Sən şəhərlər gözəlisən,
Bakı!
Öz coğrafi mövqeyi, memarlıq abidələri, tarixiliklə müasirliyin vəhdətini özündə birləşdirən Bakı dünyanın ən füsunkar şəhərlərindən biridir, desək qətiyyən yanılmarıq. Tarix boyu əzəməti, ecazkarlığı ilə daim diqqəti cəlb edən paytaxtımız böyük elmi-mədəni və sənaye mərkəzi olmaqla yanaşı, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Bu gün ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan hər yerdə abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış bərpa və quruculuq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilir. Müasir Bakı hər il ötdükcə daha da gözəlləşir.
Yeni salınan parklar, istirahət məkanları,əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması insanların rahatlığına, gözəl istirahətinə yönəlmiş layihələrdir. Paytaxtın Səbail rayonunun Həsən Seyidbəyli küçəsində yerləşən, istifadəsiz ərazidə yeni salınan Çəmbərəkənd parkı da bu istiqamətdə görülən işlərin davamıdır.
Yeni salınan parkın yerləşdiyi ərazidə park və xiyabanlar mövcud olsa da, xüsusi dizayn əsasında layihələndirilən bu cür konsept olmayıb. Ərazinin relyefinə uyğun olaraq sürüşmənin qarşısını almaq üçün istinad divarları ilə əhatələnən parkda Bakı şəhərində ilk dəfə estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü də salınıb. Şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib.
Bakının tarixi ərazilərindən olan Çəmbərəkənd ətrafa nisbətən bir qədər yüksəklikdə- dairəvi sahədə yerləşirdi. Yeni park da halqavari görünüşdə salınıb. Həmçinin ərazidə müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb. Parkda insanların səmərəli istirahətləri üçün hər cür şərait yaradılıb. Bu, həm də tarixi ənənənələrin bərpası baxımından böyük əhəmiyyət kəsb edir.
Parkın adı da xüsusi maraq doğurur. Belə ki, “Çəmbərəkənd” sözü “dairəvi kənd” mənasına gəlir. “Çəmbər” “dairə”, “qövs”, “halqa”, “kənd” isə “yaşayış məskəni” termini komponentlərindən düzəlib.
Prezident İlham Əliyevin sosial sektorun ayrı-ayrı sahələrinə göstərdiyi diqqət və qayğı, dövlətin iqtisadi gücünün durmadan artması sosial layihələrin uğurla həyata keçirilməsini və mədəni sahənin inkişafını stimullaşdırır.
Dövlət başçısının İlham Əliyevin son illərdə tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin miqyasının daha da genişlənməsi işləri paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahətinin hərtərəfli təşkili baxımından böyük rol oynayır. Bütün bunlar, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib. Bunu istər paytaxt sakinləri, istərsə də şəhərimizin qonaqları vurğulayırlar.
Nilufər
Mustafaqızı
İki sahil.- 2022.- 22 iyun.- S.7.