Cinayət cəzasız qalmamalıdır

 

Tarixi və mədəni abidələrin  qoruyucusu missiyasını yerinə yetirməli olan UNESCO  nəhayət, erməni vandalizminə  dur!” deməlidir

 

Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu illər Cenevrə konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci illər konvensiyalarının kobud şəkildə pozulmasıdır. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnamənin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülhə və təhlükəsizliyə böyük təhdiddir.

Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri. Dağlıq Qarabağ münaqişəsi” adlı qətnamədə də qeyd olunur ki, əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olan və Azərbaycan tərəfindən azad edilən ərazilərdə vurulan zərərə və dağıntılara, xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin, demək olar ki, tamamilə dağıdılması və talan edilməsinə, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan bu cinayətlərini ört-basdır etmək üçün hər zaman regiona faktaraşdırıcı missiyanın göndərilməsinin əleyhinə olub.

Dünya şöhrətli fotojurnalist Rza Deqati Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında onlarla azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılmasını lentə alaraq sənədləşdirib. Məhz onun əldə etdiyi faktlardan ibarət hesabat ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunub. Həmin hesabatda da vurğulanır ki, azərbaycanlılara məxsus qəbirlər təhqir edilib. Bundan əlavə, azərbaycanlıların cəsədlərinin qalıqları və sinədaşları təhqir edilib, meyitlərin qızıl dişləri çıxarılıb, sümükləri isə ərazilərə səpələnib. Erməni məzarlarının isə toxunulmaz qaldığı həmin hesabatda da əksini tapıb.

Bu gün  isə İrəvan şəhərində Azərbaycan xalqına məxsus sonuncu maddi-mədəni irs nümunələri də məhv edilmək üzrədir. Tarixdən yaxşı məlumdur ki, İrəvan şəhəri qala istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölünüb. Bu hissələrin hər birində şəhər yaranandan XX əsrin əvvəllərinə qədər azərbaycanlılar yaşayıblar. Azərbaycan xalqı XIX-XX əsrlər ərzində indiki Ermənistanın ərazisində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə nəticəsində böyük milli faciə yaşayıb. Mərhələli şəkildə həyata keçirilmiş bu soyqırımlar nəticəsində indi Ermənistan adlanan dövlətin ərazisində heç bir azərbaycanlı qalmayıb. Azərbaycanlılar doğma tarixi-etnik torpaqlarından didərgin salınıb, kütləvi qətl və qırğınlara məruz qalıb, Azərbaycan xalqına məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılaraq viran edilib. Nəticə etibarilə Azərbaycan xalqının İrəvan şəhərindəki İrəvan qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi, Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli bəy məscidi, Hacı Cəfər məscidi, Qantar (bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı Əli hamamı, Axund Şeyxülislam hamamı və digər dinitarixi abidələri məhv edilib.

Hazırda İrəvanda mövcud olan iki məscidi – Hacı İmamverdi məscidini və Göy məscidini isə Ermənistan fars məscidi adlandıraraq taleyin hökmünə buraxıb. Bu gün XVII əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox olmaq üzrədir. 2006-cı ildə Ermənistanda təsdiq edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara məxsus memarlıq nümunələrinin yerləşdiyi altı ərazi göstərilmişdir. 2006-cı ildə həmin ərazilərin ümumi ölçüsü 29 hektar olub. Onlardan bu gün yalnız Təpəbaşı hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan xalqına məxsus memarlıq üslubunda tarixi şəhər sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək yerində müxtəlif infrastrukturlar inşa olunub.

Təbii olaraq, bu xəbər Azərbaycan ictimaiyyətində haqlı olaraq dərin nifrət və qəzəb hissi doğurub. Bu günlərdə Azərbaycanın bir qrup alimi, ziyalısı və ictimai xadimi tərəfindən UNESCO-ya ünvanlanmış müraciətdə deyilir ki, İrəvan şəhərinin tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların mədəni irsinin yeganə sübutu olaraq qalan Təpəbaşı məhəlləsidir. Təpəbaşı (ermənilər Kond adlandırırlar) İrəvan şəhərinin günümüzə qədər gəlib çatmış yeganə tarixi nümunəsidir. Təpəbaşı məhəlləsi günümüzdə məhv olmaqYer üzündən silinmək təhlükəsi ilə üz-üzədir. Ermənistan rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşını tamamilə dağıdaraq yerində müasir yaşayış binaları inşa etməyi planlaşdırır. Müraciətdə UNESCO-nun dünyanın mədəni və təbii irsinə sahib çıxması, onların müəyyən edilib qorunması, mühafizəsində nə qədər həssas olduğu vurğulanıb. Qeyd edi­lib ki, bu müraciət təkcə Azərbaycan xalqına deyil, ümumilikdə dünya xalqlarına məxsus olan tarixi-mədəni irsin xilas edilməsi üçün edilib. Belə ki, müraciətin mətnində İrəvan şəhərinin qala hissəsi istisna olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı hissələrinə bölündüyü vurğulanıb. Məlum olduğu kimi, hər üç hissədə XX əsrin əvvəllərinə, daha dəqiq desək, 1918-ci ilə qədər azərbaycanlılar yaşayırdı. İrəvan tarixinin nüvəsi adlandırılan bu əraziyə qəsdlə bağlı “həyəcan təbili”nin çalınması ermənilərin Qarabağda özününküləşdirdikləri tarixi alban abidələrinin işğaldan sonrakı bərpası ilə əlaqədar qaldırdıqları mənasız hay-küy müqabilində atılan ən düzgün addımdır.

Çağdaş mütərəqqi dünyanın önəm verdiyi et­nik tolerantlıq və dini dözümlülük Ermənistandan fərqli olaraq, bizim ölkəmizdə nümunəvi du­rumdadır. Bu, əslində, xalqımızın əsrlər boyu formalaşdırdığı və bir çox ölkələr üçün görk olan məxsusi dəyəridir. Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısı­na Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, həm də ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir.

Bəs, Ermənistan bir ölkə olaraq bu istiqamətdə hansısa bir layihə həyata keçi­ribmi? Dünya mədəniyyətinə nəsə bir töhfə verə bilibmi? Yox. Əksinə, başqa xalqın, millətin mədəniyyətini, tarixini dağıdıb, abidələrə qarşı vəhşilik edib. Ermənistan bu əməllərinə görə əvvəl-axır cavab verməli deyilmi? Beynəlxalq təşkilatlar Ermənistandan bu cavabı istəməlidirlər. İnsanlığa qarşı cinayət cəzasız qalmamalıdır. Ermənilərin Qarabağın işğalı zamanı bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarasını hərbi sursat anbarı­na çevirməsi, Xocalı kurqanlarını yer üzündən silməsi, digər mədəni irs abidələrini dağıtması təkzibedilməz faktlardır. Ermənilər xalqımı­zın tarixi yadigarı olan Yelisey və Həsənriz məbədlərində, digər abidələrdə olan alban yazılarını siliblər, həmin abidələrin albanlara məxsus olan əşyalarını dağıdıblar. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. UNESCO buna qarşı etiraz səsini ucaldıbmı?

Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olun­mamalıdır. Bu baxımdan, Azərbaycanın mövqeyi haqlıdır. Buna görə də UNESCO-nun baş direktoru Odre Azuleyə müraciətdə inam ifadə olunub ki, bu qurum öz nüfuzu və səyləri ilə beynəlxalq konvensiyalarda müəyyən edilmiş prinsiplərə uyğun olaraq, İrəvan şəhərində Azərbaycan abidələrinin bütöv və təhlükəsiz mühafizəsi, bərpası, kon­servasiyası və s. üzrə məsuliyyəti Ermənistanın öz üzərinə götürməsinə nail olacaq. Bizim ziyalılar və vətəndaş cəmiyyəti fəalları UNESCO rəhbərliyindən xahiş edirlər ki, İrəvanda yerləşən tarixi Təpəbaşı məhəlləsi bu qurumun müəyyən etdiyi humanitar missiyanın gedəcəyi ünvanlardan biri olsun. Müraciətə imza atanlar ümid edirlər ki, UNESCO həmin tarixi məkanı nəzarətə götürsə, Ermənistan oranı dağıdıb məhv etməyə cürət etməyəcəkdir. Belə olduğu təqdirdə bəşəriyyətin maddi-mədəni irsinin tərkib hissəsi olan İrəvan şəhərinin tarixi Təpəbaşı məhəlləsi növbəti vandalizmdən xilas ola bilər. İnanırıq ki, UNESCO rəhbərliyi ona ünvanlanan müraciətə etinasız qalmayacaqtarixi, memarlıq və hüquqi aspektlərdə Azərbaycan xalqına məxsus Təpəbaşı məhəlləsinin bərpasına, erməni vandalizmindən xilas olmasına öz köməyini göstərəcək.

Bir sözlə, UNESCO-nun istər işğaldan azad olunmuş , istərsə də indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus abidələrlə, mədəni irslə bağlı ədalətli mövqe sərgiləməsinə ehtiyac var. UNESCO abad kilsələrə görə narahat olduğu qədər dağıdılmış, təhqir olunmuş məscidlərə, yox olmaq təhlükəsi ilə üzləşən Təpəbaşı məhəlləsinə görə də narahat olmalıdır.

Bu gün  təkcə UNESCO deyil, sivil dünya, eləcə də qlobal media Ermənistanın törətdiyi vandalizm aktlarına biganə qalmamalıdır. Dünya birliyi özünü “yazıq”, “məzlum” kimi təqdim etməyə cəhd edən ermənilərin əsl xislətindən agah olmalıdır. Ermənistanda Azərbaycan xalqının milli mədəni-tarixi irsinin məhv edilməsi bütün dünyaya bəyan olunmalı və məsələyə hüquqi qiymət verilməlidir.

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 14 iyul.- S.7.