Xilaskarlıq missiyası
Öndərlərə
xas qətiyyəti, ən çətin məqamlarda
xalqını arxasınca aparmaq qabiliyyətinə
malik olduğunu respublikaya rəhbərliyinin hər iki mərhələsində fədakarlığı
ilə təsdiqləyən ulu öndər
Heydər Əliyevin adının Azərbaycanla bir çəkilməsini labüd
edən hadisələr
çox
olsa da, Azərbaycanın
suverenliyinin qorunması baxımından daha önəmlidir. «Ümummilli
lider Heydər Əliyevin siyasi
fəaliyyəti bütün dövrlər,
nəsillər üçün örnəkdir»
ifadələri Azərbaycan xalqının xilaskarının
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi illərə
işıq salan aforizmdir.
…20 iyul 1990-cı ildə doğma Vətəninə dönən ulu öndər Heydər Əliyev min bir əziyyətlə qurub-yaratdığı Bakıda yaranan vəziyyətlə əlaqədar Naxçıvana üz tutmağa məcbur oldu. O zaman çoxları kimi, Ulu Öndərin özü də onu gözləyən çətinliklərdən xəbərsiz idi. Naxçıvanda yaşayıb, çalışdığı illərdə muxtar respublikanı məşəqqətlərdən qurtaran, insanların yoluna ümid işığı yandıran Ulu Öndərin dönüşündən narahat olan Bakıdakı «rəhbərlər» doğma torpağa vəzifə üçün deyil respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəldiyini bildirən Ulu Öndərə olan ümumxalq məhəbbətinə qısqanclıqla yanaşırdılar. Naxçıvanda işlədiyi müddətdə muxtar respublikanı Ermənistanın təcavüzündən qoruduğu kimi, daxili düşmənlərin müstəqilliyimizə xələl gətirməsinə də yol verməyən Ulu Öndərin qətiyyəti qarşısında acizliklərini hiss edən AXC-Müsavat cütlüyünün səbatsız, oyuncaq iqtidar olduqlarını hiss edən Azərbaycan xalqı Ulu Öndəri xilaskar hesab edirdi. Xalqımızın seçimində yanılmadığını sonrakı illərdə ölkədə baş verən hadisələr də təsdiqlədi. O dövrdə xalqı uçuruma aparan AXC-Müsavat iqtidarının seçdiyi yolun ağır nəticələrini dövlətçilik təcrübəsi ilə aydın başa düşən Ulu Öndər o zaman Naxçıvanda təxribat törətmək üçün Bakıdan təlimat alan bir qrup silahlı dəstənin törətdyi iğtişaşların qarşısını canından çox sevdiyi və dəyər verdiyi xalqına arxalanaraq aldı.
Ötən əsrin sonuncu onilliyini xalqımız üçün ən ağır dövr adlandıran Prezident İlham Əliyev o dövrdə ulu öndər Heydər Əliyevin liderlik keyfiyyətlərini müstəqilliyimizə aparan yol adlandıraraq böyük cəsarət, vətənpərvərlik tələb edən çıxış yollarının ağırlığını da göstərirdi. «Ondan sonra Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı. Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı» söyləyən Prezident İlham Əliyev müstəqilliyə gedən yolların çətinliyindən söz düşəndə ilk növbədə müxtəlif illərdə dövlət çevrilişlərinə cəhdlərin törədə biləcəyi təhlükələrin qarşısını müdrikliklə alan Ulu Öndərin xidmətlərini xatırladır.
… Dövlətçilik tariximizdə 4 iyun 1993-cü ilin hadisələri mürəkkəbliyi və çətinliyi ilə fərqlənir. Bu tarix eyni zamanda Qurtuluşa gedən yolun başlanğıcı adlandırılır. Azərbaycanın parçalanma təhlükəsi ilə qarşılaşdığı, dövlətçiliyimizin varlığının şübhə altında qaldığı o illərdə çaşqınlıq içərisində qalan xalqa bələdçilik edən Ulu Öndər ölkədə yaranan qarışıqlığın əsl günahkarlarının dövləti idarəetmə təcrübəsindən, məsuliyyətdən xəbərsiz, insanları deyil, öz maraqlarını düşünən naşı səbatsızların olduğunu bilirdi. Ermənistanın təcavüzü ilə üzləşən Azərbaycanda daxili qüvvələr arasında yaranan qarşıdurmalar ölkəni dağılmaq təhlükəsi ilə üzləşdirmişdi. Başqa sözlə deyilsə, Azərbaycanın gələcək taleyi naşı adamların əllərinə tapşırılmışdı. O dövrdə yaranan təhlükələrdən danışan Prezident İlham Əliyevin vurğuladığı kimi, AXC-Müsavat iqtidarında təmsil olunan səbatsızların dövlətin varlığı ilə bağlı təsəvvürləri belə yox idi. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. Yaranan qarşıdurma isə vətəndaş müharibəsinin həyəcan siqnalı idi.
4 iyun hadisələri ilə bağlı müxtəlif fikirlər səslənsə də , Azərbaycanı uçuruma aparan xaosun « müəllifləri» günahları biri-birinin üzərinə atsalar da tarixi əks etdirən hadisələrin mənzərəsi dəyişmir: Xalqa vurulan siyasi, iqtisadi, ən əsası isə mənəvi zərbə, vətəndaşların sabaha ümidini qıran mənəmlik, səriştəsizlik ölkəni vətəndaş müharibəsinə aparırdı.
… Tarixə Gəncə qiyamı kimi yazılan 4 iyun 1993-cu il hadisələrinin ölkədə yaratdığı mənzərə qorxunc, təhlükəli idi. Bakı küçələrində avtomatla silahlanmış kamufulyaj geyimli yekəpər saqqallılardan ibarət dəstələr gəzirdi. Əbülfəz Elçibəyin komandasında hər dəstənin öz himayədarı vardı. Onlar nüfuz dairələri üstündə biri-biri ilə rəqabət aparırdılar. Buna görə də tez-tez toqquşmalar, atışmalar olurdu. Nəticədə 1993-cü ilin yazında ölkənin parçalanmasına real təhlükə yarandı... Bu isə Elçibəy və onun komandasının yol verdiyi kobud səhvlərin nəticəsi idi. İqtidardakılar milləti birləşdirməyi, ayrı-ayrı siyasi qüvvələr arasındakı qarşıdurmanı dayandırmağı, cinayətkar qruplaşmaların, separatçı qüvvələrin hərəkətlərinin qarşısını almağı bacarmırdılar. Vətəndaşların şəhərdə sərbəst dolanması belə riskli idi. Başqa sözlə, dövlətçilik anlamı yox dərəcəsində idi. Sıravi elmi işçi baş nazir kimi ölkəni özünə sərf edən sayaq idarə edir, texniki-peşə məktəbinin komsomol təşkilat katibi Əli Kərimli cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olur, institut müəllimi, sonradan « vəzifəmi dondururam» deyə biləcək qədər savadsız kadr xarici siyasət idarəsinin rəhbəri idi, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi hərb elminin əlifbasını bilməyən riyaziyyat müəlliminə tapşırılmışdı. Sürücülərə general rutbələri verilir, orta təhsili olanlara rayonlara rəhbərlik səlahiyyətləri tapşırıldı… Bir sözlə iddiaları başlarından böyük olan, hakimiyyəti zorla ələ keçirən sıravi cəbhəçilər, meydanlarda fit çalanlar, « xalq hərəkatının öncülləri» kimi mükafatlandırılır, törətdikləri cinayətlərə görə uzun müddət həbsdə yatan cinayətkarlara hüquq- mühafizə orqanlarında yüksək vəzifələr həvalə olundu. Ermənistanın torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edən, məsuliyyətli bir dövrdə baş verənləri xalqa xəyanət adlandıran Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə qarşı təxribat hazırlayan, Ulu Öndərə fiziki xəsarət yetirməkdən çəkinməyən AXC-Müsvat iqtidarının səbatsızları muxtar respublikaya silahlı dəstələr göndərməkdən belə çəkinmədilər. Arxalarında xarici qüvvələrin dayandığı iqtidarsız iqtidarlara qarşı cəbhə açan, AXC-Müsavat cütlüyünün «şinelindən çıxan» adı Milli Qəhrəman olub, millətinə xəyanət edən , el arasında «yun polkovniki» adlandırılan Surət Hüseynov özünə düşən payı tələb edirdi. Qarşıdurmaların gücləndiyi məqamda «polkovnik» Surət Hüseynovun komandanlıq etdiyi hərbi hissədə vəziyyət nəzarətdən çıxmışdı. Sovetlərə məxsus 130 və 709 nömrəli hərbi hissələrin ərazisində baş verən hadisələrin əsl mahiyyətini öyrənmək üçün təşkil olunan komissiya və ağsaqqallardan ibarət nümayəndə heyətinin səyləri belə fayda vermədi. Qan tökülmüşdü. Hadisə zamanı 20 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, külli miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdi. Qiyamın yaranmasına səbəb o dövrün iqtidarına olan inamsızlıq idi. Dövlət büdcəsini son qəpiyinə qədər atalarının malı kimi mənimsəyən, iqtisadiyyatı iflic vəziyyətinə salan «cütlüyün» hakimiyyəti illərində əhali başqa ərzaqları demirik adi çörəyə belə möhtac idi. Çörək mağazalarının qabağında 24 saat müddətində davam edən növbələrin ardı- arası kəsilmirdi. Xalqı belə miskin vəziyyətə salan İsa Qəmbər, Əli Kərimlidən və başqalarından ibarət komanda xarici emissarların diqtəsi ilə idarə olunduqlarından xalqın taleyini düşünmək bacarığından xeyli uzaqda idilər. İstək və məqsədləri daha çox varidat toplamaq, şəxsi büdcələrini artırmaq idi. Ən böyük sənaye müəssisələri kortəbii halda, «özəlləşdirilmə» adı ilə dağıdılırdı. Avadanlıqları xarici dövlətlərə «yararsız xammal» kimi satılırdı. Belə «bölgüdən» pay umsa da kənarda qalan, vaxtı ilə İsa Qəmbər və Əli Kərimliyə yaxınlığı ilə seçilən Surət Hüseynov kimi «silahdaşları» onları ölümlə hədələyərək, vəzifədən istefa vermələrini tələb edirdi.
AXC-Müsavat iqtidarına qarşı mübarizə aparan «polkovnik» iqtidardakı hərc-mərclik, anarxiya yaradan «hakimiyyət piramidası»nın xəyanətkarlarını Bakıdakı fənər dirəklərindən asacağı xəbərdarlığı ilə qorxudurdu. Səriştəsiz iqtidar vahimə içərisində idi. Ölkədə yaranan vətəndaş qarşıdurmasının öhdəsindən gələ bilməyən o zamankı spiker İsa Qəmbər , baş nazir Pənah Hüseynov artıq istefa vermiş, xalqı başsız qoymuşdular.
Cəncə və ətraf rayonlarda əhali təşviş içərisində yaşayırdı. Qanunsuzluq baş alıb gedirdi. Sürətin silahlıları insanları döyür, söyür, təhqir edir, dövlət strukturlarını dağıdır, talan edirdilər. Ölkəyə rəhbərliyi irəli sürülərkən « çəpik çala-çala prezidentliyə namizəd irəli sürdüyünüz şəxsi bir ildən sonra fit çala-çala qovacaqsınız» söyləyən Elçibəy onu da bilirdi ki, özü demişkən «tankların qabağında dayansalar da pulun qabağında dayana bilməyən bəylərin» törətdikləri iğtişaşların qarşısını yalnız bir nəfər ala bilərdi: Həmin şəxs Azərbaycanın müstəqilliyinin qarantı, xilaskarı , o zaman Naxçıvan MR Ali Məclisinin Sədri işləyən Heydər Əliyev idi. Vəziyyətin çıxılmaz olduğunu görən Əbülfəz Elçibəy dəfələrlə Naxçıvana zəng edərək Heydər Əliyevdən yardım istəyib onun Bakıya gəlməsini xahiş etsə də bu məqsədlə muxtar respublikaya göndərilən təyyarə boş qayıtmışdı. Lakin xalqın düşdüyu vəziyyətin çətinliyini başa düşən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, varlığımızın əbədiliyi naminə milyonların tələbinə uyğun seçim etdi, Bakıya qayıtdı. «Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək» söyləyən Ulu Öndər hadisələrin əsl mahiyyətini öyrənmək üçün Gəncəyə yollandı. Ulu Öndərin səyi ilə qiyam yatırıldı, bütün Azərbaycan xalqının istəyinə və təkidli tələbinə uyğun olaraq Ulu Öndər Milli Məclisin Sədri, sonra, Prezident seçildi. O zaman Azərbaycanı təhlükədən qurtaran Ulu Öndər 1994-cü və 1995-ci illərdə dövlətçiliyimizə təhlükə olan cəhdlərin qarşısını da Azərbaycan xalqının birliyi sayəsində aldı. O illərdə müstəqilliyimizi gözlənilən təhlükələrdən qoruyan, daxili və xarici düşmənlərin təxribatlarının qarşısını müdrikliyi, qətiyyətilə alan Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev müstəqilliyimizin qorunmasında da varislik ənənələrinə sadiq qaldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün davam edən Vətən müharibəsində qazanılan Zəfərimizin müjdəsini Ulu Öndərə sözləri ilə bildirdi. «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» Ulu Öndərin xalqına əmanəti olan Azərbaycan bu gün Ümummilli Liderin arzuladığı yolda uğurla addımlayır.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 4 iyun.- S.5.