Naxçıvan Muxtar Respublikasının
gölləri
Naxçıvan
Muxtar Respublikası ərazisində olan göllər təbiətin
bu diyara bəxş etdiyi qiymətli təbii su hövzələridir.
Ordubad rayonunun 3000-3500 metr yüksəkliyində başı
qarlı dağlar, sıldırım qayaları arasında
gizlənən gölləri öz sularında səmanın
maviliyini əks etdirir. Şahbuz
rayonunda dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə,
yaşıl çəmənlərin, qamış və nadir
növ kolların yaşıl rənglərini ayna sularında
əks etdirən göllərin durğun səthi
mavi-yaşıl örpəyə bürünmüş gəlinə
bənzəyir. Nisbətən aşağılarda düzənlik
ərazilərin gölləri təbii mistik gözəllikləri, nisbətən
isti və şirin suları ilə ətraf ekosistemdə əsrarəngiz
mənzərə yaradırlar.
Göygöl Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin cənub yamacında, 3065 m yüksəklikdə yerləşir. Şirinsulu, axarlı gölün yay aylarında səthinin temperaturu 16-18 dərəcədir, qış aylarında tamamilə donur, sahəsi dəyişkəndir. Sahəsi qarlı illərdə artır, quraqlıq illərdə kiçilir. Suyu kimyəvi tərkibinə görə zəif minerallı, hidrokarbonatlı-natriumlu-kalsiumludur. Ətrafı sıldırım qayalarla əhatəlidir. Sahil xəttində bitki örtüyü zəif yayılsa da, nadir növlərə rast gəlmək olur. Kiçik Qafqaz dağları ilə əhatələnmiş Göygöl yerləşməsinə və bənzərsiz mənzərəsinə görə istirahət və turizm üçün əlverişlidir.
Batabatgöl Azərbaycanın dağ gölləri kolleksiyasının şöhrət çələnginə sahibdir. Əsrarəngiz gözəlliyi olan bu mavi göl Şahbuz rayonunda, dəniz səviyyəsindən təxminən 2500 metr yüksəklikdə, Naxçıvan çayının mənbəyində yerləşir. Mənzərəli su hövzəsinin ərazisi baharda və yayda yaşıllığa və gül-çiçəyə bürünür. Gölün çox təmiz, şirin suyu var, onun güzgü kimi saf səthində torf adası üzür və dünyada analoqu olmayan nadir təbiət abidəsini formalaşdırır. Bu yerlərin subtropik qışda yumşaq qarlı və yayda sərin quru iqlimi istirahət üçün ideal şərait yaradır. Gölün ətrafındakı kurort zonası çoxsaylı mineral bulaqlarla zəngindir. Ərazi nadir dərman bitkiləri ilə zəngin olduğundan, həm də təmiz suyu və havası hesabına burada gələcəkdə turist bazası və fitoterapiya mərkəzinin yaranması mümkündür.
Muxtar respublika ərazisindəki göllərin yaşı ərazilərdə buzlaqların əriməsi ilə eyni dövrə təsadüf edir. Geoloji hesablamalara görə burada minilliklər çox da böyük fərq deyil. Tektonik mənşəli göllər yerin dərin qatlarında böyük sahələrin geoloji hərəkəti nəticəsində əmələ gəlmişdir. Vulkanik mənşəli göllərdən fərqli olaraq muxtar respublika ərazisindəki əksər göllər dağlarda və vadilərdə buzların əriməsi nəticəsində, ətraf çay və yeraltı sulardan qidalanan soyuq və şirin su kütlələrinin toplanması məhsuludur. Göllərdə baş verən hadisələr landşaftdan və yerləşdikləri iqlim zonasından asılıdır. Göl hövzələrinin ətrafındakı dağ süxurları geokimyəvi fon yaradaraq göllərin sularının mineral tərkibini formalaşdırır. Göl sularının mineral və üzvi tərkibi ətrafdakı təsərrüfat fəaliyyətləri, torpaq örtüyünün pozulma prosesləri, meşə örtüyünün azalması, tullantıların miqdarının artması, insanların antropogen təsirlərindən də ziyan görür. Suların keyfiyyəti öz növbəsində göllərdə yaşayan mikroorqanizmlərin, bitki və heyvanların keyfiyyət və kəmiyyət tərkibinə də təsir göstərir. Beləliklə, göllər yalnız xəritədə görünən su hövzələrinin kiçicik mavi sahəsi deyil, müftəlif kompleks funksiyalarını daim dəyişən təbii hidrocoğrafi həlqənin qapalı su hövzələridir. Göllərin yarandığı andan təbii təkamülü uzun bir proses olub, su hövzəsinə dib çöküntülərinin yığılması, dayazlaşması, su bitkiləri ilə örtülməsi, bəzən “çiçəklənməsi” və tədricən bataqlığa çevrilməsi ilə başa çatır. Bu proses təbii sistemlərin akkumulyatorları kimi göllərin su mübadiləsinin zəifləməsi ilə izah olunur.
Muxtar respublika ərazisindəki göllərdə su kütləsinin dadı şirin sulara yaxın olub, minerallaşma dərəcəsindən asılı olaraq dəyişilir. Beləliklə, tədqiq olunan göllərdə su kütləsinin işıq şüalarını keçirmə qabiliyyəti fotosintez zonasının dərinliyindən və suyun temperaturundan asılı olaraq, göllərdəki bioloji proseslərin intensivliyini tənzimləyir. Göl sularının fiziki göstəricilərini əks etdirən bu xassələr öz növbəsində göllərin ekoloji xüsusiyyətlərinin formalaşmasına şərait yaradır.
Kimyəvi analizin nəticələrinə görə göl sularında qələvi metallar üstünlük təşkil etsələr də, dib çöküntülərində onların miqdarı cüzidir. Dib çöküntülərində kalsium həm yüngül fraksiyalarda kalsium karbonat şəklində, həm də ion şəklində mövcud olduğundan onun miqdarı çox olur. Dib çöküntülərinin yüngül fraksiyasında çöl şpatı, kvars və gil hissəcikləri də mövcuddur. Göllərin dib çöküntülərində tədqiq edilən elementlərin müəyyən qədər normadan artıq olması mühitdə baş verən geokimyəvi dəyişmələr, antropogen axıntıların və qrunt sularının göllərə daxil olması ilə əlaqəli olub, göllərin şirin su qidasının azalmasına, duzlu və nisbətən duzlu suların formalaşmasına, təbii rejimin pozulmasına və göllərin qocalmasına səbəb olur. Minerallaşmasına görə göllər şirin, ultraşirin, mineral (duzlu), duzlutəhər və ifrat duzlu növlərə ayrılır. Muxtar respublika ərazisindəki göllər mineral göllər növünə aiddir. Bu göllər öz növbəsində kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli (duzlu) qruplara ayrılır. Kimyəvi tərkibinə görə Göygöl və Salvartı gölləri zəif xloridli, Batabat və Qanlı göl karbonatlı göllər qrupuna aiddir. Hazırda göllər və onları qidalandıran su hövzələrinin (çaylar, yeraltı sular) məruz qaldıqları antropogen yükün əhəmiyyətli dərəcədə azaldılmasına, ekosistemin uzaq keçmişdəki ilkin vəziyyətinə qaytarılmasının tədricən bərpa edilməsinə, ilk növbədə göllərin özünütəmizləmə qabiliyyətinin artmasına nail olmaq lazımdır.
Muxtar respublika ərazisindəki göllərdə təbii rejimin tənzimlənməsi üçün antropogen axıntıların miqdarı və göllərin ekoloji tarazlığı, onların sağlamlaşdırılması və daha səmərəli istifadəsi üçün müəyyən tədbirlər görülür. Göllər yeraltı suların təlatümlərinin Yer üzərindəki ən gözəl inikasıdır. Yerin dərinliklərində suyun ecazkar gözəlliyini biosferə bəxş edən ana təbiət sanki yeraltı dünyanın zəlzələ və vulkanlarının şıltaqlıqlarını axarsız, lal sükutlu göllərlə sakitləşdirmişdir. Okean və dənizlərə çıxışları olmasa da, hidrosferdə xüsusi çəkisi, yeri olan göl və sututarlar muxtar respublikanın su balansında böyük əhəmiyyətə malikdirlər. Muxtar respublika ərazisindəki göllər və onların ətrafı ekoturizm infrastrukturuna və ideal şəraitə malik məkanlar olduğundan burada yerli əhalinin, habelə turistlərin səmərəli istirahətini təmin etmək olar.
Fizzə Məmmədova,
AMEA
Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun
Hidrogeologiya və mineral sular
laboratoriyasının
müdiri, kimya üzrə fəlsəfə
doktoru, dosent
İki sahil.- 2022.- 14 iyul.- S.8.