Ulu Öndərin ən böyük arzusu

Azərbaycanı bütöv görmək idi

 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə  qayıdışı ilə  xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı

 

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, hər ötən gün Azərbaycanın müstəqillik  tarixinə uğur səhifəsi kimi yazılır. Amma bu məqamı da etiraf etmək lazımdır ki, bu uğurlarımız böyük səylərin, qətiyyətin nəticəsidir. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etsə də ilk illərdə yaşananlar xalqın sabaha ümidlərini itirmişdi. Xalqımız azad, firavan yaşamaq istəyinə yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra nail oldu.

1991-1993-cü ilin iyununadək olan dövr tariximizə xaos, anarxiya, özbaşınalıqlar dövrü kimi daxil oldu. O illər tariximizin qara səhifəsi kimi xarakterizə olunur. Azərbaycan “Olum, ya ölüm!” dilemması qarşısında qalmışdır. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyünün səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının girovuna çevrilmələri, ümumiyyətlə,  normal idarəçilik sistemi formalaşdırmaqdan, hadisələrdən düzgün nəticə çıxarmaqdan uzaq olmaları vəziyyətin hər an gərginləşməsinə səbəb oldu. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi.

Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasiiqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü  il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin  sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında Milli Məclis  15 iyun gününü bayram elan etmişdir.

«Müstəqilliyimiz  ulu öndər  Heydər Əliyevin nəsillərə əmanətidir.» Bu, sadəcə fikir olaraq qeyd edilmir. Dövlət müstəqilliyimizin yenidən bərpasından bizləri ayıran  30 ildən artıq dövr bizlərdən keçilən yola   nəzər salıb düzgün dəyərləndirmə aparmağı bir tələb kimi qarşımıza qoyur.  Milli ideyanı həyata keçirmək, dünya arenasına müstəqil dövlət kimi çıxmaq, öz taleyinin sahib olmaq,  azad və müstəqil yaşamaq  hüququ qazanmaq asan başa gəlmədi. Xalqımız ziddiyyətli, həyəcanlı, çətin sınaqlarla dolu tarixi mərhələdən keçməli oldu. Bu baxımdan 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.

Reallıq budur ki,  güclü lideri olan millətlər və dövlətlər yüksək inkişaf yolu keçir, möhtəşəm uğurlara imza atırlar.  Azərbaycanın müstəqilliyinin ilk illərində yaşadıqları ilə 1993-cü ildən başlanan inkişaf yolunu müqayisə etdikdə bu həqiqəti bir daha təsdiqləmiş oluruq. Zaman hadisələrə dəyər vermək baxımından zəngin mənbədir. İllər keçdikcə 1993-cü ilin iyun hadisələrinin mahiyyətini daha dərindən dərk edir, tarixə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyun 1993-cü ilin ölkəmizin həyatında rolu yüksək dəyərləndirilir. Qurtuluş əbəs yerə  bugünkü uğurlarımızın başlanğıc nöqtəsi kimi dəyərləndirilmir.

Tarixə nəzər saldıqda görərik ki,  Azərbaycanın  müstəqilliyinə təhlükə olan  məqamlar çox olsa da, 1993-cü ilin  Gəncə hadisələri daha mürəkkəb xarakteri ilə seçilir. Cəbhə hakimiyyəti tərəfindən Yevlax Yunun İlkin Emalı Fabrikinin direktoru vəzifəsindən  polkovnik”, hətta Milli Qəhrəman səviyyəsinə yüksəldilən Surət Hüseynovun qiyamçı dəstələri  mövcud AXC-Müsavat iqtidarını devirmək üçün Bakıya üz tutdular. Həmin illərdə  Naxçıvan MR Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyev  zəngin təcrübəsinə əsaslanaraq bu məqamı çox yaxşı dərk edirdi ki, paytaxt Bakıda  yaranan xaosun, anarxiyanın, özbaşınalıqların  davamı kimi Gəncədə baş verənlər Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi.

  Azərbaycanın başı üzərini qara buludlar alanda da Naxçıvan Muxtar Respublika ictimaiyyətinin narahatlığı Ali Məclisin  iclasında qəbul olunandahi şəxsiyyət  Heydər Əliyevin siyasi əhəmiyyətli sənəd hesab etdiyi Bəyanatda da öz əksini tapmışdır.   İyun ayının 4-də Gəncə şəhərində başlanan  davam edən hadisələrin  narahatlıq doğurduğunu bildirən Ümummilli Lider bildirmişdi ki, şəhərdə qan tökülüb, normal həyat pozulub, faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycanın indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik. Bunların qarşısı dərhal alınmalıdır. Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik.

  Cəmi 1 il hakimiyyətdə olan qara qüvvələrin iqtidarda olduğu dövr  Azərbaycanın yeni tarixinin ən faciəli  illəri idi.  AXC-Müsavat cütlüyünün hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə yadda qaldı.  Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə istər xarici mətbuata çoxsaylı müsahibələrində, istərsə də xalqa müraciətlərində daim həmin illərdə Azərbaycanın yaşadıqlarına diqqəti yönəldərək bildirirdi ki, bugünkü Azərbaycan həmin illərin Azərbaycanı deyil. Torpaqlarımız işğaldan azad edildikdən sonra bu çağırış da səsləndi ki, hər kəs  bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.

    Ulu Öndər Heydər Əliyev ölkənin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dayanıqlı inkişafın təməlini qoydu. Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ümummilli lider Heydər Əliyev  problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib  amil kimi önə çəkirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz.”  Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildireferendum yolu ilə Konstitusiya qəbul edildi. Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.

  Xalqımızın ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvəti ilə  Azərbaycanın xilas yolunun, müstəqilliyimizin əbədiliyinin təməli qoyuldu.  Tarixə Milli Qurtuluş Günü  kimi yazılan 15 iyundan başlanan yol  2020-ci ildə xalqımıza Zəfər  sevincini yaşatdı. Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycana möhtəşəm uğurlar qazandıran ulu öndər Heydər Əliyevin söylədiyi «Azərbaycan dünyaya günəş kimi doğacaqtezisi reallıqda öz əksini tapdı. Azərbaycanın müstəqilliyinin daimiliyi və əbədiliyi təmin edildi. İmzalar arasınqda imzaları ilə  seçilən  müasir müstəqil  Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəri olaraq daim inkişaf edir, davamlı uğurlara imza atır.

Son 18 ildən artıq dövrdə  Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ata vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,  işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasına nail olmaq idi. Ulu öndər Heydər Əliyevin  ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində bu əminliyi böyük inamla ifadə etmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.”

Ölkə Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyev bu arzunu reallaşdırdı.  44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına son qoyuldu, ədalət bərpa edildi. Azərbaycan  Vətən müharibəsində tarixi Zəfəri ilə kimin kim olduğunu dünyaya bəyan etdi.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanıb, bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdışın ilk addımı atılır. Bu il ilk olaraq Zəngilanın Ağalı sakinləri öz dogma yurd-yuvalarına qayıdacaqlar. Tezliklə Qarabağlı və  Şərqi Zəngəzurlu Azərbaycan cənnət məkana çevriləcək.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan bu fikri təəssüf hissi ilə qeyd edir ki,  atam bu günü görə bilmədi: “Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.”

Tarixi Zəfərimizdən sonra hər bir tarixi günü, bayramları işğaldan azad edilmiş torpaqlarımızda qeyd edən dövlət başçısı İlham Əliyev ilk dəfə olaraq Müstəqillik Günü kimi qeyd olunan 28 May tarixində Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olarkən bir daha bu əminliyi ifadə etmişdir ki, xalqımız artıq 30 ildir ki, azad xalq kimi yaşayır və bütün əldə edilmiş nəticələr, o cümlədən Şanlı Qələbəmiz bu müstəqilliyin təməlindədir. Ona görə müstəqillik ən böyük dəyərimizdir, sərvətimizdir, qoruyuruq və əbədi qoruyacağıq. Bu günBöyük Qayıdış” dediyimiz prosesə start verildi. “Böyük Qayıdış”ın birinci kiçik addımı, bax, bu gün atılır.

Göründüyü kimi, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Dövlətinin, xalqının gələcəyini düşünən Liderə xalqın inamı və etimadı sonsuzdur. Bu fikri hər zaman böyük qürurla və fəxrlə qeyd etməyi özümüzə borc bilməliyik ki, ulu öndər Heydər Əliyev adını tarixə Azərbaycanın müstəqilliyinin, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızın xilaskarı kimi yazdı. Müstəqil, qüdrətli, qalib Azərbaycan, Milli Qurtuluş Günün mübarək!

 

Yeganə Əliyeva

 

İki sahil.- 2022.- 14 iyun.- S.2.