Ana dilimiz ən qiymətli sərvətimizdir
Avqustun 1-i Azərbaycan Əlifbası və
Azərbaycan Dili Günü kimi qeyd edilir
Tarix sübut edir ki, dil ağlın,
şəxsin, millətin
güzgüsü olmaqla,
tanınmış dahilərə,
yazarlara, söz səltənətində əbədi
taxt quranlara yaşam haqqı verən mənəvi pasportdur. “Aqil ki, görünməz bir xəlifədir; qüvvəti, qüdrəti
sözlərindədir” söyləyən
Nizami Gəncəvi, “Xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bu nə sirdir kim, olur hər
ləhzə yoxdan var söz”ü ilə dilimizə dəyər verən Füzuli, “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”
deyən Nəsimi dilimizi zənginləşdirən
sözün qüdrəti
ilə zirvələrdə
yer almışlar.
Məlum
olduğu kimi, Cümhuriyyət dövründə
(1918) Azərbaycan dili
rəsmi dövlət
dili elan edilsə də, real tarixi şərait
üzündən uzunömürlü
olmadı. Sovet dövründə isə yalnız 1956-cı ildə
Ali Sovetin qərarı ilə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti
və prinsipiallığı
sayəsində 1978-ci ildə
qəbul olunan Konstitusiyada Azərbaycan dili respublikada dövlət dili kimi təsbit edildi. Ölkəmiz müstəqilliyini bərpa
edəndən sonra,
1991-ci ilin dekabrında
Azərbaycanda latın
qrafikalı əlifbaya
keçid barədə
qərar qəbul
edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına
əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1
avqustunda ölkə ərazisində bütün
idarə-müəssisələr, təşkilatlar, Azərbaycan
dilində bütün
nəşrlər latın
qrafikalı əlifbaya
keçdi. 2001-ci ilin
9 avqustunda Prezident Heydər
Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında”
fərman imzaladı. Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk
dəfə XX əsrin
20-ci illərində gerçəkləşən
latın qrafikalı əlifbaya
keçidin əhəmiyyəti
vurğulanırdı. Qeyd
olunurdu ki, Azərbaycan ərazisində
İslamın yayıldığı
dövrlərdən başlayaraq
xalqımız min ildən artıq bir zaman ərzində
ərəb əlifbasından
istifadə etmiş, ölkəmizin böyük
ədibləri, mütəfəkkirləri
bu əlifbada yazdıqları əsərlərlə bəşər
sivilizasiyasını zənginləşdirmişlər.
Lakin əsrlərlə müxtəlif
xalqların mədəni
əlaqəsinə xidmət
edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu
ilə əks etdirə bilməməsi
XIX əsrin ikinci yarısından etibarən
Mirzə Fətəli
Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi
ziyalılarını əlifba
islahatı problemi üzərində düşünməyə
vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı
Azərbaycan mədəniyyətinin
inkişaf istiqamətini
müəyyənləşdirmiş və bu da
yeni mədəniyyət
tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı.
XX əsrin əvvəllərində
cərəyan edən
ictimai-siyasi və mədəni proseslərin
gedişatı mövcud
əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını reallaşdırdı.
1922-ci ildə Azərbaycan
hökumətinin qərarı
əsasında Əlifba
Komitəsinin yaradılması
yeni qrafikaya keçilməsi yolunda
atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi.
1926-cı ildə keçirilmiş
Birinci Türkoloji Qurultayın tövsiyələrinə
cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə
latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət
ərzində latın
qrafikasının işlədilməsi
Azərbaycanda geniş
kütlələr arasında
savadsızlığın ləğvi
üçün olduqca
əlverişli zəmin
yaratdı. Bütün
bu nailiyyətlərə
baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında
tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Bundan sonra yarım
əsrdən çox
bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin
qiymətli nümunələri
yaradıldı. Lakin təcrübə göstərdi
ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də,
optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun
nə vaxtsa dəyişdiriləcəyi ehtimalını
gücləndirirdi.
Azərbaycan müstəqilliyini bərpa
edəndən sonra yaranmış tarixi şərait xalqımızın
dünya xalqlarının
ümumi yazı sisteminə qoşulması
üçün yeni perspektivlər açdı
və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını
zəruri etdi. Bu isə müvafiq
qanunun qəbul olunması ilə nəticələndi. Beləliklə,
on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid
2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında,
yazı mədəniyyətimizin
tarixində mühüm
hadisə oldu.
Ümummilli
lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğısını eyni
məsuliyyətlə davam
etdirən Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
Sərəncamı imzalamaqla
bu istiqamətdə nəzərdə tutulan və həlli vacib prioritetləri
müəyyənləşdirdi. Sərəncama uyğun olaraq
Azərbaycan ədəbiyyatı,
mədəniyyəti və
elminin ən gözəl nümunələrinin
təbliğini genişləndirmək
və gələcək
nəsillərə çatdırmaq
məqsədilə Azərbaycan
dilində əvvəllər
kiril qrafikasında çap olunmuş əsərlərin latın
qrafikası ilə yenidən nəşri kütləvi şəkildə
həyata keçirildi.
Yenidən çapı
nəzərdə tutulan
kitabların mətnlərinin
elektron daşıyıcıları
və internet vasitəsilə yayılması,
latın qrafikasında
“Azərbaycan ədəbiyyatının
virtual kitabxanası”nın
yaradılması qarşıya
məqsəd kimi qoyuldu. Bu istiqamətdə
görülən işlərin
nəticəsidir ki, “Elektron hökumət”, “Elektron dərslik”, “Elektron kitabxana” terminləri yarandı və bu sahədə
önəmli uğurlar
əldə olundu. “Azərbaycan Milli Ensklopediyasının nəşri
haqqında” Sərəncam
imzalandı.
Beləliklə,
bu bu sahədə
həyata keçirilən
hər tədbir, islahat Azərbaycan dilinin özünəməxsus
inkişaf qanunları
ilə cilalanmış
kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl
əlifbası, yüksək
səviyyəli yazı
formatı ilə fərqlənən Azərbaycan dilinin qorunmasına xidmət edir. Dilimizi qoruyaq ki, xalq olaraq
var olaq, həmrəy olaq, əbədi olaq. Millətlər arasında
dilimizin gözəlliyi
ilə hər zaman seçilək.
Sevinc Azadi,
İki sahil. - 2022.- 30 iyul.- S.21.