Mədəniyyətimizin zirvəsi Şuşa

 

Xalqımızın möhtəşəm tarixi olan Şuşa düşmənə boyun əyməyən əzəmətli mədəniyyət abidəsidir. Ermənistan 28 ildən artıq davam edən işğal dövründə Şuşanı erməniləşdirə, tarixini, mədəniyyətini özününküləşdirə bilmədi. Ona görə işğal dövründə Şuşanı sadəcə dağıtmaqla məşğul olublar. Azərbaycan əsgəri qəhrəmanlığı və şücaəti ilə həmişə zirvədə olan Şuşamızı azad etdi.

Azərbaycan Prezidentinin Şuşaya olan sevgisinin ən bariz nümunəsi odur ki, ölkəmizin  həyatında ən vacib və əlamətdar günlər, ən önəmli tarixlər və tədbirlər  məhz Şuşada qeyd edilir. Artıq Şuşada olmaq hər kəsin ən şirin arzusuna çevrilib. Prezident İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir: «Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdı.»

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə «Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında» qərar qəbul edilib. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Vətən müharibəsi başa çatdıqdan sonra bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət ayrılıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi də məhz Şuşa rayonuna təyin edilib. Əlbəttə, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Məhz bütün bu amillər nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Heç şübhəsiz, dövlətimizin başçısı tərəfindən 2022-ci ilin  «Şuşa İli» elan olunması barədə Sərəncamın imzalanması da eyni məqsədlərə xidmət edən növbəti tarixi qərar idi və bu qərarların hər biri bundan sonra həm Şuşamızın, həm də bütünlükdə Azərbaycan mədəniyyətinin inkişafına misilsiz töhfələr verəcəkdir.

Bəli, Şuşanın sanki bir cazibə qüvvəsi var. Hər bir azərbaycanlını özünə çəkir, özünü ona sevdirir. Hətta yaralarının tez sağalması üçün 28 il həsrət çəkən gözləri ilə insanlarımızı qarşılayır. Amma bu dəfə nikbin ruhda, azad və abad şəhər kimi, vüsala qovuşmuş doğma yurd kimi… Ötən il dekabrın 24-də doğum gününü Şuşada qeyd edən Prezident İlham Əliyev bu barədə deyib: «Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm».

İndi Şuşa bizi özünə ona görə çox çəkir ki, artıq həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır. Hələlik şəhərdə bərpa işləri gedir. Lakin dövlətimiz vətəndaşlarımızın 28 illik həsrətdən sonra Şuşanı görə bilmələri üçün də imkanlar yaradıb. Təşkil edilən müntəzəm avtobus reyslərinə müraciət edənlərin sayının çoxluğu da Şuşa sevgisinin təcəssümüdür. Qeyd etdiyimiz kimi, Şuşa mədəni ənənələrini bərpa edib. Artıq hər il şəhərdə ənəvi «Xarıbülbül» musiqi festivalı keçirilir. Ötən il isə  Vaqif Poeziya Günləri keçirilib. Azərbaycan Milli Məclisinin «Şuşa İli»nə töhfəsi olaraq Şuşada  parlamentin komitə iclaslarının keçirilməsinə başlanılıb. Həmçinin bu il Şuşa Dünya Azərbaycanlılarının V Zəfər qurultayına ev sahibliyi etdi.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 10 iyun.- S.4.