Elimizə Novruz gəlir!
Artıq Novruz bayramı ərəfəsindəyik.
Xalqımızın min illik tarixi boyu qeyd etdiyi, illər
keçsə də, tarixi şərait dəfələrlə
dəyişməyə məcbur olsa da, Novruz uzun illər Azərbaycan
xalqının ənənənlərini sevərək
yaşatdığı, təntənə ilə qeyd etdiyi
milli bayramı olaraq yaşadılıb.
Folklorşünaslar
qeyd edirlər ki, Novruzun tarixi hələ
bizim eradan 350 min il əvvələ - Əhəmənilər
dövrünə gedib çıxır. Bəzi mənbələrdə
hətta bu bayramın
tarixinin zərdüştlikdən
də əvvələ gedib çıxdığı qeyd edilir.
Şimal yarımkürəsində yazın gəlişi ilə eyni gündə qeyd olunan Novruz bayramını qədim zamanlardan bir sıra xalqlar, həmçinin azərbaycanlılar da yazın gəlişi, təbiətin oyanışı, yeni ilin başlanğıcı kimi qeyd ediblər. Bu şənliklər təkcə Azərbaycanda yox həmçinin də İran, Əfqanıstan, Tacikistan və Özbəkistanda və bir sıra şərq ölkələrində qeyd olunur. Hətta İran və Əfqanıstan təkcə bununla kifayətlənmirlər həmin gün onlarda təqvimin ilk günü hesab olunur və yeni il 21 mart tarixində başlayır.
Novruz bayramı 2009 – cu ildə UNESCO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal-hazırda da bu bayram eyni qayda ilə qeyd olunur. Novruz bayramı ilə əlaqədar bir sıra dahi sənət insanları da öz xüsusi görüşlərini demişlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında özünəməxsus müxtəlif rəvayətlər, Novruz bayramı ilə xalq arasında yaranmış adət ənənələrdən və Novruz bayramının yaranma səbəblərindən bəhs etmişdir. O öz əsərlərində Novruz bayramının hər hansı bir dini bayram yox təbiətin canlanması yeni fəslin gəlişi ilə əlaqəli dünyəvi bir bayram olduğunu qeyd etmişdir.
Özünəməxsus adət-ənənələri ilə seçilən Novruz bayramına Azərbaycan xalqı hələ 4 həftə əvvəldən hazırlaşır. Dörd həftə ardıcıllıqla hər çərşənbə günü fərqli-fərqli rituallar həyata keçirilir. Novruzun ilk çərşənbəsi Su çərşənbəsdir. Su çərşənbəsi adətən havaların yavaş – yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst – üstə düşür.
İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır və insanlar həyətlərində tonqallar qalayıb evlərində hər ailə üzvünə görə bir şam yandırırlar.
Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Həmin gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Bu isə demək olar küləyin hesabına əmələ gəlir. Necə ki tozlanma vaxtına çatmış tumurcuqları külək tərpədərək onları tozlanması üçün birləşdirir.
Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır. Bütün bu dörd həftə ərzində ən birinci Su çərşənbəsi ilə təbiət torpağı suladı, Od çərşənbəsində torpağı qızdırdı, Yel çərşənbəsində təbiəti oyatdı indi isə sıra torpaqdadır əkin yerlərində işlər elə məhz Torpaq çərşənbəsində başlayır.
Bayram günlərinin isə özünəməxsus inancları, ritualları, adətləri var. Onlardan biri də uşaqların və gənclərin çox sevdikləri, əyləndikləri papaq atmaqdır. Bu adət zamanı atılan papaqları heç vaxt boş geri qaytarmazlar deyirlər.
Bir digər geniş yayılan adət isə qulaq falına çıxmaqdır. Bu adətdə hər hansı bir evdə danışılanlar gizlincə dinlənilir əgər yaxşı söhbətlər danışılırsa onda bu o deməkdir ki, arzunuz yerinə yetəcək.
Tonqaldan tullanmaq isə növbəti adətlərimizdəndir. Bu adət həm Novruz bayramı günü həm də əsas Od çərşənbəsi günü həyata keçirilir.
Üzük falı isə qızlar arasında yayılan ən məşhur adətlərdən sayılır, odur ki, sapa bağlanmış üzük su ilə dolu bir stəkanın içərisinə salınır və üzük neçə dəfə stəkanın divarlarına dəysə bu o deməkdir ki, qız o yaşında ailə quracaq.
Səməni əkmək isə demək olar bütün ailələrdə həyata keçirilən bir adətdir, hər bir ailədə səməni yetişdirilir və bu da yazın gəlişindən ətrafın yaşıllaşmağından xəbər verir.
Yumurta döyüşdürmək isə elə balaca vaxtlarımızdan hamımızın ən sevdiyi olub. Yumurtası qırılan tərəf digərinin dediklərini etməli idi. Kimin oyun yumurtası çox sınarsa, o da sınıqları yır-yığış eləyir, qalib qəhrəmanlar kimi sevinir.
Səməni cücərtmək, yumurta boyamaq, şəkərbura, paxlava, qoğal kimi milli mətbəximizin bir-birindən dadlı təmlarını bişirib süfrələri bəzəmək, xonçalar hazırlamaq, tonqal üzərindən tullanmaq, kosa, keçəl oyunları, Bahar qızı – bunların hər biri Azərbaycanda Novruz şənliklərinin ən mühüm simvolları hesab edilir.
Artıq Novruza sayılı günlər qalıb. Ölkəmizin hər yerində bayram ab-havası özünü göstərir. İstər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarımızda yaşayan hər bir kəsin evində bayram hazırlıqları gedir. Bakıda isə pandemiyaya görə məhdudiyyətlərin nisbətən yumşaldılmasından sonra şəhərimizin küçə və parklarında, xüsusilə də Bakının incisi hesab edilən İçərişəhərdə, Nizami küçəsində, Fəvvarələr meydanında bayram ab-havası yüksək səviyyədə hiss edilir.
Novruzu adətləri ilə, simvolları ilə dünyada ən gözəl qeyd edən ölkələr sırasında birinci hesab edilən Azərbaycana da bu dövrdə xüsusilə turist axını sıx müşahidə olunur.
“Avantaj Group” turizm şirkətinin rəhbəri Orxan Məmmədli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Novruz bayramı ilə əlaqədar olaraq hazırda turislərin çoxluğu müşahidə olunur. “Xüsusilə İrandan gələn həmyerlilərimiz və elə farslar özləri də, Türkiyə, ərəb ölkələri, İsrail kimi ölkələrdən turistlərin gəlişi daha çox müşahidə olunur. Maraqlısı odur ki, onlar sadəcə Bakıya deyil, regionlara da xüsusilə səfər etmək istəyirlər. Məlumdur ki, bayram xüsusilə regionlarımızda olduqca maraqlı və şən keçirilir. Bu səbəblərdəndir ki, xarici turistlərlə bərabər, yerli turistlərin də regionlara axını bu ərəfələrdə sıxlıqla müşahidə olunur.”
Nilufər
Mustafaqızı
İki sahil.- 2022.- 6 mart.- S.14.