Turizm sektorunda vəziyyət
necədir?
Yanvar-iyun aylarında ölkəmizə 638
770 nəfər turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 127 faiz artım deməkdir
Turizm sənayesi dünya
iqtisadiyyatının ən böyük sektorlarından
biridir. Bu sahənin
inkişafı bütövlükdə həmin ölkə üçün kifayət qədər böyük məbləğdə əlavə
gəlir deməkdir.
Etiraf olunmalıdır ki, pandemiya və cərəyan edən siyasi hadisələr nəticəsində dünyada turizm sahəsi əvvəlki illərlə müqayisədə böhran yaşadı. Son vaxtlar karantin qaydalarının yumuşaldılması, bəzi məhdudiyyətlərin götürülməsi, sərhədlərin açılması digər sahələrlə yanaşı, beynəlxalq turizmdə də canlanmaya səbəb oldu. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının məlumatına görə, 2022-ci ilin birinci rübündə beynəlxalq turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 182 faiz artaraq 41 milyondan 117 milyona çatıb. Xatırladaq ki, 2019-cu ildə turizm sektorunda təxminən 1.5 trilyon dollar olan dövriyyə növbəti ildə 3 dəfə azalmışdı.
Azərbaycan Respublikasının zəngin təbii sərvətləri və iqlim şəraiti turizmin inkişafı üçün əlverişli şərait yaradır. Lakin yuxarıda qeyd etdiyimiz səbəblər Azərbaycanda da turizmin inkişafına təsirsiz ötüşmədi. Belə ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə təkcə daxili turizmdə 3 milyona yaxın səfər təxirə salındı.
Bəs cari ildə Azərbaycanın turizm
sektorunda vəziyyət necədir?
Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayevanın “İki sahil”ə verdiyi məlumata görə, yanvar-iyun ayları ərazində ölkəmizə 638 770 nəfər turist gəlib. Bu da ötən illə müqayisədə 127 faiz artım deməkdir. Sektor müdiri bildirdi ki, təkcə ötən ay ölkəmizə 170 600 turist səfər edib. Bu da 2021-ci ilin iyun ayı ilə müqayisədə 154 faiz artım deməkdir. Əldə edilən göstəricilərə əsasən demək olar ki, turizm statistikası artım üzrə davam edir.
Ölkəmizə ən çox hansı ölkələrdən turist axını var sualını cavablayan G.Mustafayeva söylədi ki, altı ayın statistikası üzrə birinci yerdə 160 000 nəfərlə Rusiyadan gələn vətəndaşlar dayanır: “Daha sonra sıralamada Türkiyə 152 000, İran 83 000 nəfərlə dayanır. Gürcüstan, Səudiyyə Ərəbistanı, Pakistan, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Ukrayna, Qazaxıstan kimi ölkələr də bu siyahıda yer alırlar”.
2022-ci ilin yay mövsümü üçün əsas hədəf bazarların İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər kimi Yaxın Şərq ölkələrinin olduğunu söyləyən həmsöhbətimiz bildirdi ki, həmin ölkələrdən daha çox turist cəlb etməyimizin əsas səbəbi iqlim və təbiət amilləridir: “Sadalananlarla yanaşı, Azərbaycana ailəvi səyahət üçün üstünlük verilən destinasiya kimi baxılması sırasında müsəlman ölkəsi olması, halal qidalara əlçatanlıq, hava limanında viza əldə etmək imkanı kimi amillər də yer alır. Əlbəttə, burada birbaşa uçuşların olması da öz sözünü deyir”.
G.Mustafayevadan aldığımız məlumata görə, hazırda Səudiyyə Ərəbistanının Əl-Riyad, Dammam və Ciddə şəhərlərindən Azərbaycana həftədə bir neçə dəfə birbaşa uçuşlar var. Ümumilikdə həftə ərzində Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərindən Azərbaycana 19 dəfəyədək uçuşlar həyata keçirilməkdədir. BƏƏ-nin Dubay, Şarca, Abu-Dabi şəhərlərindən həftə ərzində Bakıya ümumilikdə 36, Küveytə 7, İsrailə 7 dəfəyədək uçuçlar həyata keçirilir. Sektor müdiri xatırlatdı ki, birbaşa uçuşların olması turistlərin tələbatından asılıdır. Bu tələbatdan asılı olaraq mövcud uçuşların sayının artırılması da istisna deyil.
“Son dövrlər Hindistanda Azərbaycana maraq kifayət qədər artıb” deyən G. Mustafayeva qeyd etdi ki, Azərbaycan Hindistan bazarının istər istirahət, istərsə işgüzar və koorporativ turizm baxımından, yaxud film, toy destinasiyası kimi diqqətini cəlb etməkdədir: “Pakistanla bağlı isə onu deyə bilərik ki, oradan ölkəmizə gələn ziyarətçilərin sayı artmaqdadır. Hazırda Kəraçi, Lahor və İslamabad şəhərlərinin hər birindən həftədə bir dəfə olmaqla ümumilikdə Pakistandan həftədə 3 dəfə uçuşlar həyata keçirilir. Dövlət Turizm Agentliyi tərəfindən həm ənənəvi, həm yeni bazarlar üzrə təbliğat, marketinq tədbirləri davam etdirilir. Ölkəmizin turizm imkanlarının tanıdılması, turistlərin cəlb edilməsi, ümumiyyətlə, Azərbaycanın turizm ölkəsinə çevrilməsi üçün genişmiqyaslı işlər görülür. Burada sərgilərdə iştirak, ikitərəfli görüşlərin təşkili, müxtəlif beynəlxalq tədbirlərdə təmsil olunma kimi amilləri qeyd edə bilərik”.
Günel Eyyubova
İki sahil.- 2022.- 9 iyul.- S.21.