Tarixdə iz qoymuş

xeyriyyəçi qadınlarımız

 

Onlar xalq üçün həyata keçirdikləri böyük işlərlə heç də neft maqnatlarımızdan geri qalmayıblar

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli burjuaziyanın meydana çıxması ilə eyni vaxtda xeyriyyəçilik ənənələrinin də əsası qoyuldu. Sözügedən dövrdə meydana gələn burjuaziya təbəqəsi xalqın həyatında mühüm əhəmiyyət kəsb etmişdi. Hər şeydən əvvəl onlar ölkənin inkişafı ilə əlaqədar çoxlu xeyriyyə işləri görüb və xalqın qayğısına qalıblar. Bu insanların keçdikləri həyat yolu və fəaliyyətləri yalnız Sovet imperiyası dağıldıqdan sonra araşdırılmağa başlanılıb. Nəticədə bizə Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Musa Nağıyev kimi mesenatların həqiqi fəaliyyətləri və xalq üçün etdikləri bəlli oldu. Adları çəkilən neft maqnatları ilə yanaşı, onların xanımları da geniş ictimai fəaliyyətlə və eyni zamanda xeyriyyəçiliklə məşğul olublar. Müəyyən araşdırmalar əsasında məlum olub ki, o dövrdə xanımlarımız hətta Azərbaycanda qadın hərəkatının başlanğıcını qoyublar. Təəssüf ki, bu günə qədər həmin qadınların gördüyü işlər dərindən araşdırılmayıb.

 

Azərbaycanın ilk xeyriyyəçi qadını

 

Əminəm ki, aranızda çox az adam bilir ki, Təzəpir məscidini öz şəxsi hesabına bir azərbaycanlı xanım tikdirib. O, öz səxavəti və xåyirxahlığına görə ad qazanmış, nåft mədənlərinə və bir çox böyük imarətlərə malik olmuş, şollar su kəmərinin çəkilməsinə külli miqdarda pul xərcləmiş, Sabunçu xəstəxanasında kasıb və yåtimlərin müalicəsini öz üzərinə götürmüş, Tatar küçəsində (indi A. Topçubaşov) hamam tikdirmişdir. Həmin hamam həftənin bir gününü kasıblar və kimsəsizlər üçün pulsuz işləyirdi. Söhbət məşhur azərbaycanlı xeyriyyəçi Nabat Aşurbəyovadan gedir. Nabat Aşurbəyova 1795-ci ildə Bakı şəhərində Qoca bəy Aşurbəyovun ailəsində dünyaya gəlmişdir. Onun həyatındakı ən böyük işi Bakı şəhərində tikdirdiyi (1905-1914-cü illər) Təzəpir məscididir. Bu məscidin tikilməsində o, ilk diplomlu azərbaycanlı måmar, Sankt-Påtårburq Mülki İnşaat Mühəndisliyi İnstitutunun məzunu Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə åtmişdir. Sonrakı illərdə o, Bakı şəhərinin ilk baş måmarı olmuşdur. Nabat xanım Zivər bəyə xeyli vəsait vårərək, onu məşhur məscidlərin måmarlığını öyrənmək üçün Şərq ölkələrinə åzamiyyə göndərmişdir.

Nabat Aşurbəyova ilk azərbaycanlı xeyriyyəçi qadın hesab olunur. 2013-cü ildə Prezident İlham Əliyevin tövsiyəsi ilə Təzəpir məscidinin yerləşdiyi küçənin adı dəyişdirilərək Nabat Aşurbəyova adlandırılmışdır. Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayåvin həyat yoldaşı olub. Onların bir oğlu (Hacı Abbasqulu Rzayåv) və 2 qızı vardı - Əşrəf (Zülåyxa) xanım və Gülbəstə xanım.

Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim ådir. Lakin Bakı qubårnator idarəsi pravoslav ruhanilərinin fitvası ilə minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə vårdi. Əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə ålə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Alåksandr Nåvski pravoslav kilsəsini kölgədə qoyardı. Lakin qısa minarə ilə tikilməsinə baxmayaraq, Təzəpir məscidi Bakıda ən iri və möhtəşəm məscid olmaqla yanaşı, həm də şəhərə yaraşıq vårən gözəl måmarlıq abidəsi oldu. Məscidin özülünə birinci daşı qoyması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xåyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət ådir. 9 ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Lakin Nabat xanım öz arzusunun sona yåtdiyini görmür. 1912-ci ildə - 117 yaşında ikən vəfat edir. Onun ölümündən 2 il sonra, 1914-cü ildə yarımçıq qalmış işini oğlu Hacı Abbasqulu Rzayåv başa çatdırır. Nabat xanım və oğlu Hacı Abbasqulu məscidin girişində dəfn ådilmişlər.

 

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti

 

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və təsadüfi deyil ki, bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüsü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. Zadəgan ailəsində böyümüş, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım xalqın maarifləndirilməsi yolunda olmazın əziyyətlərə qatlaşıb. O, öz mənzilində uşaqlara dərs deməklə  yanaşı, oba-oba, ev-ev gəzib qadınlara tikmək, yazıb-oxumaq öyrədib. Eyni  zamanda Hənifə xanım rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. Deyilənlərə görə, o, Zərdab əhlindən 132 nəfəri ömürlük kor olmaqdan xilas edib. Həsən bəy Zərdabinin ən böyük arzularından biri də Bakıda müsəlman qız  məktəbinin açılması olub. Onun bu arzusunu böyük xeyriyyəçi Hacı Zeynalabdin  Tağıyev həyata keçirir. Belə ki, onun şəxsi  hesabına Bakıda qız məktəbi tikilir. Məktəbdə müdirə işləmək üçün müsəlman qadın yox idi. Bu, elə bir dövr idi ki, məktəbdə işləmək və təhsil almaq təhlükəli idi. Lakin Hənifə xanım heç nədən, heç kimdən qorxmadan qız məktəbində müdirə işləməyi öz üzərinə götürərək, burada oxuyan qızlara mənəvi ana olmuşdu.

Bu sırada qadın xeyriyyə cəmiyyətinin ilk fəxri sədri, məşhur sahibkar Murtuza Muxtarovun xanımı Liza Tuqanovanın fəaliyyəti xüsusilə diqqət çəkir. Deyilənlərə görə, Liza xanım ictimai fəaliyyətə hələ gənclik illərindən qoşulmuşdu. O, vərəmlə mübarizə cəmiyyətinin fəal üzvü olmaqla yanaşı, Bakı müsəlman maarifçilik cəmiyyəti "Nicat"da gərgin iş aparır, xüsusi uşaq xəstəxanasının yaradılmasında həm maddi, həm də təşkilati cəhətdən iştirak edirdi. Eyni zamanda Birinci Dünya müharibəsinin əvvəlində Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdi. Liza xanım bu cəmiyyətin sıralarında Rəhilə   Qaziyeva, Sara Vəzirova, Pəri Topçubaşova və bir çox başqalarını birləşdirə bildi. Araşdırmalar göstərir ki, bu qadınların qəyyumluq obyektləri kasıb ailələrdən olan qızlar olub. Liza Tuqanova-Muxtarova üçün məhz pedaqoji,  maarifçilik fəaliyyəti əsas idi. O, özünün Persidski küçəsindəki (indiki M.Muxtarov küçəsi) möhtəşəm sarayında yetim müsəlman qızlar üçün özünəməxsus pansion təşkil etmişdi. Cəmiyyətin bütün məsələləri, görüləcək işlər onun evində müzakirə olunur, məhz onun təşəbbüsü ilə tez-tez mədəni tədbirlər həyata keçirilirdi. Bundan başqa, qız məktəbində tamaşalar təşkil edir, qızlara ana qayğısı ilə yanaşırdı. Təəssüf ki, Liza xanımın  taleyi də neft maqnatlarının taleyi kimi acı sonluqla bitdi. İzi qürbətdə, mühacirətdə itdi.

Sonda onu qeyd edək ki, XIX əsrin sonları, XX əsrin əvvəllərində fəaliyyət göstərən bu xeyriyyə cəmiyyətləri xalqımızın maariflənməsində, yoxsul uşaqların təhsil almasında çox böyük rol oynayıb. Eyni zamanda, xalqımızın dünya mədəniyyətinə yaxınlaşmasında və ona qovuşmasında əvəzsiz xidmətlər göstərib. Belə demək mümkünsə, onlar, bir növ mədəni inkişafımızı şərtləndiriblər. Qısa bir dönəmdə, məhdud zaman çərçivəsində kübar xanımlarımız elə böyük işlər görüblər ki, gələcək nəsillər onları  tanımalı və böyük minnətdarlıqla xatırlamalıdırlar.

 

Sevinc Azadi

 

İki sahil.- 2022.- 6 mart.- S.13.