Könlümün sevgili məhbubu mənim...
Doğma yurdumuz Azərbaycan
bizim ana vətənimizdir.
Vətən torpağı orada doğulub böyüyən, yaşayan
hər bir şəxs üçün
müqəddəsdir. Vətən dəyişmir,
satılmır, köhnəlmir, qocalmır, o,
əbədi və əzəlidir. Babalarımızın
yadigarı olan bu Vətənin
səmasında əcdadlarımızın ruhu
dolaşır. Azərbaycan bizə əcdadlarımızın
əmanətidir və bizə əmanət olunan
bu Vətəni qorumaq
hər birimizin borcudur.
Vətəni qorumaq üçün
isə ilk öncə onu
sevmək lazımdır. Görkəmli şairimiz
Abbas Səhət çox
gözəl deyib: Könlümün
sevgili məhbubu mənim, Vətənimdir,
Vətənimdir, Vətənim.
Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər birimizin Vətənimizə olan dəyərimiz isə ölkəmizə, millətimizə ləyaqətli xidmətimiz ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir. Bir sözlə, “xəmirimiz” Vətənə məhəbbət hissi ilə “yoğrulmalıdır”.
Vətənpərvərlik tərbiyəsi ilk öncə ailədə başlayır. Daha sonra isə bağçada və məktəbdə davam edərək cəmiyyətdə formalaşır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır.
Belə ki, bağçada uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması üçün hər gün Dövlət himni səsləndirilir , vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrədilir, uşaqlar dövlət atributlarının şəkillərini çəkirlər. Lakin ailədə hələ ilk yaşlarından uşaqlara Vətənə məhəbbət hissi aşılanmasa, bağçada aparılan işlərin təsiri az olur. Çünki, araşdırmalar da göstərir ki, uşaqlar bağçadan çox valideynlərindən aldıqları informasiyanı rahatlıqla yadırğamadan qəbul edirlər. Vətənpərvərlik hissinin aşılanması bağçadan sonra məktəbdə davam etdirilir. Həmin o uşaqlar artıq məktəbdə şagird olaraq qələm tutub yazı yazmağa, oxumağa başladıqda yazıb-oxuduqları ilk kəlmələr “Ana” və “Vətən” kəlmələri olur .
Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir.
Ömrünü xalqına həsr etmiş, Azərbaycançılıq ideologiyasını formalaşdırmış dahi şəxsiyyət- Heydər Əliyev tarixin ən böyük vətənpərvəridir. Onun vətən sevgisi hər kəsə nümunədir. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Bu sözlər Ulu Öndərimizə məxsusdur. Bəli, biz də fəxr edirik ki, azərbaycanlıyıq. Azərbaycanlı olan hər kəs, bu Vətənin hər bir övladı, Azərbaycanımızın gələcəyi üçün əlindən gələni etməlidir.
Xalq, millət olaraq sərgilədiyimiz ən böyük vətənpərvərlik nümunəsi 2020-ci il sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi oldu. Həmin günlərdə xalqımız öz tarixinin ən şanlı günlərini yaşadı. Belə ki, bu haqq savaşında Ali Baş Komandanımızın rəhbərliyi altında həmin o vətənpərvərlik ruhunda yetişdirilib böyüyən Azərbaycan igidləri, Azərbaycan Ordusu, Azərbaycan xalqı tarix yazdı. Məhz Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətənpərvər vətəndaşlarıyıq.
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında dəmir yumruq kimi birləşərək əsl həmrəylik və birlik nümayiş etdirdi. Uşağından tutmuş böyüyünə kimi hər bir Azərbaycan vətəndaşı həm ön, həm də arxa cəbhədə ölkəmizin mənafeyini müdafiə etmək, qələbəmizə töhfə vermək üçün əlindən gələni edirdi. Hətta Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda edirdilər. Bu, bir daha göstərirdi ki, Azərbaycan xalqında Vətən sevgisi, vətənpərvərlik ruhu nə qədər yüksəkdir.
Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi misilsiz şücaət düşməni qorxuya salmışdı. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə igidlərimiz əsl qəhrəmanlıq salnaməsi yazdılar. İstər müharibə zamanı, istərsə də müharibədən sonra hər bir Azərbaycan əsgərinin döyüşlərdə sərgilədiyi igidliklərin dillərdə gəzməsi belə Azərbaycan əsgərinin Vətən sevgisi haqqında aydın təsəvvür yaratmağa bəs edir. Hər bir gəncin əsas hədəfi ərazi bütövlüyümüzün bərpa olunmasına istiqamətlənmişdi. Torpaqlarımızın azadlığı ümummilli hədəfə çevrilmişdi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının, xüsusilə gənc nəslin Qələbəmizin əldə edilməsində rolunu yüksək qiymətləndirərək deyib: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.
Bu savaşda Azərbaycan gəncliyi nə qədər vətənpərvər, cəsarətli və güclü olduğunu göstərdi. Ona bu gücü verən, özünəinam hissini təlqin edən əsas amil isə Vətən, torpaq sevgisi idi. Ordumuzun nümayiş etdirdiyi misilsiz qalibiyyətinin də sirri elə Vətən sevgisindədir. Bu sevgi bizi Qələbəyə qovuşdurdu. Tarixi Zəfərimizin əsas amilinə çevrildi.
Vətən müharibəsində Azərbaycan gəncliyi sanki özünü yenidən tanıtdı. Azərbaycanda nə qədər vətənpərvər, cəsur, qəhrəmanlıq ruhu ilə dolu, bir o qədər də savadlı, sağlam düşüncəli gəncliyin yetişdiyinə hər birimiz şahid olduq. Qələbənin əldə olunmasında cəmiyyətin bütün sosial qruplarından olan insanların fədakar əməyi var. Amma əsas yük əlində silah, qəlbində Vətən sevgisi ilə yağı düşmənin üzərinə atılan gənclərimizin üzərinə düşdü. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qələbədən sonra Şuşaya ilk səfəri zamanı qazanılmış zəfərdə gənclərimizin rolunu xüsusi vurğuladı. Vətənpərvərlik ruhu da budur!
Bütün müharibələr böyük bir tarixdir, burada iştirak etmiş döyüşçülərin xatirələridir. Qələbə ilə başa çatmış müharibə xalqın qürur hekayəsidir. Bu xatirələr Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunu daha da yüksəldəcək. Vətən müharibəsindəki qələbəmiz həm də gəncliyin qələbəsidir. Onu müasir dövrün yetişdirdiyi gənclik qazandı.
Vətənimizin hər qarış torpağı uğrunda mübarizə aparan, bu şərəfli yolda canlarını qurban verən qəhrəmanlarımızın əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq. Onların sayəsində biz bu gün fəxrlə “torpaqlarımız işğaldan azad olundu, artıq ərazi bütövlüyümüz bərpa olundu” deyərək bunun xoşbəxtliyini yaşayırıq.
Röya Rasimqızı
İki sahil.- 2022.- 16 iyul.- S.25.