Elmə həsr olunmuş ömür

 

Akademik Həsən Məmmədbağır oğlu Abdullayev

(1918-1993)

 

Naxçıvan torpağının Azərbaycana bəxş etdiyi nadir şəxsiyyətlərdən biri də akademik Həsən Məmmədbağır oğlu Abdullayevdir. Demək olar ki, bütün həyatını respublikada elmə və onun inkişafına həsr etmiş Həsən müəllim  1918-ci il avqust ayının 20-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.

1925-ci ildə Yaycı kənd məktəbinin birinci sinfinə gedən Həsən yeddillik təhsildən sonra tam orta məktəbi Naxcıvanda tamamlayıb, Bakıya gedərək Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olur. 1941-ci ildə ali təhsili başa vurub gənc mütəxəssis kimi Ordubad Pedaqoji Məktəbində  müəllimlik edir.  Fitri  istedadı, elmə olan sonsuz marağı 1944-cü ildə onu yenidən Bakıya – SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının fizika-riyaziyyat bölməsinə aparır. Elə buradan da gənc aspirantın gərgin elmi axtarışları başlayır.

Məhz həmin elmi axtarışların nəticəsi olaraq 1948-ci ildə “Elektron yarımkeçiricilərində anodpolyarizasiyasının temperatur asılılığının tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib alimlik dərəcəsi alır.

Bununla kifayətlənməyən Həsən Abdullayev geniş elmi tədqiqatlar aparmaq  üçün keçmiş  İttifaqın böyük elm  mərkəzlərindən sayılan Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə gedərək,  1950-1953-cü illərdə doktorantura keçir və görkəmli alim D.N. Nasledovun laboratoriyasında o dövr ücün çox aktual bir sahədə yarımkeçirici metal və yarımkeçirici sərhəddində baş verən fiziki prosesləri öyrənir.

Sağlam bir mühitə düşən həmyerlimizə dünyada çox məşhur olan akademiklərdən  A.F.Jofte, A.N.Komar, V.M.Tuçkevic və başqaları ilə bir yerdə işləmək nəsib olur,  onların ideya və məsləhətlərindən bəhrələnir.

Gənc mütəxəssis 1954-cü ildə “Selen düzləndiricilərində fiziki proseslərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib doğma Bakıya qayıdır. O, əvvəlcə  Azərbaycan  EA-nın  Fizika İnstitutunun direktor müavini, az sonra isə  direktoru olur.

Ötən əsrin 60-cı illərində Həsən Abdullayev artıq gələcəyi görən, xalq təsərrüfatı ücün  böyük  fayda verən elmi nəzəriyyələrin müəllifi,məşhur bir  alim kimi yetişir. Belə ki,  1960-cı illərin ortalarında onun elmi rəhbərliyi altında o dövr ücün tamamilə yeni sayılan mürəkkəbtipli yarımkeçiricilərin alınması və tədqiq edilməsi, yarımkeçiricilərin alınmasından sonra yarımkeçirici qəbuledicilər, rentgen və neytron şüalanma detektorları, yaddaş elementləri və s. alimin adı ilə bağlıdır.

Akademik  H. Abdullayev  fəaliyyət  göstərdiyi  dövrün  ən qabaqcıl  elm mərkəzləri  ilə sıx  elmi  əlaqələr  saxlayıb,  bu elmi münasibətləri dünya şöhrətli fizik alimləri institutun elmi seminarlarına dəvət etməklə, həmçinin perspektivli gəncləri həmin alimlərin məktəbindən bəhrələnmək üçün onların çalışdıqları institutlara göndərməklə həyata keçirirdi. Həmin illərdə Fizika İnstitutunun seminarlarında dünya şöhrətli alimlər (onlardan bəziləri Nobel mükafatı laureatları olmuşlar) – Messbauer, Hensel, Madelunq, Balkanski, Asim Barut və başqaları çıxış etmiş, alimlərlə elmi mübadilə aparmış, sonradan əməkdaşlıq etmişlər.

H.Abdullayevin rəhbərliyi altında 70-ci illərdə alınan GaSe kristalının hərtərəfli tədqiqi nəticəsində optik diapazonda kvant generatorları yaradılmışdır. Həmin ildən başlayaraq Nobel mükafatı laureatı akademik A.M.Proxorov və əməkdaşları akademik  H.Abdullayevin başçılıq etdiyi alimlər qrupu ilə birgə GaSe-nin tədqiqi sahəsindəki işləri daha da genişləndirərək Fizika İnstitutunda yeni optik rabitə sistemini meydana gətirmişlər.

Alimin uzun illər rəhbərlik etdiyi Fizika İnstitutu GaSe birləşməsinin fiziki xassələrinin tədqiqi üzrə dünyada aparıcı elmi-tədqiqat müəssisəsi kimi qəbul edilmişdir.

H.M.Abdullayevin rəhbərliyi və bilavasitə iştiraki ilə qısa müddətdə selen, tellur kristalları, onların mürəkkəb birləşmələri, dünyada ilk dəfə böyük ölçülü selen monokristalı alınmış, onların fiziki-kimyəvi xassələri kompleks şəkildə öyrənilmiş, bir sıra  yeni  yarımkeçirici cihazlar yaradılmışdır. 1952- çi ildə cap etdirdiyi “Elektron yarımkeçiriciləri və onların tətbiqi” kitabı  Azərbaycan dilində yarımkeçiricilər fizikasına həsr olunmuş ilk əsərdir.

Fizikanın müxtəlif sahələrinə həsr olunan 11 monoqrafiya ( bunlardan ikisi ABŞ-da çap olunmuşdur) keçmiş Sovet İttifaqında və xarici nəşr jurnallarında çap olunan 300-dən çox elmi məqalə Həsən Abdullayevin gərgin axtarışlarının məhsuludur. O, 50-dən çox ixtiranın müəllifi olmaqla yanaşı, Fizika İnstitutunda çalışan 100-dən çox elmlər namizədi və 20-dən çox  elmlər doktoru yetirmişdir. Dəfələrlə Azərbaycan elminin nailiyyətlərini Fransa, ABŞ, İngiltərə, Yaponiya, İsveçrə, Polşa və digər xarici ölkələrdə təqdim etmiş, elmi əsərlər yaratmaq  məqsədilə  1973 –çü ildə  İranda , 1974-cü ildə Türkiyədə olmuşdur.

H.Abdullayev elmi nailiyyətlərinə və böyük elmi təşkilatçılıq işinə görə Lenin, “Qırmızı Əmək Bayrağı” ordenləri,  S.İ.Vavilov adına Qızıl medal ilə təltif olunmuş, 1955-ci ildə Respublika Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə həqiqi üzvü, 1970-ci ildə keçmiş SSRİ EA-nın müxbir üzvü, dəfələrlə SSRİ və Azərbaycan Ali Sovetinin deputatı secilmişdir. O, uzun illər elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatları  Komissiyasına, respublika  “Bilik” Cəmiyyətinin və “Fizika problemləri” Elmi Şurasına  sədrlik etmiş, SSRİ AAK İdarə Heyətinin üzvü olmuş və elmi ictimaiyyətin böyük hörmətini qazanmışdır.

Akademik Həsən Abdullayevin həyatı fasiləsiz olaraq elm sahəsində yürüşdə keçmişdir. 36 yaşında elmlər doktoru, 49 yaşında akademik, 52 yaşında Azərbaycan Elmlər Akademiyasının prezidenti, 60 yaşında dünya miqyasında tanınmış alim, Azərbaycan Elmlər Akademiyasında fizika mərkəzinin yaradıcısı, 6 institut təşkil edən alim və böyük fiziklər nəslinin tərbiyəçisi olmuşdur.

Görkəmli alim 1993-cü il sentyabr ayının 1-də Bakı şəhərində vəfat etmişdir.

Xalqına fədakarcasına xidmət etmiş, elmdə böyük işlər görmüş və onun təşkilatçısı olmuş dünya şöhrətli alimin əziz xatirəsi qəlblərdə əbədi qalacaq və gələcək nəslə örnək olacaqdır.

 

Səadət Cabbarlı

 

İki sahil.- 2022.- 15 iyul.- S.7.