Xilaskar
Zamanın çətin
sınaqlarından məharətlə keçən
böyük şəxsiyyət Heydər Əliyev siyasi
müdrikliyi ilə dövlət müstəqilliyimizi ikinci dəfə
itirilmək təhlükəsindən qorudu və ölkəmizi
hərtərəfli inkişaf yoluna çıxardı
Düz 29 il əvvəl
– 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyəti Azərbaycan
Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu
Əliyevə həvalə olundu. O zaman ölkəmiz çox
ciddi siyasi təlatümlər mərhələsini
yaşayırdı. Yenicə dövlət müstəqilliyinə
qovuşmuş Azərbaycan hər tərəfdən
sıxışdırılaraq çətin sınaqlara
çəkilir, ermənilər Qarabağı tam işğal
etmək üçün hərbi təcavüzü gücləndirirdi.
AXC-Müsavat cütlüyü isə özünün fərsiz
rəhbərliyi ilə ölkəni parçalanmaq və
tamamilə məhv olmaq təhlükəsi ilə üzbəüz
qoymuşdu. Xalqın təkidi ilə siyasi hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev Gəncə
qiyamını yatırandan sonra, iyunun 15-də seçildiyi
Ali Sovetin Sədri vəzifəsində gərgin iş cədvəli
ilə çalışır, dövlət, xalq, Vətən
naminə mühüm tədbirlər həyata keçirirdi.
O zamankı Prezident Əbülfəz Elçibəyin xəbərsiz Bakını tərk etməsi dövlət hakimiyyətini, mühüm icra strukturlarını çətin bir problem qarşısında qoydu. Məlum oldu ki, Prezident dövlət orqanlarının rəhbərlərinə də xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndinə gedib. Dahi lider Heydər Əliyev ilk addım olaraq onun geri qayıtmasına, öz postunda fəaliyyət göstərməsinə nail olmaq istəyirdi. Onunla şəxsi telefon əlaqəsi yaratmışdı. Danışıq aparmaq, Prezidentin geri qayıtmasını təşkil etmək üçün Kələkiyə xüsusi komissiya göndərmişdi. Ulu öndər demokratik yolla hərəkət edir, ən xırda məsələləri belə Milli Məclisin geniş müzakirəsindən keçirir, tam aydınlıq yaradılmasına çalışırdı. Hətta iyunun 24-də saat 3-ə nəzərdə tutulan iclası da iki saat yubatmışdı ki, Elçibəylə bir daha danışılsın və müəyyən bir fikrə gəlinsin. O isə konkret cavab əvəzinə, əvvəlcə ölkəni Kələkidən idarə edəcəyini bildirmiş, səlahiyyətlərinin yalnız bir hissəsini verə biləcəyini söyləmişdi. Lakin əksər deputatlar onun bu addımını Konstitusiyanın və qanunların kobud pozulması kimi dəyərləndirmiş, vəzifəsindən kənar olunmasını tələb etmişdilər. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 121-7-ci maddəsinə əsasən Əbülfəz Qədirqulu oğlu Əliyevin (Elçibəyin) Azərbaycan Respublikası Prezidenti vəzifələrini daha icra edə bilmədiyi təsdiq olundu və onun səlahiyyəti Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əlirza oğlu Əliyevə verildi. Eyni zamanda, Prezident Əbülfəz Elçibəy də 1993-cü il 24 iyun tarixli Fərmanla öz səlahiyyətlərini Azərbaycan Respublikası Ali Sovetinin Sədrinə verdi. Bu, artıq bütün hadisələrin dövlətin ciddi nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Prezident səlahiyyətinin icrasına başlayan ümummilli lider Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini daha səylə qorumağa, ölkənin başının üstünü alan qara buludları dağıtmağa, müstəqilliyimizin dönməz olması üçün ciddi səylər göstərməyə başladı. “Xalq mənə ümid bəsləyir. Mən də bu ümidi doğrultmaq üçün həyatımın qalan hissəsini xalqa bağışlamışam və ona qurban verməyə hazıram”, – deyərək, bütün varlığı ilə bu yöndə örnək çalışmalarını sonadək layiqincə davam etdirdi. Ulu Öndər siyasi müdrikliyi ilə dövlət müstəqilliyimizi ikinci dəfə əldən itirmək təhlükəsindən qorudu və ölkəmizi böyük inkişaf yoluna çıxardı. İlk günlərdən başlayaraq Ulu Öndərin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir, biz iqtisadiyyatımızı, siyasətimizi özümüz layiqincə idarə etməyi bacarırıq. O zamankı Azərbaycan kimi qeyri-sabit, hərc-mərcliyin, avantüranın baş alıb getdiyi qarışıq bir məmləkətdə çox qısa bir vaxtda sabitliyin yaradılması Heydər Əliyev şəxsiyyətinin, şücaətinin, böyüklüyünün bariz nümunəsidir. Milli Məclisin Prezident səlahiyyətlərini Heydər Əliyevə verməsinə baxmayaraq O, demokratik yolla hərəkət edir, Əbülfəz Elçibəyin Prezident vəzifəsində qalması haqqında referendum keçirilməsini müdafiə edirdi. Onun təklifi ilə Milli Məclis iyunun 29-dakı iclasında referendum keçirilməsi haqqında qərar qəbul etdi. Avqustun 29-da Prezident Əbülfəz Elçibəyə etimad haqqında referendum oldu. Referendumda iştirak edənlərin 97,5 faizi Prezidentə etimadsızlıq göstərdilər.
Ulu öndər Heydər Əliyevin həmin il oktyabrın 3-də keçirilən Prezident seçkilərinədək həm ali qanunvericilik orqanının sədri olduğu, həm də Prezident səlahiyyətlərini icra etdiyi dövr ölkədə, regional və beynəlxalq müstəvidə dövlətçiliyimizin böyük sınaqlardan uğurla çıxdığı dövr kimi səciyyələnir. İlk növbədə parlamentarizm ənənələri bərqərar edilərək yeni nəfəs, yeni qüvvə aldı. Eyni zamanda, ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə zəruri dəyişikliklər edildi. Ulu öndər Heydər Əliyev həmin dövrdə əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün bütün lazımi tədbirləri görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşür, inam və etimadı daha da gücləndirirdi. Böyük tarixi şəxsiyyət qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Parlamentin spikeri və Prezidentin səlahiyyətlərinin icraçısı kimi intensiv olaraq çoxsaylı xarici diplomatları, jurnalistləri qəbul edən Ulu Öndər Azərbaycanın hərtərəfli təbliğatını məharətlə aparır, ölkəmiz haqqında formalaşmış yanlış rəylərin dəyişməsinə nail olurdu. Bütün bunlar özlüyündə parlamentin üzvləri və dövlət məmurları üçün yeni bir örnək, əsl dövlət idarəçiliyi məktəbi idi.
Məhz həmin dövrdə – avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti ətraflı müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə həmin bədnam iddiaya son qoyuldu. Bu, Ulu Öndərin məqsədyönlü və uzaqgörən siyasətinin parlaq təzahürü olmaqla bərabər, Gəncə qiyamı zamanı özünü itirmiş və qardaş qanının axıdılmasına səbəb olmuş AXC-Müsavat cütlüyünün “başbilən”ləri üçün ibrət dərsi idi.
1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək, ölkənin taleyini məhz görkəmli dövlət xadiminə, dünya şöhrətli siyasətçiyə həvalə etdi. Bundan sonra isə ölkədə möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Qarabağ münaqişəsində atəşkəsə nail olundu ki, nizami ordu quruculuğu həyata keçirilsin. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı, 1995-ci ilin mart çevrilişinə cəhdin qarşısı qətiyyətlə alındı, noyabrın 12-də müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və 1-ci çağırış Milli Məclis tezliklə işə başladı.
Sevinc Azadi
İki sahil.- 2022.- 24 iyun.- S.5.