Sərhədsiz erməni vandalizmi
İrəvandakı məşhur Təpəbaşı
məhəlləsinin məhvi ilə bağlı UNESCO-ya
müraciət edilib
Ermənistan
işğalçı olmaqla bərabər, həm də
vandalizmi və barbarlığı dövlət siyasəti səviyyəsinə
yüksəldən ölkədir. Biz bunu ötən illər ərzində
dəfələrlə görmüş və müşahidə
etmişik. Xüsusilə, Azərbaycanın işğal
altında olan torpaqları azad edildikcə həmin yerlərdə
Ermənistanın həyata keçirdiyi vandalizm və
barbarlıq hərəkətlərini isbatlayan dəhşətli
mənzərələr ortaya çıxıb. Onlar İslam
dəyərlərini, tarixi-mədəni abidələri, məscidləri,
qəbirləri dağıdıb, təhqir və talan ediblər.
Şuşa, Ağdam və digər şəhərlərimizin
dağıdılmış məscidlərinin fotoşəkilləri
erməni vandalizminin sənədli sübutudur.
İşğala qədər Qarabağda və Şərqi Zəngəzurda təqribən 403 tarixi-dini abidə var idi. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgah idi. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan məhz İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və İslam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Həmin abidələri erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün olmadığına görə vandallar çıxış yolunu onları yerlə-yeksan etməkdə görmüşlər.
Məhz bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq qalmışdı. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək Ağdamda, Zəngilanda, Qubadlıda məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Erməni vandalizminin və barbarlığının daha bir nümunəsi isə İrəvan şəhərinin ürəyi sayılan və dədə-babalarımızın min illərlə yaşadıqları Təpəbaşı məhəlləsinin dağıdılaraq tamamilə erməniləşdirilməsidir. Qədim Təpəbaşı məhəlləsi İrəvan şəhərinin şərq yüksəkliyində yerləşirdi. Bu ərazi İrəvanın tarixi məskənlərindən biri olub.
«Elmi araşdırmalar» İctimai Birliyinin sədri, İrəvanın keçmiş sakini Telman Qasımov apardığı elmi araşdırmalar nəticəsində belə qənaətə gəlib ki, ermənilər burada azərbaycanlılara aid olan ən son işarəni də məhv ediblər. Onun sözlərinə görə, keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər Təpəbaşının özünəməxsus obrazını yaratmışdılar: «Bu məhəllədə sadə insanlarla yanaşı, şəhərin adlı-sanlı şəxsləri, sənətkarları və tacirləri yaşayıblar. Onların təkcə torpaqları yox, həm də mülkləri də olub. Xatirimdədir ki, sakinlər məscidlərdə toplanıb çay içib söhbət edirdilər. Bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib. Dünya buna səssiz qalmamalıdır. Biz ictimai birlik olaraq İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət etmişik. Tələbimiz budur ki, burada qədim türk abidələrinə qarşı həyata keçirilən vandalizm və barbarlıq aktlarına son qoyulmalıdır. Beynəlxalq təşkilatlar məsələni xüsusi diqqətdə saxlamalıdırlar.»
Göründüyü kimi, ermənilər harada
tariximizə və mədəniyyətimizə aid
nümunə görüblərsə onun
məhvinə çalışıblar. Təəssüflər
olsun ki, mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi,
dəyişdirilməsi və mədəni sərvətlərimizin
qanunsuz olaraq ölkə
ərazisindən çıxarılması da
daxil olmaqla, müharibə
cinayətlərini araşdırmaq üçün
müvafiq beynəlxalq təşkilatlara etdiyimiz müraciətlər 30 illik işğal boyunca nəzərə
alınmamışdır.
Elçin Zaman
İki sahil.- 2022.- 7 iyul.- S.6.