəqillik Günündə dövlət başçımız İlham Əliyevə göndərdiyi təbrik məktubları qarşılıqlı əməkdaşlığın 30 illik uğurunun ifadəsidir. Bu etimad o deməkdir ki, ABŞ-ın Cənubi Qafqazdakı siyasətində Azərbaycan amili, Prezident İlham Əliyevin qətiyyəti xüsusi önəm daşıyır. Cənab Baydenin Prezident İlham Əliyevə ünvanladığı məktublarda Birləşmiş Ştatların yaxın, orta və uzaq perspektivə hesablanmış siyasi taktika və strategiyasının elementləri xüsusilə diqqəti cəlb edir, dərin, strateji prioritetləri əks etdirir. Məntiqi nəticə budur ki, cənab Bayden Cənubi Qafqazla bağlı strateji mülahizələrində müttəfiqi Prezident İlham Əliyevlə bölüşməyə daha çox üstünlük verir.
ABŞ Prezidentinin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın roluna verdiyi yüksək qiymət azərbaycanlı həmkarı İlham Əliyevin enerji mənbələrini şaxələndirmək siyasətinin Qərbdə çox ardıcıl izləndiyinin etirafıdır. Cənub Qaz Dəhlizi, Türkmənistanla Böyük Qaz yatağı barədə müqavilənin imzalanması, Prezident İlham Əliyevin dünyanın enerji təhlükəsizliyinə yönəlik tutarlı addımları Qərbin diqqət göstərdiyi layihələrdir.
Ötən ay paytaxtımızda keçirilən Bakı Enerji Həftəsi münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edən ABŞ Prezidenti Cozef Baydenin məktubunda deyilir: «Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq. Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.»
Daha sonra qeyd olunur ki, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malik ölkədir. Eyni zamanda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
«Mən Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində Sizin davamlı addımlarınızı alqışlayıram. Amerika Birləşmiş Ştatları bizim davamlı tərəfdaşlıq və əməkdaşlığımıza sadiqdir» sözlərinin yer aldığı məktub ABŞ-Azərbaycan diplomatik əlaqələrinin sağlam tərəfdaşlıq münasibətləri çərçivəsində davam etdirilməsinin ifadəsidir. Başqa sözlə deyilsə, dünya siyasətinin aktual problemlərinin həllində birgə səylərin uğurla nəticələnməsi bütünlükdə bölgədə sabitliyin təminatına göstərilən diqqətdir.
ABŞ Prezidenti Cozef Baydenin imzaladığı müvafiq qərarla 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə Amerika Konqresi tərəfindən «Azadlığı Müdafiə Aktı»na «907-ci düzəliş» qadağasının növbəti dəfə aradan qaldırılması rəsmi Vaşinqtonun ölkəmizə etimadı, səmimi dostluq münasibətlərinin təsdiqidir.
Eyni səmimiyyəti Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə göndərdiyi təbrik məktubunda bildirən Prezident İlham Əliyev amerikalı həmkarına öz adından və Azərbaycan xalqı adından ən səmimi arzularını çatdırır. Məktubda qeyd olunur ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyi xalqımız tərəfindən daim yüksək qiymətləndirilir: «Ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.» Məktubda əlavə olaraq qeyd olunur ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ABŞ-Azərbaycan əməkdaşlığı ölkələrarası siyasi əlaqələrin genişlənməsinə də şərait yaradır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır.
«Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik» sözlərinin yer aldığı məktubda Ermənistanın işğalından azad edilən ərazilərin minalardan təmizlənməsinə yardım edən ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində ölkəmizə dəstək göstərəcəyinə ümid edilir. «Əminəm ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcəkdir» sözləri qarşıdakı illərdə də davam etdiriləcək əməkdaşlıq üçün əlavə perspektivlər olacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 6 iyul.- S.4.