Heydər Əliyev dühası:
Azərbaycanın
dövlət
müstəqilliyinin əbədiyyət
rəmzi
9 iyun 1993-cü ildə
Naxçıvandan Bakıya dönən Ulu Öndər
ölkəmizi gözlənilən fəlakətlərdən,
dağılmaq təhlükəsindən xilas etdi
Tarixi bəsirət, zamanı
qabaqlamaq nadir hissdir. İstedadlı olsalar belə
tanınmış siyasi xadimlərin belə heç də
hamısında bu duyğu olmur. Tanrı bu keyfiyyətləri
yalnız seçilmiş adamlara, fəlsəfi təlimlərin
yaradıcılarına, müasiri olduğu zəmanəsini
çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə
nəsib edir. Tarixin əsrdə bir dəfə yetişdirdiyi
liderlər arasında adı birincilər sırasında
çəkilən Heydər Əliyevin teleyinə də belə
qismət yazılmışdı.
Azərbaycan xalqı 1992-1993-cü illərdə olduğu qədər çətin, ağır, çıxılmaz vəziyyətə düşməmişdi Azərbaycanın dövlətçilik tarixində bu illəri fəlakət dövrü adlandıranlar qənaətlərində haqlıdırlar. O illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Heydər Əliyev müstəqil siyasət yeridir, iqtidarda olan AXC-Müsavat rəhbərliyinin fikirləri ilə hesablaşmırdı. Buna görə də 1992-ci ilin oktyabrında Xalq Cəbhəsi kimi adlandırılan səbatsız hakimiyyətin göstərişi ilə Naxçıvanda ulu öndər Heydər Əliyevə sui-qəsd hazırlandı. O vaxtlar cəmiyyətdə « ictimai təşkilat» adlandırılan AXC- Müsavat cütlüyünün Naxçıvandakı silahlı dəstələri muxtar respublikanın Daxili İşlər Nazirliyinin, Televiziya və Radio Verilişləri Komitəsinin binalarını ələ keçirdikdən sonra Heydər Əliyevin Sədri olduğu parlament binasına doğru hərəkət etdilər. Əlavə qiyamçıları gətirən təyyarə səmada göründü. Yerli əhali dərhal xilaskarlarının ətrafında sıx birləşdilər. 1992-ci ilin dekabrında keçirilən AXC-nin qurultayında xalqın sevimlisi Heydər Əliyevi «avtoritar» metodlarına görə tənqid edənlər bütün ölkədə anarxiya yaratmışdılar. Naxçıvana münasibətlər dözülməz halda idi. Bakıda tətbiq olunan «ərzaq kartoçkaları» əhalinin tələbatını ödəyə bilmirdi. O dövrdə müdrik şəxsiyyət Heydər Əliyevin böyük qardaşı Həsən Əliyevin yas mərasimində iştirak etmək üçün Bakıya gəlməsi xəbərinə özlərinin çıxış yolu kimi sevinən insanlar hadisələri izləyirdilər. «Siyasi diletantlıq», «səriştəsiz rəhbərlik», «iqtisadi böhran» sözlərinin mahiyyətini tam dərinliyinə qədər anlamayan insanlar yaşam tərzlərini mağazalarda rastlaşdıqları boş piştaxtalarla dəyərləndirirdilər. Amma inanırdılar ki, belə çətin günlər uzun müddət davam edə bilməz. Gözü tərəzi olan xalq inamında yanılmadığını birliyi ilə göstərdi.
O, çətin illərdə AXC-Müsavat iqtidarının səbatsızlığı ölkəni uçuruma aparmaqla yaratdıqları iqtisadi böhranı daha da dərinləşdirirdi. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə dayanmışdı. 1993-cü ilin yazında ölkə real parçalanma təhlükəsi ilə qarşılaşdı. Respublikada gözlənilmədiyi halda separatçılar peyda oldular. Bir neçə kənddən ibarət formalaşan Ləzgistan «suverenliyini elan etdi.» AXC-Müsavat iqtidarının müdafiə nazirinin keçmiş müavini, hamının «qarajdan çıxmış adam» adlandırdığı Əlikram Hümbətov «Talış- Muğan Respublikası» qurduğunu bildirdi, «ordu» yaratdı. «Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. Böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.» O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə ifadə edən Prezident İlham Əliyev həmin günü Ulu Öndərin xilaskarlıq missiyasının bağlanğıc tarixi adlandırır.
Doğrudan da 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr respublikada biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəni uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. Xalq respublikada cərəyan edən hadisələrdən xəbərsiz idi. «Siyasət dəllallarının» xəyanətləri insanlardan gizlədilir, parlamentdə müzakirə olunan məsələlər, qəbul olunan qərarlar haqqında məlumatlar xalqdan əvvəl erməni kəşfiyyatçılarına çatdırılır, döyüşə gedən əsgərlərimiz arxadan vurulur, topraqlarımız ayrı-ayrı partiyalara, şəxslərə xidmət edən silahlı dəstələr arasında başlanan intriqaların qurbanına çevrilir, ermənilərə təhvil verilirdi. Sənaye demək olar ki, iflic vəziyyətinə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin edirdi. Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzir, insanları incidirdilər. Ölkədə hərc-mərclik yaradan ayrı-ayrı siyasi qüvvələr arasında milli birlik yaratmağı bacarmayan oyuncaq iqtidar separatçı qruplaşmaların qarşısında da aciz idi. Bu şəraitdən istifadə edən, Azərbaycanın müstəqilliyinə hər vasitə ilə mane olmağa çalışan xarici dairələrin emissarları ölkədə qarışıqlıq salmaqda maraqlı idilər. Respublikada cərəyan edən mürəkkəb proseslər, büdcənin boşaldılması Ermənistanın Azərbaycan torpaqlarını asanlıqla zəbt etməsi ilə nəticələndi.
1993-cü ilin 4 iyun tarixində məsləkdaşları, «Milli Qəhrəman» Surət Huseynovun başçılığı ilə Gəncədə baş qaldıran qiyam Azərbaycanın müstəqilliyi üçün fəlakət idi. «Birbaşa Bakıya!» əmrini alan «polkovnik» Surət Hüseynovun başçılıq etdiyi korpusun silahlılarının paytaxta yaxınlaşması ilə AXC-Müsavat komandasında bir vahimə yarandı. Artıq ölkədə hakimiyyətsizlik böhran həddinə çatmışdı. Paytaxtda baş verənləri narahatlıqla izləyən və ölkəni uçuruma aparan vəziyyətin gərginləşməsinin sonda fəlakətlə nəticələnəcəyini uzaqgörən siyasəti ilə dərk edən ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında vəziyyət geniş təhlil olundu və hadisəyə münasibət bildirildi. «İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik» söyləyən ulu öndər Heydər Əliyev müdrik siyasətçi, təcrübəli dövlət başçısı kimi xalqı birliyə çağırdı. İnsanlar başa düşürdülər ki, Azərbaycanda gərginliyin səbəbi təkcə artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsi deyil, ölkədə vətəndaş müharibəsi üçün qığılcım olan həm də Gəncə hadisələri, separatçılıq idi. Ümid yeri, xilas yolu axtaran xalqın nəzərləri yenə də Naxçıvana yönəldi. Yekdil ictimai fikir isə yeganə və dəyişilməz idi: Heydər Əliyev Bakıya gəlməli, Azərbaycanı düşdüyü ağır, çətin vəziyyətdən xilas etməlidir. O zaman ziyalılar adından tarixi əhəmiyyəti ilə seçilən «91-lər»in müraciəti Naxçıvana ünvanlandı. Azərbaycanın müstəqilliyinin itirilməsinin hansı faciələrlə nəticələnəcəyini muxtar respublika əhalisi də aydın başa düşürdü. Amma ulu öndər Heydər Əliyevin həyatına növbəti təxribatın, qəsdin olacağından ehtiyatlanan həmyerliləri xilaskarlarından ayrılmaq istəməsələr də çıxış yolu bəlli idi: Azərbaycanı təhlükələrdən qoruya biləcək yeganə qüvvə Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevdir. Korpus komandiri yalnız onun sözünə qulaq asar. Ümidsizliyə qapılmış prezident Əbülfəz Elçibəy bir neçə dəfə Naxçıvana, xalqın xilaskarına zəng etdi. Sonra Ulu Öndərin arxasınca təyyarə göndərildi. Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyətə qaytması tələbi ilə ayağa qalxdı. Sonralar o günləri «Mən getmək istəmirdim. Özü də ona görə yox ki, Azərbaycanı sevmirəm, ona görə ki, mənə qarşı bir çox haqsızlıqlara yol verilmişdi. Axı mən də insanam, daşdan, dəmirdən deyiləm, insanam. Buna görə də incimişdim, getmək istəmirdim. Deyirdim ki, doğulduğum yerə gəlmişəm ömrümün axırına qədər də burada yaşayacağam» sözləri ilə xatırlayan müdrik şəxsiyyət Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə xalqın tələbinə səs verdi.
9 iyun 1993-cü ildə paytaxta gələn xilaskar Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, əsl vəziyyəti öyrənmək üçün hadisə yerində, Gəncədə olmalıyam. Daim həqiqət, ədalət tərəfdarı olan Ulu Öndər belə də etdi. Ziyalılardan, ağsaqqallardan, jurnalistlərdən ibarət qrupla Gəncəyə gəldi, vətəndaşlarla, hərbçilərlə görüşərək, siyasi böhranın, qarşıdurmanın aradan qaldırılması üçün söhbətlər apardı, çıxış yolları barədə faydalı, müdrik tövsiyələrini bildirdi. Qiyam zamanı zərər çəkən, əzizlərini itirən gəncəlilərə mənəvi dəstək oldu. Vəziyyət o qədər mürəkkəb idi ki, adi ehtiyatsızlıq daha ciddi fəlakətlərlə nəticələnə bilərdi. Azərbaycanı fəlakətlərdən qurtarmaq üçün bütün mümkün imkanlardan zəkasına güvənərək istifadə edəcəyini bildirən Ulu Öndər xalqı birlik və həmrəyliyə çağırdı.
Gəncədəki görüşün nəticələri barədə iyunun 15-də keçirilən Ali Sovetin fövqəladə sessiyasında açıqlama verən müdrik şəxsiyyət Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: « Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə , qarşılıqlı anlaşma yolu ilə, danışıqlar yolu ilə həll olunmalıdır.»
Azərbaycanın tarixinə xilas günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədi təməli qoyuldu.
«... Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının mütəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» söyləyən , daim xalqa arxalanan ulu öndər Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Reallıq isə bu idi ki, o günlərdə Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasa idi dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.
Bu hadisədən üç gün sonra-18 iyunda Azərbaycan xalqı eşitdikləri xəbərdən şoka düşdü: Azərbaycan prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edib. Doğma kəndi Kələkiyə gedib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə edildi.
Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.
Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət qəbul olundu. Eyni zamanda, Surət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son versin. Ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə «Azərbaycanı Kələkidən idarə edəcəyəm» cavabı ilə Bakıya dönməkdən imtina etdi.
Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyin qarantı olan Heydər Əliyevə tapşırıldı.
Ulu öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində o dövrdə yaranmış vəziyyəti belə şərh etmişdi: « Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.»
Yaranan şəraitə uyğun olaraq 29 avqust 1993-cü ildə Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərərək onu əbədi olaraq xilaskar, müstəqilliyin qarantı seçdi.
Prezident kimi andiçmə mərasimində də xalqın dəstəyi ilə demokratik müstəqil cəmiyyət quruculuğunda önəmli nailiyyətlər əldə olunacağına dövlət başçısı kimi əminlik ifadə edən Heydər Əliyev Azərbaycanı dünya birliyində qüdrətli bir ölkə kimi tanıdacağına söz verdi. Vədinə də əməl etdi.
Uzun illərin dövlətçilik təcrübəsinə əsaslanan xalq-iqtidar birliyi 1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdlər zamanı da özünü doğrultdu. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı yolunu müəyyənləşdirdi. Bu seçim sabaha böyük ümidlərlə dolu Heydər Əliyev yolu idi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da ümummilli lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu sübut etdi. Onun fəaliyyəti dövründə Azərbaycan milli intibah zirvəsinə qədəm qoydu. Tükənməz əzmi hesabına ölkəmizdə yeni iqtisadi, siyasi, hüquqi təsisatlar yaradıldı, mühüm islahatlar həyata keçirildi, sosial-iqtisadi proqramların qəbulu ilə nəhəng quruculuq prosesinin sürətlənməsi üçün real imkanlar yarandı. Sovetlərdən miras qalan planlı idarəetmə bazar iqtisadiyyatı ilə əvəz olundu. «Əsrin müqaviləsi» kimi kontraktın imzalanmasını gerçəkləşdirməklə xalqlar arasında əməkdaşlıq əlaqələri yaratdı, neft strategiyasını müəyyənləşdirdi, Azərbaycanın inkişaf parametrlərini düzgün istiqamətləndirdi. Xalqımızın 9 iyun 1993-cü ildən başlanan müstəqillik uğrunda mübarizəsi 2020-ci ilin 27 sentyabrında başlanan, 44 gün davam edən Vətən müharibəsində də Zəfərimizi şərtləndirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində qazandığımız Qələbə ulu öndər Heydər Əliyev ideyalarına sadiqlik, xilaskarımıza sədaqət andı oldu.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 8 iyun.- S.3.