Qarabağın döyünən ürəyi…
Qarabağın tacı
Şuşanın qırx dörd günlük Vətən
müharibəsində qəhrəman Azərbaycan Ordusu tərəfindən
yağı tapdağından azad edilməsi tarixə
qızıl hərflərlə yazıldı.
Şuşanın azad olunduğu gün dövlət
başçısı tərəfindən tariximizdə Zəfər
Günü kimi təsbit edildi.
Prezident
İlham Əliyevin 2021-ci il may ayının 7-də
imzaladığı Sərəncam ilə Şuşa şəhəri
Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Bu
Sərəncam Şuşa şəhərinin əvvəlki
statusunun bərpası, tarixən malik olduğu şöhrətinin
özünə qaytarılması, xalqımızın
çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq
və şəhərsalma sənətinin dünyada
tanıdılmasına xidmət edir. Prezidentimiz Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini
bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin
başçısı Azərbaycan Respublikasında 2022-ci ilin
“Şuşa İli” elan edilməsi haqqında Sərəncam
imzaladı. Məlum olduğu kimi, Şuşa şəhərinin
təməli 1752-ci ildə Pənahəli xan tərəfindən
qoyulub və bu il biz mədəniyyət
paytaxtımızın 270 illiyini böyük təntənə
ilə qeyd edəcəyik.
1992-ci
ildə işğal nəticəsində Şuşadakı
bir sıra tarixi-mədəniyyət abidələri
düşmən tərəfindən talan edilib. Bu siyahıya
Xan və Qaxal mağaraları, Şuşa qalası da daxil
olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni
abidə daxildir. Erməni faşistləri Azərbaycana məxsus
olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər.
Onlar Şuşada 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif,
kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət
evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq
musiqi alətləri fabrikini dağıdıblar. Bu gün
işğaldan azad olunmuş bütün ərazilərimizdə,
o cümlədən Şuşada Azərbaycan dövləti tərəfindən
nəhəng quruculuq layihələri həyata keçirilir.
Şuşanın işğaldan azad edilməsi ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. 2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.
Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq. Dövlət başçısı çıxışında qeyd etdi ki, bundan sonra biz Şuşada əbədi yaşayacağıq, Şuşanın bərpa edilməsinə artıq başlanılıb: “Xarıbülbül” festivalı bu qədim diyarımızda hər il keçiriləcək: “Biz Şuşanı quracağıq, bərpa edəcəyik, mənfur düşmən isə Şuşanı dağıdırdı. İndi siz - burada olan vətəndaşlar, dostlar gəzəcəksiniz, görəcəksiniz ki, Şuşa hansı dağıntılara məruz qalıb. Amma yenə də deyirəm, biz Şuşamızı, Ağdamımızı, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi qəlbimizdə yaşatmışdıq. Dağıdılmış məscidləri biz bərpa edəcəyik, amma o məscidlər işğal dövründə bizim qəlbimizdə ucaldılmışdı. İndi isə biz burada, Cıdır düzündə - hər bir azərbaycanlı üçün müqəddəs olan yerdə yığışmışıq və bu musiqi bayramını, bu birlik bayramını, bu qayıdış bayramını, bu ləyaqət bayramını qeyd edirik”.
Bu gün azad Şuşa dirçəlir, sürətlə bərpa olunur. Böyük iqtisadi, turizm potensialına malik olan qədim şəhərin bərpası ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir, bütün zəruri addımlar atılır. Qarabağın tacı Şuşa bundan sonra Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verəcək.
Zahid Rza
İki sahil.- 2022.- 18
iyun.- S.9.