Tarixi Zəfərimizin carçısı:
Şərəfli keçmiş,
işıqlı gələcək
Bu gün qalib ölkənin mətbuatının
günüdür
Zəngin və şərəfli
inkişaf yolu qət etmiş milli mətbuatımızın yaranmasından 147 il ötür.
Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin
ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız
Həsən bəy Zərdabinin açdığı
cığırla irəliləyərək çox zəngin
inkişaf yolu qət edib. Bu gün əminliklə deyə bilərik
ki, Azərbaycan mətbuatı bir çox müstəvidə
dünyanın ən qabaqcıl ölkələrinin
mediaları ilə rəqabət aparacaq milli dəyərimizə
çevrilib.
Ötən
əsrin 90- cı illərinin əvvəllərində
müstəqillik qazanan Azərbaycan Respublikası
üçün mətbuat və informasiya sahəsinin
inkişafı dövlət quruculuğu prosesinin ən önəmli
parçalarından biri idi. Ulu Öndərin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı mətbuatımızın inkişaf
tarixində də yeni mərhələ açdı.
Ümummilli lider Heydər Əliyev bu sahənin
inkişafına xüsusi diqqət və qayğı göstərmiş,
ölkəmizdə azad mətbuat anlayışının
formalaşması üçün əlindən gələni
etmişdir. 1998-ci ildə Ümummilli Lider tərəfindən
Azərbaycan mətbuatının üzərindən dövlət
senzurasının ləğv edilməsi ilə ölkəmizdə
söz və mətbuat azadlığının əsası
qoyuldu.
Cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən mətbuatın
inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən
Ulu Öndərin sonrakı dövrlərdə
imzaladığı digər Fərman və sərəncamlar
, qəbul olunan qanunlar nəticəsində qəzetlərə
birdəfəlik yardımlar verildi, “2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər
proqramı” təsdiqləndi. Həmçinin Ümummilli
Liderin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə
təqdim etdiyi “Kütləvi informasiya vasitələri
haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul
olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın
inkişafına böyük dəstək oldu. Ulu Öndərin
2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq
görülməsi dahi rəhbərin Azərbaycanın
1993-cü ildən başlanan inkişaf yolunda mətbuata
göstərdiyi qayğıya verilən dəyər idi.
Ümummilli
Liderin mətbuata və mətbuat nümayəndələrinə
göstərdiyi diqqət və qayğı Onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
davam etdirilir. Prezident İlham Əliyev azad mətbuatın
prioritetliyini önə çəkərək bu istiqamətdə
zəruri addımlar atır. Son 18 ildən artıq dövrdə
mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi,
jurnalist peşəkarlığının və məsuliyyətinin
artırılması dövlət siyasətində prioritet
istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə
dövlət başçısı tərəfindən “Azərbaycan
mətbuat işçilərinin təltif edilməsi
haqqında”, “Azərbaycan mətbuat işçilərinə
fəxri adların verilməsi haqqında”, “Kütləvi
informasiya vasitələrinə maliyyə yardımı
göstərilməsi haqqında” sərəncamların
imzalanması jurnalist əməyinə nə qədər
böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə
milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri
dövlətimizin başçısı İlham Əliyevin
müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və
bölgələrdə yüksək səviyyədə qeyd
olundu. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında Kütləvi
İnformasiya Vasitələrinin inkişafına dövlət
dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, bir il
sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf
etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək,
jurnalistlərin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması məqsədilə
atılan mühüm addımlar idi. Milli mətbuatın
yubileylərinin ölkədə geniş qeyd olunması,
KİV-lərə yardımların göstərilməsi, mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi,
onların mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində tədbirlər
mətbuata və mətbuat işçilərinə
qayğının tərkib hissəsidir.
Hər
zaman Azərbaycan həqiqətlərinin təbliği
missiyasını uğurla həyata keçirən mətbuatımızın
44 günlük Vətən müharibəsinin gedişində
ölkəmizin düşmən təbliğatına
qarşı informasiya mübarizəsinə töhfələrini
verdiyi kimi, postmüharibə dövründə də bu
işi davam etdirməkdədir. Azərbaycan mediası bu
gün də dövlətimizin başçısı,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyevin artıq tarixə
qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın,
işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət
barədə həqiqətlərin ölkə və dünya
ictimaiyyətinə çatdırılmasında fəal rol
oynayır. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq
və çeviklik sayəsində dünya ictimaiyyətinə
müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın
törətdiyi müharibə cinayətləri haqqında
dolğun məlumatların çatdırılması
mümkün oldu. Bu işlərin həyata keçirilməsində
ən böyük missiyanı Ali Baş Komandanın
özü reallaşdırdı. Onun Vətən müharibəsi
dövründə 30-dan çox beynəlxalq media
qurumlarına geniş müsahibələri bu
reallıqların dünya ictimaiyyətinə çatdırılmasında
müstəsna rol oynadı. Qarabağ uğrunda
döyüşlərdə fərqlənən və müxtəlif
medallarla təltif edilənlər arasında jurnalistlərin də
olması ölkəmizdə bu sahədə
çalışanlara göstərilən böyük
etimadın və diqqətin təzahürüdür.
Müzəffər
Ali Baş Komandanımızın rəhbərliyi ilə 44
günlük Vətən müharibəsində
qazandığımız qalibiyyət medianın da
inkişafına təkan vermiş, yeni mərhələnin
başlanmasını şərtləndirmişdir. Vətən
müharibəsindən az sonra dövlət
başçısının “Azərbaycan Respublikasında
media sahəsində islahatların dərinləşdirilməsi
haqqında” Fərmanı özündə köklü dəyişiklikləri
əks etdirməklə ölkə mediasının
inkişafında yeni bir mərhələnin əsasını
qoydu. Fərmandan irəli gələrək tətbiq olunacaq
yeniliklər qarşıya yeni və daha məsuliyyətli vəzifələr
qoydu.
Son illər
media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi,
dövlətlə media arasında kommunikasiyanın inkişaf
etdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi,
onun beynəlxalq əlaqələrinin genişləndirilməsi,
media sahəsində beynəlxalq platformaların
yaradılması istiqamətində
zəruri tədbirlər görülmüşdür.
Hazırda media məkanında sürətli qloballaşma
prosesi gedir. Bu baxımdan yeni dövr milli mətbuatımızın
inkişafı ilə bağlı qanunvericilik bazasının
təkmilləşdirilməsini zərurətə çevirir.
Bu baxımdan, cənab Prezident tərəfindən cari ilin
fevralında imzalanmış və Azərbaycanda media
islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən
“Media haqqında” Qanunun məqsədi ölkəmizin informasiya
məkanının təhlükəsizliyinin təmin edilməsi,
yerli medianın inkişafına təkan verilməsi, informasiya
mühitinin sağlamlaşdırılması və rəqabət
qabiliyyətinin artırılması, habelə jurnalistika
peşəsinin nüfuzunun yüksəldilməsinə şərait
yaradılmasıdır.
Media
sahəsindəki islahatların davamı olaraq cari ilin
fevralın 8-də dövlət başçımızın
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən
güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik
edilməsi barədə” Fərmanına əsasən Media
Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində
müəyyən qədər staja malik olan jurnalistlərə,
habelə gənc ailənin üzvü olan jurnalistlərə
mənzil almaları üçün dövlət dəstəkli
güzəştli ipoteka kreditindən yaralanmaq hüququ
verilmişdir. Müvafiq Fərman cəmiyyəti obyektiv və
qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli
bir peşəni icra edən jurnalistləri digər dəyərli
peşə sahibləri ilə eyni sıraya daxil etmiş,
dolayı yolla jurnalistin dövlətin gözündəki həqiqi
statusunu və kimliyini müəyyənləşdirmişdir.
Dövlətin
medianın inkişafını stimullaşdıran
addımlarından biri də qəzet kağızının
ƏDV-dən azad olunmasıdır. Media ekspertləri əminliklə
bunun çap mediasının inkişafına təkan verəcəyini
bildirmişlər. Xatırladaq ki, Prezidentin Fərmanı ilə
ötən ilin dekabrında Vergi Məcəlləsinə
edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi
Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bu il
mayın 13-də Azərbaycan Respublikasının Baş
nazirinin müvafiq Qərarı ilə ƏDV-dən azad edilən
Azərbaycanda kütləvi informasiya məhsullarının
siyahısı təsdiqləndi. Bu Qərar çap mediası
məhsullarının maya dəyərini və onların
istehsal xərclərini əsaslı azaltmaqla inkişafına
təkan verəcəkdir. Məsələ ilə bağlı
ölkənin çap mediası subyektlərinin rəhbərləri
ilə Azərbaycan Respublikasının Medianın
İnkişafı Agentliyində aparılan müzakirələr
və yayım şirkətləri ilə görüşlərdə
səsləndirilən fikirlər bu yanaşmanı dəstəkləyir.
Onu da vurğulayaq ki, kitab və kağız məhsullarının
idxalı və satışının ƏDV-dən azad edilməsi
bu sahədə də canlanma yaratmaqla yanaşı, nəşriyyatların
işinə müsbət təsir göstərəcəkdir.
Veb-saytların
reytinqinin və dəqiq oxucu sayının şəffaf müəyyənləşdirilməsi
məqsədilə Azərbaycanın milli rəqəmsal media
təhlili platforması “Metrix” 50-dən çox yerli informasiya
veb-saytı və keçirilən sorğular vasitəsilə
ölkədə ən çox oxunan xəbərləri,
günün trendlərini və müxtəlif digər
statistik məlumatları özündə ehtiva edir. Milli
sayğac vasitəsilə veb-saytların reytinqinin müəyyənləşdirilməsi
biznes strukturları üçün etibarlı data baza
formalaşdıracaqdır.
Medianın
İnkişafı Agentliyi (MEDİA) tərəfindən media
nümayəndələrinin peşəkarlığının
yüksəldilməsi üzrə peşəkar və sahəvi
jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti
üçün ixtisaslaşma proqramları, eyni zamanda, gənc
kadrların inkişafı üçün yerli və xarici
mütəxəssislərin iştirakı ilə müxtəlif
layihələr təşkil edilib. Təkcə 2021-ci il ərzində
Agentlik tərəfindən həyata keçirilən təlimlərə,
seminarlara və digər layihələrə 60-dan çox təlimçi
və 350-dən çox media nümayəndəsi cəlb
edilib. Jurnalistlərin dövlət qurumları ilə
qarşılıqlı kommunikasiyanın gücləndirilməsi,
əməkdaşlığının
optimallaşdırılması və informasiya mübadiləsinin
daha effektiv təşkili məqsədilə dövlət
orqanlarının mətbuat
katibləri, media qurumlarının rəhbərləri və
jurnalistlər üçün seminar və təlimlər
keçirilib. Jurnalistlərin ixtisaslaşması və sahəvi
jurnalistikanın inkişaf etdirilməsi məqsədilə MEDİA bir sıra dövlət
qurumları və təşkilatlarla əməkdaşlıq
edir. 2 il ərzində XİN, MN, BMTM, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi , Dövlət
Gömrük Komitəsi, “AzərSu” ASC, İqtisadi
İslahatların Təhlili Mərkəzi, TƏBİB və
digər qurumlarla birgə jurnalistlər üçün təlimlər təşkil olunub.
Ali təhsil müəssisələrində media mərkəzlərinin
inkişafını və təhsil prosesində ənənəvi
medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi
məqsədilə Bakı
Dövlət Universiteti və Bakı Slavyan Universitetində
150-dən çox tələbənin iştirakı ilə
görüş və mühazirələr təşkil
edilib. Jurnalistlərin mükafatlandırılması və
peşəkarlığının artırılması məqsədilə
il ərzində iki dəfə Fərdi jurnalist müsabiqəsi
keçirilib. Qeyd etmək lazımdır ki, ilin sonuna qədər
keçirilməsi planlaşdırılan inkişaf
proqramlarında 600-dən çox media nümayəndəsi əhatə
olunacaqdır.
Həmçinin
Avropa ölkələrində geniş istifadə olunan təcrübələrə
əsasən yaradılacaq Media Reyestrinin
formalaşdırılması, proqram təmninatının
hazırlanması üzərində işlər davam
etdirilir. Reyestrin Elektron Hökumət
İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri
tədbirlər görülür. Reyestrin məqsədi media
subyektlərinin sayının müəyyənləşdirilməsi,
bununla da media subyektlərinə və onların işçilərinə
tanınan hüquqların müdafiəsi mexanizminin
formalaşdırılması, bu sahədə fəaliyyətin
stimullaşdırılmasıdır.
Son
yarım ildə müşahidə olunan müsbət dinamika həm
də onu deməyə əsas verir ki, cəmiyyətin informasiya təminatında
operativlik və keyfiyyət yüksəlib, media və sosial
şəbəkələrdə qaldırılan məsələlərə
dövlət orqanları tərəfindən dərhal reaksiya
verilir. Dövlətin həyata keçirdiyi siyasətin, qəbul
olunmuş qərarların mahiyyətinin ictimaiyyətə
çatdırılması və izah olunması işinin
keyfiyyəti və çevikliyi kəskin dərəcədə
yüksəlib. Azərbaycan
mediası beynəlxalq informasiya məkanında mövcud olan tendensiya və trendləri
yaxından izləyir, qabaqcıl nümunələrin tətbiqi
işində nəzərəçarpacaq irəliləyiş
müşahidə edilir. Media gündəm mövzuları
işıqlandırır, müzakirəyə
çıxarır. Konstruktiv, qərəzsiz və obyektiv tənqid
medianın ictimai nəzarət
potensialının yüksəlməsinə şərait
yaradıb. Media fəaliyyəti sahəsində mövcud
olmuş neqativ hallar aradan qaldırılır, şəffaflıq
təmin olunur, “reket jurnalistikanın” əhatə dairəsi
daralır. Bir çox saytların texniki problemləri aradan
qaldırılıb, bəziləri tamam yeni tərtibata
keçib, bir çox saytlar yeni rubrikalar yaradıb və ən
əsası gündəlik 20 özəl material tələbini
yerinə yetirmək artıq gündəlik işin adi
normasına çevrilib.“Copy-paste” hallarının əsaslı
şəkildə azaldığı müşayiət edilir,
Azərbaycan dilinin ədəbi üslubunun tələblərinə
ciddi əməl edilməsi diqqət mərkəzindədir.
Dövlət yazılı medianın timsalında Azərbaycan
dilinin inkişafına, ənənəvi publisistik
düşüncənin yaşamasına və eyni zamanda cəmiyyətdə
plüralizmin möhkəmlənərək sərhədlərinin
genişlənməsinə dəstək göstərir. Dəstək
göstərilən nəşrlərdə və onların
eyni adlı veb-saytlarında əsaslı dəyişiklik,
müasirləşmə özünü göstərir. Bir
sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək
yeni tərtibatda B2 formata keçiblər, qəzetlərin əksəriyyəti
artıq tam rəngli nəşr olunur. Əksər qəzetlərin
saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə
dəyişib. Yazılı medianın müasir
simasının formalaşması yönümündə
konseptual yanaşma gələcəyə hesablanıb, ona
görə bu proses davamlı xarakter daşıyır.
MEDİA çap mediası məhsullarının abunə və
satışının təşkilinə dəstək
göstərilməsi, çap mediasının onlayn formata
keçidinin təmin edilməsi məqsədilə ilk dəfə
olaraq müxtəlif qəzet və jurnalların elektron
versiyasının yerləşdiriləcəyi “E-kiosk”
platformasının yaradılması prosesini başa
çatdırıb. “E-kiosk” platformasının əsas məqsədi
ənənəvi medianın rəqəmsal mühitə
uyğunlaşmasına və informasiya cəmiyyətinin
inkişafına dəstək göstərməkdir.
Qürurverici
haldır ki, Azərbaycan mətbuatı öz üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirir. Ən əsası, milli mətbuatımız 44
günlük müharibə zamanı olduğu kimi,
postmüharibə dövründə
də Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasında, erməni
yalanlarının ifşa olunmasında, bütövlükdə
milli maraqların qorunmasında əhəmiyyətli rol
oynayır.
Bu
gün Azərbaycan dövlətinin mətbuatdan başlıca
gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini
qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq,
peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik
prinsipini qorumaqdır. Bu gün peşə bayramını qeyd
edən bütün vicdanlı və peşə səlahiyyətlərini
dərk edib, uca tutan və xalqına xidmət edən həmkarlarımızı təbrik
edirik!
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 22 iyul.- S.6.