Tarixi Zəfərə
aparan yolun əsas mərhələsi
Tovuz
döyüşləri
2020-ci il iyulun 12-də Ermənistan
silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs
rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ
keçirmək məqsədilə artilleriyadan istifadə etməklə
qəflətən hücuma keçməyə cəhd
göstərdi. Qəhrəman Azərbaycan Ordusunun cavab tədbirləri
nəticəsində düşmənə tutarlı zərbələr
endirildi. Azğın düşmən ağır itki verərək
geri çəkilməyə məcbur edildi. İyulun 13-nə
keçən gecə döyüşlər daha da intensivləşdi. Həmin günü Tovuz istiqamətində
ağır artilleriya qurğuları yenidən işə
düşdü. Döyüş zamanı Ermənistan
artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam
kəndlərini də atəşə tutdu. Artilleriya, minaatan
və tankların tətbiqi ilə gecə döyüşləri
zamanı bölmələrimizin dəqiq atəşi ilə
düşmənin dayaq məntəqəsi, artilleriya
qurğusu, avtomobil texnikası və xeyli canlı qüvvəsi
məhv edildi.
İyulun 13-də Prezident, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə Təhlükəszilik Şurasının iclası keçirildi. İclasda dövlətimizin başçısı şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək artıq Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımızın intiqamının alındığını bildirdi: “Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun yerini göstərəcəyik. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.
Ölkəmizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan əsla torpaqlarının işğal altında qalması ilə barışmayacaq və bütün vasitələrdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcək. “Ermənistan hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyib, mövqelərimizi məhv etmək istəyib, mülki əhalini, kəndlərimizi atəşə tutub” deyən Ali Baş Komandan təcavüzkar Ermənistanın siyasi və hərbi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edərək bildirdi ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq.
Öz çirkin niyyətlərindən əl çəkməyən, təcavüzkarlığını davam etdirən düşmənə qarşı görülən hərbi cəza tədbirləri nəticəsində onun atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, müxtəlif təyinatlı hərbi texnika və döyüş vasitələri, komanda məntəqəsi, tabor qərargahı, hərbi infrastrukturu, müdafiənin dərinliyindəki ehtiyatlar və 20 nəfərdən çox canlı qüvvəsi məhv edildi.
Tovuz döyüşləri iyulun 14-də davam edib. Belə ki, düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar. Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib. Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı sərəncamlarla Polad Həşimov və İlqar Mirzəyevə Azərbaycanın Milli Qəhrəman adı verilib. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlərimiz ölkə başçısının sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
2020-ci ilin iyul günlərində bütün ölkə vətənpərvərlik hissi, qələbəyə inam hissi ilə yaşayırdı. Bəli, Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı, Vətən müharibəsi üçün uğurlu bir başlanğıc oldu. Həmin günlərdə dövlət-xalq birliyi daha da möhkəmləndi və vahid gücə çevrildi. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi.
Tovuz döyüşləri dördgünlük Aprel müharibəsindən sonra Azərbaycanın müasir hərb tarixində növbəti səhifə yaradaraq Qələbəyə gedən yolun əsas mərhələlərindən biri oldu. Tovuz hadisələri Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərməklə yanaşı, Ermənistanın işğalçı siyasətinin və yalanlarının beynəlxalq aləmdə üzə çıxmasına bir daha şərait yaratdı.
Tovuz döyüşlərindən qısa müddət sonra 27 sentyabr tarixində düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Qırx dörd günlük Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı, işğalçı Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı və kapitulyasiya aktına imza atdı.
Zahid Rza
İki sahil.- 2022.- 14 iyul.- S.6.