Qurbanlarınız qəbul,

niyyətləriniz çin olsun!

 

Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı «Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin!» sözləri ilə təbrik edən Prezident İlham Əliyev soydaşlarımıza  xoş arzularını da çatdırır

 

Ümummilli lider Heydər Əliyev dilimizin, dinimizin milli-mənəvi dəyərlərin ən önəmli ünsürlərindən biri olduğunu önə çəkərək bildiridi  ki,  xalqımızın milli-mənəvi sərvətləri  babalarımızdan bizə ərmağandır.  Adət-ənənə ilə əxlaq arasında qırılmaz bağlılıq olan ölkəmizdə adət və ənənələr mədəni tədbirlər üçün rəmzi məna kəsb edir və onlara milli məzmun gətirir.

Novruz , Ramazan ,  Qurban bayramları,  Müstəqillik  Günü, Milli  Qurtuluş Günü, Konstitusiya Günü və digər bayramlarımız və tarixi günlərimizlə yanaşı, cəmiyyətin hər bir inkişaf mərhələsində başqa mədəniyyətlərə inteqrasiyamız genişləndikcə, həyatımıza və məişətimizə yeni beynəlxalq bayram və tarixi günlər daxil olsa da onların bəzilərinin kökləri qədim dövrlərə gəlib çıxır.

  Dini dözümlülük,   başqa millətlərə məxsus mədəniyyətlərə hörmət  İslam aləminin ayrılmaz hissəsi olan  Azərbaycan xalqının gözəl, humanist prinsiplərindəndir.  İctimai-siyasi quruluşdan asılı olmayaraq müxtəlif dillərdə danışan, fərqli dinləri təmsil edən insanlar  çoxkonfessiyalı ölkəmizdə sülh, əmin-amanlıq şəraitində yaşamışlar və bu gün də həmin humanitar  siyasət davam edir.  Tarixi köklərinə,  ənənələrinə bağlı olan  Azərbaycan xalqının çoxəsrlik həyat fəlsəfəsi tolerantlıq və multikulturalizmdir.  Şərq ilə Qərb arasında körpü olan respublikamızda  dünya mədəniyyətlərinə hörmətlə yanaşılır. Dünyada islamofobiya,  ksenofobiya, antisemitizm kimi mənfi meyillərin gücləndiyi zamanlarda belə Azərbaycan terror aktlarına , dini və milli zəmində baş verən münaqişələrə qarşı  mübarizənin ön sıralarında olmuşdur.  30 il Ermənistanın işğalı altında qalan torpaqlarımızda erməni vandallarının törətdikləri vəhşiliklər nəticəsində  dağıdılan məscidlər kimi kilsələrin, sinaqoqların da bərpasına diqqətlə yanaşan Azərbaycan dünyada bənzərsiz mədəniyyət məkanı kimi tanınır. «Azərbaycan –tolerantlığın məkanı» layihəsinin bütün dünyada  dəstəklənməsi xalqımızın milli-mənəvi sərvətlərinə bağlılıqdan qaynaqlanır.  İslam aləmi üçün dəyərli olan milli, dini  bayramlarımız bütün türk dünyasında olduğu kimi, Azərbaycanda da  illərin sınaqlarından çıxmış el adətlərinə uyğun qeyd edilir.  İslam dininin ən vacib  ayinlərindən olan Qurban bayramı müsəlmanlar arasında geniş yayılan mərasimlərdəndir. İslam ölkələrində  böyük etiqadla qeyd olunan Qurban bayramının əsasında Allaha sonsuz sevgi,  Tanrının qüdrətinə dərin inam və iman durur. İnsanları halallığa, paklığa səsləyən bu bayramın illərdən bəri yaşadılan çox maraqlı tarixi, şərtləri, adət-ənənələri  var.  İslam dininə sadiq olan müsəlmanlar qurban vermək adətinə uyğun bu bayramın  Hicri tarixi üzrə Zilhiccə ayının onuncu günü  keçirməyi qanuniləşdirmişlər. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən  peyğəmbər İbrahimin (ə) oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimli peyğəmbəri İbrahimin (ə) sadiqliyini sınamaq üçün onun duası, istəyi müqabilində peyğəmbərə nəsib etdiyi yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir. Tanrı qarşısında əhdini yerinə yetirinə və sözünə sadiq qalan  İbrahim peyğəmbər (ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (ə) göydən enib onun əlini saxlayıb. İlahinin İbrahimdən (ə) razı qaldığını bildirir və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurban bayramında kəsilən heyvanlara «İsmayıl qurbanı”» da deyirlər. Çox sevdiyi  balasını Allah yolunda qurban verməyə hazır olması İbrahim peyğəmbərin (ə) Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə  insanın şəxsiyyət kimi formalaşmasında ən yüksək mənəvi keyfiyyət olan inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz etiqadlarında bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!

İslam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə  bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsi yad edilir,  evlərdə və qəbiristanlıqlarda dualar oxunur, ehsanlar verilir. İslami qaydalara görə, qurbanlıq heyvan qüsurlu, xəstə olmamalı və onu kəsən bıçağa xüsusi  dua oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha məqbul sayılır. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savab sayılır. Həyatında  bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini  imkansız ailələr ilə bölüşmək, onları sevindirməkdir. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri  pay bölgüsündə məzhəb ayrı-seçkiliyinə yol verilməməsidir.  Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində önəmli addımlar atan ulu öndər Heydər Əliyev  İslam aləmində müqəddəs sayılan bayramların qeyd olunmasını müvafiq sərəncamlarla rəsmiləşdirdi.  Milli Məclisin  «Azərbaycan Respublikasının bayramları haqqında»” Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd olunur. Vətən  müharibəsində qazandığımız Qələbənin ikinci ildönümünə təsadüf edən builki Qurban mərasimi  ölkəmizdə  böyük əhval-ruhiyyə ilə bayram edilir,  torpaqlarımız uğrunda  qurban gedən şəhidlərimizin xatirəsi yad olunur.

Hər il  milli bayramlarda  Azərbaycan xalqını təbrik edən Prezident İlham Əliyev bu il də ənənəsinə sadiq qalıb: «Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir. Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir. Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm.»

Tanrı yanında qurbanlarımız qəbul, niyyətlərimiz çin olsun! Qoy bu bayram da xalqımıza bolluq, bərəkət, əmin-amanlıq gətirsin!  İstəklərin bir olduğu bu gün Rəbbimiz bizləri sevdiklərimizdən və doğru yoldan ayırmasın. Amin!

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 9 iyul.- S.9.