Heydər Əliyev dühası hər bir

Azərbaycanlının taleyində yaşayır

 

14 iyul 1969-cu ildə Azərbaycana rəhbərliyə layiq görülən respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Heydər Əliyev ona göstərilən etimadı, xalqın inamını doğrultdu

 

… 1969-cu ilin iyul günləri idi. 10 il Azərbaycanda  KP MK-nın birinci katibi işləmiş Vəli Axundovun səhhətində yaranan ciddi problemə görə  vəzifədən getməsi ilə bağlı yayılan söz- söhbət  Azərbaycanda siyasi ab-havanı daha da  hərarətləndirmişdi.  O vaxt Sov. İKP.  MK-nın kadr məsələləri üzrə rəsmisi İvan Kapitonovun Bakıya gəlişi ilə qapı arxasındakı pıçıltılar artıq cəmiyyətdə, geniş auditoriyalarda da eşidilməkdə idi. Bu gəlişin ciddi kadr dəyişikliyi ilə bağlı olması bəlli idi. Respublikaya rəhbərliyə layiq görüləcək namizədlə bağlı söhbətlər müxtəlif olsa da, yuxarı təbəqədən tutmuş sadə insanlara qədər hamını həmin şəxsin kimliyi maraqlandırırdı. Hamı bilirdi ki,  ölkəyə  rəhbərlik etmiş tibb elmləri doktoru  Vəli Axundov səhhəti ilə bağlı  vəzifəsini davam etdirə bilməyəcəyi barədə fikrini Kremldə bildirmişdi. Amma maraqlı məsələ onu kimin əvəz edəcəyi idi. O dövrdə  Azərbaycanda yaranan  vəziyyət Nikolay Zenkoviçin « Heydər Əliyev: Tale yolları» kitabında  geniş əks olunub.

Kommunist   ideologiyasının kadr siyasəti belə idi ki,  vəzifəni təhvil verən sabiqdən  xələfi olacaq şəxs barədə rəy öyrənilir, müxtəlif dairələr tərəfindən «yoxlanılır»  «yararlıq» şansı qazananla  bağlı  ümumi  rəy formalaşırdı. Eyni qayda Azərbaycan  KP-MK-nın 1969-cu ilin  iyulun 14-də keçiriləcək  Plenum ərəfəsində də  tətbiq olundu. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi  Komitəsinin (DTK) sədri  Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini  bu sözlərlə bildirmişdi:  «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir

Qeyd edək ki, Azərbaycan nümunəsi, Sov. İKP-ninSSRİ-nin tarixində müttəfiq respublikalarda  Dövlət Təhlükəsizliyi Komitəsindən  kommunist strukturuna yüksək səviyyəli rəhbər vəzifəsinə təyinat yeganə hadisə idi. Bu seçim təsadüfi deyildi. O dövrdə İttifaqda  DTK  böyük nüfuza malik olsa da, Azərbaycan  Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olmaq asan  deyildi. Müttəfiq respublikalardakı Təhlükəsizlik komitələrində  çalışanlar arasında da  böyük nüfuza malik Heydər Əliyev unikallığı, bacarığı ilə də seçilirdi. Sıravi əməliyyat müvəkkilli vəzifəsindən komitə sədrinədək  çalışdığı bütün vəzifələrdə etimadı  doğruldan, çekist kimi məsul işdə özünü təsdiqləyən Heydər Əliyev üçün yeni təyinat  gözlənilməz oldu.

 Kitabdan bəzi məqamları diqqətə çatdıraq: «Belə də oldu, yayda general Əliyevi L.İ.Brejnevin yanına söhbətə dəvət etdilər.

-Yoldaş Əliyev, biz belə qərara gəlmişik ki,  Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  Birinci katibi vəzifəsinə sizin namizədliyinizi təklif edək,- Leonid İliç xoş təbəssümlə dilləndi.

-Mən bunu özüm üçün böyük şərəf hesab edirəm -deyə Əliyev cavab verdi. Amma bu vəzifəni istəmirəm.

-Necə yəni istəmirsən?!- Baş katib təəccübləndi və səmimi münasibətini bir az da nəzərə çapdırmaq üçün dərhal «sənə» keçdi,-Biz sənə belə bir məsul vəzifəni etibar edirik

 Sonradan bu görüş barədə təəssüratlarını  xatırlayan  Heydər Əliyev bildirirdi ki, onun etirazı qəbul olunmadı. Kremlin baş kommunistinin qəbul etdiyi qərar həyata keçirildi. Beləliklə,  1969-cu il iyulun 14-də Bakıda keçirilən plenumda  Heydər Əlirza  Əliyev Azərbaycan KP-MK-nın Birinci katibi seçildi. Belə çətin vəzifənin icrasına başlamaqla məsuliyyətini dərk edən  Heydər Əliyev ilk növbədə ona miras qalan vəzifələrin mürəkkəbliyini dərk etdi. Moskvanın öz seçimini Heydər Əliyev üzərində saxlaması vicdanlı insanları sevindirdi, çirkli əməl sahiblərini  isə məyus etdi.

Respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı   və canından artıq sevdiyi  xalqı üçün məsuliyyəti  öz üzərinə götürən  Heydər Əliyev bilirdi ki,   məxfi xidmət orqanının başçısı olmağın  məsuliyyətindən fərqli olan dövlət qulluğunda  çalışmaq ikiqat çətindir. Respublikaya başçılıq,  ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın  maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi.  İttifaq miqyasında  geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən,   böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Ölkənin rəhbəri kimi işə başlayan Heydər Əliyev  ilk növbədə xalq təsərrüfatında  gedən prosesləri dərindən öyrəndi, müqayisəli məlumatları araşdırmaqla ölkə iqtisadiyyatının inkişafı naminə əsas həlqəni axtarıb tapdı. Yanacaq-energetika  kompleksinə, sənayedə, aqrar sektorda ən vacib prioritetləri zəkasının gücü, şəxsi mülahizələri  ilə müəyyənləşdirdi. Xalq təsərrüfatının bütün sahələrində tətbiq olunan köklü yenidənqurma və texniki tərəqqi sayəsində  milli gəlirin artırılmasına diqqəti artırdı.  Azərbaycanda  SSRİ miqyasında ilk olan kondisioner zavadu kimi bir çox önəmli müəssisələrin açılmasına nail olundu. Yenilikləri liderlik təfəkkürü, bacarığı ilə  təsdiqləyən  Ulu Öndərin təşəbbüsü ilə  o zamanlarda  nəinki Qafqazda, Rusiyanın ən iri şəhərlərində belə olmayan  məişət kondisonerləri zavodunun inşası Azərbaycan üçün böyük nailiyyət idi. Sonralar «Bilirsiniz,  mən xoşbəxtəm ki, bizim  zavodun tikintisində  əməyim olub.  Həmin zavod artıq on beş ildir işləyir, çoxdan öz xərcini çıxarıb, respublikaya mənfəət  gətirir. Bir dəfə Afrikanın lap cənubuna, Mozambikə  səfər etmişdimorada Azərbaycan kondisionerlərini gördüm. Sonralar Bakı markası ilə  kondisionerlər planetimizin ən müxtəlif nöqtələrində- Koreyada,  Vyetnamda,  Anqolada rastıma çıxırdı və mən gördüyümüz işə  görə  həqiqətən, iftixar hissi duyurdum» söyləyən Ulu Öndər  Azərbaycanı dünyada tanıdan xarici əlaqələr üçün mühüm əhəmiyyətə malik  sənaye müəssisələrinin yaradılmasını təmin etdi.

O dövrdən etibarən zəngin fəaliyyəti ilə Ümummilli Lider adını qazanan Heydər Əliyevin yenilik ruhlu rəhbərlik üslubu respublikanın sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində duyulurdu. Sovet Azərbaycanının  tarixində «Əliyev dövrü» adlandırılan illər  xalqımız üçün ən məhsuldar dövr olub. Qazanılan nailiyyətlərin miqyasına və   sosial-iqtisadi uğurlarına, sevindirici nəticələrinə görə XX əsrdə, SSRİ miqyasında  bu dövrün alternativi olmayıb. Bu reallığı təkcə iqtisadçılar deyil, görkəmli dövlət xadimləri də etiraf edirlər.  Ölkəyə rəhbərliyə başladığı ilk  günlərdə keçirilən respublika KP MK-nın plenumunda söylədiyi «Biz işimizə ciddi ziyan vuranların maskalarını yırtmalıyıq. Biz mövcud olan rüşvətxorluq hallarına qarşı dönmədən, qətiyyətlə  mübarizəyə başlamalı və buna gətirib çıxaran şəraiti aradan qaldırmalıyıq» sözlərini əməli fəaliyyəti ilə doğrultdu.

Şəxsi keyfiyyətində ən ümdə xarakter olan Vətənə bağlılıq,  işinə məsuliyyət , vətəndaşlıq borcu birinci katib Heydər Əliyevin üzləşdiyi bütün çətinlikləri geridə qoydu. Dahi şəxsiyyət   Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu  sözləri  oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki,  XX əsrin ikinci yarısında bu  millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu  Əliyev oldu.  İlk gündən illərdən bəri yığılmış problemləri həll edən respublikanın rəhbəri Heydər Əliyev   Azərbaycan Xalq Cümhuriyyəti fədailərinin istədikləri, amma müəssər olmayan nailiyyətlərə də imza atdı.

Ulu öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etmişdir: 1969- 1982, 1993- 2003-cü illərdə.  Birinci mərhələdə respublikada aparılan inkişaf sürətinə  görə  «Azərbaycan iri addımlarla  irəliləyir!» şüarının həyatımızın bütün sahələrinə  şamil olunması ulu öndər Heydər Əliyev qətiyyətinin  nəticəsi idi.  Bütün respublikaların  eyni mərkəzdən, Kremlin göstərişlərinə uyğun planlı iqtisadiyyat üzrə idarə olunduğu bir məqamda,  adi qərarın belə sərbəst  qəbulunun   cəsarət tələb etdirildiyi bir zamanda Ulu Öndərin  Azərbaycanın gələcəyi naminə apardığı  siyasət qarşıdakı onilliklərə hesablanırdı. Heç bir müttəfiq respublika  rəhbərinin adi təşəbbüs qaldırmağa  imkanının olmadığı  o illərdə Azərbaycanın dotasiyasız yaşayan  respublika olduğunu, ölkənin   istehlakdan artıq məhsul istehsal etdiyini səbəb kimi irəli sürən   təcrübəli dövlət başçısı Heydər Əliyev  ən kiçik imkandan  istifadə etməklə qüdrətli Azərbaycanın müstəqilliyi üçün zəmin hazırlayırdı.    Neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsində  inkişafın əsası da o illərdə qoyuldu. 1970-ci ildən başlayaraq xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi,  müasir qazma metod və üsullarının  Azərbaycanda tətbiqi ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı  və müəllifliyi ilə  tərtib olunan « Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» planı əsasında  həyata keçirildi. Onun xidmətləri sayəsində   Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1993-cü ildə  müstəqil Azərbaycanda  hakimiyyətə qayıdışı ilə  «Əsrin müqaviləsi»nin imzalanmasına nail olan Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi ilə  xalqlar arasında  əməkdaşlıq, dostluq  həmrəylik körpüsü yaradıldı. «Üç dəniz əfsanəsi»nin gerçəkliyinə  inanmayanlara, Xəzər neftinin dünya enerji bazarına nəqlini utopiya hesab edənlərə bir daha liderlik, dahilik dərsi verərək Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdırmaqla Azərbaycanın dünya birliyində yerini müəyyənləşdiridi.

TANAP, Cənub Qaz Dəhlizi, TAP kimi  önəmli layihələrin Azərbaycan və Türkiyənin birgə səyi ilə reallaşması ilə Türkiyə-Azərbaycan qardaşlığı yeni mərhələ üzrə  inikşaf yoluna qədəm qoydu.

Azərbaycanlı gənclərin  müxtəlif ixtisaslara yiyələnməsi üçün  keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin bacarıqlı kadr potensialının əsası qoyuldu. Totalitar sistemin yaratdığı çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratdı.  Bütün hallarda  Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi  məktəbi yaratmaqla milli kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir  xidmət sahəsi yoxdur ki,  orada ulu öndər  Heydər Əliyevin daim öyündüyü  Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra  da ilk  diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur.   Bu hərbi məktəbin məzunlarının rəşadət göstərdikləri  44 günlük Vətən müharibəsindəki Qələbəmizdə  ulu öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsində milli ornamentlər əsasında mədəniyyət ocaqları inşa edildi, tarixi şəxsiyyətlərimizə hörmət olaraq ev-muzeyləri yaradıldı.  Milli məfkurə, azərbaycançılıq ideologiyası  formalaşdı.  Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin təşəbbüskarı da  uzaqgörən siyasətçi Heydər Əliyev idi. Onun  səyi ilə  1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə geniş tətbiqi,  klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.

 Sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı  bir dövrdə ikinci dəfə Azərbaycana rəhbərlik edən ümummilli lider Heydər Əliyev ilk növbədə iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün, xalqın mənəvi-posixoloji vəziyyətinə mənfi təsir göstərən amillərin qarşısını aldı. 1994-1995-ci illərdə daxilixarici emissarların planlarına uyğun hazırlanan dövlət çevrilişlərinə cəhdlərin qarşısını xalqın  birliyi ilə alan Ulu Öndər  əbədi xilaskar, müasir Azərbaycanın memarı olduğunu xalqına göstərdiyi xidmətləri ilə təsdiqlədi.

 Ağıl və zəkasından  mənəvi silahı kimi  istifadə edən,  təcrübələri, siyasi bacarıqları, fenomen istedadı ilə fərqlənən tarixi şəxsiyyətlərlə birgə, hətta birincilər sırasında adı çəkilən ümummilli lider Heydər Əliyevin liderlik fəlsəfəsinin təkrarolunmazlığı  müasir Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmdə qazandığı nüfuz, siyasət və diplomatiya sahəsində əldə etdiyi misilsiz nailiyyətlərdir.

Azərbaycan xalqının mənafeyini, dövlət müstəqilliyimzi hər şeydən üstün tutan  ulu öndər Heydər Əliyev  İttifaq dövründə də,   gözlənilən təhlükələri, təzyiqləri nəzərə alaraq  prinsipial mövqe göstərərək Kremldə çoxluq təşkil edən erməni millətçilərinin Azərbaycana olan çirkin niyyətlərinin,  ərazi iddialarının qarşısını qətiyyətlə alırdı.

1970-ci illərdə də ermənilər Dağlıq Qarabağ məsələsini yenidən ortaya atsalar da, onların bu istəklərinin qarşısı qətiyyətlə alınmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Ermənistan SSR-in rəhbərliyinin,  erməni millətçilərinin təhriki ilə yenidən Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi ilə bağlı SSRİ mərkəzi hökumətinə müraciət edilmişdi. 1977-ci il noyabrın 23-də keçmiş SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin iclasında Ermənistan SSR rəhbərliyinin təkidi ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olunmuşbununla bağlı təklif irəli sürülmüşdü. Məsələdən xəbər tutan Heydər Əliyev ermənilərin bu cəhdlərinin qarşısını almaq üçün qəti addımlar atmışdı. Bu məqsədlə Heydər Əliyevin tapşırığı ilə elmi arayış hazırlanmış, sonra bu sənəd Azərbaycan KP MK Siyasi Bürosunda müzakirə edilərək Ermənistan SSR rəhbərliyinin iddialarının əsassız olması haqqında qərar qəbul edilmiş və həmin qərar keçmiş SSRİ rəhbəri L.Brejnevə təqdim olunmuşdu.  Müdrik siyasətçi Heydər Əliyevin atdığı qəti addımlar nəticəsində ermənilərin bu niyyəti baş tutmamışdı. Ümumiyyətlə, Heydər Əliyevin qətiyyətli mövqeyi hər zaman SSRİ rəhbərliyində olan erməni millətçilərini çox narahat etmiş və onların öz çirkin niyyətlərini həyata keçirmələri üçün ciddi bir maneə olmuşdur. Buna görə də  ermənilər  məqsədlərinə çatmaq üçün onlara mane olan ulu öndər Heydər Əliyevin  Kremldən uzaqlaşdırmağın yollarını axtarırdılar. Niyyətlərini açıq şəkildə bildirən, Ermənistanda  «Qarabağı başlayan adam» kimi tanınan daşnak ideoloqu  Zori Balayan « Mən bu işi başladığıma görə yox, öz xalqımı gec ayağa qaldırdığıma görə günahkaram. Görünür,  məsələni Naxçıvandan başlamağa cəsarətim çatmadı» sözlərinin əsasında   Azərbaycan naminə həyatından keçməyə hazır olduğunu əməli, xidmətləri ilə bildirən Heydər Əliyev uzaqgörənliyindən çəkinmək amili dayanırdı. Kremlin təzyiqlərindən qorxmayaraq fərdi təqaüdçü kimi 20 Yanvar hadisələrinə etirazını Moskvadakı Azərbaycan nümayəndəliyindəki tarixi çıxışı ilə bildirən Ulu Öndər 1993-cü ildə hakimiyyətə   qayıtmaqla müstəqilliyimizin əbədi qarantı kimi tarixə imza atdı, vətəndaşlıq sevgisini,   dünya şöhrətli   dövlət xadimi olduğunu qətiyyətli islahatları ilə  təsdiqlədi. 

Sadalananalar və tarixdə özündən sonra  iz qoyub, dövlətçilik məktəbi yaradanların təcrübəsindən aydın olur ki, liderlər  perspektivi görmək,   müdriklik, cəsarət,  inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyəti yaratmaq bacarığı  ilə  dəyərlər sistemində fərqlənənlərdir. Siyasi fəaliyyəti, qətiyyəti ilə  «liderlik kapitalı»nı formalaşdıran  ulu öndər Heydər Əliyev məktəbi  ənənə, liderlik  şansını qazanmaq istəyənlər üçün varislik  əmanətidir.

 Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad olunacağına, Şuşanın əsl sahiblərinə qaytarılacağına  inamını «...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublarQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir» sözləri ilə ifadə edən,  Ulu Öndərin arzusunu yerinə yetirdiyini «İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.

Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”»  «hesabatı» ilə yerinə yetirdiyini bildirən  Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.  Ulu Öndərin  2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində  xalqa tarixi müraciətində qeyd olunduğu kimi,  Azərbaycan xalqının xilaskarı  Heydər Əliyevin axıra çatdıra bilmədiyi işləri  yerinə  yetirən Prezident İlham Əliyev  Ümummilli Liderin Azərbaycan adlı əmanətinə etibarlı, sadiq xələf kimi  sahib çıxır.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 14 iyul.- S.3.