"Biz Vətən üçün doğulduq"

 

Yevlax şəhidlərinə həsr olunmuş bu adda kitabın təqdimatı keçirilib

 

İyulun 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar jurnalist Əminə Yusifqızının 44 günlük Vətən müharibəsi zamanı Yevlax bölgəsindən şəhid olmuş qəhrəman oğullardan bəhs edən "Biz Vətən üçün doğulduq" kitabının təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bəzi hadisələr xalqın tarixinə qızıl hərflərlə yazılır: "44 günlük müharibə zamanı mübariz Azərbaycan əsgərlərinin qısa zaman kəsiyində göstərdikləri şücaət heç vaxt unudulmayacaq. Nəsillər dəyişəcək, amma Qələbə günü qürur mənbəyi günü kimi yaddaşlarda əbədi qalacaq. İgid Azərbaycan oğulları Qarabağı, Şuşanı görməsələr bu haqqında kitablardan oxuyub, vətənpərvərlik tərbiyəsi götürüblər. Onlar ölümün gözünə dik baxaraq torpaqlarımızı bizə qaytardılar".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov kitabda 65 oçerkin yer aldığını söyləyərək deyib: “Məqalələri oxuduqda bunun peşəkarlıqla yazıldığını görürük. Vətən haqqında çox danışılır, amma şəhidlərlə bağlı məsələlər hamımızın ürəyini ağrıdır. Bunu analar yaxşı bilir. Onlar öz övladlarını unutmayacaq, haqq dünyasında yenidən öz övladları ilə qovuşacaqlar. Bir söz adamının vəzifəsi bu xatirələri yaşatmaqdır. Əminə xanımın peşəkarlıqla yazdığı sətirlər bir çox insanların qəlbini titrədəcək şəhid anaların keçirdikləri hissləri anladacaq”.

Kitabın redaktoru Məhəbbət Mehdiyeva bildirib ki, bu kitab Əminə xanımın şəhidlər haqqında yazdığı ikinci kitabıdır: "Şəhid analarına olan hörmət hissi onu bir daha bu mövzuya toxunmağa məcbur edib. O, hər oçerki bir epiqrafla müşayiət edib, hər bir şəhidin hekayəsinə bir başlıq verib. Bu kitabı oxuyan biganə qala bilməz. Bu, eyni zamanda şəhid ailələrinə bir təskinlikdir".

İkinci Qarabağ müharibəsində şəhid olmuş Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova bildirib ki, yazılan əsərlər, bəstələnən musiqilər şəhid analarının yarasını sağaltmasa da, onlara bir təskinlik verir. Ancaq Vətən uğrunda ölən qəhrəmanlar heç zaman unudulmur.

Sonra professor Cahangir Məmmədli, “Şərqqəzetinin baş redaktoru Akif Aşırlı, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Tədbirdə, həmçinin çıxış edən şəhid ailələri, müharibə veteranları kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlar "Biz vətən üçün doğulduq" kitabının gələcək nəslin vətənpərvərlik ruhunda böyüməsində əhəmiyyətli olduğunu vurğulayıblar.

Çıxış edən Əməkdar jurnalist Əminə Yusifqızı bildirib ki, Azərbaycan tarixində bəlkə də yüzlərlə müharibə olub. “Ancaq 44 günlük İkinci Qarabağ savaşı qədər sürətli və böyük nəticə qazanılan müharibəni xatırlamırıq. Bu müharibə ona görə belə sürətli oldu ki, həmin günlərdə böyüklü-kiçikli bütün azərbaycanlılar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdilər. Bu müharibə ona görə torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələndi ki, Prezident İlham Əliyev dünyanın bütün siyasi dairələrini haqq yolunda olduğumuza inandırdı. Mən bir yevlaxlı kimi fəxr edirəm ki, həmin möhtəşəm Qələbə üçün gedən döyüşlərdə bizim gənclərimiz də özünəməxsus rəşadət və ləyaqətlə vuruşublar. Mən şəhid ailələrinin hər biri ilə görüşümdə bu cür mərd, igid oğulların yetişdirilməsinin bir daha şahidi oldum. Bəzən bir şəhid anası, atası, hətta bacısı qarşımda dik dayanıb mənə elə təsəlli verirdi ki, o zaman mən xəcalət çəkib utanırdım. Bu kitabı yazıb ərsəyə gətirməyimə məhz onların gücü kömək etdi. Görün, bizim nə qədər mərd analarımız, igid atalarımız var".

 

Mənsumə Babayeva

 

İki sahil.- 2022.- 6 iyul.- S.8.