“İstiqlal marşı”:
Əyilmək bilməyən
millətin qəhrəmanlıq
dastanı
12 mart 1921-ci ildə
Türkiyə Böyük Millət Məclisi tərəfindən
qəbul edilən, böyük şair Mehmet Akif Ərsoyun
müəllifi olduğu “İstiqlal marşı” türk millətinin
milli irsini, müqəddəs mənəviyyatını və
ən əsası istiqlaliyyətini heç kimin pozmasına
imkan verilməyəcəyinə dair bir bəyanatdır
101 il əvvəl qəbul edilən, Türkiyə Cümhuriyyətinin müstəqillik və suverenliyinin ən vacib rəmzlərindən biri olan Dövlət Himni bu ölkənin ən ağır günlərində bəstələnib desək yanılmarıq. Osmanlı I Dünya müharibəsindən məğlub çıxmışdı, ölkənin çox yeri işğal altındaydı, Milli Mücadilə prosesi başlamışdı, xalqın mənəvi qidası üçün bu kimi ehtiyaclar zəruri idi. Nəhayət, 23 aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisi (TBMM) qurulur. TBMM bir tərəfdən işğalçılara qarşı Qurtuluş savaşı aparır, digər tərəfdən isə bu mücadiləyə qarşı çıxanların əleyhinə fəaliyyət göstərir, xalqın məlumatlandırılması üçün yaradılan İrşad Heyəti və İstihbarat Müdiriyəti Ümumiyəsi var gücü ilə çalışırdı. İşğalçılara qarşı mübarizə aparan ordunun mənəvi baxımdan da yüksək ruhda olmasına diqqət edən hökumət bu yönümdə də müəyyən işlərə başlayır.
25 oktyabr 1920-ci ildə “Hakimiyet-i Milliye” qəzetində belə bir elan verilir: “Şairlərimizin nəzəri-diqqətinə. Millətimizin daxili və xarici istiqlal uğruna girişmiş olduğu mücadiləni ifadə və tərənnümü üçün bir İstiqlal marşı Umur-u Maarif Vəkaləti Cəliləsincə müsabiqəyə çıxarılmışdır. Bu müsabiqə 23 qanun-i əvvəl 1336 tarixinə qədər olub bir heyəti-dəbiyə tərəfindən göndərilən əsərlər arasından seçiləcək və qəbul edilən əsərin mətni üçün beş yüz lirə mükafat veriləcək. Və yenə 500 lirə təhsis ediləcək olan bəstə üçün ayrıca müsabiqə keçiriləcək. Bütün müraciətlər Ankarada Böyük Millət Məclisi Maarif Vəkalətinə edilməlidir”.
23 dekabr 1920-ci ilə qədər təşkil olunan müsabiqəyə göndərilən əsərlərin heç biri bəyənilmir. Dönəmin Maarif naziri Həmdullah Sübhi həmin vaxt Burdur millət vəkili olan, tanınmış şair Mehmet Akifdən niyə müsabiqəyə qatılmadığını soruşur. Məlum olur ki, şair Milli Marş üçün mükafat, yəni pul veriləcəyi üçün qatılmayıb. Nazir məcbur qalaraq 1921-ci il fevralın 5-də Mehmet Akifə məktub ünvanlayır, xahiş edir ki, son çarəmiz möhtərəm şairin marş yazmasıdır...
Niyə məhz Mehmet Akif?
Mehmet Akif 1873-cü ildə İstanbulda doğulub. Atası Tahir əfəndi Fatih mədrəsəsində müəllim olub. Akif 1885-ci ildə Mülkiyyə məktəbinə daxil olur. Bu zamana qədər isə atasından ərəb dilini, Fatih məscidində isə fars dilini öyrənir. Həmçinin fransızca dərslər alır. Orta məktəb illərindən şeirlə tanış olur. 1888-ci il Akifin həyatına faciə ili kimi düşür. Həm atasını itirir, həm də ailənin yeganə varidatı olan evləri yanır. Buna görə də Mülkiyyə məktəbindən çıxan Mehmet Akif Halkalı Baytar məktəbinə daxil olur. Buranı bitirdikdən sonra məmur kimi fəaliyyətə başlayır, 1898-ci ildə İsmət xanımla ailə həyatı qurur.
1908-ci ildə Məşrutiyyənin elanından sonra Mehmet Akif İttihad və Tərəqqi Partiyasına qatılır. O, partiyanın xalqa təhsil və irşad vermək kimi fəaliyyətləri ilə məşğul olur. Akif dini bir ailədən gəldiyi üçün xilası İslamda görür, amma fransız dilini bildiyi üçün Qərb dünyagörüşünü də ana qaynaqlardan öyrənirdi. Bu dövrlərdə Osmanlının torpaq itirməsi, Balkan savaşlarındakı məğlubiyyət Mehmet Akifin əsərlərində birbaşa özünü göstərir. O, Balkan savaşı dönəmində yaradılan, sonralar isə Qurtuluş savaşı dönəmində milli mücadilənin təşkilatlanmasında önəmli rol oynayan Milli Müdafiə Cəmiyyətinə bağlı olan Heyəti-Tənviriyyəyə üzv olur. Bu qurumun məqsədi xalqı ədəbiyyat vasitəsilə düşmən işğalına qarşı məlumatlandırmaq idi. 1914-cü ildə Mehmet Akif Berlinə göndərilir. Burada məqsəd ingilis və fransız müstəmləkələrində yaşayan müsəlmanların Osmanlıya qarşı savaşda iştirak etmələrinin qarşısını almaq idi. 1915-ci ilin mayında o, Ərəbistana göndərilir, buradakı vəzifəsi Şərif Hüseyn üsyanına qarşı olan qəbilələrin dəstəyini almaq idi. Ərəbistan yollarında ikən o, Çanaqqala zəfərinin müjdəsini alır və hıçqırıq içində Allaha şükürlər edir.
I Dünya müharibəsindən sonra yıxılan Osmanlının yerində Türkiyəni qurmaq məqsədi ilə yola çıxan Mustafa Kamal Paşa xalqın böyük rəğbətini qazanan Mehmet Akifə ehtiyac duyur. Onu Ankaraya dəvət edir. Akif oğlu Emin bəylə birlikdə 24 aprel 1920-ci ildə Ankaraya gəlir. Akif bu dövrdəki çıxışlarında Milli mücadilədə məğlub olarlarsa, geri çəkiləcək Vətənlərinin olmadığını xalqa bildirir. Xütbələrinin birində xalqa deyir: “Kölənin cümə namazı qəbul olunmaz. Hürriyyəti əldə edib sonra cüməyə gedəcəksiniz”.
Millətin ən
qiymətli hədiyyəsi
Beləliklə, İstiqlal marşının yazıldığı dönəmə qədər Mehmet Akif artıq xalq içində həm milli mücadilə tərəfdarı, həm islami birlik çağırışçısı, həm də məşhur şair kimi tanınırdı və buna görə də marşı Mehmet Akifin yazması istənilirdi. Şair isə həm yaşına görə müsabiqəyə qatılmağı doğru hesab etmir, həm də ortada pul məsələsi olduğu üçün uyğun hesab etmir. Nəhayət, nazirin məktubu, dostlarının xahişi və pulun bir xeyriyyə qurumuna veriləcəyi şərtindən sonra şair marş yazmağa razılaşır. 10 gün içində tamamlanan şeir 17 fevral 1921-ci ildə “Sebiülreşad” dərgisinin ilk səhifəsində “Qəhrəman ordumuza ithaf” başlığı ilə yayımlanır. 1 mart 1921-ci ildə marş Məclisin gündəminə çıxarılır, 12 günlük müzakirədən sonra qəbul edilir. Mətnin qəbulundan sonra artıq marş adını aldığı üçün millət vəkilləri ikinci dəfə marş oxunarkən ayaq üstə dinləyirlər. Marşı bəyənən Mustafa Kamal bu barədə deyir: “Bu marş bizim inqilabımızın ruhunu anladır... İstiqlal marşında mücadiləmizi anlatması baxımından böyük mənası olan misralar vardır. Ən bəyəndiyim yer bu misralardır: “Haqqıdır hürr yaşamış bayrağımın hürriyyət, haqqıdır Haqqa tapan millətimin istiqlal”. Mənim bu millətdən əsla unutmamasını istədiyim misralar budur. Bu o deməkdir ki, əfəndilər, Türkün hürriyyətinə toxunula bilməz”.
Müsabiqənin qalibinə verilən pula gəlincə, şair qazandığı 500 lirəni yoxsul qadın və uşaqlara iş öyrədən Darülmesai adlı quruma verir. Həmin vaxt isə şairin qışda geyinməyə paltosu belə yox idi. Dostlarından biri 500 lirəni özünə xərcləməsinin daha doğru olduğunu söyləməsinə hiddətlənən şair iki ay ərzində onu dindirməmişdi. Marşın bəstələnməsi prosesi isə daha uzun sürür. Müsabiqə elan edilir, müxtəlif variantlar ortaya çıxır. Nəhayət, 1930-cu ildə Osman Zəki Üngör bəyin bəstəsi qəbul edilir.
Mehmet Akif isə 29 dekabr 1936-cı ildə
İstanbulda vəfat edir. Xəstə yatağında ikən
dostlarının İstiqlal marşı ilə bağlı
sualına belə cavab verir: “İstiqlal Marşı... O
günlər necə səmimi, həyəcanlı günlər
idi. O şeir millətin o günkü həyəcanının
ifadəsidir... O şeir
bir daha yazıla bilməz. Onu kimsə yaza bilməz. Onu mən
də yaza bilmərəm. Onu yazmaq üçün o günləri
görmək, o günləri yaşamaq lazım idi. O şeir
artıq mənim deyil. O millətindir və mənim millətə
qarşı ən qiymətli hədiyyəmdir”.
Sevinc Azadi
İki sahil.- 2022.- 12 mart.- S.21.