Erməni vandallarının məhv
etdikləri İrəvan məscidləri
Nəinki İrəvan şəhərində,
ümumiyyətlə, indiki Ermənistan ərazisində azərbaycanlılara
məxsus məscidlərin və digər dini ibadət yerlərinin
yer üzündən silinməsinə görə
işğalçı dövlətdən haqq-hesab çəkilməlidir
Vaxtilə
bütün Qafqazda görkəmli və hündür qülləli
məscidləri ilə məşhur olan İrəvan şəhərində
bu gün “Göy məscid”dən başqa heç bir müsəlman
ibadətgahından əsər-əlamət yoxdur.
Çünki, soydaşlarımız indiki Ermənistan (Qərbi
Azərbaycan) ərazisindən deportasiya edildikdən sonra bu
ölkədə tarixi-mədəni irsimizə qarşı
total saxtalaşdırma və soyqırımı siyasəti həyata
keçirilib. “Göy məscid”i isə ermənilər bu
gün dünya ictimaiyyətinə İran-fars məscidi kimi təqdim
edirlər.
İrəvanda mövcud olmuş məscidlər haqqında müxtəlif dövrlərdə bu şəhərdə olmuş səyyahların və Rusiya işğalından sonra İrəvan şəhəri haqqında yazan ayrı-ayrı müəlliflərin əsərlərində kifayət qədər məlumat öz əksini tapmışdır. Bu şəhəri təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə ən möhtəşəm memarlıq abidəsi kimi, Göy məscidin (digər adı Hüseynəli xan məscidi) adı birinci çəkilir.
Məşhur fransız səyyahı və etnoqrafı İvan Şopen (1798-1870) XIX əsrin 20-ci illərində Rusiyaya gələrək, Qafqaz canişinliyinə işə düzəldikdən sonra general İ.F.Paskeviçin göstərişi ilə Qafqazda yaşayan xalqların, xüsusilə də İrəvan və Naxçivan əhalisinin tarixi ilə əlaqədar tədqiqat işləri aparmağa başlayıb. İ.Şopen əsərlərində Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların tarixi, etnik tərkibi, dili, folkloru, ədəbiyyat və incəsənəti haqqında geniş məlumatlar toplayıb. O, 1832-ci ildə İrəvanda 12 məscid qeydə alıb. Onlardan “Came məscidi”, “Şah Abbas məscidi”, “Zal xan məscidi”, “Novruzəli bəy məscidi”, “Sərtib xan məscidi”, “Hüseynəli xan məscidi”, “Hacı İmamverdi bəy məscidi”, “Hacı Cəfər bəy məscidi”ni misal göstərmək olar. Bu məscidlərin bəziləri bir sıra alban abidələri ilə birlikdə erməni vandalları tərəfindən tədricən dağıdılıb və ya erməniləşdirilib.
İrəvandakı məscidlərin ən qədimi “Sərdar məscidi” idi. Köhnə məscid adlandırılan bu ibadətgah Şah İsmayılın tapşırığı ilə onun vəziri Rəvanqulu Xan İrəvan qalasını tikdirdiyi dövrdə inşa edilib. 1589-cu ildə isə Osmanlı türkləri tərəfindən yenidən bərpa edilib. İrəvan qalası içərisində və Sərdar sarayı yaxınlığında yerləşdiyi üçün “Sərdar məscidi” adlandırılıb. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq od vurub yandırıbıar. Məscid insanlarla birlikdə tamamilə yanıb külə dönüb.
Araşdırmalar göstərir ki, 1912-ci ilə kimi indiki Ermənistan ərazisinin İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərib. 1915-ci ildə isə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayının artması müşahidə olunub. Burada 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Hündür minarələri olan İrəvan məscidləri şəhərin möhtəşəm görüntüsünü səciyyələndirən tikililər olub. Belə məscidlərdən 4-ü İrəvan qalasının “Səhər” məhəlləsində yerləşirdi. Bunlar “Novruzəli xan”, “Hüseynəli xan” (indiki “Göy məscid”), “Xoca Səfər bəy” və “Məhəmməd Sərtib xan” məscidləri idi. Lakin İrəvan məscidləri arasında sənət dəyəri baxımından “Şah Abbas məscidi”nin əhəmiyyəti çox böyük idi. 1604-cü ildə 1-ci Şah Abbas İrəvan qalasını Osmanlılardan azad etdikdən sonra 1606-cı ildə İrəvan xanına məxsus Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirib. Məscidə xalq tərəfindən “Şah Abbas məscidi” adı verilib. Məscidin memarı o zamanın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidinə oxşarlığı olan “Şah Abbas məscidi”nin kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif obyektlər daxil idi. İrəvan xanlığı dövründə məscidin aş evində kasıblara gündə 3 pay yemək verilirmiş. Məscid dini məkan olmaqla bərabər, həm də ictimai qurumların toplandığı yer olması ilə də diqqəti cəlb edib. 1918-ci ilə qədər “Şah Abbas məscidi” yarımuçuq vəziyyətdə olsa da, sonralar tamamilə məhv edilib.
İrəvandakı “Xudabəndə məscidi” Səfəvi hökmdarı Məhəmməd şah Xudabəndə tərəfindən tikilib. Uzunluğu 9 metr, eni 6 metr, hündürlüyü isə 12 metr idi. Kiçik mehrabı olan məscid bişmiş qırmızı kərpicdən tikilmişdi. 1685-ci ildə Səfəvi hökmdarı Şah Süleyman tərəfindən məscidin giriş qapısı üzərində bir kitabə də yerləşdirilmişdi. (şəkli qalmayıb).
“Dəmirbulaq məscidi” İrəvan şəhərinin azərbaycanlılar yaşayan məhəlləsində XVII-XVIII əsrlərə aid müsəlman ibadət məkanı olub. Şəhərin Dəmirbulaq məhəlləsində yerləşdiyi üçün “Dəmirbulaq məscidi” adlandırılıb. Məscidin üstündə düzəldilmiş günlüyə görə ona bəzən “Günlüklü məscid” də deyirmişlər. Məscid İrəvan şəhərinin varlı adamlarından olan Hacı Müzəffər Ağa tərəfindən inşa etdirilib. 1988-ci ilə kimi fəaliyyət göstərən və şəhərin dindar müsəlmanlarına xidmət göstərən məscid elə həmin ilin fevralında erməni millətçiləri tərəfindən hücuma məruz qalıb və talan edilərək yandırılıb.
“Rəcəb paşa məscidi”. 1725-ci ildə Rəcəb paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məsciddir. Ruslar İrəvanı işğal etdikdən sonda (1827) Rəcəb paşanın inşa etdirdiyi məscid dağıdılıb və yerində Rus pravoslav kilsəsi tikilib.
“Abbas Mirzə xan məscidi” XVIII əsrdə Abbas Mirzə Qovanlı-Qacar tərəfindən İrəvan qalasında inşa etdirilib. 1827-ci ildə ruslar tərəfindən dağıdılıb. 2008-ci ildə isə tamamilə sökülüb.
“Şükürbəyli məscidi” İrəvanda tikilib. 1827-ci ildə ruslar məscidin daxilini dəyişdirib və adını “Svyatoy Boqoradiç” qoyublar. Hazırda “Şükürbəyli məscidi” rus kilsəsi kimi fəaliyyətdədir.
“Zalhan məscidi” İrəvanda tikilib. Məscid II Dünya müharibəsindən sonra arxitektura xüsusiyyətləri pozularaq şəkil və sərgi binası kimi fəaliyyət göstərir.
“Göy məscid” qeyd etdiyimiz kimi, hazırda Ermənistanın paytaxtı İrəvanda qalmış yeganə ibadətgahdır. Miqyasına görə İrəvandakı Göy məscid Qafqazda ən böyük məscid olmuşdur. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına Hüseynəli xan Qacarın hakimiyyəti dövründə 1760-cı ildə başlanılmış, 1766-cı ildə başa çatdırılmışdır. Azərbaycanın memarlıq nümunələrindən biri olan bu məscidin eni 66, uzunluğu 92,2 metrdir. Bu ziyarətgah çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdikləri 8 məsciddən biri idi. Məscid 28 hücrə, kitabxana, ibadətgah və 3 həyətdən ibarətdir. Ümumilikdə, məscid 7000 kv.metrlik ərazidə yerləşir. İkinci Dünya Müharibəsindən sonra Sovet hökumətinin radikal dünyəvi siyasətinə uyğun olaraq hündürlüyü 24 metr olan 4 minarədən 3-ü söküldü və 1952-ci ildən məscidin bir hissəsi planetariyə, bir hissəsi isə məktəbə çevrildi. Məscid 20-ci əsrdə iki dəfə yandırılıb. Birinci dəfə 1918-ci ildə, ikinci dəfə isə 1955-ci ilin martında. Həmin vaxt azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən ermənilər tərəfindən yandırılıb.
Bir sözlə, XIX əsr Avropa və rus səyyahlarının və tədqiqatçılarının möhtəşəm və nadir memarlıq nümunəsi adlandırdıqları bu məscid-komplekslərindən bir ovuc xarabalığın qalması “mədəni” ermənilərin həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir. Nəinki İrəvan şəhərində, ümumiyyətlə, indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus məscidlərin və digər dini ibadət yerlərinin yer üzündən silinməsinə görə işğalçı dövlətdən haqq-hesab çəkilməlidir.
Sevinc Azadi
İki sahil.- 2022.- 9 iyul.- S.29.