Ordun varsa yurdun var

 

Şanlı ordumuzla qürur duyuruq!

 

Çünki rəşadətli Silahlı Qüvvələrimiz müstəqilliyimizin əsası, təhlükəsizliyimizin qarantıdır

 

Prezident,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasətinin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, bu gün  ordumuz  müasir silah-sursat, döyüş texnikası, şəxsi heyətin sayı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və dünyanın aparıcı 50 ordusu sırasında yer alır.

Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edən və möhkəmlənən Azərbaycan Ordusu nəyə qadir olduğunu hələ 2016-cı ilin aprelində Ermənistanın hərbi qüvvələrinin təxribatının qarşısının alındığı zaman və 2018-ci ilin mayında Naxçıvanın Günnüt kəndi ətrafındakı torpaqları erməni işğa­lından azad edərkən artıq əyani şəkildə nümayiş etdirdi. 2020-ci il iyul ayının 12–15-də Ermənistan–Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı isə Azərbaycan Ordusunun bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqı­nın ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrilmişdir.  2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm mərhələlərdəndir.  2016-cı ilin Aprel döyüşlərində silahlı qüvvələrimizin sürətli hücumla qazandığı qabiliyyəti düşmənə dərs olmadığı kimi, To­vuz hadisələrində sərgilədiyi çevik müdafiə qüdrəti də təcavüzkar dövləti yalançı məstlikdən ayıltmadı. Azərbaycanı yeni ərazilər itirəcəyi ilə hədələməkdə davam edən Ermənistanın 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti irimiqyaslı hərbi təxribat isə işğalçını öz ərazilərindən qovub çıxarmaqdan başqa yolu qalmayan Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsinə başlaması ilə nəticələndi. 44 günlük II Qarabağ savaşının gedişində ötən 30 ildə dünyanın 50 ən güclü ordusu sırasına daxil olmuş Azərbaycan Silahlı Qüvvələri uzun sürən müharibə vəziyyətində yorulub əldən düşmüş, xaraba qoyduğu işğal zonasın­da ilişib qalmış Ermənistan ordusunu darmadağın etdi və  hərb tarixinə qızıl hərflərlə şanlı Qələbimizi həkk etdi.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı, düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən silah-sursat və hərbi texnikaları da nümayiş olundu. Şanlı Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən — düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.

Tam əminliklə  və qürur hissi ilə deyə bilərik ki, əsası  ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır.

Azərbaycanda son illərdə for­malaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına müxtəlif növ zirehli maşınlar, pilot­suz uçuş aparatları, atıcı silahlar və başqa hərbi təyinatlı məhsullar istehsal olunur. Azərbaycan zavod­larında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Silahlı Qüvvələrimizi önəmli dərəcədə təmin etmək gücünə yiyələnib. Bundan başqa, silah və hərbi texnikaların satın alınması, hərbi məhsulların istehsalı ilə bağlı bir sıra ölkələrlə müqavilələr də imzalanıb. Hərbi işbirliyi genişləndirilməkdə olan bir sıra ikitərəfli hərbi əlaqələrin uğuru kimi şərh oluna bilər. Bir sözlə, günün tələblərinə, çağın ən mürəkkəb vəzifələrinə cavab verən, elektron hərbin nailiyyətləri ilə təmin olunmuş güclü ordu quruculuğu Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindən biridir.

Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğunda bir çox islahatlar aparıldı, işğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr yaradıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir. Eyni zamanda bölmələrin hərtərəfli təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur. Müdafiə Nazirliyindən verilən məlumata görə, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma  vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektlərin inşası uğurla davam etdirilir, eləcə də digər zəruri tədbirlər görülür.

Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, komando hərbi hissəsi yaradıldı. 2021-ci ilin 24 dekabr tarixində Xocavənd rayonu Hadrut qəsəbəsində yeni yaradılmış hərbi hissənin açılışında iştirak edən dövlət başçımız belə hərbi hissələrin bundan sonra da yaradılacağını bildirdi.   Cari ilin iyunun 26-da Kəlbəcərdə Müdafiə Nazirliyinin yeni tikilmiş “N” saylı hərbi hissəsinin açılışı da bu istiqamətdə atılmış növbəti mühüm addım oldu. Açılışın məxsusi olaraq Silahlı Qüvvələr Günündə keçirilməsi isə bu hadisənin siyasi əhəmiyyətini bir qədər də artırmış oldu. Müzəffər Ali Baş Komandan hərbi hissəsinin açılışında və komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə etdiyi çıxışında bir daha vurğuladı ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizdə ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdirlər. Bu, Hadrut­da istifadəyə verilmiş birinci komando hərbi hissəsindən sonra ikincisidir. Bu, həm də İkin­ci Qarabağ müharibəsindən sonra ordu quru­culuğu prosesinin sürətlə getməsindən xəbər verir. Komando hərbi hissəsində yüksək təlim keçmiş, böyük iradə nümayiş etdirmiş və Vətən uğrunda canını, qanını fəda etməyə hazır olan oğullarımız xidmət edəcək.

Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaş­dırılması istiqamətində də mühüm işlər aparılır. Bu işlərin mütəşəkkil aparılması üçün 2022-ci ildə Milli Müdafiə Universite­ti yaradıldı. Bu gün hərbi təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində də geniş­miqyaslı işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 5 mart tarixli fərmanı ilə “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademi­yası təhsil müəssisəsi kimi ləğv edilərək onun maddi texniki bazasında iki müstəqil institut yaradıldı.

Daim müdafiə qüdrətimizin artırılmasını Azərbaycan dövlətinin daxili məsələsi olduğunu önə çəkən cənab İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə ordu quruculuğu prosesi uğurla gedir. Bu gün Azərbaycanda nizami ordu vardır. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti, ruh yüksəkliyi yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsi bunu bir daha təsdiqlədi. Məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Cənubi Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir.  Hazırda ölkəmizdə 1200-dən artıq hərbi silah-sursat istehsal olunur. Azərbaycan Ordusu Qafqazın ən müasir, güclü ordusu hesab olunur. Respublikamız MDB məkanında Hava Hücumundan Müdafiə Qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırı­lan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Xalqımız  yurdumuzun etibarlı müdafiəçisi olan qalib ordumuzla  fəxr edir. Yaşasın, müzəffər, müstəqil və müasir Azərbaycan Ordusu!

 

Yaqut Ağaşahqızı

 

İki sahil.- 2022.- 16 iyul.- S.26.