Vüqar Rəhimzadə: Əsası
1969-cu ilin
14 iyulunda qoyulan Heydər
Əliyev yolu bu
gün Azərbaycana ən
uca zirvələri fəth etdirir
Müasir müstəqil
Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin respublikamızda birinci dəfə hakimiyyətə
gəlməsindən 53 il keçir. Əlli üç il
bundan əvvəl ölkəmizin gələcəyi
üçün yaradılan möhkəm təməl Azərbaycanın
hazırda qalib ölkə kimi təqdimatında əhəmiyyətli
rol oynadı. Belə ki, hələ 1969-cu il iyulun 14-də Azərbaycanın
rəhbəri seçilən ulu öndər Heydər
Əliyev respublikamızın xoşbəxt gələcəyi
istiqamətində biri-birindən mühüm addımlar
atdı, ən əsası həmin vaxtdan başlayaraq milli
şüurun formalaşması, azərbaycançılıq
ideologiyasının inkişafı prioritet məsələlər
sırasında oldu. Azərbaycan gəncinin daha savadlı,
yüksək dünyagörüşünə malik, vətənpərvər
şəxsiyyət kimi yetişməsi istiqamətində
atılan davamlı addımlar sırasında hərbi
kadrların hazırlanmasına xidmət edən Cəmşid
Naxçıvanski adına hərbi liseyin
yaradılmasını da xüsusi qeyd edə bilərik.
Minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Hansı ki, həmin gənclərin əksəriyyəti sonrakı dövrlərdə müstəqil Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verdilər. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü, 1969-1982-ci illərdəki fəaliyyəti zəngin təcrübə xəzinəsi kimi dəyərləndirilir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi sonrakı dövrdə görüləcək işlərin aydın mənzərəsini yaratdı. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu yüksək qiymətləndirən Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək Azərbaycanı iqtisadi möcüzələr ölkəsi kimi tanıdan biri-birindən əhəmiyyətli addımlarının şahidi olarıq. Belə ki, hakimiyyətinin birinci dövründə ölkəmizi geridə qalmış aqrar respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevirən dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra dünya iqtisadi sisteminə inteqrasiyanın, davamlı inkişafın əsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla ölkəmizin qarşısında geniş imkanlar, üfüqlər açdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, 1969-1982-ci illərdə ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması, yüksək səviyyədə elmi tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün son dərəcə vacib olan ixtisaslara yiyələnmələri məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əldə olunan biri-birindən möhtəşəm uğurlar Ümummilli Liderin əzmkar fəaliyyətinin nəticəsidir. İnkaredilməz fakt budur ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə sonuncu yerlərdə idi. Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq Ümumittifaq miqyasında qabaqcıl yerlərdə dayanırdı. Ümummilli Liderin o vaxt gördüyü işlər sayəsində həm ağır sənaye, həm kənd təsərrüfatı, həm də yüngül sənaye sahələri böyük dərəcədə inkişaf etdi, fəaliyyətləri canlandırıldı. O dövrün səciyyəvi xarakteristikasını təqdim edərkən onu da qeyd etməliyik ki, ulu öndər Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi Ona xalqın böyük sevgisini, etimadını, rəğbətini qazandırmışdı. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-1980-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. Ondan sonra, 1983-1993-cü illərdə - Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi” fikirləri ilə Ümummilli Liderin hakimiyyətinin birinci dövrünün aydın mənzərəsini təqdim edir. Dövlətimizin başçısı bu fikirlərinin davamı olaraq belə bir reallığı da diqqətə çatdırır: “Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik”.
“Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinin miqyasından bəhs edərkən müstəqilliyimizin yenidən bərpasının ilk illərində yaşananları yada salmaq kifayətdir”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ümumi mənzərə Azərbaycan adlı dövlətin varlığının sual altında olmasından, müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üzləşməsindən ibarət idi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Dahi rəhbər hakimiyyətinin birinci dövründə Azərbaycanın gələcək müstəqilliyi üçün yaratdığı möhkəm təməli daha da inkişaf etdirərək ölkəmizin hərtərəfli inkişafını təmin etdi. Ölkədə sabitliyin yaradılması normal biznes mühitinin formalaşdırılmasını, ən əsası Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsini şərtləndirdi. Dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişi imzalandı. Düşünülmüş və gələcəyə hesablanmış siyasətin uğurlu nəticələrini görən xalqımızın sabaha ümidləri daha da artdı, Azərbaycanın dünyaya günəş kimi doğması artıq reallığa çevrildi.
Ulu Öndərin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə ölkəmizin hərtərəfli inkişafını təmin etdiyini söyləyən V.Rəhimzadə deyib: “Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunmasını təmin etməklə mühüm sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsinə stimul verir. Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri Dövlət Neft Fondunun şəffaflıq meyarları üzrə nümunəvi qurum kimi təqdimatına işıq salır. Azərbaycan hazırda neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da inkişafında qazandığı uğurlarla beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ölkəmizin artan iqtisadi gücü, iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin etməsi siyasi çəkisinin günbəgün artmasında, yeni dostlar qazanmasında da özünü aydın şəkildə büruzə verir”.
“Bir məqamı da xüsusi qeyd etməliyik ki, dahi şəxsiyyət Heydər Əliyev müstəqillik yolunda ilk addımlarını atan Azərbaycan dövlətinin xarici siyasətinin düzgün əsaslar üzərində qurulmasını vacib amil kimi önə çəkirdi”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan həqiqətlərinin, hazırda tarixin arxivinə göndərilmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın xaricdəki varlığı kimi dəyərləndirilən diaspor quruculuğu prosesinin sürətləndirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil edirdi. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal – azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi vacib amil kimi önə çəkildi. Bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizdə dünya azərbaycanlılarının birliyi, həmrəyliyi xüsusi qeyd edilir. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərkən onun fəaliyyətinin Naxçıvan dövrü də xüsusi vurğulanır. Azərbaycançılığın əsas tərkib hissəsi olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi məhz o dövrə aiddir. Belə ki, ulu öndər Heydər Əliyev o illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışırdı. Naxçıvan MR Ali Məclisinin 1991-ci il dekabrın 16-da qəbul etdiyi qərara əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Ulu Öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonrakı dövrdə də fəaliyyətinin əsas istiqamətlərindən biri diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin edilməsi oldu. Sevindirici və qürurverici haldır ki, dünya azərbaycanlıları bu il Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada Zəfər Qurultayını keçirdilər. Dünya xalqımızın birliyinin, həmrəyliyinin bir daha şahidi oldu.
Vüqar Rəhimzadə bildirib ki, hər zaman qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründən inkişaf yoluna qədəm qoyan Azərbaycanın uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Əsas olan budur ki, əsası 53 il bundan əvvəl – 1969-cu il iyulun 14-də qoyulan Heydər Əliyev yolu bu gün uğurla davam etdirilir, Azərbaycan ən yüksək zirvələri fəth edir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə keçirilən prezident seçkilərindən əvvəl İlham Əliyevə inamını özündə əks etdirən xalqa müraciətində qeyd olunan çağırışların hər biri reallıqla vəhdət təşkil edir. Ümummilli Liderin əsas arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Bu gün Azərbaycan qalib ölkə kimi dünyaya səs salaraq, sözünün nə qədər əhəmiyyətli olduğunu sübut edərək, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını qürurlandırır. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun şah əsəri olan müasir müstəqil Azərbaycan Zəfəri ilə qalib ölkə adını qazandı. Ümummilli Lider daim bu çağırışı edirdi ki, tariximizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi, dilimizi qoruyaq, inkişaf etdirək və beynəlxalq ictimaiyyətə çatdıraq. 44 günlük İkinci Qarabağ müharibəsində ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində möhtəşəm Zəfərimiz bütün bu çağırışların da real həyatda təsdiqi oldu. Tariximizə sahib çıxmağımız, keçmişimizlə qürur duyub gələcəyə inamla addımlamağımız sayəsində bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Azərbaycanın döyünən ürəyi Şuşanın işğaldan azad edilməsini hər zaman arzulayan və bu günü yaşayacağımıza əminliyini ifadə edən ulu öndər Heydər Əliyevin mədəniyyət paytaxtımızın, həmçinin işğal altında olan digər torpaqlarımızın azadlığa qovuşmalarını görməməsindən təəssüf hissi keçirdiyini bildirən dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq Şuşa azaddır, Şuşa dirçəlir. Azərbaycanın gələcəyi üçün möhkəm təməl olan 53 il bundan əvvəl respublikamızda baş verən möhtəşəm siyasi hadisənin ümumi təqdimatı məhz Qarabağımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün təmin edilməsidir”.
İki sahil.- 2022.- 14 iyul.- S.5.