Heydər Əliyev: Xalqa inanan,

güvənən milyonlardan güc alan dahi!

 

«Əmin ola bilərsiniz ki, Azərbaycanın sükanı etibarlı əllərdədir… ölkəmizin müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq, Azərbaycanın müstəqilliyini daimi edəcəyik.»

 

Ümummilli lider Heydər Əliyev

 

Müdrikliyin əlamətlərini onların qabiliyyət dərəcəsi baxımından fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dahilər tarixiləşir, Tanrının onlara verdiyi bacarığı ağılın,məntiqin gücü ilə sınaqdan çıxarır.

Bu keyfiyyətləri dövlətçilik təcrübəsində yaşadan, təkmilləşdirən ulu öndər Heydər Əliyev dəfələrlə Azərbaycanı gözləyən təhlükələrdən xilas etməklə, xalqı arxasınca apara bilmək qabiliyyəti ilə xilaskarlıq missiyasını yerinə yetirmiş əsl lider olduğunu çoxillik dövlətçilik təcrübəsi ilə möhürləmişdir. Azərbaycan xalqının qısa fasilələrlə yaşadığı 1989-1993-cü illərə təsadüf edən fövqəladə vəziyyətlərdə də xalqı böhrandan qurtaran ulu öndər Heydər Əliyev dühası oldu.

Ötən əsrin son on illiyinə təsadüf edən hadisələr, xüsusilə1993-cü ilin iyun hadisələrini ölkəmizin siyasi həyatının ən qaynar dövrü kimi tarixə yazılıb. Hakimiyyətdə olduqları qısa müddətdə respublikanı parçalanmaq təhlükəsi ilə üzləşdirən, ölkə iqtisadiyyatını bataqlığa çevirən, insanlarda təşviş, xof yaradan AXC- Müsavat iqtidarının sabatsız rəhbərlərinin dövlətçiliyimizin varlığına vurduqları zərbələrdən yorulan, çıxış yolu axtaran insanlar təlaş içərisində idilər. Bu da səbəbsiz deyildi. Sabiq Prezident Əbülfəz Elçibəyin komandasında hər dəstənin öz himayədarı var idi. Həmin dəstələr nüfuz dairələri üstündə bir-biriləri ilə rəqabət aparır, toqquşmalar törədirdilər. Bu səbəbdən insanlar gündüzlər belə küçələrdə rahat hərəkət etməkdə çətinlik çəkirdilər. Nəticə ehtibarilə Azərbaycanda separatçılıq meyilləri yarandı. «Ləzgistan», sonra isə «Talış-Muğan Respublikası» peyda oldu. Gəncədəki 7097 saylı hərbi hissədə yaranan qiyam isə Azərbaycanı bölünmək təhlükəsi ilə üz-üzə qoydu. AXC-Müsavat fərsizləri qiyamı yatırmaq əmrini versələr də boylarından uca tullanmağı bacarmadıqları üçün qeyri-qanuni silahlı dəstələrdən ibarət ordu korpusu yaradan Surət Hüseynovun qarşısında acizliklərini vəzifələrini dondurmaqla , istefa verməklə bildirdilər. Vəssalam. Xalqı taleyin hökmünə buraxan «cəbhəçilər» zorla zəbt etdikləri iqtidar kürsülərini təhvil verməyə hazır olduqlarını bildirdilər. Bakıda yaranan vahimə isə getdikcə artırdı. O dövrdə baş verən hadisələrin əsas səbəbkarı olan AXC-Müsavat iqtidarı Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Təcrübəli kapitanı olmayan, tufanda yolunu itirən gəmi kimi çalxalanan Azərbaycanı məhvə aparan, rəhbərlik etmək iqtidarında olmayanların yalnız öz mənafelərini qoruması ölkədə hakimiyyətsizlik, özbaşınalıq mühiti yaratmışdı. Bu vəziyyətdən istifadə edən «polkovnik» Surət Hüseynovla iqtidarın «aparıcı simaları» olan Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseynov və başqaları arasında yaranan qarşıdurmadan əziyyət çəkən insanlar təlaş içərisində idilər. Vətəndaş müharibəsi təhlükəsi hər an gözlənilən fəlakət kimi insanları qorxuda saxlayırdı. Ölkə iqtisadiyyatı iflic olduğundan əhalinin sosial vəziyyəti, həyat tərzi acınacaqlı idi. Daxili qarşıdurmalar, separatçılıq hərəkatının başlanması, müstəqilliyimizi istəməyənlərin sabitliyin pozulmasına naminə etdikləri müdaxilələr nəticəsində Azərbaycanın taleyi sual altında idi.

O vaxtkı sabiq Prezident Əbülfəz Elçibəy bilirdi ki, bu təhlükənin qarşısını yalnız bir nəfər ala bilərdi: Bu şəxs Naxçıvanda idi və Prezidentin bütün xahişlərinə baxmayaraq paytaxta gəlmək istəmirdi. O günlərdə Bakıda baş verənlərdən narahatlığını Naxçıvan MR Ali Məclisinin və Nazirlər Kabineti Rəyasət heyətlərinin qəbul etdikləri birgə Bəyanatla diqqətə çatdıran muxtar respublika parlamentinin Sədri Heydər Əliyev bildirirdi ki, bizim münasibətimiz siyasi əhəmiyyət daşımalıdır: «Biz bu Bəyanatda hadisələrə siyasi qiymət verməliyik. Xalq faciə- vətəndaş müharibəsi qarşısındadır. Buna heç cür yol vermək olmaz. Araşdırıldıqdan sonra biz həmin məsələni geniş müzakirə edib, öz qəti fikrimizi bildirməliyik.»

Müdrik şəxsiyyət, xalqın ümid yeri olan Heydər Əliyev həmin günlərdə xalqın öləzimiz ümidlərinə zəkası, dövlətçilik məharəti ilə işıq yandırdı. İyunun 8-də prezident Elçibəy Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevə zəng vuraraq bildirdi ki, Vətənin taleyi həll olunur, xahiş edirik təcili Bakıya gələsiniz. Ulu Öndər onsuz da təhlükədə olan Naxçıvanı tərk etmək istəmirdi. Buna görə də arxasınca gələn təyyarə geriyə boş qayıdır. Lakin hadisələrin məcrasından çıxdığını görən müdrik siyasətçi Azərbaycanın qorunması naminə 9 iyun 1993-cü ildə Bakıya gələrək baş verənlərin əsl mahiyyətini öyrənmək üçün hadisə yerinə, Gəncəyə yollandı. İnsanlarla, qiyamçılarla görüşdü, təhlükənin aradan qaldırılması üçün danışıqlar apardı, hamını milli birliyə, vətəndaş həmrəyliyinə dəvət etdi.

Prezident İlham Əliyev o dövrdə yaranan təhlükəni belə izah edir: «Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur. Xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.» O dövrü tariximizin qara ləkəsi, rüsvayçılıq illəri adlandıran dövlət başçmızın vurğuladığ kimi, Azərbaycan xalqı antimilli hakimiyyətə yalnız bir il dözə bildi. Xalqın ümid yeri olan müdrik insan şəxsi nüfuzu, siyasi iradəsi ilə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Respublikada nisbi sabitlik yarandı. Lakin daxili və xarici düşmənlərin Azərbaycanı parçalamaq planları hələ də qüvvədə idi. Bu cür niyyətlərin qarşısını almaq isə AXC-Müsvat səriştəsizlərinin öhdəsindən gələ biləcək vəzifə deyildi.

Gəncəyə gedərək qiyamın başvermə səbəblərini araşdıran, gördüyü dəhşətlər barədə Ali Sovetdə məlumat verən ulu öndər Heydər Əliyev bir həqiqəti uzaqgörən siyasəti ilə dərk edirdi: Yubanmadan ciddi addımlar atılmalı, bütün səylər birləşdirilməli, qarşıdurma aradan qaldırılmalıdır. Buna görə də ona edilən Ali Sovetin Sədri vəzifəsini yerinə yetirmək təklifini 15 iyun tarixində keçirilən iclasda Azərbaycanın qorunması naminə qəbul etdi.

Həmin günlərdə Bakıda daha nələr baş verirdi? İyunun 18-də vətəndaşlar televiziyanın «Xəbərlər proqramı»nda eşitdikləri xəbərdən çaş-baş qaldılar: Prezident Əbülfəz Elçibəy paytaxtı tərk edərək ata-baba yurduna, Ordubad rayonunun Kələki kəndinə qayıdıb. Bəlkə də dünyada az-az təsadüf olunan bu kimi vəziyyətlə qarşılaşan insanları bu dönüşün səbəbləri maraqlandırırdı. İyunun 17-də gecə, heç kimə, hətta səfərindən bir saat əvvəl söhbət etdiyi Ali Sovetin Sədri Heydər Əliyevə belə xəbər vermədən Bakını tərk edən Əbülfəz Elçibəyin bu qəfil gedişi onsuzda qaynayan Azərbaycanın siyasi mühitini daha da «istiləşdirdi.» Konstitusiyaya görə dövlət başçısı ölkədə olmadığı müddətdə respublikanı idarə etmək səlahiyyətləri parlamentin sədrinə həvalə olunmalı idi. Beləliklə üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu. Məsələ ilə bağlı respublika televiziyası ilə çıxış edən Ali Sovetin Sədri Heydər Əliyev « paytaxtı tərketmə» məsələsinə də münasibətini əlində avtomat prezident sarayını qorumuş Çili lideri Salvador Alyendenin fədakarlığını nəzərində canlandıraraq bildirmişdi: « Onu mühakimə etmək mənim işim deyil. Lakin prezidentin müqəddəs vəzifəsi təkcə təntənəli mərasimlərdə deyil, ən ağır dəqiqələrdə də öz xalqı ilə bir yerdə olmaq, onun mənafelərini sonadək qorumaqdır.»

Ölkədəki qeyri- müəyyənlik şəraiti isə davam edirdi. Respublikaya rəhbərlik səlahiyyətləri xalq tərəfindən seçilmiş parlament Sədri Heydər Əliyevə keçsə də, faktiki olaraq dövlətin başçısı sağ idi və fəaliyyət qabiliyyətini itirməmişdi. Belə şaiyələr yayılırdı ki, Elçibəy ölkəni Kələkidən idarə edəcək. İyunun 21-də deputatlar növbədənkənar iclasa toplaşdılar. Nə etmək lazım gəldiyini müzakirə etdilər. Qeyd olundu ki, narahatlıq doğuran təhlükəli vəziyyət hələ də qalmaqdadır. Surət Hüseynovun tankları Bakının ətrafında, Lökbatan qəsəbəsi yaxınlığında idi. Elçibəyin xalqını başsız qoymasını heç kim qəbul etmək istəmirdi. Həmin gün parlamentdə Əbülfəz Elçibəyə prezidentlik vəzifəsini davam etdirmək üçün müraciət qəbul olundu. Ziyalılardan ibarət nümayəndə heyəti Kələkiyə göndərildi. Ölkənin tanınmış, hörmətli adamlarının daxil olduğu nümayəndə heyətinin xahişinə rədd cavabı verən Elçibəy prezidentin, demək olar ki, bütün vəzifələrinin Ali Sovet Sədrinin üzərinə qoyulması barədə Fərman imzaladı. Yalnız vətəndaşlığa qəbul və qanunları imzalamaq səlahiyyətlərini özündə saxladı. Yerdə qalan bütün səlahiyyətləri parlamentin Sədri Heydər Əliyevə verdi. Vaxt isə gözləmirdi.

İyunun 24-də Ali Sovetin iclasında məsələ ilə bağlı iki bənddən ibarət qərar qəbul edildi: 1.Əbülfəz Qədirqulu oğlu Əliyevin ( Elçibəyin) bundan sonra Azərbaycan Respublikasının Prezidenti vəzifələrini daha icra edə bilməməsi təsdiq edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə keçsin. Artıq Ulu Öndərin iki titulu vardı: Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən, Azərbaycan Respublikası Ali Sovetinin Sədri.

Azərbaycan xalqı üçün belə ağır sınaq anında üzərinə qoyulan vəzifənin ağırlığını dərk edən ulu öndər Heydər Əliyev qətiyyətlə söz verdi ki, dövlət və siyasi xadim kimi özünün bütün təcrübəsini ölkənin böhrandan çıxarılmasına sərf edəcək. Eyni zamanda vəd etdi ki, Azərbaycanın seçdiyi demokratik kursa sadiq qalacaq. Siyasi diletantlar dövrünün bitdiyinə sevinən insanlar tam əmin oldular ki, Azərbaycanın sükanı etibarlı əllərdədir.

Həmin hadisələrlə bağlı Rusiyanın «Ostankino» televiziyasının əməkdaşının suallarını cavablandıran Azərbaycan xalqının xilaskarının söylədiyi « Açığını desək, respublika demək olar, idarəedilməz olmuşdu, çünki Prezident yoxdur, baş nazir yox idi- o artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə Prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirəm. Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz Prezident vəzifələrini yerinə yetirə bilər» sözləri demokrtiya tərəfdarı olan müdrik şəxsiyyət Heydər Əliyevin özünə və xalqıan inamının ifadəsi idi.

Amma sabiq Prezident qayıtmadı, Kələkidə yaşamağa davam etdi. 1993-cü ilin avqust ayının 29-da respublikada Əbülfəz Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. İl yarım əvvəl onun Prezident seçilməsinə səs verənlərin sayı bir milyon səkkiz yüz min idisə, referendumun nəticələrinə görə sabiq Prezidentin tərəfdarı cəmi 77 min nəfər idi. 1993-cü ilin 3 oktyabrında Azərbaycanda keçirilən Prezident seçkilərində ulu öndər Heydər Əliyev seçicilərin 97 faiz səsini qazanaraq dövlət başçısı seçildi.

 Prezident kimi andiçmə mərasimində «Bu yol çətin, ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhflər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur» söyləyən Ulu Öndər özünün də inandığı yolda xalqına bələdçilik etdi. 2003-cü ildə keçirilən Prezident seçkiləri zamanı xalqa müraciətində bu yolu davam etdirəcək namizədi də dövlətçilik təcrübəsi əsasında müəyyənləşdirdi. Azərbaycan xalqının öz ətrafında birləşdirəcək, özünün axıra çatdıra bilmədiy işləri davam etdirmək iqtidarında olan Prezident İlham Əliyevə özü qədər inandığını bildirdi. Etimadı doğruldan, Azərbaycanda milli birlik və həmrəylik yaradan Prezident İlham Əliyev torpaqlarımızı Ermənistanın 30 illik işğalından azad etməklə ata vəsiyyətini yerinə yetirdi, xalqın etimadını doğrultdu. Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olduğunu Azərbaycanı dünyada ən qüdrətli ölkə kimi tanıtmaqla bildirdi.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 21 iyun.- S.5.