Bütün peşələrin gözüdür müəllim!

 

Bir ömür düşünün ömründən ömürlərə pay verən. Bir can düşünün canından, ürəyindən, ruhundan, gözlərinin nurundan, beyninin ən parlaq biliklərindən, zaman-zaman titrəkləşən səsindən, isti nəfəsindən, tükənməz səbrindən, nəvazişindən illər boyu yorulmadan, usanmadan, heç bir təmənna güdmədən ehsan verən. Əlbəttə ki, bu, müəllim ömrüdür.  Bütün cəmiyyəti formalaşdıran, var edən  müəllim.

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi, Nuh babanın yurdu Naxçıvan torpağı tarixdə özünün savadlı, biliyi ilə nəinki Azərbaycana, eləcə də  dünyaya əvəzolunmaz töhfələr verən müəllimləri ilə məşhurdur. Müqəddəs məkanın müqəddəs peşə sahibləri.

Onlardan biri də şəxsiyyətinə sonsuz sevgim və sayğım olan Səfərova Sənəm Hacıağa qızıdır. O, 1953-cü il mart ayının 3-də Naxçıvan şəhərində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Atası Hacıağa kişi II Dünya müharibəsinin iştirakçısı və əlili olmuşdur. Əslən Ordubad rayonunun Əndəmic kəndindən olan Hacıağa kişi bir ayağını müharibədə itirdiyi üçün kənd şəraitində yaşamağın və ailə dolandırmağın çox çətin olacağını düşünərək ailəsini də götürüb Naxçıvana köçür. Burada o, bütün çətinliklərə rəğmən əllərinin qabarı, alnının təri ilə on bir övladını halal çörəklə böyütmüş, zəhmətə alışdırmışdır.  Onların təlim-tərbiyəsi və təhsili ilə anaları Nərgiz xanım məşğul olmuş, qız övladlarına isə xüsusi zaman və diqqət  ayırmışdır.  Və elə heç təsadüfi də deyil ki, ata-ananın bu əziyyətinin qarşılığında övladları da layiqli vətəndaş kimi yetişmişlər. Həm təlim-tərbiyələri, həm də bilikləri ilə seçilmişlər. Sənəm müəllimə 1960-cı ildə 9 saylı (Hazırda bu məktəbin yerində Naxçıvan Qızlar Liseyi yerləşir) tam orta məktəbin birinci sinfinə gedir. İlk günlərdən də müəlliminin sevimlisinə çevrilir.  Sənəm müəllimə elə uşaq vaxtından dəqiq elmlərə həvəsli olduğunu deyir. Baxmayaraq ki, bütün fənləri əla qiymətlərlə oxuyurmuş, riyaziyyat fənni onun ən çox sevdiyi və zaman ayırdığı dərs olub. O, hətta yaşının cox üstünə aid olan misal və məsələləri asanlıqla həll edər və bu özəlliyi ilə də yaşıdlarından seçilərmiş. Məktəbdə tədris olunan bütün fənləri bərabər şəkildə mənimsəməyə çalışmış və buna maksimum nail olmuşdur. Çalışqanlığı onun 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan Filialının fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə  daxil olmasına şərait yaradır. Orta məktəbdə olduğu kimi, ali təhsil ocağında da məsuliyyətini və çalışqanlığını bir an belə gözardı etmir. Tam əksinə durmadan öz üzərində çalışır, hər yeni günü bir addım daha zənginləşdirmək, biliyinin üzərinə əlavə biliklərin gəlməsi yolunda durmadan mücadilə edir. Bilikli olduğu qədər də qabiliyyətli, təmkinli, oturuşunu-duruşunu bilən, davranışları ilə ətrafındakıların diqqətini cəlb edən gözəl bir xanım idi. Əlbəttə ki, zaman ailə qurması üçün də artıq vaxtı gətirib qapıya dayamışdı. Belə bir xanımı qismətində kim istəməzdi ki? Onun qismətinə isə taleh Sabir bəyi ömür-gün yoldaşı yazmışdı. Bütün keyfiyyəti ilə əsl Azərbaycan kişisi, ona əbədi sadiq həyat yoldaşı, övladlarına mehriban ata, nəvələrinə sevimli baba. 1974-cü ildə ailə quran cütlük onlara yazılan bərabərliyi ən saf və ayrılmaz bağlarla möhkəmlətmiş, həyat yollarında qarşılarına çıxan bütün çətinliklərə baxmayaraq ayaqda tutmağa nail olmuşdurlar. Acılı-şirinli illərində üç övladı gözbəbəyi kimi qorumuş, böyütmüş, onlara ali təhsil, gözəl tərbiyə, düzgün həyat amalı vermişlər.

Söhbət zamanı aydın oldu ki, müəllimənin ilkson yeri Naxçıvan şəhər 39 saylı dəmiryol məktəbi (indiki Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov adına 15 saylı tam orta məktəb) olub. 1975-ci ildə o, çox böyük həvəs və həyəcanla ilk dəfə işə başlayır. Hələ uşaqlıq illərindən arzusunda olduğu bu peşədə ilk dərs gününü unutmamış, tam əksinə hələ də yadına düşəndə o həyəcanı yenidən hiss edirmiş. Artıq illərdir vaxtilə əxz etdiklərini indi şagirdləri ilə paylaşacaq, müəllimlərindən öyrəndiyi nə varsa  əsirgəmədən onlara aşılayacaqdı. Elə də oldu. İllər, həyatın enişli-yoxuşlu yolları, qarşısına çıxan çətinliklər onu yora, işindən soyuda bilmədi. İlk dərs günü hansı istək, həvəs, məqsəd, məramla başlamışdısa son dərs gününə kimi elə də davam etdi.

Mənim müəlliməmlə ilk tanışlığım mən yeddinci sinifdə oxuyarkən oldu. Mən sinifə yeni gələn bir şagird idim. Yəni, yoldaşlarım onun artıq bir neçə il idi ki, şagirdi idilər.  Düzünü desəm elə ilk dərs günündən pərəstişkarına çevrildim. Gözəl üz quruluşu, geyimi, saç düzümü, baxışları, səs tonu, şagirdlərlə danışıq tərzi məni heyran etmişdi. Çox ciddi, amma bu ciddiliyin yanısıra mərhəmətli bir ifadəsi var idi. Dərsdə sinifə məharətlə hakim olması nəzərimdən qaçmadı.  Kimsədən səs çıxmır hamı sanki ovsununda idi, oxuyan da oxumayan da. Mənə elə gəlirdi ki şagirdlərin ona qarşı  xüsusi hörməti var idi. Onun  dərsi digər müəllimlərin dərsindən çox fərqli keçirdi. Hamı nədənsə Sənəm müəllimənin rəğbətini qazanmaq, onun dərsindən yaxşı qiymət almaq kimi bir enerji sərf edirdi. Əvvəllər anlamırdım, amma sonra başa düşdüm ki, sən demə elə hamı da mənim kimi onu çox sevirmiş. Elə düz deyirlərmiş əvvəl müəllimi, sonra fənni sevərmiş şagird. Hər halda bundan dolayı mən də humanitar fənləri sevsəm də “Cəbr” və “Həndəsə”ni məhz sevdiyim müəllim üçün var gücümlə oxumağa başladım. Müəllimə dərsləri çox sadə və təmkinlə izah edər, verilən hər sualı, anlaşılmayan hər məqamı dönə-dönə, yorulmadan, alnını qırışdırmadan təkrar açıqlığa qovuşdurardı.  Yaxşı yadımdadır, arada da yorğunluğumuz çıxsın deyə bizi motivasiya edəcək bəzi mövzulara toxunar, hər kəsin fikrini deməsinə şərait yaradardı. Bir sözlə, elmlə yanaşı, bizi həm də həyat adlı məktəbə də hazırlayardı. Bəlkə məhz buna görə içi  mən qarışıq qızların əksəriyyəti ona bənzəməyə çalışardı. Məktəbimizin direktoru  savadı və hörməti ilə seçilən, çox sevdiyim müəllimlərimdən biri olan Adil Hacıyev məndən ixtisas seçimimi soruşduqdan sonra “Niyə müəllim olmaq istəmirsən?” deyəndə mən onaBu, mənim öhdəsindən gələ biləcəyim bir peşə deyildemişdim. O, niyəsini soruşsa da susmuşdum. Sonralar düşündüm ki, o, bəlkə də fikirləşəcək ki, mən bu peşəni sevmirəm. Yox, tam əksinə. Müəllimlik mənim üçün müqəddəs bir peşədir. Elə indinin özündə də. Mən sadəcə Sənəm müəllimə kimi ola bilməyəcəyimdən qorxduğumdan müəllim olmaq istəmirdim. Və sonralar mən anladım ki, bu gözəl insan və əvəzolunmaz pedaqoq artıq o vaxt mənim kumirimə çevrilibmiş.

Bu gün isə mən bu gözəl insanın evində, min nemətlə bəzədiyi süfrəsində   oturaraq onunla söhbət edirəm. Söhbət əsnasında bu peşəyə bağlılığını və bir daha peşə seçmək imkanı olsaydı başqa bir sahəni seçərdimi sualıma. “Mən özümü bu sahədən başqa bir yerdə görmürəm və yenə də peşə seçimimdə yalnız müəllimlik olardı”, – dedi.

O, həyatını ailəsinə, övladlarına, sevdiyi peşəsinə, gələcəyi üçün daim narahat olduğu şagirdlərinə həsr etmişdir. Bütün yorğunluğunu isə ona yeni həyat eşqi verən nəvələrinin unutdurduğunu sezdim. Sənəm müəllimə nəvələrindən, onların təhsilindən, gözəl tərbiyə və xarakterlərindən danışarkən gözlərinin içi gülürdü. Sanki illərdir hər şeyin ən mükəmməlini  etmək üçün çabaladığı və yorğunluqdan halsız düşən ruhunu məhz nəvələrinin uğurlarında yeniləmiş kimi hiss edirdi. Onun danışdığı bir xatirə məni çox kövrəltdi. Bir zamanlar oxuduğu məktəbin yerində ucaldılan Qızlar Liseyində oxuyan üç qız nəvələrindən biri məhz onun məzun olmasından 40 il sonra həmin yerdə, lakin fərqli bir məktəbdə məzun olur. Nəvəsinin məzun törənində iştirak edən Sənəm müəllimə o gün iki hissi bir arada yaşadığını söylədi.  Məzun olduğu və xatirələrində yaşatdığı məktəbin artıq olmamasından dolayı kədərini, həm də daha gözəl məktəb binasında nəvəsinin yeni həyata addım qoymasının sevincini.

Hər şey zamandan asılı olsa da, zaman heç nədən asılı olmur. O, daim verdiklərini geri alır: Sağlamlığı, gücü, həvəsi və daha nələri. İllərin yorğunluğundan zaman-zaman səhhətində nasazlıqlar yaranır, işləmək üçün gücünün yetmədiyini hiss etdiyi üçün daha erkən təqaüdə çıxır və zamanını nəvələrinə həsr etməyə başlayır.

Zaman demişkən, deyəsən mən də fərqində olmadan zamanın çarxında vaxtı itirmişdim müəlliməmlə söhbətdə. Tam dörd saat olmuşdu. Söhbətimiz o qədər maraqlı idi ki, dörd saatın necə keçdiyini hiss etmədim. Amma sonda mənim bayaqdan vermək istədiyim sualı ürəklənib nəhayət ki, ona ünvanladım. Çox maraqlı idi yadında qalanonun üçün özəl olan siniflər vardırmı sualıma olmazmı dedi. Məni ən çox sevindirən isə onlar arasında məhz bizim sinifin də olması idi. Xatirələrə dalaraq illər əvvələ döndük, hər şeyi saf-çürük etdik, hamıdan danışıb xatırladıq. Sinifimizin müəllimə üçün bir sürprizi var idi. Mən onun icazəsini aldıqdan sonra bizim sinfin (yəni 39 saylı dəmir-yol orta məktəbnin 1993-cü il məzunları olan 11 A sinfi) bir neçə üzvü ilə canlı bağlantıya qoşulduq. Bu, bənzəri tarifi olmayan bir hiss, həyəcan idi. Sanki zamanı durdurmuşduq. Mən bunun istər Sənəm müəllimənin, istərsə bizim həyatımızda dərin iz qoyduğunun qənaətində oldum. Təbii ki, bir gün bütün xatirələri tamamlamadığı kimi, bir yazı da bir müəllim ömrünü özünə sığdıra bilməz. Bəlkə sadəcə bir-iki məqamına cüzi toxuna bilmişəm, bəlkə yox.  Amma onu bilirəm ki, mən mənim timsalımda yüzlərlə tələbə Sənəm Səfərova kimi bir müəllimənin tələbəsi olmaqdan qürur duyur özümüzü şanslı hesab edirik.

Bu gün bu gözəl insan, qayğıkeş ana, öz sözünü yetişdirdiyi, istər insani keyfiyyətləri ilə, istərsə bilikləri ilə ona borclu olan yüzlərlə tələbəsi ilə deyən pedaqoqun doğum günüdür. Ona bütün tələbələri adından yaxşı ki, varsınız deyir, uzun ömür, cansağlığı arzu edirik. Doğum gününüz mübarək, dəyərli Sənəm müəllimə!

Yazımı unudulmaz şairimiz Nüsrət Kəsəmənlinin bu misraları ilə bitirmək istəyirəm:

 

Ziyalı olmasa, kor olar millət,

Caynaqlar altında hey çəkər zillət.

Sənətin hamısı gözəldir əlbət,

Bütün peşələrin gözüdür Müəllim!!!          

 

Sevinc Səbzəliyeva,

Naxçıvan Dövlət Xalça

 Muzeyinin baş elmi işçisi

 

İki sahil.- 2022.- 2 mart.- S.6.