Azərbaycan təhsilinin
cəfakeşlərindən biri
“Şuşa
İli”nin
işığında
Şuşanın
tanınmış maarifçiləri Azərbaycan təhsilinin
inkişafında müstəsna xidmət göstəriblər.
Onlardan biri Fərhad
Ağazadə 1880-ci il avqustun
12-də Şuşa şəhərində
anadan olub.
Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə
tay-tuşlarından seçilən Fərhad Şuşa
Şəhər Realnı Məktəbini başa
vurduqdan sonra 1898-ci ildə
Qori Müəllimlər Seminariyasına qəbul
olunub və 1900-cü ildə oranı bitirib. Həmin ildən 1905-ci ilə qədər
əvvəlcə Xaldan, Şuşa,
Gorus və Gəncə məktəblərində
müəllim işləyib. 1905-ci ildə pedaqoji
fəaliyyətini Bakıda davam etdirərək
rus-tatar və "Səadət" məktəblərində
çalışıb.
Fərhad Ağazadə Qafqaz müsəlman müəllimlərinin Bakıda keçirilən I (1906), II (1907) qurultaylarının iştirakçısı olub və hər iki qurultayın katibi seçilib. O, həmin qurultaylarda yeni dövrdə tədrisin aktual problemlərinə dair məruzələrlə çıxış edib. Yaradıcı ziyalı olan Fərhad Ağazadə "İkinci il" ( M. Mahmudbəyov, S. Əbdülrəhmanbəyov, S. S. Axundov, A. Talıbzadə və A. Əfəndizadə ilə) dərsliyini tərtib edib. O, 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlayıb və bu sahədə xeyli iş görüb. 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edərək çap etdirib. F.Ağazadənin ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdı. Lakin Azərbaycandakı mövcud vəziyyət, müstəmləkəçi çar Rusiyası Fərhad Ağazadənin arzularının reallaşmasına imkan vermirdi. Necə deyərlər, uzun zaman çəkdiyi zəhmət qiymətləndirilmirdi.
Fərhad Ağazadə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri idi. 1919–1920-ci illərdə isə demək olar ki, "Azərbaycan"ın hər nömrəsində müəllifin müxtəlif mövzularda yazıları dərc edilmişdi. O, məqalələrində xalqının nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. F. Ağazadənin "Azərbaycan"ın 1918-ci il 66-cı nömrəsində "Bakıda xalq məktəbi müdirlərinin yığıncağı" adlı məqaləsində deyilir: "İki gündür ki, Azərbaycanda camaat məktəb müdirlərinin dəvətilə Bakıya yığılıb, katib məsələlərinin müzakirəsi ilə məşğuldur. Bu, bir ağır vəzifədir. Çünki məktəbimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var. Məhəlli müzakirəyə qoyulacaq o qədər məsələlər var ki, yığıncağın müddəti tamam bir il də çəksə, bunların öhdəsindən gələ bilməz".
1919-cu il 68-ci nömrəsində "Andronik nə istəyirmiş?" adlı məqaləsində erməni terrorçu general Andronik Ozanyanın törətdiyi vəhşiliklərdən, Zəngəzura, Şuşaya və Qarabağa hücumlarından, bu qaniçən erməninin öz camaatı tərəfindən də sevilmədiyindən danışır: "…Bu müsəlman yerlərini qılınc zoru ilə boşaldıb Ararat cümhuriyyətinə mülhəq etmək və gələcəkdə barışıq konfransında bunu hökumətlərə təsdiq elətdirmək niyyəti qarətçiliyin əmalından məlum olur".
F. Ağazadə qəzetin 1919-cu il 83-cü sayında isə yazırdı: "…Yüz ildən çoxdur ki, rus əsagiri Qafqaz qitəsini işğal etmişdir. Sair qafqazlılar ilə bahəm azərbaycanlılar da rus mətnətini qəbul edərək kəmali-sidq və ixlasi-qəlblə davranıb, yeri düşdükcə özünün hamıdan doğru və sadiq bir təbəə olmasını qalən və felən qəvi dəlillər ilə sübut etmişdir".
28 aprel işğalından sonra Azərbaycanda Sovet hökuməti bir sıra tədbirlər həyata keçirməyə başladı. Fəhlə-Kəndli Komitəsi yaradıldı. Fərhad Ağazadə bu komitənin və yeni türk əlifbası Azərbaycan komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində yeni əlifbaya aid nəzəri məsələlərin hazırlanmasında çox yaxından iştirak edirdi. Onun "Ərəb əlifbası türk dilinə niyə yaramır?", "Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar", "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi", "Yeni türk əlifbasının tarixi" kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F. Ağazadənin dilçiliyə aid "Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?", "Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair" və s. sanballı məqalələri var.
1929-cu ilin iyun ayının 26-da Fərhad Ağazadə ÜMYTƏK-nin genişləndirilmiş rəyasət heyətinin iclaslarında iştirak etmək üçün Mahaçqalaya ezam olunur və geri qayıdarkən yolda onun səhhəti pisləşir. Bundan sonra o, qida borusunun daralmasından əziyyət çəkməyə başlayır. Bir müddət Bakıda müalicə olunsa da, səhhətində irəliləyiş hiss olunmur. Onu müalicə edən həkimin 19 dekabr 1929-cu il tarixdə verdiyi arayışda təkrar ciddi müalicə olunmasının vacibliyi göstərilir. O dövrdə belə xəstəliklərin ən yaxşı müalicəsi Leninqrad Rentgen-Radioloji İnstitutunda aparılırdı. Bu məqsədlə müalicəsinə təşkilati və maddi yardım göstərilməsi xahişi ilə Fərhad Ağazadə 2 fevral və 9 mart 1930-cu il tarixli məktublarla ÜMYTƏK-nə müraciət edib.
1930-cu il martın 3-də Azərbaycan Xalq Səhiyyə Komissarlığı Fərhad Ağazadənin Leninqrad Rentgen-Radioloji İnstitutunda müalicəsinə kömək olunması xahişi ilə Leninqrad Vilayət Səhiyyə Şöbəsinə teleqram vurur və beləliklə də, maddi və təşkilati köməklik alan Fərhad Ağazadə Leninqrada müalicəyə gedir. O, martın 21-dən etibarən Leninqradda Rentgen-Radioloji İnstitutun cərrahiyyə şöbəsində müalicəyə başlayır. Həkimin cərrahi əməliyyat edilməsi təklifinə razılıq vermir. O, "həyatının ən nəcib dostu" adlandırdığı həyat yoldaşı Gövhər xanıma 2 aprel tarixli məktubunda yazırdı: "Mən əməliyyata razılıq vermədim. Rentgen şüası ilə müalicə edəcəklər. Əgər vəziyyətim pisləşsə, buradan çıxıb evə qayıdacam".
Bundan iki həftə sonra, aprelin 17-də Bakıya qayıdır, müalicə götürməsinə baxmayaraq onun səhhətində yaxşılığa doğru heç bir irəliləyiş olmur.
Tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, nüfuzlu ictimai xadim, latın əlifbasının düşmənləri arasında belə bu əlifbanın ən nəhəng nəzəriyyəçilərindən biri kimi qiymətləndirilən Fərhad Ağazadə 1931-ci il yanvar ayının 4-də gözlərini həyata əbədi olaraq yumur. Fərhad Ağazadənin ölümü ilə əlaqədar "Kommunist" qəzetində verilən nekroloqda deyilirdi: "Ağazadə yoldaşın ən böyük xidmətlərindən biri də onun yeni türk əlifbasının yayılması yolundakı mübarizəsidir. Türk əlifbasının yeni latın sisteminə keçirilmə məsələsi irəli atılan gündən Ağazadə yoldaş bunun böyük mədəni nəticələr verəcəyini nəzərə alaraq yeni əlifbanın qəbul edilməsi və yayılması yolunda aktiv mübarizəyə başlamışdır. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifba Komitəsinin üzvü olaraq Ağazadə yoldaş yeni əlifbanın bütün Şuralar İttifaqı türk, tatar xalqları arasında da yayılmasına çalışmışdır".
Nekroloqdakı bu son sözlər ictimai xadim Fərhad Ağazadənin maarif sahəsində uzun illər göstərdiyi səmərəli xidmətə verilən ən düzgün qiymət oldu.
Vəli İlyasov
İki sahil.- 2022.- 15 iyun.- S.5.