Vətənin hər diyarı gözəldir

 

Hər il istirahət mövsümü başlayanda insanları düşündürən ən birinci suallardan biri də “harada, necə istirahət etmək olar” sualıdır. Çünki yay fəsli gələn kimi hər kəs işdən uzaqlaşıb sakit guşələrə çəkilmək, çimərliyə getmək, təbiət qoynunda dincəlmək istəyir.

Heç şübhəsiz ki, yay turizm mövsümündə istirahət etmək istəyənlərin seçdiyi yerlər arasında çimərliklər və regionlara səyahət öndə gəlir. Son vaxtlar ölkəmizdə turizmin bu sahəsinin inkişafı istiqamətində mühüm addımlar atılır. Ölkədə yaradılan çimərlik məkanları və regionlara səyahət üçün təşkil olunan tur paketlər barəsində isə kifayət qədər seçim şansı yaradılıb. Hətta o dərəcədə ki, artıq ölkə əhalisi xarici ölkələrə getməkdənsə öz ölkələrində istirahət etməyə üstünlük verirlər.

Azərbaycanın mülayim iqlimi çimərlik mövsümünün iyundan sentyabrın sonunadək davam etməsinə imkan yaradır. Xəzər dənizi sahilinin Azərbaycana aid hissəsinin 60-70 faizi çimərlik turizmi üçün əlverişli hesab olunur. Bu potensialdan da səmərəli istifadə edilərək ölkənin paytaxtı Bakı şəhəri Mərdəkan, Zuğulba, Bilgəh, Buzovna, Nardaran, Şıx, Novxanı, Pirşağı, Dübəndi və digər çoxsaylı kurort-çimərlik zonaları ilə əhatə olunub. Son illər bu yerlərdə müasir standartlara uyğun rahat otellər tikilib, özəl çimərliklər açılıb. Bunun nəticəsidir ki, hazırda ölkəmizin Xəzər dənizi sahilində 180-dən çox çimərlik fəaliyyət göstərir.

Yay mövsümündə istirahət üçün çimərliklərə gedənlərlə yanaşı bölgələrə üz tutanlar da az deyil. Ən çox tələb görən bölgələrimizdən biri də böyük turizm potensialına malik Nabran istirahət zonasıdır. Belə ki, istirahət üçün oraya gedənlərin bir çoxu istirahət mərkəzlərində dincəlməyə üstünlük versələr də, fərdi evləri kirayələyənlər də az deyil. Bunun başlıca səbəbi kirayə evlərin qiymətinin otellərlə müqayisədə aşağı olmasıdır.

Cənub bölgəsində də kənd turizminə üstünlük verənlər çoxalır. Lənkəranın kəndlərində xeyli evlər var ki, turistlər kirayələməklə istirahətlərini sərfəli keçirə bilir. Bu bölgədə evlərin kirayəsi digər bölgələrə nisbətən daha aşağıdır.

Dağın ətəyində yerləşən Şəki şəhərində isə insanlar istirahət etməklə yanaşı, burada yerləşən tarixi abidələrin ustalarının pəncərə düzəltməsi, habelə kəlağayının istehsalı prosesi ilə tanış olmaq imkanı əldə edəcəklər.

Naftalan vannaları yüz il əvvəl tətbiq edilməyə başlanıb və bu dövrdə Azərbaycanda Naftalan nefti vasitəsilə dayaq-hərəkət aparatı, əsəb sistemi, dəri və bir çox xəstəliklərin müalicəsində uğurla həyata keçirilən sağlamlaşdırma metodikası formalaşıb.

Qax şəhəri istirahət üçün əlverişli bölgələrimizdən biridir. Belə ki, burada yerləşən İlisu dağ kəndində havanın temperaturu bəzən Aran kəndlərindən 10 dərəcə aşağı olur. Kəndin ətrafındakı termal kükürd mineral suları müalicəvi əhəmiyyətə malikdirlər. İlisunun yaxınlığından adlarını suyun rəngindən almış iki çay – Qaraçay və Ağçay keçir. Qaraçayın dayaz yerindən keçdikdə eyniadlı şəlaləyə zövqlə tamaşa etmək olar. Əlçatmaz yerdə olan bu şəlalənin ətrafındakı təbiət öz ilkin gözəlliyini qoruyub. Azərbaycanda ən yüksək hesab olunan Ram-Rama şəlaləsi də burada yerləşir.

Quba rayonunda dəniz səviyyəsindən 2500 metr yüksəklikdə, dağın zirvəsində yerləşən Xınalıq kəndinə səyahət zamanı siz sərin havadan zövq almaqla yanaşı, unikal mədəniyyətlə də təmasda ola bilərsiniz. Bu qədim kəndin əhalisi özünün xüsusi dili ilə ayrıca etnoqrafik qrupa aiddir. Kənddə 200-300 yaşı olan 380 ev var. Xınalıq sakinləri ənənəvi həyat tərzini qoruyub saxlayıblar. Xınalıq təkcə öz qədim ənənələri ilə deyil, həmçinin bu yerlərdə qar adamının görünməsi ilə tanınır.

Azərbaycanın ən yüksək dağ turizm mərkəzi “Suvar” istirahət zonasıdır. Bu mərkəz Qusar rayonunda Laza kəndi yaxınlığında dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşir. Kompleksin ətrafındakı dağ dərəsində 2000 metr yüksəklikdən qoşa şəlalə adlanan Laza və Şahnabat şəlalələri tökülür. Yayda bu şəlalələr gələn qonaqlara sərin hava bəxş edir, qışda isə donmuş halda buza dırmanma həvəskarları və burada yarışlar keçirən alpinistlərin sevimli məkanına çevrilir.

“Suvar” kompleksindən 2 kilometrlik məsafədə yerləşən heyrətamiz Laza kəndində dağların arasında ləzgilər yaşayır. Burada qədim evlərə, məscidə baxmaq, ləzgilərin adət-ənənələri və milli mətbəxi ilə tanış olmaq mümkündür.

Parklar və qoruqlar da yay mövsümündə istirahət üçün maraqlı məkanlardandır. Əsasən də axşam vaxtı Bakının park və bağlarında gəzinti insanlarda xoş təəssüratlar yaradır.    Belə ki, Dənizkənarı Bulvar, Qədim Filarmoniya bağı, Zabitlər parkı, Molokan bağı və şəhərin mərkəzindəki digər bağlar gözəlliyi və abadlığı ilə seçilir. Dünya florasının müxtəlif növlərinin toplanıldığı Botanika bağı və Mərdəkan dendrarisi də maraqlı məkanlardır. Şəhərin mərkəzində müasir standartlara uyğun yenidən qurulmuş funikulyor da fəaliyyət göstərir.

Ekskursiya həvəskarları  Bakı turu zamanı “İçərişəhər”, Şirvanşahlar Sarayı, “Qala” Arxeologiya-Etnoqrafiya Muzey Kompleksi, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu kimi tarixi-memarlıq abidələri və turizm obyektlərini, habelə şəhərin digər görməli yerlərini ziyarət zamanı maraqlı məlumatlar öyrənəcəklər.

Bir sözlə, yay mövsümündə xaricə getmədən elə öz ölkəmizdə də  istirahətimizi unudulmaz edib, bütün ili gümrah enerji ilə keçirə bilərik.

 

Röya Rasimqızı

 

İki sahil.- 2022.- 29 iyul.- S.8.