1995-ci ilin mart

hadisələrinin ibrət dərsləri

 

Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyən dağıdıcı müxalifətə nifrət edir

 

Ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləyən xalqımız məhz doğru seçimin nəticəsidir ki, bu gün qalib və məğrurdur

1995-ci ilin mart hadisələrindən 27 il ötür. Lakin həmin hadisələri törədənlərin cinayətkar əməlləri hələ də unudulmayıb. O dövrdə hakimiyyət hərisi olan bir qrup xəyanətkar insan öz ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər. Cavadov qardaşları və onlarla birlikdə çıxış edən dağıdıcı müxalifət dövlət çevrilişinə cəhd etmişdi. 1995-ci il martın 12-dən 13-nə keçən gecə mart hadisələri Qazaxda başladı. Həmin gün Xüsusi Təyinatlı Poils Dəstəsinin (XTPD) bölmələri Qazax və Ağstafa rayonlarının daxili işlər bölmələrindən 400 ədəd odlu silah ələ keçirmişdilər. Onlar Ağstafa təcridxanasından 25 məhbusu azadlığa buraxmış və həmin məhbuslar cinayətkarlara qoşulmuşdular. Bu rayonların dövlət hakimiyyət orqanları da zəbt edilmiş, nəticədə cəbhəyanı bölgədə vəziyyət ciddi surətdə gərginləşmişdi. Onlar regionda vəziyyətin sabitliyini pozur, dövlət hakimiyyət orqanlarına qarşı təcavüzkar niyyətlərini açıq şəkildə büruzə verirdilər. Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvləri inzibati orqanların binalarına və poçta hücum edərək onların normal fəaliyyətini pozmuş, sonra isə Ağstafa rayonunda öz çirkin niyyətlərini davam etdirmişdilər. Dövlət mənafeyini, dövlətçiliyi müdafiə edən Ağstafa Polis Şöbəsinin bir əməkdaşı öldürülmüşdü. XTPD-nin üzvləri getdikcə daha da azğınlaşmış, çoxlu sayda silah-sursat ələ keçirərək öz qanunazidd əməllərini daha da genişləndirmişdilər.

Halbuki Xüsusi Təyinatlı Polis Dəstəsinin 1990-cı ildə hansı məqsədlərlə yaradıldığı hamıya bəllidir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev XTPD-nin üzvlərinə martın 15-də televiziya ilə müraciət edərkən də onların torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaəti xüsusilə qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadov bundan nəticə çıxarmamış, əksinə, hakimiyyəti qeyri-konstitusion yolla ələ keçirmək üçün zorakılıq yollarına əl atmışdı. Bundan sonra, martın 16-17-də XTPD-nin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərilmişdir. Martın 17-də Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə almış və qiyam yatırılmışdır.

Qeyd etmək lazımdır ki, 13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir və həmin hadisələr silahlı qiyam kimi qiymətləndirilməlidir. Çünki XTPD-yə dəfələrlə təkid edilmişdi ki, DİN-in daxilində qeydiyyatdan keçsin və bu qurumun tabeçiliyinə verilsin. Amma XTPD-çilər bütün cəhdlərə baxmayaraq, hakimiyyətə müqavimət göstərmək qərarına gəlmişdilər. Konkret dövlətin himayəsi ilə yaradılmış bu silahlı dəstə sonradan dövlətin əleyhinə olan qiyamçı dəstəyə çevrilir, dövlət başçısının çağırışlarına məhəl qoymayaraq, dövlətə tabe olmaqdan boyun qaçırırdı.

Şübhəsiz ki, 1995-ci ilin mart hadisələri zamanı ulu öndər Heydər Əliyevin nüfuzu və xalqın əvəzolunmaz Liderinə olan inamı dövlət çevrilişinin qarşısının alınmasında başlıca amillər oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli Liderini dəstəkləməsi nəticəsində dövlət çevrilişi cəhdlərinin qarşısı uğurla alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və Ulu Öndərimizə dövlət quruculuğunda, iqtisadi, sosial, siyasi və mədəni həyatda genişmiqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yarandı.

Beləliklə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını qətiyyətlə alaraq AXC-Müsavat hakimiyyətinin dövründə meydan sulayan anarxiyaya və özbaşınalığa birdəfəlik son qoydu. Həmin hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənlərə nifrət edir.

 

Zaman xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün olduğunu bir daha sübut etdi. Ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləyən Azərbaycan xalqı məhz doğru seçimin nəticəsidir ki, bu gün qalib və məğrurdur. Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanın müstəqilliyinin qorunması və sağlam təməllərə malik dünyəvi, hüquqi dövlət, vətəndaş cəmiyyəti yaratmaq üçün mümkün, hətta mümkünsüz görünən hər şeyi etdi. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycan dövlətçiliyini etibar etdiyi Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 18 ildən artıq dövrdə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi və əbədi etdi. 8 noyabr 2020-ci il tarixində, Azərbaycan xalqının möhtəşəm Zəfər Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Fəxri xiyabana və Şəhidlər xiyabanına ziyarəti zamanı ölkə başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tarixi nitqindəki: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” cümlələri hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi, sevinc, qürur, fəxarət gözyaşlarına səbəb oldu. Bəli, cənab İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, xalqımızın başını uca etdi və müstəqil Azərbaycan üçün ən çətin və ziddiyyətli dövr olan 1993-1995-ci illərdə ulu öndər Heydər Əliyevin nail olduğu kimi, 2020-ci ildə Vətən müharibəsi günlərində Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və azərbaycançılıq, türk millətinə xas olan milli şərəf, qürur ruhu ətrafında bir yumruq kimi birləşdirdi. Azərbaycan xalqı çox xoşbəxtdir ki, dahi Heydər Əliyev kimi Ulu Öndəri olub və qətiyyətli, özü-sözü bir, milli-mənəvi dəyərlərimizə, tariximizə, Vətən torpağına ürəkdən bağlı olan və gücünü xalqımızdan alaraq “dəmir yumruğu” ilə tarixi haqq-ədaləti bərpa edən cənab İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var.

 

Cavid Əkbərov

 

İki sahil.- 2022.- 12 mart.- S.13.