Şuşa hər birimizi özünə
çəkir
Mədəniyyət
paytaxtımıza reallışdırdığı 7 tarixi səfəri
ilə bərpa və quruculuq işlərinin miqyasını
genişləndirən dövlət başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu fikri
ilə «Şuşa İli» çərçivəsində
görüləcək işlərin aydın mənzərəsini
yaradır və hər bir azərbaycanlıya
çağırış edir
«Bu gün bir
şeyə kədərlənirəm ki, atam bu günü
görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu
şaddır. Necə ki, Vətən həsrəti ilə
yaşamış və həyatdan getmiş, azad edilmiş bu
torpaqları görməyən minlərlə, on minlərlə
məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin
ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə
qoymadıq, qanını aldıq və əcdadlarımızın
ruhunu şad etdik. Bu il “Xarıbülbül” festivalında Ulu
Öndərin Şuşa haqqında tarixi sözlərinin bir
hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları
xatırlayır. Necə böyük inamla, necə
böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz
Şuşaya qayıdacağıq, inanın ki,
qayıdacağıq. O, özü inanırdı, bizi də
inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi
əlavə güc verdi və bu gün biz buradayıq, bu
müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu
torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan
sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.»
Dövlət başçısı İlham Əliyev ailə üzvləri ilə birgə ötən ilin dekabrın 24-də, doğum günündə Şuşaya səfəri zamanı Cıdır düzündən səsləndirdiyi bu fikirlər son bir ildə Şuşanın dirçəlməsinin, əvvəlki şöhrətinin özünə qayıtmasının təqdimatını etdi. Cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!» fikirlər bu gün də qulaqlarda əks-səda verir. Bu fikirlərin davamı olaraq Müzəffər Ali Baş Komandan bu xoşbəxtliyini də ifadə etdi ki, ata vəsiyyətini yerinə yetirdim: «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!»
Dövlət başçısı İlham Əliyevin ötən il mədəniyyət paytaxtımız Şuşaya 7 səfəri, bu cənnət məkanda görülən işlərlə tanışlığı, Baş planın təqdim edilməsi Qarabağın tacının qısa müddətdə dirçələrək malik olduğu potensial imkanları ilə ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır. Əgər cənab İlham Əliyevin ötən ilin əvvəlində Şuşaya ilk səfəri Füzuli rayonunda Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə yadda qalmışdısa, artıq ilin sonuna doğru onların istifadəyə verilməsi böyük ruh yüksəkliyi ilə qarşılandı. Qısa müddətdə bu işləri görmək Azərbaycan dövlətinin qətiyyətinin, iqtisadi imkanlarının təqdimatı oldu. Prezident İlham Əliyev ilk gündən bu əminliyi ifadə etdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bir ildə Qarabağın tacı Şuşaya reallaşdırdığı 7 səfərin hər biri mədəniyyət paytaxtımızın simasının sürətlə dəyişməsini, əvvəlki şan-şöhrətinin özünə qayıtmasını, ənənələrin bərpasını şərtləndirdi. Ölkə Prezidenti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində “Mən Yeni ili “Şuşa İli” elan edirəm» söyləyərək bu mühüm məqamı da açıqladı ki, 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa şəhərinin 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək.
Prezident İlham Əliyevin hər bir təşəbbüsünü,
verdiyi qərarları dəstəkləyən xalqımız
bu mühüm addımı da təqdir etdi, insanların
Şuşamızın qısa zamanda tam şəkildə
dirçələrək sakinlərini
qarşılayacağına əminlikləri daha da artdı. Cənab
İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan
azad edilmiş ərazilərimizə elə bir səfəri,
eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət
paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin
vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan
xalqının, ölkə Prezidentinin ürəyində
hansı uca zirvədə dayandığını
nümayiş etdirir. 2021-ci ildə 32 dəfə
işğaldan azad edilmiş ərazilərə səfər
edən dövlət başçısının bu səfərlərdən
7-sini Şuşaya reallaşdırdığını
böyük qürur hissi ilə vurğulaması da Azərbaycanın
döyünən ürəyinə sevgisini, məhəbbətini
bir daha təsdiqləyir. Diqqət yetirsək, hər bir bayram,
tarixi günlərdə Şuşaya səfərlər edilir
və buradan dünyaya, işğalçı dövlətə
postmünaqişə dövrünün reallıqları ilə
bağlı çağırışlar olunur. Dövlət
başçısının çıxışlarında
bu fakt da diqqətə çatdırılır ki, əslində,
Şuşanın mədəni dirçəlişinin təməli
hələ illər öncə ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulub. Onun 1982-ci ildə
Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin,
Poeziya Evinin açılışında və orada
keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi
xalqımızın, şuşalıların yaddaşına ən
xoş xatirələr kimi həkk olunub. Cənab İlham
Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər
edəndə həmin məqamları, həmçinin 39 il
öncə Şuşaya səfərini
xatırlamışdır. “Bu tarixi gün mənim
yadımdadır. Çünki o vaxt atamla bərabər, bax,
bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox
şaxtalı, qarlı bir hava idi. Möhkəm qar
yağırdı. Amma buna baxmayaraq, bu tədbirə
yığışmış insanlar, Azərbaycan
ziyalıları heç o soyuğu hiss etmirdilər.
Çünki Qarabağ xanının vəziri olan Molla Pənah
Vaqifin möhtəşəm məqbərəsi
açılırdı. Bu təşəbbüsü ulu
öndər Heydər Əliyev irəli
sürmüşdü, onun rəhbərliyi ilə inşaat
işləri aparılmışdı və gözəl, əzəmətli
məqbərə ucaldılmışdı”.
44
günlük İkinci Qarabağ müharibəsinin gedişi
dövründə xarici mətbuata çoxsaylı müsahibələrində
də dövlət başçısı İlham Əliyev
Şuşanın işğaldan azad edilməsinin
xalqımız üçün nə qədər əhəmiyyətli
olmasını dilə gətirərək qətiyyətlə
vurğulamışdır ki, əlbəttə ki,
Şuşasız bizim işimiz yarımçıq olar.
Ölkə Pezidentinin bu fikirləri Vətən müharibəsinin
qalibiyyətimizlə başa çatacağına əminliyini
artırır, Dağlıq qarabağ münaqişəsinin
tarixə qovuşacağına şübhə yeri qoymurdu.
Şuşanın relyefini nəzərə alsaq, onun
azadlığa qovuşmasının bir möcüzə
olduğunu böyük inamla deyə bilərik. Bu baxımdan cənab
İlham Əliyev 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizdən bəhs edərkən
Şuşa əməliyyatını xüsusi
vurğulayır və bildirir ki, Şuşa əməliyyatı
artıq bir dastana çevrilib: «Dünyanın aparıcı
ölkələrinin ali hərbi məktəblərində
Şuşa əməliyyatı haqqında indi müzakirələr
gedir, təhlillər aparılır və bir çoxları
inana bilmirlər ki, xüsusilə Şuşada olmuş
insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman
övladları yüngül silahlarla qayalara dırmaşaraq
bizim mədəniyyət paytaxtımız olan, Qarabağın
tacı olan Şuşanı işğalçılardan azad
etdilər.»
Torpaqlarımız
öz tarixi sahiblərinə qayıtdı. Bundan sonra əsas
məqsəd bu əraziləri yenidən bərpa etmək və
qurmaqdır. Dövlət başçısının
tapşırıqlarına uyğun olaraq bu ərazilərdə
təkmil, müasir idarəçilik sistemi yaradılır. O
da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı
əsasında Prezidentin şəxsi nümayəndələyi
ilk olaraq Şuşada yaradılıb. Bərpa işlərinə
yol-nəqliyyat infrastrukturunun yenilənməsindən
başlanlıması da təsadüfi deyil. Belə ki, hər
bir bölgənin inkişafı öncə infrastrukur layihələrinin
uğurlu icrasından başlanır. Prezident İlham
Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər
yolu ilə səfər edərək, bu tarixi missiyanın
uğurlu təməlini qoydu. Həmin səfər zamanı
dövlət başçısı illərdir didərgin həyatı
yaşayan Natəvanın, Üzeyir bəyin,
Bülbülün güllələnmiş büstlərini də
öz doğma yerlərinə qovuşdurdu, onların da
ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin
büstlərinin Şuşaya, öz əzəli
torpaqlarına qaytarılması qələbəmizin daha bir sarsılmaz
rəmzinə çevrildi.
Dövlət
başçısı İlham Əliyevin ailə üzvləri
ilə birgə Şuşaya səfəri mart ayında, Novruz
bayramında oldu. Vaqifin məqbərəsində tezliklə bərpa
işlərinin başlayacağının, məscidlərin bərpası
ilə bağlı artıq müvafiq göstərişlər
verildiyinin, otuz il ərzində ermənilərin qurutduğu
bütün bulaqlarımızın bərpa ediləcəyinin
və bir çox möhtəşəm planların xoş xəbərini
çatdıran ölkə Prezidenti Cıdır düzündə
Novruz tonqalını yandırdı. Bu mühüm hadisə
Ermənistana və havadarlarına ciddi mesaj oldu.
Ötən
ilin Qarabağın tacı ilə bağlı əlamətdar
hadisələrindən biri may ayında Cıdır
düzündə «Xarıbülbül» musiqi festivalı ənənəsinin
bərpası oldu. Mayın 12-13-də keçirilən
festivalda Prezident İlham Əliyev qürurla qeyd etdi ki, biz bu
gözəl ənənəni bərpa etdik və bundan sonra
“Xarıbülbül” festivalı Şuşada hər il
keçiriləcək. Bu festival isə Azərbaycanda
yaşayan xalqların nümayəndələrini əhatə
edir: “Bu tövsiyəni festivalın təşkilatçısı
olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki
Vətən müharibəsində Azərbaycanda yaşayan
bütün xalqların böyük payı vardır. Vətən
müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda
bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik
şəraitində yaşayır və bu 44 günlük
müharibə bir daha onu göstərdi ki, ölkəmizdə
milli birlik, milli həmrəylik vardır”. Şuşanı Azərbaycanın
mədəniyyət paytaxtı elan edən cənab İlham
Əliyev “Xarıbülbül” festivalındakı
çıxışında onu da söylədi ki, ermənilər
nə qədər çalışsalar da, Şuşadan Azərbaycan
ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən
tərəfindən binalar, məscidlərimiz, tarixi abidələrimiz
dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu
qoruya bildi.
Şuşa
növbəti dəfə qonaqlarını 15 İyun-Milli
Qurtuluş Günündə qarşıladı. Bu səfər
bir çox məqamlarla tarixə yazıldı. Azərbaycana
dost, qardaş ölkə olan Türkiyənin Prezidenti Rəcəb
Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə
ilk səfər edən dövlət başçısı
oldu. Həmçinin Şuşa Azərbaycan və Türkiyə
müttəfiqliyini təsdiqləyən sənədin
imzalanmasına şahidlik etdi. Azərbaycan və Türkiyə
prezidentləri Şuşada əsl tarixi salnamə yazdılar.
Şuşa Bəyannaməsinin əhəmiyyətindən bəhs
edən dövlət başçısı İlham Əliyev
bildirmişdir ki, sənəddə böyük öndərlər
Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları
öz əksini tapıb: “XX əsrin əvvəllərində
Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir”. XX əsrin
sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və
Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər,
kəlamlar bizim fəaliyyətimiz üçün əsas
amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə
azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini
imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş
etdiririk və gələcək nəsillərə yol göstəririk”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə
Şuşa Bəyannaməsi ilə əlaqələrimizin
yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdiyimizi
diqqətə çatdırdı: “Türkiyə ilə Azərbaycan
arasındakı bu Bəyannamə bir sıra məsələləri
əhatə edir. Gələcəklə bağlı
addımları atarkən artıq təkcə iki ölkəni
deyil, bölgəni əhatə edən bir qətiyyətin bu
sənəddə ifadə olunduğunu görürük”. Qeyd
edək ki, bu günlərdə Milli Məclis Şuşa Bəyannaməsini
təsdiqlədi. Həmçinin Türkiyə dövlətinin
başçısı Rəcəb Tayyib Ərdoğan
Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc
edilərək qüvvəyə minməsi ilə bağlı
Prezident Fərmanını imzaladı.
Şuşanın
2021-ci ildə sevincli anlarının sayı-hesabı
olmayıb. Belə ki, ötən ilin avqustunda dövlət
başçısı İlham Əliyevin mədəniyyət
paytaxtımıza növbəti səfəri zamanı
“Qarabağ” hotelinin, dahi Azərbaycan şairi Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonrakı
açılışı, Molla Pənah Vaqifin
büstünün, Bülbülün Ev-Muzeyinin bərpadan
sonra, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin
açılışları oldu. Həmin səfər bu
mühüm tarixi məqamla yadda qaldı ki, Vaqif Poeziya
Günləri ənənəsi bərpa edildi. Onu da qeyd edək
ki, «Şuşa İli» çərçivəsində Vaqif
Poeziya Günlərinin iyun ayında keçirilməsi nəzərdə
tutulub. Bu tədbir Nazirlər Kabinetinin təsdiq etdiyi
«Şuşa İli» ilə bağlı Tədbirlər
Planı»nda əksini tapıb. Tədbirlər Planında
2022-ci ilin iyun ayında Mədəniyyət Nazirliyi, Heydər
Əliyev Fondu, Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar
Birliyinə Vaqif Poeziya Günlərinin keçirilməsi
tapşırılıb. Dövlət başçısı
İlham Əliyev Vaqif Poeziya Günlərinin
açılışında bildirmişdir ki, Şuşa
şəhərində artıq çox böyük işlər
görülüb və bura ikinci-üçüncü dəfə
gələnlər bunu görürlər, Şuşanın bərpası
ilə bağlı qısa müddət ərzində
böyük işlər görülüb. İlk növbədə
Zəfər yolu çəkilib. Magistral yol da çəkilir,
Şuşanın elektrik təsərrüfatı bərpa
edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa
edilib və hazırda iki mənbədən Şuşaya su gəlir.
Şuşanın tarixi abidələrinin bərpasına start
verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər
tərəfindən dağıdılan Vaqifin büstü bərpa
olunub və açılışı həyata keçirilib.
Məscidlərin bərpası Heydər Əliyev Fondunun
öz hesabına həyata keçirilir. Görülən
işlər sırasında Natəvan bulağının da bərpasını
qeyd etməliyik.
Şuşanın
işğaldan azad edildiyi və Zəfər Günü kimi təsis
olunan 8 noyabr tarixində də dövlət
başçısı İlham Əliyev mədəniyyət
paytaxtımıza səfər etdi. Ölkə Prezidenti
noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun
açılışında iştirak etdi. Daha sonra
Daşaltı kəndində məscidin, Şuşa
Radio-Televiziya yayım qülləsinin, Şuşa Şəhər
Xəstəxanasının təməllərini qoydu. Dövlət
başçısı Heydər Əliyev Fondu tərəfindən
Aşağı Gövhərağa məscidində və
Mehmandarovların malikanə kompleksində aparılan bərpa
işləri ilə tanış oldu. Müzəffər Ali
Baş Komandan İlham Əliyev Şuşada hərbçilər
qarşısında çıxışnda bir daha bu fikri
böyük inam və qətiyyətlə bildirdi ki, bundan
sonra bu torpaqlarda müzəffər ölkə və qalib xalq
kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və
Zəngəzurda əbədi yaşayacağıq.
Müzəffər
Ali Baş Komandanın Şuşaya 2021-ci ilə sonuncu səfəri
dekabr ayında oldu. 60 illik yubileyini mədəniyyət paytaxtımızda
qeyd edən dövlət başçısının sevinci
hüdudsuz idi. Bu səfər sanki son 18 ilin hesabatı, xalq
qarşısında verdiyi vədlərin gerçəkləşməsinin
qürurunun təqdimatı idi. Cənab İlham Əliyevin
“Şuşa hər birimizi özünə çəkir»
söyləməklə 30 ilin torpaq nisgilinin
yaşatdığı hissləri bölüşdü. Ad
günlərində öz doğma yurd-yuvalarından didərgin
düşmüş soydaşlarımızla bir yerda olmağa
daha çox maraq göstərən dövlət
başçısı 60 illik yubileyini Şuşada qeyd edərkən
verdiyi vədin reallığa çevrilməsindən
qürurlu idi. Hər görüşündə
torpaqlarımızın işğaldan azad ediləcəyinə
əminliyini ifadə edən dövlət
başçısı bunun üçün bütün
imkanların mövcudluğunu da vurğulayırdı.
O gün
gəldi. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti
sayəsində torpaqlarımızı işğaldan azad
edildi, dərhal böyük quruculuq və bərpa işlərinə
başlanıldı və artıq soydaşlarımız
Böyük Qayıdışı gözləyir.
Şuşanın baş planı təqdim edilib.
Yaşayış kompleksinin təməli qoyulub.
Bütün
bu sadaladıqlarımızın fonunda dövlət
başçısı İlham Əliyevin Sərəncamı
ilə 2022-ci il «Şuşa İli» elan edildi. Bu mühüm
hadisə bərpa və quruculuq işlərinin sürətinə,
miqyasına təsirsiz deyil. Bu günlərdə Baş nazir
Əli Əsədovun və Prezident Administrasiyasının, Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə
Qərargahının rəhbəri Samir Nuriyevin
başçılığı altında aidiyyəti dövlət
qurumlarının rəhbər şəxslərindən ibarət
nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə
səfərləri və mədəniyyət
paytaxtımız Şuşada keçirdikləri
müşavirə də «Şuşa İli» çərçivəsində
görülən və görüləcək işlərin
aydın mənzərəsini yaradır. Şuşa
sözün əsl mənasında dirçəlir.
Şuşaya və Ağdama avtobus reyslərinin
açılması görülən işlərlə
tanışlığa geniş imkanlar açır.
Yeganə
Əliyeva
İki sahil.- 2022.- 4 mart.- S.4.