20 yaşlı diasporumuz:

Dünən, bu gün və …

 

Xaricdə yaşayan soydaşlarımızın Vətən sevgisi İkinci Qarabağ müharibəsində bir daha təntənəli şəkildə nümayiş olundu

 

İyirmi illik yubileyi qeyd edilən Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması və fəaliyyətə başlaması Azərbaycanın dövlət quruculuğu tarixində çox əhəmiyyətli hadisədir. Çünki Komitənin dünya azərbaycanlıları ilə dövlətçilik prinsipləri və ənənələri çərçivəsindəki fəaliyyəti həmişə  Azərbaycan dövlətinin və xalqının inkişafına, dünya azərbaycanlılarının birliyini istənilən səviyyədə qoruyub saxlamağa,  qarşıya qoyulan məqsədlər istiqamətində birgə səy göstərməyə xidmət edib. Hazırda Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 300-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir.

Azərbaycanda diaspor quruculuğunun banisi, 50 milyonluq xalqımızın milli birlik və həmrəylik rəmzi olan təşkilatlanma təşəbbüsünün müəllifi ümummilli lider Heydər Əliyevdir. Ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi ümummilli lider Heydər Əliyev tərəfindən bir neçə il əvvəl, 1991-ci il dekabrın 16-da imzalananDünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərarla atılmışdı. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə yaşayan həmvətənlərimizin diqqət mərkəzində olması, onların bir araya gəlməsi dövlətin əsas prioritetlərindən birinə çevrildi.  Azərbaycançılıq ideyasının möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirən Ulu Öndərin təşəbbüsü ilə 9-10 noyabr 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb.  Qurultaydakı geniş nitqində ulu öndər Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin, həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, həmçinin Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi haqqında öz fikirlərini söylədi.

 Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ümummilli lider Heydər Əliyev  tərəfindən 2002-ci il iyulun 5-də “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haq­qında” Fərmanın və 2002-ci il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun im­zalanması isə Azərbaycan dias­porunun fəaliyyətinin koordinasiya edilməsində, dünya azərbaycanlılarının siyasiideoloji birliyinin təmin olunmasında, onların təşkilatlanmasında əhəmiyyətli rol oynadı.  Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açdı.

Bu siyasətin davamı olaraq Azərbaycan ziyalılarından, ta­nınmış şəxslərdən, dövlət və hökumət nümayəndələrindən ibarət Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradıl­ması bu sahəyə xüsusi əhəmiyyət verildiyini bir daha təsdiqlədi. Həmçinin elmi-intellektual poten­sialın formalaşmasına və inkişafına gətirib çıxardı. 2006, 2011, 2016-cı illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının ikinci, üçüncüdördüncü qurultaylarının keçirilməsi, müasir dövrün tələbləri nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı müva­fiq Sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması da məhz zərurətdən irəli gəlir və bu sahənin inkişafına öz töhfəsini verirdi.

Komitənin yaradılması ilə təşkilatlanma prosesinin sürətlənməsi, müəyyənləşdirilmiş konsepsiyaya uyğun planlı şəkildə təkmilləşdirilmə ilk addımlar olsa da,  sonrakı uğurlar bu təşəbbüslərin etibarlı təməl olduğunu təsdiqlədi. Sonrakı illərdə Bakıda Dünya Azərbaycanlılarının qurultaylarının, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşlərinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Dünya Azərbaycan və Türk Diaspor təşkilatları rəhbərlərinin forumlarının təşkilində də məqsəd türk dünyasını əhatə edən lobbiçilik fəaliyyətini gücləndirmək, erməni təbliğatına qarşı mübarizədə eyni ideologiya ətrafında sıx birləşmək idi.

2018-ci ildə Fuad Muradovun quruma rəhbər təyin olunmasından sonra onun fəaliyyətində xüsusi canlanma başlayıb, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə maksimum dövlət dəstəyi davam edib. Komitənin inkişafında və daha səmərəli fəaliyyət göstərməsində böyük xidmətləri olan Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu Fond ötən illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib. Eyni zamanda, bu gün Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycan və Türkiyə diasporları arasında qarşılıqlı əməkdaşlıq, dəstək və həmrəylik fəaliyyətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Həmçinin Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb.

Təşkilatlanma prosesində gənclərin fəallığının artırılması, milli kimliyin qorunub saxlanılması və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Diaspor Gəncləri Şəbəkəsi formalaşdırılıb. Həmçinin 2020-ci ildə Nazirlər Kabineti tərəfindən «Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası» təsdiq olunub. Komitə ilə əlaqənin asanlaşdırılması məqsədilə müasir informasiya texnologiyaları tətbiq edilibqurum «Elektron hökumət» portalına inteqrasiya olunub.

Dövlət Komitəsi tərəfindən 24/7 fəaliyyət göstərən qərargah yaradılıb, Azərbaycanlıların Koordinasiya şuraları və Azərbaycan evləri gücləndirilmiş rejimdə fəaliyyət göstəriblər. Hazırda dünyanın 31 ölkəsini əhatə edən və 130 diaspor təşkilatını özündə birləşdirən 14 Koordinasiya Şurası, 12 ölkədə 18 Azərbaycan Evi fəaliyyət göstərir. Pandemiya dövründə təkcə Dövlət Komitəsinin qaynar xəttinə 18 minə yaxın zəng, Azərbaycan evlərinə, Koordinasiya Şuralarına ümumilikdə 51 ölkədən 9 minə yaxın müraciət daxil olub, 33 ölkə üzrə 6857 nəfər soydaşımıza maddi yardım edilib, sərhədlərin qapanması ilə əlaqədar azərbaycanlıların təxliyəsinə dəstək göstərilib. Eləcə də Ukraynada baş verən hadisələrlə əlaqədar təxliyə olunan soydaşlarımız Azərbaycan evlərinə üz tutublar.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəblərində” yüzlərlə azərbaycanlı uşaq təhsil alır. 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib. Azərbaycan diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni edirbundan sonra da bu istiqamətdə səylərini əsirgəməyəcək. Təkcə “Xocalıya Ədalət!” kampani­yası çərçivəsində, 2020-ci ilinTovuz hadisələri” Vətən müharibəsi zamanı Avropanın 30 ölkəsində on minlərlə soydaşımızın iştirak etdiyi 300-dən artıq aksiya keçirilib. Ümumilikdə, Azərbaycan həqiqətləri, xüsusilə də Xocalı soyqı­rımının 30-cu ildönümü ilə bağlı dün­yanın 40-a yaxın ölkəsində 150-dən artıq müxtəlif formatlı təbliğat və anım tədbirləri təşkil olunmuş, 100-ə yaxın məqalə çap edilmiş, 24 ölkədə 29 aksiya keçirilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya və 44 günlük Vətən müharibəsi dövründə də var gücü ilə çalışdı. Koronavirusla mübarizə kontekstində nə qədər soydaşımıza mənəvi və maddi yardım edildi, onların taleyinə həssaslıqla yanaşıldı. 44 günlük müharibədə  dünya azərbaycanlılarını vahid cəbhədə birləşdirmək, xaricdəki siyasiictimai fəaliyyətləri ilə Ali Baş Komandanımızın dəmir yumruğuna güc qatmaq  əsas məqsəd idi. Ona görə də xaricdəki erməni diasporunun yalanböhtan kampaniyasına tutarlı cavab vermək Diasporla İş üzrə Dövlət Komitəsinin və dünya azərbaycanlılarının əsas hədəfinə çevrilmişdi. Diasporun Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində fəaliyyəti, Vətən müharibəsi dövründə diaspor təşkilatlarının dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirməsi, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımızın və dost xalqların nümayəndələrinin iştirakı, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərməsi bu sahədə qurulmuş vahid siyasətin nəticəsidir. 

Müharibədən sonra isə əziz soydaşlarımızın Şuşaya səfəri təşkil olundu. Orada Prezident İlham Əliyevin iştirakı ilə növbəti möhtəşəm tədbir keçirildi, bütün dünyaya əzəli torpağımızdan, əsrarəngiz Şuşamızdan milli birliyimizin mesajları verildi. Bu ilin aprel ayında Ermənistan üzərində tarixi Qələbəmizdən sonra mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayı xalqımızın birlik və həmrəyliyinin daha bir nümunəsi oldu. Bu, Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk qurultayı idi. Dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı  bir araya gətirən qurultay həm də böyük rəmzi məna daşıyırdı. Dünya Azərbaycanlılarının V Qurultayında Prezident İlham Əliyev bəyan etdi ki, Zəfər Qurultayı dünyada yaşayan hər bir azərbaycanlı üçün qürurverici hadisədir. Dövlətimizin başçısı  qurultaydakı nitqi ilə Zəfərimizi 50 milyonluq Azərbaycan xalqının yenilməzlik rəmzi adlandırdı.

İyirmi yaşını qeyd edən Diasporla İş üzrə Dövlət Komitəsinin kollek­tivinin qarşısında məsul vəzifələr durur. Çünki bu gün ön cəbhədə müharibə bitsə də diplomatiya, informasiya sferasında hələ də savaş davam edir. Elə bu baxımdan xüsusilə xaricdə yaşayan azərbaycanlılar fəal olmalı və yaşadıqları ölkələrdə işlərini diaspor fəaliyyətindən lobbiçiliyə keçirmək istiqamətində möhkəm addımlar atmalıdırlar. Əminik ki, Dias­porla İş üzrə Dövlət Komitəsi xaricdə fəaliyyət göstərən diaspor qurumları və qəlbi daim Vətənlə döyünən soydaşla­rımız ilə əl-ələ verib, bundan sonra da böyük şövq və qətiyyətlə Azərbaycan həqiqətlərini bütün dünyaya yayacaqdır.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 9 iyul.- S.3.