Qəhrəmanın döyüş yolu
Qərbdən Alazan, cənubdan isə
Böyükçay çaylarının əhatə etdiyi
dağlar qoynunda qədim keçmişi olan Lahıc kəndi
yerləşir. Burada insanlar əsasən əkinçiliklə
və maldarlıqla məşğul olsalar da, tarixən kənddən
xeyli ziyalı, sənət, peşə adamı
çıxıb. Vətənpərvər, qəhrəman
oğullar isə bu kəndə hər zaman baş
ucalığı gətirib.
1990-cı
ilin bir yay səhəri idi. Həmin
gün Məhəmməd kişi adi günlərdən daha
şən, daha xoşbəxt görünürdü.
Çünki, onun ailəsində qızı Vəsilədən
sonra çox arzusunda olduğu oğlu doğulmuşdu.
Dünyaya yenicə göz açan uşağın
adını İsmayıl qoymuşdular. Balaca
İsmayılın gəlişi ilə atanın qəlbində
yeni arzular, ümidlər, istəklər
baş qaldırmışdı. Ömür-gün
yoldaşı Həlimə xanımla başbaşa verib, balaca
İsmayılı el-obaya, Vətənə layiqli bir övlad
kimi böyütmək onların ən böyük
arzularından idi.
İsmayıldan
sonra Səmədovlar ailəsində daha bir oğul
övladının, Elvinin dünyaya gəlişi də
böyük sevincə səbəb oldu.
...İsmayılın
uşaqlığı yenicə müstəqillik əldə
etmiş ölkəmizin ən çətin, ən
ağır illərinə təsadüf etmişdi. Bədnam
qonşumuz Ermənistan Azərbaycanı elan edilməmiş
müharibəyə sürükləmiş,
xalqımızı iqtisadi və sosial məhrumiyyətlə
dolu həyat yaşamağa məhkum etmişdi.
İsmayıl
böyüyüb Lahıc kənd orta məktəbinə gedəndə
ilk müəllimi Cəvahir xanım olmuşdu. Cəvahir
müəllimə ona ilk dəfə
“Ana”, “Vətən” sözlərini yazmağa öyrətmişdi.
İlk müəllimi, sinif yoldaşları İsmayılı
iti yaddaşa malik, çalışqan, mehriban şagird kimi
sevirdilər. Fəxrəddin müəllim qeyd edir ki, İsmayıl Azərbaycan dili və
ədəbiyyat dərsinə həmişə
hazırlıqlı gələr, digər fənləri də
həvəslə oxuyardı.
Təbiət
fənlərinə marağı çox olduğunu görən
valideynlər İsmayılı həkim görmək
arzusundaydılar.
Bir
gün Azərbaycan Ali Hərbi Məktəbinə daxil
olmuş, hazırda Silahlı Qüvvələrimizdə
yüksək rütbəyə çatmış Murad Atayev kursant geyimində kəndə
qayıdır. İsmayıl ucaboylu, qamətli Muradla
görüşəndə boynuna sarılır, hərbçi
peşəsinə vurulur.
O günlərdə
kənddə İsmayılın dostları, sinif
yoldaşları Muraddan, onun geyindiyi formadan söz
açırdılar. Məktəbdə müəllimlər də
Muraddan danışır, onun bacarığına inanır,
parlaq gələcəyə malik hərbçi
olacağına ümid edirdilər. Bibisi oğlunun
ünvanına deyilən ürək dolusu xoş sözlər
eşitdikcə İsmayılın hərbçi peşəsinə
olan sevgisi qəlbinin dərinliyində kök atır. O, hərb
sənətinə olan tükənməz sevgisini heç vaxt
dilinə gətirməsə də, daxilən özünü
bu şərəfli yolun yolçusu olmağa
hazırlayırdı. İsmayılın qəlbində
artıq, Vətənə, torpağa, millətə əvəzsiz
sevgi baş qaldırmışdı.
İsmayıl
böyüdükcə ölkənin müharibə şəraitində
yaşadığını, Qarabağımızın ermənilər
tərəfindən işğal edildiyinə qəlbən
çox acıyırdı. Bir milyondan artıq
soydaşımız dədə-baba yurdundan didərgin
düşüb ağır, dözülməz şəraitdə
yaşamağa məcbur olmuşdular. Hər dəfə cəbhədən
gələn şəhid xəbəri İsmayılın erməni
vandallarına qarşı nifrət hissini daha da
artırırdı.
Doqquzuncu
sinifi bitirəndən sonra valideynləri qərara gəlmişdilər
ki, İsmayıl təhsilini Bakıdakı Kimya Biologiya Təmayüllü
Respublika Liseyində davam
etdirsin. İsmayıl imtahanlardan yüksək bal toplayıb
liseyə qəbul olundu. Əla qiymətlərlə oxuyan İsmayıl məktəbdə
müəllim və şagirdlərin rəğbətini
qazandı. Liseyi bitirəndə hamı müxtəlif ali məktəblərə
qəbul olmaq üçün sənədlərini Tələbə
Qəbulu Üzrə Dövlət Komissiyasına təqdim edəndə
İsmayıl Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbini seçmişdi. İsmayıl bunun
üçün valideynlərini də razı sala bilmişdi.
Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinə ən yüksək bal toplayanların
arasında İsmayıl Səmədovun da adı vardı.
Beləliklə,
İsmayılın kursant həyatı başladı. Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil
aldığı illərdə İsmayıl hərbi bilikləri
mükəmməl mənimsəyirdi ki, gələcəkdə
zabit kimi xidmət edəndə tabeliyində olanlara hərb
elminin sirlərini asanlıqla aşılaya bilsin.
Atası
Məhəmməd kişi deyir ki, İsmayıl heç zaman
xidmətin çətinliyini dilinə gətirməyib. Hərbi
işlərdən danışmağı ümumiyyətlə,
xoşlamırdı. Sanki, bu uşaq
anadan zabit doğulmuşdu. Həm kursant olanda, həm də
zabit kimi xidmət edəndə onu daim peşəsindən
razı görürdüm.
İsmayılın
çiyninə leytenant paqonlarını taxıb ilk dəfə
xidmətə başladığı birliyin ehtiyat hərbi
hissəsi idi. Bu hərbi hissə tez-tez çöl təlim məşqlərində
olur, döyüş atışlı
çalışmaları həm gecə, həm də
gündüz yerinə yetirirdi. Leytenant Səmədov komandiri
olduğu taqımın əsgərlərini qısa müddət
ərzində yaxından tanımışdı. Gənc
leytenant tabeliyində olan əsgərlərə Vətənə
sevgi, düşmənə nifrət hissi
aşılayırdı. Əsgərlərin istifadəsində
olan silahların xüsusiyyətlərini əvvəlcə
izah edir, daha sonra isə dərindən mənimsədiyinə əmin
olduğunu yoxlayırdı. İstər dağlıq, istər
düzən, istərsə də sıx meşəlik ərazilərdə
taktiki gedişləri onlara izah edirdi. Relyefə uyğun
düzgün hücum və müdafiə gedişlərini
icra etdirirdi. Komandanlıq da İsmayılın
çalışqanlığını görüb onun əməyini
yüksək qiymətləndirmişdi. Hərbi hissənin
şərəf lövhəsini leytenant İsmayıl Səmədovun
da şəkili bəzəyirdi.
Zabit kimi
xidmətə başladığı hərbi hissədə
bir ili tamam olmamış İsmayıl özünü daha məsuliyyətli
və ciddi qoşun növündə - xüsusi təyinatlı
qüvvələrdə xidmətini davam etdirmək qərarına
gəldi. Əslində, hissənin komandir heyəti
bacarıqlı, çalışqan və məsuliyyətli
zabitin getməsini istəməsə də,
İsmayılın istəyinə qarşı da
çıxmadılar. Xeyli (200 nəfər) hərbçinin
cəlb olunduğu altı aylıq təlim kursunu 20 nəfər müvəffəqiyyətlə
başa vurdu. Onların arasında İsmayıl birinci yerə
çıxmışdı.
İsmayıl
xüsusi təyinatlı qüvvələrdə qrup komandir təyin
olunmuşdu. Qısa müddətdə yeni xidmət yerində
də, bilik və bacarığı ilə fərqlənmişdi.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin və
Vətən Müharibəsi Qəhrəmanı general-leytenant
Hikmət Mirzəyevin təqdim etdiyi Fəxri fərmanlar bunun
təsdiqidir.
Gənc
zabit ayrı-ayrı vaxtlarda iki dəfə qardaş Türkiyədə
və Gürcüstanda komando kurslarında olub. Bu ölkələrdə
keçdiyi təlimlər onun döyüş
hazırlığını daha da artırmışdı.
Azərbaycanın
hərb tarixinə 2016-cı il Aprel döyüşlərində cəsur komandir düşmənin
xeyli canlı qüvvəsini və döyüş
texnikasını məhv edir. İsmayılın
döyüşlərdə göstərdiyi peşəkarlıq
və şücaət komandanlığın diqqətindən
yayınmadı. Dövlət
başçısı İlham Əliyev cəbhə bölgəsində
hərbçilərlə görüşərkən
İsmayıl Səmədovun da
əlini sıxıb, ona mükafat təqdim etmişdi,
bu, onun həyatında ilk mühüm hadisə idi.
Kapitan
İsmayıl Səmədovun qarşısında böyük
planları vardı. O, bunun üçün Azərbaycan
Ordusunun zabiti olaraq bütün varlığı ilə
çalışırdı. Tabeliyində xidmət edən hərbi
qulluqçuları yüksək döyüş və mənəvi
hazırlığa gətirmək üçün bilik və
bacarıqlardan istifadə edirdi. Gizir Cavad Babayev və digər
silahdaşları döyüşə həmişə cəsur
komandirlə getməyi arzu edirdilər. Çünki
hazırlıqlı, qorxmaz zabit kimi özünü
tanıtmış kapitan Səmədov döyüş
zamanı tabeliyindəkiləri məharətlə idarə etməyi
və onlara nümunə olmağı və
döyüşçüləri uğura aparmağı
bacarırdı.
Yüksək
dağlıq, düzənlik və meşə massivlərində
şəxsi heyətlə birlikdə təlim və məşqlərdə
iştirak edir, peşə vərdişlərini
günü-gündən möhkəmləndirməyə
çalışırdı. Vətən Müharibəsi Qəhrəmanı
mayor Gündüz Səfərli kapitan İsmayıl Səmədovun
keçdiyi çöl məşğələlərini
yaxından izləyir, komandaları necə icra etdiyinə nəzər
yetirirdi. Tabor komandiri çalışmanın hər bir
elementinin dəqiq və
düzgün yerinə yetirildiyini görürdü. Belə
bir zabitin döyüş meydanında uğur
qazanacağına inanırdı.
27 sentyabr
2020-ci ildə düşmən ağır silahlardan istifadə
edərək mövqelərimizə hücum etdi. Ordumuzun cəbhə
xəttində yerləşən bölmələri
düşmən hücumunun qarşısını qətiyyətlə
aldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri
ilə Azərbaycan Ordusu əks-hücuma keçdi.
İsmayıl da komandiri olduğu bölmə ilə
torpaqlarımızı azad etmək üçün hücum əmri
aldı. O, qrupu ilə düşmən arxasına keçərək
cəsarətlə onun ehtiyatlarını, köməyə
gedən dəstələrini məhv etməyi bacardı.
Füzuli, Cəbrayıl, Xocavənd yaşayış məntəqələrinin
azad edilməsi uğrunda gedən döyüşlərdə
düşmənə sarsıdıcı zərbələr
vurdu, bir neçə döyüş texnikasını və
xeyli sayda canlı qüvvəsini məhv etdi.
Oktyabrın
11-də kapitan İsmayıl Səmədova daha mühüm
döyüş tapşırığı verildi. O, Xocavənd
yaxınlığındakı Gorazilli kəndi istiqamətində
yenidən düşmən arxasına keçdi. O, qoşunlarımızın irəliləməsinə
mane olan ermənilərə köməyə gələn dəstəni zərərsizləşdirməli
idi. Düşmənin canlı qüvvə ilə dolu
üç maşını (80 nəfər silahlı erməni)
Səmədovun dəstəsinin gizləndiyi ərazidən keçmək
istəyirdi. Cəsur zabit ermənilərlə dolu
üçüncü avtomobili dəqiq atəşlə vurdu.
Daha iki avtomobildəki düşmən əsgərləri
dağlara qaçarkən onların da çoxunu qrup məhv
etdi.
Qeyri-bərabər
döyüşdə, təəssüf ki, kapitan
İsmayıl Səmədov düşmən gülləsindən
yayına bilmədi. Cəsur komandir canından artıq sevdiyi
Vətən torpaqlarının azadlığı yolunda əbədiyyətə
qovuşdu.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı
ilə göstərdiyi igidliyə görə kapitan
İsmayıl Məhəmməd oğlu Səmədov
ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı
adına layiq görüldü.
Vətən
Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov
illərcə əvvəl Bəsti xanımla ailə
qurmuşdu. Qəhrəmanın Nurgül və Mehdi adlı
övladları indi Vətənə əmanətdir.
Baş
nazir Əli Əsədov Azərbaycanın ərazi
bütövlüyü uğrunda həlak olmuş Vətən
oğullarının adlarının əbədiləşdirilməsi
barədə qərar imzalayıb. Ötən il Zaqatala
rayonundakı 5 nömrəli tam orta məktəbə Vətən
Müharibəsi Qəhrəmanı İsmayıl Məhəmməd
oğlu Səmədovun adı verilib. Vətən uğrunda
canından keçmiş cəsur kapitanın xatirəsi
xalqımızın yaddaşında həmişə
yaşayacaq.
Anar Miriyev
İki sahil.- 2022.- 12
mart.- S.18.