Bəzən qələmin, təbliğatın
gördüyü iş
bir ordunun işindən
böyük olur
Müsahibimiz Azərbaycan
və Ukrayna Jurnalistlər birliklərinin üzvü, “Qobustan”
radio-proqramının redaktoru və aparıcısı Həbib
Əliyevdir
- Həbib müəllim,
necə bilirsiniz, bəlkə müsahibəmizə ilk olaraq
özünüz haqqında təqdimatla başlayaq.
- Etiraz etmirəm. 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuşam. Həmin kənddə orta məktəbi bitirmişəm və hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşam. 1972-ci ildə həmin institutun dil-ədəbiyyat fakültəsini bitirmişəm. Bakı şəhərinin Xətai rayonundakı 260, 61 və 171 saylı orta məktəblərində müəllim işləmişəm. Paralel olaraq 1969-1996-cı illərdə Keşlə Maşınqayırma Zavodunun fəhlə-gənclər yataqxanasında tərbiyəçi müəllim kimi fəaliyyət göstərmişəm. 1996-cı ildə Krım yarımadasının Sevastopol şəhərinə köçmüşəm. 1997-cı ildən həmin şəhərdə Sevastopol Dövlət Teleradiosunun nəzdində Azərbaycanın təbliği məqsədi ilə fəaliyyət göstərən “Qobustan” radio-proqramının aparıcısı və redaktoru vəzifələrində çalışmışam.
- Sevastopol şəhərinə
gəlişiniz necə oldu?
- Krımın ən dəyərli, Qara dənizin ən strateji şəhəri olan Sevastopola gəlişimin əsas səbəbini Bakıda çoxsaylı mətbuat səhifələrində demişəm. Xalqımızın başına gətirilən bəlalardan sonra bir ziyalı kimi məhz belə hərəkət etməli idim. İki yolum var idi. Birinci yolum silaha sarılmaq, ikincisi isə qələmi silaha döndərməli idim. İkinci yolu seçdim. Çünki Azərbaycan informasiya blokadasında qalmışdı. Söhbət 1988-ci ildən 1996-cı ilə qədər olan dövrdən gedir. Bir tərəfdən əzilirdik, o biri tərəfdən həqiqətləri başqa xalqlara çatdırmaqda çətinlik çəkirdik. Bu mənada bəzən qələmin, təbliğatın gördüyü iş bir ordunun işindən böyük olur. Ola bilsin ki, mənim bu ideyam çoxlarına gülünc görünsün. Yəni, ziyalı bir müəllifin əlindən başqa nə gələ bilərdi ki? İlk baxışda bu, belə idi. Lakin mən yaxşı dərk edirdim ki, vətəndaşam, ziyalıyam. Bizim xalqımızın Babək, Koroğlu, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Cəlil və başqa neçə-neçə böyük şəxsiyyətləri olub. Bəs necə olub ki, zaman-zaman biz uduzmuşuq, torpağımızı hissə-hissə itirmişik. Ən faciəlisi isə budur ki, bədnam ermənilər milli-mənəvi dəyərlərimizi – incəsənətimizi, musiqimizi, oğurlayırdılar və biz bütün bunlara biganə qalırdıq. Axı, belə olmamalıdır! Üstündə gəzdiyimiz, suyunu içdiyimiz torpaq bizi heç vaxt bağışlamazdı. O zaman Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə işləyirdim. Elə buna görə də hiss edirdim ki, dərs deyə bilmirəm. Qəti qərarımı verdim ki, mən təcili lap uzaqlara getməliyəm. Millətimin bu dərdlərini yaymaq lazımdır. Bu, həm də mənim vətəndaşlıq borcum idi. O zaman Bakı Şəhər Dövlət Yol Polisinin rəisi vəzifəsində işləyən polkovnik Həsən Şirinovun qəbuluna gəldim. Əvvəldən Həsən müəllimi tanıyırdım, orta məktəbi bir yerdə bitirmişdik. Ona bildirdim ki, uzağa gedib millətimi təbliğ etmək, məktəb açmaq istəyirəm, yol pulum yoxdur. Həsən müəllim qeyd etdi ki, çox yaxşı ideyadır. Mənə yol pulu verdi. Dediyim kimi, 1996-cı ildə Azərbaycanı tərk etdim və Krım yarımadasının Sevastopol şəhərinə yollandım.
- Həbib müəllim, bəs necə oldu ki, Sevastopol Dövlət Teleradiosunda fəaliyyətə başladınız?
- Sevastopolda yaşayan “Vətən” Cəmiyyətinin sədri Sədrəddin Əliyevlə qərara gəldik ki, bu şəhərdə yaşayan azərbaycanlı ailələrin uşaqlarının təhsili üçün ana dilimizdə dərslər təşkil edək. Beləliklə, biz fevral ayı ərzində 15 nəfər uşaq toplaya bildik. Müxtəlif yaş səviyyəsində olan bu uşaqları məktəbə cəm etdik. Sonra şəhər Sovetinə gedib Milli münasibətlər üzrə şöbədən məktəbin açılmasını xahiş etdik. Onlar məni qeydiyyata saldılar və şəhərin 1 saylı məktəbində bizə sinif otağı ayırdılar. Bu məktəbdə şagirdlər həftədə bir dəfə 2 saat Azərbaycan dilində təhsil alırdılar. Mən dərslərin birinci saatında ana dili, ikinci saatında isə ədəbiyyat, tarix və Azərbaycan haqqında məlumatlar verirdim. Tar alətində yaxşı ifa etdiyim üçün tədbirlərə gedir, milli musiqimizlə insanların zövqünü oxşamağa çalışırdım. Beləcə Sevastopolda öz qayğılı günlərimi yaşayırdım.
Günlərin bir günü Sevastopol şəhərindəki 61 saylı orta məktəbdə tədbir keçirilirdi. Deyirdilər ki, həmin məktəbdə bir tatar sinifi açılır. Yəni, yerli türklərin öz ana dilində bir sinifi fəaliyyət göstərəcək. Onu da deyim ki, “Krım tatarları” ifadəsi düzgün deyil. Burada Krım türkləri yaşayırlar. Bu yarımada nəsilli-köklü türk tayfalarından ibarətdir. Onların dilləri, adətləri bizimkindən fərqlənmir. Həmin məktəbin tədbirinə mən də dəvət olunmuşdum. Orada bütün cəmiyyətlərin nümayəndələri var idi. Bir sinif otağında şagirdlərin iştirakı ilə müzakirələr gedirdi. Həmin şagirdlər yerli türk uşaqları idi. Cavan müəllimə türk dilindən dərs deyirdi. Onu da deyim ki, o, çox gözəl dərs aparırdı. Mənə də söz verildi və mənim buradakı çıxışımı Sevastopol radiosunun baş redaktoru Natalya Kravçuk lentə yazmışdı. Dedi ki, çıxışın xoşuma gəldi. Sonra da əlavə etdi ki, nə üçün sən bizim radioda Azərbaycan verilişi təşkil etmirsən? Mən sadəcə olaraq bildirdim ki, bu sahədə təcrübəm yoxdur, radio çox mürəkkəb işdir. Natalya xanım gülüb buna təəssüf etdi. Bu, mənim radio ilə ilk tanışlığım oldu. Sonra mənim həmin çıxışım radioda və efirdə səslənmişdi. Bunu çıxışımı lentə alan və məktəbin işini işıqlandıran Natalya Kravçuk etmişdi. Bu, həmin Natalya xanım idi ki, sonralar Sevastopolda Azərbaycan radiosunun əsasını qoydu. O, təmiz ukraynalı idi. 25 il Sevastopol radiosunda çalışmışdı, təcrübəli baş redaktor idi. Burada milli şöbənin ilk təşkilatçısı olub. Həmin vaxt Sevastopol Dövlət Teleradiosunun baş direktoru İvan Levçenko idi.
Artıq Bakı üçün darıxmırdım. Evdə kiçik bir radio vardı. Radionun rus və Ukrayna dillərində verilişlərinə hərdən qulaq asırdım. Bir axşam eşitdim ki, erməni dilində veriliş gedir. Həmin veriliş sonra rus dilinə tərcümə olundu. Bu veriliş növbə ilə erməni və rus dillərində paralel davam edirdi. Həmin verilişdə Sumqayıt faciəsi haqqında söhbət açıldı və xalqımızın ünvanına təhqiramiz sözlər deyildi. Bax beləcə, bədnam ermənilər çıxışlar edib tarixi baş-ayaq şəkildə buradakı xalqlara təqdim edirdilər. Bu məsələni Natalya Kravçukdan xahiş etdim ki, Azərbaycana da proqram versin. O, razı oldu. Beləliklə, cəmi bir həftəyə proqram hazır oldu. Verilişimizin adı “Qobustan” radio-proqramıdır. İlk dəfə Səməd Vurğunun poeziyasından istifadə etdim. Ayda yarım saat olan bu verilişi biz 1997-ci ilin mart ayında efirdə səsləndirdik. Onun rus dilində olan variantını mənim dərslərimə gələn tələbə Nataşa Sladovskaya apardı. Veriliş yaxşı səslənmişdi.
- “Qobustan” radio-proqramında nələrdən bəhs olunurdu?
- Mənim qarşımda yeni bir üfüq açılmışdı. Sevastopol radiosunda Azərbaycan
proqramı uğurla yayımlanırdı. Ulu öndər Heydər
Əliyev çox düzgün olaraq vurğulayırdı ki,
hər bir azərbaycanlının harada yaşamasından
asılı olmayaraq, bir Vətəni var: “O da Azərbaycandır.
Siz dilinizi, tarix və mədəniyyətinizi qoruyun və təbliğ
edin.”
Beləliklə,
deməli, millətlərin içində imzamız vardı.
Mərhum Məhəmməd Hadi də elə bunu arzu edir və
ürək ağrısı ilə yazırdı: “Yox millətimin
imzası imzalar içində.” Verilişimizdə klassik Azərbaycan
ədəbiyyatı, milli bayramlarımız, lətifələr,
mətbəx, sonralar isə İslam mədəniyyəti, dini
kəlamlar da səsləndirilirdi. Tez-tez Bakıya gəlir, Azərbaycanın
tarix, ədəbiyyat, fəlsəfə, mətbuat, incəsənət
sahəsində tanınmış ziyalılarından
müsahibələr götürür, milli-mənəvə
dəyərlərimizin təbliği məqsədilə
“Qobustan” proqramında efirə verirdim. “Qobustan” radio-proqramı
Azərbaycan və rus dillərində yayımlanırdı.
Verilişi Azərbaycan dilində mən tərtib edirdim və
efirdə danışırdım. Mənim tərcüməçim
azərbaycanlı Leyli Kərimova isə “Qobustan”
proqramının rus dilində aparıcısı idi. Leylinin
aparıcılığı ilə bütün Sevastopol sakinləri
Azərbaycan proqramını rus dilində dinləyərdi.
Leyli çox diqqətli və məsuliyyətli aparıcı
idi. Artıq “Qobustan” radio-proqramının
yaradılmasının 25 illiyi tamam olur. Pandemiya ilə
bağlı vəziyyətlə əlaqədar bu proqramın
yayımı artıq 2 ildir ki, dayanıb. Ümumiyyətlə,
proqramın fəaliyyət göstərdiyi dövrdə təxminən
900-ə yaxın Azərbaycan ziyalısı ilə
bağlı verilişləri efirə vermişəm.
- Bildiyimizə görə, sizin
müəllifliyinizlə bir neçə kitab da nəşr
olunub. Bu barədə məlumat verməyinizi istərdik.
-
Krımda yaşadığım müddətdə Sevastopol,
Simferopol və Yalta şəhərlərində azərbaycanlıların
tədbirlərində iştirak etmişəm. İndiyədək
4 kitabım nəşr olunub. 2007-ci ildə Azərbaycan dilində
“Krım gündəliyi “Qobustan” adlı kitab nəşr
etdirdik. Bu kitabda mən avtobioqrafiyam və “Qobustan”
radio-proqramındakı fəaliyyətimlə bağlı bir
çox faktları qeyd etmişəm. “Qobustan” Krım efirində”
adlı digər kitabım isə 2014-cü ildə Azərbaycan
və rus dillərində nəşr olunub. 2017-ci ildə “Bura
Vətəndir” adlı daha bir kitabım Sevastopolda işıq
üzü görüb. Azərbaycan dilində olan bu kitab 300 səhifəlikdir.
Kitabda Azərbaycanı təbliğ etmək üçün
ölkəmizin 53 rayonunu gəzdim. Araşdırdım ki,
rayonlarda nə qədər sayda Qarabağdan və Şərqi
Zəngəzurdan olan məcburi köçkünlər,
Çernobıl əlilləri, ziyalılar, müəllimlər,
jurnalistlər, müharibə veteranları, şəhidlər
var. Həmçinin rayonların istehsal etdiyi kənd təsərrüfatı
məhsulları haqqında yazdım. Bu məlumatları
topladım və həmin kitaba daxil etdim. Sonuncu nəşr
olunan kitabım “Krım-Azərbaycan dostluq körpüsü”
adlanır. Azərbaycan dilində olan bu kitabda mətbuatda
getmiş məqalələrim dərc olunub.
- İndiyədək dövri mətbuatda
hansı qəzetlərdə məqalələrlə
çıxış etmisiniz?
- İlk məqaləm 1998-ci ildə “İki sahil” qəzetində dərc olunub. Ölkəmizin dövri mətbuatında, həmçinin “Azərbaycan”, “Respublika”, “Xalq”, “Vışka”, “Bakinskiy raboçi”, “Bakı” və s., Sevastopol şəhər mətbu orqanlarının “Zerkalo” və “Veçerniy Sevastopol” qəzetlərində yüzlərlə publisist məqalələrim dərc olunub.
- Bildiyimizə
görə, uğurlu fəaliyyətiniz dəfələrlə
yüksək qiymətləndirilib...
- İlk növbədə onu fəxrlə qeyd edim ki, 2015-ci il iyul ayının 15-də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişəm. Həmçinin Ukrayna Jurnalistlər Birliyinin “Gümüş pero” döş nişanına, həmçinin Sevastopol şəhər merinin və Sevastopol Dövlət Teleradiosunun Fəxri fərmanına, həmçinin 2013-cü ildə Krımın Sudaq şəhərində keçirilən jurnalistlərin beynəlxalq müsabiqəsində “Laureat” diplomuna və gümüş medala layiq görülmüşəm. Azərbaycan Jurnalistlər Birliyi Həmkarlar İttifaqının “Bayraq” diplomu və “Heydər Əliyev” diplomu ilə təltif edilmişəm. Qardaş ölkələr arasındakı əlaqələrin inkişafındakı nümunəvi xidmətlərimə görə Ukrayna-Azərbaycan Konqresinin diplomuna layiq görülmüşəm.
Cavid Əkbərov
İki sahil.- 2022.- 11 oyun.- S.26.