Naxçıvandan başlanan

xilaskarlıq missiyası

 

Ulu öndər Heydər Əliyevin  22 iyul 1990-cı ildə ata ocağına- muxtar respublikaya qayıdışı  tarixi  dönüşün Zəfər çağırışı idi

 

Müasirləri arasında, sonrakı dönəmlərdə   qərinədən artıq müddətdə Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin adının hörmətlə çəkilməsi onun hadisələrə təsir imkanlarının tükənməzliyi,  səbəb və nəticənin uyğunluğunu zəkasının qüdrəti ilə qiymətləndirmək bacarığı ilə bağlıdır. Rəvan nitqi , uzaqgörənliyi ilə həmkarları arasında seçilən Ulu Öndərin  hakimiyyətinin bütün dövrlərindəki fəaliyyətinin dəyişilməz  amili   özünəinamı,  qələbə formulunu  şəxsi keyfiyyətlərində  əbədiləşdirməsidir.

Tarixi şəxsiyyətlərin maraqlı, zəngin ömür yolu təkcə onların özlərinə aid olmur.  İctimai-siyasi xadim kimi məşhurlaşan  bu şəxsiyyətlərin həyatı kimi,   xidmətləri də  mənsub olduqları xalqa, dövlətə həsr olunur və  tarixdə özünəməxsus yer tutur. Belə  müdriklərdən olan ulu öndər Heydər Əliyevin dünyada tanınan siyasətçilərlə, dövlət xadimləri ilə müqayisə olunmayacaq qədər zəngin, daim öyrənilməyə ehtiyac duyulan həyatı  maraqlı, nümunə göstəriləcək epoxadır. Ağlı, zəkası, təcrübəsi ilə  müasirlərindən fərqlənən Ulu Öndərin həyatında  iz qoyan mühüm hadisələr çox olsa da Ümummilli Liderin siyasi fəaliyyətinin dönüş nöqtələri olan bəzi məqamları xatırlatmaq yerinə düşər.

İnsanlarla ünsiyyəti sevən  dahi Heydər Əliyev üçün « nə etməli», «nədən başlamalı» suallarının məntiqi nəticəsi,  əbədi cavabı «uğur» olmuşdur.  Onun mübarizələrlə dolu həyat yolunun mənası    zirvələrə yüksəlmək istəyi idi. Bu baxımdan tam əminlikdə demək olar ki,  türk birliyinin, dünya azərbaycanlılarının  əvəzolunmaz lideri Heydər Əliyevin şəxsində  qələbə  formulu özünün ən yüksək ifadəsini tapmışdır.  

Uinston Çörçillin bu  sözləri sanki Ulu Öndərin həyat formulunda  əbədiləşib: « bax, budur dərs: heç vaxt təslim olmaHeç vaxt, heç vaxt, heç vaxtHeç nədə, kiçikya böyük, əhəmiyyətli və ya əhəmiyyətsiz- heç vaxt təslim olmayın, vicdanın hökmündən və yaxşı zövqdən başqa

14 iyul 1969-cu ildə   respublika rəhbərliyinə gəlişi ilə Azərbaycanı beynəlxalq aləmin subyekti kimi tanıtmağı qarşısına məqsəd qoyan Ulu Öndər ölkənin  xalq təsərrüfatında  gedən prosesləri dərindən öyrəndi, sistemli təhlil əsasında  sosial-iqtisadi həyatın bütün sahələrində mövcud olan çətinliklərdən çıxış yollarını müəyyənləşdirdi.  Onun başçılığı ilə qısa müddətdə Azərbaycanının  sürətli inkişafını bir faktı müqayisə etməklə diqqətə çatdıraq: 1969-cu ilədək  ölkə üzrə  milli gəlirin  artım sürətinə  görə müttəfiq respublikalar arasında  axırıncı yeri tutan Azərbaycan  1982-ci ildə, ulu öndər  Heydər Əliyev Moskvaya yüksək vəzifəyə layiq görüldüyü  zaman respublikamız   bu sahə üzrə görə  SSRİ-də birinci yerdə idi.  Neft sənayesini, yanacaq- energetika  kompleksini, texniki-tərəqqini inkişaf etdirməklə, elm, təhsil , mədəniyyət sahələrinə diqqəti artırmaqla  respublikanı ölkə sərhədlərindən kənarda belə tanıtdırdı. Respublikaya  yenilik ruhu ilə başçılıq edən Ulu Öndərin adı ilə bağlı olan « Əliyev dövrü» Azərbaycanın tarixinə  ən məhsuldar illər  kimi yazılıb.

« Tarixi  bəsirət, irəlini görmək nadir bir hissdir, Siyasi xadimlərin heç də hamısında nə qədər çox istedadlı olsalar da , bu hiss olmur. Təbiət bu keyfiyyəti  yalnız seçilmiş adamlara- yeni dövlətlərin baniləri olacaq insanlara, dünyanı dəyişən iqtisadi fəlsəfi təlimlərin yaradıcılarına, zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Heydər Əliyev , şübhəsiz bu böyük insanların sırasına daxildirUlu öndər Heydər Əliyev haqqında  söylənilən bu sözlər  müdrik şəxsiyətin fitri istedada malik olduğunu  bildirən çoxsaylı dəyərləndirmələrdən yalnız biridir. Ulu Öndərin liderlik formulunun dünyada özünü doğrultduğunu təsdiqləyən amil isə tanınmış ictimai-siyasi  xadimlərin Heydər Əliyev haqqında  söylədikləri sözlər, siyasətinə  verdikləri dəyərdir. «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında  Azərbaycan öz müstəqilliyini daha da  möhkəmləndirəcək və əbədi edəcəkdir. Heydər Əliyevin uzaqgörən siyasəti xalqı və ölkəni firavanlığa, sürətli inkişafa gətirib çıxaracaqdır» söyləyən tanınmış amerikalı siyasətçi Henri Kissincerin sözləri reallıqdan xəbər verir.   «Kremldə sui-qəsdlər. Andropovdan Qorbaçova qədər» kitabının müəllifləri V. Solovyov  Y. Klepikova  İttifaq miqyasında  yüksək vəzifə tutan,  fenomen biliyə malik Heydər Əliyevi belə xarakterizə etmişdilər: « Əliyev həqiqətən də Siyasi Bürodakı yoldaşlarının yeknəsəq çevrəsindən kəskin surətdə seçilirdi- özü də təkcə milliyyətinə görə yox.» Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə yazırdı : « Əliyevin çox güclü fantastik yaddaşı var.  Bunu tam ciddi deyirəm: o , öz yetmişillik həyatının hər bir gününü  ən xırda detallarına qədər xatırlayır, hər şey onun yadındadır.»

Bu misalları elə belə xatırlatmadım. Necə deyərlər, görünən dağın zirvəsinə çatmaq, deyil yaxınlaşmaq üçün  heç olmasa bu yolun yarısına qədərki məsafədə görəcəkləri  haqqında məlumatın olmalıdır. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyevin  fenomen istedadı, qabiliyyəti, hadisələri düzgün qiymətləndirmək bacarığı  ilə müqayisədə  özünün bivecliyinin aşkarlanmasından ehtiyatlanan SSRİ-nin ilk prezidenti M. Qorbaçov  Ulu Öndəri əsas rəqibi  hesab edirdi.

21 oktyabr 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən  azad edilməsi barədəki qərarı özünə qarşı  ədalətsizlik adlandıran  Ulu Öndər «Vaşinqton post» qəzetinin Moskva müxbiri Devid Remnikin  sualına belə cavab verir : « Əsl səbəb təkcə səhhətimlə bağlı deyildir. Hərçənd  əlbəttə, mən həqiqətən xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən  özümə qarşı  qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə  özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm. Qorbaçov isə subyektiv  hisslərinin əsiri oldu, vəssəlam.»

 Ulu Öndər 20 Yanvar qırğınından bir gün əvvəl- yanvarın 19-da,   Kremlin «baş kommunisti» ermənipərəst  Mixail Qorbaçovla gözlənilməz danışığını   « 1987-ci ildən sonra ilk dəfə olaraq Qorbaçov mənə zəng etdi. Bizim çox kəskin danışığımız olduQorbaçov dedi ki,  Azərbaycanda vəziyyət qarışıqdır və bu qarışıqlıqda  sən günahkarsan. Orada sovet hakimiyyətinin yıxılmasında guya mən günahkaram, buna görə də  bu hərəkatın qarşısının alınması üçün məhz mən təcili tədbir görməliyəm. O, məni hədələdi ki,  əgər mən bunu etməsəm, onlar bilirlər mənimlə nə edəcəklər, onlar onsuz da Azərbaycanda qayda-qanun yaradacaqlar, lakin günahkar mən olacağam. Mən ona çox kəskin cavablar verdimbildirdim ki,  bunlar hamısı iftiradır» bu sözləri ilə xatırladan müdrik siyasətçi Heydər Əliyev «istefasından» sonra baş verənlər də bu reallığı təsdiqləyirdi. Ulu Öndər Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan  akdemik Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında «Dağlıq Qarabağ Ermənistana verilməlidir» deməsi ilə  erməni daşnakları illərdən bəri hazırladıqları planlarının icrasına başladılar.  Fərdi təqaüdçü  Heydər Əliyevin Moskvanı tərk etməməsi üçün güclü nəzarətin, təzyiqlərin olmasına baxmayaraq  Ulu Öndərin doğma  Vətəninə məhəbbət duyğuları  bütün qadağalara  qalib gəldi. Kreml bir yana,   Azərbaycanın o dövrdəki  rəhbərliyi də bu dönüşə qarşı idi.  1990- cı ilin 20 iyulunda  doğma Vətənində  «istənilməyən şəxs» kimi qarşılanan fərdi pensiyaçı Heydər Əliyev   Naxçıvan Muxtar respublikasının   partiya strukturlarından Azərbaycan Kommunist Partiyasını XXXII qurultayına  nümayəndə seçilməsi ilə yaranan toxunulmazlıqdan istifadə edərək ata-baba yurduna üz tutur.

1990-cı il  iyul ayının 22-də  Naxçıvana gələn  Ulu Öndəri  100  mindən artıq  həmyerlisi  xilaskar kimi qarşıladı. Görüşdə  həmyerlilərinə müraciət edən Ulu Öndərin nitqi tarixi  dönüşün zəfər çağırışı idi: « Doğma vətən torpağına heç  yenidən hakimiyyətə  qalxmaq üçün yox, ancaqancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» söyləyən,  Vətənini canından artıq sevən  ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasına xalqının  xeyir-duası ilə başladı. O missiya ki, yalnız muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi. 

 Doğma yurdunda  el ağsaqqalı, sonra deputat, nəhayət,  Naxçıvan MR Ali Məclisinin Sədri  kimi xalqın taleyüklü  problemlərinin  əsl mahiyyətini müdrikcəsinə dərk edib, çıxış yollarını müəyyənləşdirib, alternativ yollar axtaran Ulu Öndərin  həyata keçirdiyi islahatların hər biri özlüyündə  Azərbaycanın gələcək inkişafı üçün təməl idi.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990- cı ildə keçirilən  sessiyasına  deputat kimi sədrlik edən Heydər Əliyev bir müddət sonra söylədiyi «Müstəqillik qədər çətin yol yoxdur. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» sözlərinin real həyatda həlli üçün imkan yaradan  məsələlər barədə düşüncələrini gerçəkləşdirdi. Həmin sessiyada «Naxçıvan MSSR»nin  adından «sovet, sosialist»»  sözlərinin çıxarılması, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının, himngerbinin bərpası barədə qərarın qəbul olunması  müdriklik, cəsarət tələb edirdi.

O illərdə  görülən işləri inkişafımızın təməli adlandıran Prezident İlham Əliyevin bu sözləri daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.»  Ulu Öndərin   fəaliyyətinin Naxçıvan dövrünü əhatə edən illərdə ən böyük xidmətlərindən biri, diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi.  SSRİ-nin cənub sərhədlərini qoruyan sovet ordusunun hərbi  arsenalı, silah-sursatı  muxtar respublikada qalmaqla bütün ordu  hissələrinin Naxçıvandan çıxarılmasına nail oldu. İlk Sərhəd Dəstəsi yaradıldı.  O dövrdə  Ulu Öndərin Azərbaycana böyük xidmətlərindən biri də respublikanın sərhədlərinin , Naxçıvanın ermənilər tərəfindən  işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi, İran və Türkiyə ilə əməkdaşlığın  gücləndirilməsi oldu. Hər iki qonşu dövlətdən  Naxçıvana ərzaq , sənaye malları, ən başlıcası isə enerji verildi.  «Ümid   körpüsü» salındı. Naxçıvan hava limanı,  Bakıda isə muxtar respublikanın nümayəndəliyi açıldı. Bazar iqtisadiyyatının başlıca tələblərindən olan özəlləşdirmə siyasəti o illərdə Ulu Öndərin imzaladığı «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarların qəbulu ilə başladı.

Naxçıvanda olarkən Ali Məclisin Sədri kimi 1992-ci ildə  antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn  ulu öndər Heydər Əliyev  növbəti dəfə xilaskarlıq missiyasını   1993-cü ildə yerinə yetirdi. Həmin il, iyunun 9-da   parçalanmaqda olan  ölkəni  daxili qarşıdurma və  xarici dövlətlərin məkrli  müdaxilələrindən qorumaq üçün  xalqın təkidli tələbi Bakıya qayıdan ümummilli lider Heydər Əliyev  Azərbaycanın müstəqilliyi naminə  daha mühüm xidmətlər göstərdi.   Bu gün Azərbaycanın dünyada  qüdrətli dövlət kimi tanınması Ulu Öndərin ideyalarının reallaşması deməkdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ulu öndər  Heydər Əliyevin Naxçıvandan Bakıya , böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasının başlanğıcı oldu.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 21 iyul.- S.4.