Tanrıya sonsuz sevgiinamdan

doğan müqəddəs bayram

 

Tarixi Zəfərimiz xalqımızın qurbanlarının və dualarının qəbul olunmasının göstəricisidir

 

Tarixən İslama və onun mütərəqqi adət-ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Hər il ölkəmizdə bütün dini bayramlar, o cümlədən həmrəylik və qar­daşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban  bayramı böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir.

Müsəlmanlar  mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu əziz gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının ənənəvi olaraq Qurban bayramına dair tövsiyələrində bildirilib ki,  bu bayrama dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulmuşdur. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır.

Vurğulanıb ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək kəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramı gecəsi və günü duaların qəbul olunduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətənimiz və millətimiz üçün dualar etməliyik.

Xüsusi iftixar hissi ilə bildirmək olar ki, Azərbaycan xalqı hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını əziz bir bayram kimi nəzərində saxlamış və qeyd etmişdir. Məlumdur ki, 70 illik sovet rejimi dövründə insanların zehnindən dinin sıxışdırılıb çıxarılması məqsədilə dini ayinlər, bayramlar tənqid hədəfi olub. Buna baxmayaraq, Azərbaycan xalqı daim dini bayramlarını qeyd etməkdən, dini ənənələri yaşatmaqdan və gələcək nəsillərə ötürməkdən çəkinməyib. Bunun nəticəsidir ki, Azərbaycan İslam mədəniyyətinin inkişafına ən çox töhfə verən ölkələrdən biridir.

Ölkəmizdə bu bayram rəsmi olaraq Azərbaycanımız müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən dövlət səviyyəsində bayram kimi qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Bayra­mın müsəlman əhalimiz tərəfindən layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə ol­duğu kimi, xalq və dövlət birliyinin, ümummilli vəhdətin təzahürüdür. Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkan­lar yaradılıb, dini plüralizm, tolerantlıq bütün tərəfləri ilə bərqərar olub.

Bu məqamda qeyd etmək yerinə düşər ki, ümummilli lider Heydər Əliyev  tərəfindən milli-mənəvi və onun tərkib hissəsi olan dini dəyərlərimizin qorunması istiqamətində çox əhəmiyyətli addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə müstəqillik illərində onlarla məscid tikilmiş və bərpa edilmişdir. Digər dinlərin nümayəndələri də həmişə dövlət qayğıları ilə əhatə olunmuşdur. Ölkəmizdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli-mənəvi dəyərlərimizə qayğı siyasəti son 18 ildə Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Qurban bay­ramı günlərində, demək olar ki, bütün imkanlı şəxslər, ictimai təşkilatlar ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq evlərinə, qocalar evlərinə yardımlar edirlər. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdik. Hər il Qurban bayramında, həmçinin digər əlamətdar günlərdə Heydər Əliyev Fondu aztəminatlı və digər həssas qruplardan olan ailələrə sovqat paylayır.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Müxtəlif dini konvensiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

 

Tarixi Zəfərimiz xalqımızın qurbanlarının və

dualarının qəbul olunduğunun göstəricisidir

 

Artıq ikinci ildir ki, Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığından doğan mübarək Qurban bayramı  bir başqa coşqu, bir başqa təmtəraqla qeyd olunur. Neçə illər idi ki, bu müqəddəs gündə dualar edir, növbəti bayramı əzəli dədə-baba yurdumuz Qarabağda qeyd etmək üçün Tanrıya dualar edir, qurbanlar kəsirdik.  Bəlkə də elə bu saf, ülvi, Vətən özləmli müqəddəs duaların çin olmasının nəticəsidir ki, digər əziz bayramlarımız kimi Qurban bayramını da illərdir həsrətini çəkdiyimiz Qarabağın azadlığının yaratdığı qürurla qeyd edirik. Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi, Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Builki Qurban bayramında Şuşada, Ağdamda, Kəlbəcərdə və digər işğaldan azad olunmuş ərazilərdə də Azan səsi eşidiləcək, bayram namazı qılınacaq, qurbanlar kəsiləcək. Azərbaycan xalqının böyüklüyü, ali milli və dini dəyərlərinə sadiqliyi, tarixi kökünə bağlılığı Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, ay-ulduzlu üçrəngli bayrağımızı əzəli torpaqlarımızda dalğalandırdı.

Möhtəşəm Qələbəni bizə bəxş edən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edirik. Xalqımız şəhidlərimizin şərəfli adını heç zaman unutmayacaq, onların ailələri və qazilərimiz dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunacaqdır. Allah Vətən uğrunda, bu Böyük Zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin, şanlı ordumuzun bütün əsgər və zabitlərini qorusun!

İnanırıq ki, ölkəmizin firavanlığı üçün edilən dualar, torpaqlarımızın işğaldan azad olunmasının doğurduğu Qələbə ovqatı və Allaha şükranlıq hissi ilə kəsilən qurbanlar cəmiyyətimizdə milli-mənəvi həmrəylik ruhunu bundan sonra  daha da gücləndirəcək, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 9 iyul.- S.30.