Qarabağın tacı Şuşa...

 

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə  müraciəti zamanı 2022-ci ili «Şuşa İli» elan etdi. Ardınca isə 2022-ci ilin yanvarın 5-də bu barədə Sərəncam imzaladı. Sərəncamda qeyd olunub ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazıb.

Qeyd edək ki, Şuşa şəhərinin inkişafında ulu öndər Heydər Əliyevin də xüsusi əməyi olmuşdur. Belə ki, ötən əsrin 70-ci illərində Şuşa şəhərinin turist məkanı kimi inkişafında böyük işlər görülüb. Həmin illərdə onlarla otel və istirahət məkanları istifadəyə verilib, Qarabağ xanının vəziri şair Molla Pənah Vaqifin monumental abidəsinin açılışı olub. Həmin illərdə Şuşada Vaqif Poeziya Günləri keçirilib. Şuşanın tarixi abidələri və məhəllələri restavrasiya edilərək yeni nəsillərə çatdırılıb.

Prezident İlham Əliyevin məhz zəfər və quruculuq ili olan 2021-ci ilin ardınca 2022-ci ilin «Şuşa İli» elan edilməsi haqqında Sərəncamı bir daha dövlət başçısının qətiyyətinin və uzaqgörənliyinin nəticəsidir. Bu Sərəncam, əslində Azərbaycanın tarixən mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından çox önəmlidir. Çünki Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli, mənəvi və mədəni düşüncəsində xüsusi yeri var. Azərbaycanda Şuşa kimi ikinci bir şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə çəksin və insanların milli ruhuna və milli heysiyyatına təsir edə bilsin. Buna görə də, Şuşanın təməlinin qoyulmasının  270 illiyi münasibətilə 2022-ci ili «Şuşa İli» elan edilməsi ölkə vətəndaşlarının ürəyincə oldu. Prezidentin bu addımı  tarixi, siyasi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir və  bir neçə strateji hədəfə çatmağa hesablanıb. İlk növbədə məqsəd Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır. İl ərzində bütün qurumlar- dövlət, özəl, qeyri-hökumət  təşkilatları, media institutları Şuşa şəhərinin  270 illik yubileyini təntənəli şəkildə qeyd edəcəklər. Bu tədbirlərin hər birində Şuşanın yaranması, onun paytaxt və əsas şəhər olaraq Qarabağın və bütövlükdə Azərbaycanın iqtisadi, mədəni həyatında oynadığı rol, işğal dövründə məruz qaldığı vandallıq,  Azərbaycan Ordusunun şəhəri işğaldan azad edərkən göstərdiyi misilsiz qəhrəmanlıq və digər vacib məsələlər haqqında ətraflı məlumat veriləcək.

Eyni zamanda, bu barədə yeni-yeni kitablar və nəşrlər çap olunacaq, filmlər çəkiləcək. Hazırkı postmünaqişə dövründə bu məlumatların yayılması bir tərəfdən Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha təqdim edəcək, digər tərəfdən, uzun illər tarixi saxtalaşdırmağa cəhd edən erməniləri və onların yalanlarını əyani faktlarla ifşa edəcək. Digər hədəf  Qarabağdakı quruculuq prosesini və  Böyük Qayıdışı sürətləndirməkdir. 2022-ci ilin  «Şuşa İli» elan edilməsi o deməkdir ki,  il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək. Təbii ki, bütün bunlar imkan verəcək ki, Şuşa və ətraf ərazilərə əhalinin qayıtması üçün bütün lazımi imkanlar yaradılsın və orada normal həyat bərpa edilsin. Bu halda  2022-ci ili Qarabağa Böyük Qayıdışın önəmli mərhələsinin başlanğıc ili kimi də qəbul edə bilərik.

Daha bir mühüm hədəf isə Qarabağın təhlükəsizliyini gücləndirməkdir. Məlumdur ki, Şuşaya kim nəzarət edirsə, Qarabağa da o nəzarət edir. Bu baxımdan Şuşanın qısa müddətdə bərpası və məskunlaşdırılması Qarabağın təhlükəsizliyinin gücləndirilməsi  baxımından çox önəmlidir.

Digər tərəfdən, ölkəmizin gücünün və qüdrətinin göstəricisi olaraq Şuşanın tezliklə dirçəldilməsi və məskunlaşdırılması ermənilərin yaşadıqları ətraf kəndlərə, xüsusilə bir addımlıqda olan Xankəndinə hərtərəfli təsir edəcək, bu ərazilərin Azərbaycanın sosial, iqtisadi və hüquqi məkanına uyğunlaşdırılmasına yardımçı olacaq. Yəni, başqa bir alternativi olmayan ermənilər ya Azərbaycanın qanunlarına hörmət edib reinteqrasiya prosesinə qoşulacaqlar, ya da Konstitusiyasına əməl etmək istəmədikləri ölkəni tərk etməli olacaqlar.

Həmçinin Şuşada həyat öz axarına düşdükcə keçən ilin iyun ayında Azərbaycan və Türkiyə prezidentlərinin  imzaladıqları «Şuşa Bəyannaməsi»ndə əks olunan bir sıra müddəaların, xüsusilə Şuşada Türkiyənin Baş Konsulluğunun açılmasının icrası sürətlənə bilər ki, bu da öz növbəsində bölgənin təhlükəsizliyinə əlavə dividendlər gətirəcəkdir. Bir sözlə, Müzəffər Ali Baş Komandanımızın 2022-ci ili «Şuşa İli» elan etməsi İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Qələbəni iqtisadi, siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirməyə xidmət edən müdrik bir siyasi gedişdir.

 

Elçin Zaman

 

İki sahil.- 2022.-10 mart.- S.5.