190 yaşlı “Dürrü
yekta”
XIX əsr Qarabağ ədəbi
mühitinin ən görkəmli siması, əsrin bir
çox istedadlı şəxsiyyətlərini özündə
cəm edən "Məclisi-üns" ədəbi məclisinin
yaradıcısı Xurşidbanu Natəvan müdrik, kübar,
mərhəmətli "Xan qızı", incə ruhlu
şairə və rəssam kimi yaddaşlarda daim
yaşayır və xatırlanır
2022-ci ilin avqustunda Xurşidbanu Natəvanın 190 yaşı tamam olur. Prezident İlham Əliyev martın 14-də bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır.”
Natəvanın doğulduğu və əsası ulu babası Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində işğaldan azad edildikdən sonra Xan qızının ruhu da sakitlik tapdı. Qarabağın sonuncu xanı Mehdiqulu xanın yeganə övladı, eyni zamanda da Qarabağ xanlığının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırılan Xurşidbanu Natəvanın 190 illik yubileyi məhz onun Şuşasında qeyd ediləcək. Çünki Şuşanın demək olar ki, hər yerində Xan qızının ayaq izləri var.
Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan îlub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olublar. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. Yaşadığı dövrdə kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəhi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənərək, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi Şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb. Xanqızının dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Cavan, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də, ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndiriblər.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilib. Belə bir ehtimal da vardır ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib toy edib və Xurşudbanunu Dağıstana öz doğma kəndinə, oradan da Tiflisə aparıb. Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılaraq, qəriblik çəkib. 1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlanın adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar. Xurşidbanu Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazmışdır. Onun bir neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunub. Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə gedib, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirib. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olublar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməyib.
Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunub. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şeirlər yazıb. "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s. əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şeirlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənib.
Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri
“Gül dəftəri”
(1886) adlı albomundakı
rəsmlər buna sübutdur. Natəvan xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də
xalqın yaddaşına
həkk olub. Gənc şairə Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil edib.
1973-cü ildə Şuşaya
su kəmərini çəkdirib: bu su kəməri indi də “Xan
qızı bulağı”
adı ilə məşhurdur. Lakin, şəxsi münasibətlərin,
dövranın haqsızlığı,
zalımların sitəmi
şairi vaxtsız qocaldıb, onu həyat işığına
həsrət qoyub.
Ağlamaqdan gözlərinin nuru
getmiş, bədəni
taqətdən düşüb.
Xurşidbanu Natəvan
1897-ci il, 1 oktyabrda vəfat edib və Ağdamın
"İmarət" qəbiristanlığında
dəfn olunub. Ağdam işğaldan azad olunandan sonra, məlum olub ki, ermənilər tərəfindən Natəvanın
məqbərəsi dağıdılıb,
qəbiri isə təhqir olunub, qazılıb və sümükləri də qəbrindən çıxarılıb
aparılıbdır. Bu
haqda Azərbaycan əsilli məşhur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir, Mədəniyyət Nazirliyi
də də bu faktı təstiqləyibdir.
Natavanın Şuşadakı qəbirüstü abidəsi
də erməni vandalları tərəfindən
gülləylə deşik-deşik
edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdır.
Azərbaycan tərəfi
abidəni Gürcüstandan
Bakıya gətizdirir
və Bakıda R.Mustafayev adına
İncəsənət Muzeyinin
həyətində saxlanılır.
30 il sonra
isə Azərbaycan Prezidentinin təşəbbüsü
ilə Natəvanın
büstü Şuşaya
aparılır və büst yenidən bərpa edilir. Bu gün Natəvanın
büstü yenidən
Şuşadadır. Natəvanın
Şuşa şəhərində yerləşən
evi XVIII əsrə
aid tarix-memarlıq abidəsidir.
2016-cı
il fevralın
18-də Heydər Əliyev
Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo
şəhərində Xurşidbanu
Natəvanın abidəsinin
açılış mərasimi
keçirilib. Abidənin müəllifi
heykəltəraş İmran
Mehdiyevdir. Adına küçə,
klub, kitabxana və məktəb olan Xan qızının
əlyazmaları, şəxsi
geyim və əşyaları nadir eksponat
kimi arxiv və müzeylərimizdə
saxlanılır. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı
ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri
dövlət varidatı
elan edilən müəlliflərin siyahısına
daxil edilib.
Sevinc Azadi
İki sahil.- 2022.- 16 mart.- S.4.