Şuşa özünün intibah
dövrünü yaşayır
Qəhrəman Azərbaycan Ordusu qırx dörd günlük Vətən müharibəsi zamanı Şuşanı 28 illik erməni işğalından azad etdikdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev Qarabağın tacı, bəşər mədəniyyətinin incisi haqqında demişdi: “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”. Doğma Şuşamızın azad edilməsi müjdəsini verən Ali Baş Komandanımız bu sözlərlə xalqımıza böyük qürur, sevinc hissi bəxş etdi. Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı.
Bu gün Şuşa özünün intibah dövrünü yaşayır. Azadlığına qovuşmuş bu şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin mərkəzinə çevrilir. Hazırda şəhərdə mühüm infrastruktur layihələri uğurla reallaşdırılır. Şanlı ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi, ölkə başçısı tərəfindən Zəfər yolu adlandırılması qırx dörd günlük Vətən müharibəsindəki möhtəşəm Qələbəmizin simvoludur.
Şuşa şəhərində həyata keçirilən infrastruktur layihələri arasında elektrik təchizatı xüsusi əhəmiyyətə malikdir. Qısa vaxtda 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının istifadəyə verilməsi, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi və bu kimi digər layihələrin qısa müddətdə uğurlu icrası Azərbaycanın gücünü, dövlətmizin başçısının qətiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsində əldə edilən Zəfər nəticəsində Şuşada həyat yenidən dirçəlməyə başladı. Vaqif Poeziya Günləri və “Xarıbülbül” festivalı bərpa olundu. 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa iyirmi doqquz ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalına evsahibliyi etdi. Prezident İlham Əliyev həmin günləri ölkəmizin tarixində əlamətdar günlər kimi dəyərləndirdi. Ölkəmizin başçısı uzun illərdən sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi münasibətilə xalqımızı təbrik edərək bildirdi ki, biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışıq.
Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir. Prezidentimiz Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2022-ci ili “Şuşa İli” elan etdiyini bildirdi. Bu il yanvarın 5-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Sərəncamda qeyd edilir ki, Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət alıb, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Məlum olduğu kimi, Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub və bu il biz mədəniyyət paytaxtımızın 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik.
2022-ci il Qarabağın tacı, vaxtilə “Cənubi Qafqazın konservatoriyası” adlandırılan Şuşa üçün möhtəşəm, sözün əsl mənasında əlamətdar olacaq. Bu il Şuşada festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər keçiriləcək. İrimiqyaslı layihələrin uğurla reallaşdırılması nəticəsində şəhər böyük turizm mərkəzinə çevriləcək. Hər bir azərbaycanlının milli iftixar mənbəyi olan şəhərə mütəmadi səfərlər təşkil olunacaq, xarici qonaqlar Şuşanı ziyarət edəcək. Bütün dünya bu qədim şəhərin Azərbaycan torpağı olduğunu bir daha görəcək.
Zahid Rza
İki sahil.- 2022.- 4 mart.- S.8.