Bərəkətli Novruz

 

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı

 

Novruz Azərbaycanın sevimli bayramlarından biridir. Bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz bayramı əsasən müsəlman ölkələrində qeyd olunsa da, dini bayram deyil. Bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını simvolizə edən yazın gəlişi qarşılanır.

Ümummilli lider Heydər Əliyev Novruz bayramı haqqında demişdir: “Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır”.

Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə həmişə, bütün dövrlərdə sadiq olub, onu yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Ata-babalarımızdan, əcdadlarımızdan bizə yadigar qalan bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi çeşid-çeşid naz-nemət, müxtəlif milli yeməklər bəzəyir. Xalqımızın  adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayramlaşmalıdırlar. Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta bəzəmək, döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər, inanclar Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.

Novruzda bayram masasının mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal - günəşi, şəkərbura - ayı, rənglənmiş yumurta - həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə olması vacib şərtdir.

Dünyanın əksər ölkələri Novruzu müxtəlif adlar altında qeyd edirlər. Bəs, nə üçün Yer kürəsində yaşayan hər millət bu gözəl bayramı keçirə bilmir? Yuxarıda da vurğuladığımız kimi, əsasən Şərq ölkələri Novruzu böyük sevinc və təmtəraqlı qeyd edir. Bu, həm də həmin ölkələrin iqlimi ilə bağlıdır. Hər ölkə ilin dörd fəslini də yaşaya bilmir. Məsələn, qışdan sonra yaz gəlir. Amma elə ölkələr var ki, onlarda yaz fəsli olmur. Yəni, hər ölkə bu baxımdan şanslı deyil. «Novruz bayramı» ensiklopediyasında qeyd olunur ki, Novruzilin yeni, başlanğıc günü deməkdir. Xalq da bu yeni başlanğıcı, soyuq, şaxtalı qışı arxada qoyduğu üçün sevinir. Yəni, “qışdan çıxmaq” həm də “zülmdən çıxmaq” kimi qiymətləndirilir. Artıq yollar açılır, qar əriyir, təbiət çiçəklənir, otlar göyərir, çaylar yavaş-yavaş daşır və ən nəhayət təbiət oyanır. Bu hadisəni insan hələ ibtidai təfəkkürdə  ocaq qalamaqla, Kosa və Keçəl ilə, müxtəlif oyunlarla qarşılayırdı və indimeydanlarda Kosanın, Keçəlin iştirakı ilə əyləncəli tamaşalar göstərilir.  Kosa qışı, Keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, Keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Xalq özünün Günəşə, Oda bağlılığını bu cür nümayiş etdirir,  arzularını, istəklərini bildirir. Tədricən də hava, iqlim düzəldikcə, yaz gəlir, fəsil dəyişir...

Kainatın yaranışından, çərşənbələrdən bəhs edərkən isə deyə bilərik ki, bu mövzuda alimlər arasında hələ də polemikalar bitmir. Çərşənbələrin sıralaması zamanı çox zaman fikir ayrılıqları yaşanır. Ümumiyyətlə, çərşənbələr kainatın yaranış mifi ilə bağlıdır. Vaxtilə Yer kürəsi ancaq buz qatından ibarət olub. Günəşin çıxmağı ilə  buz əriyib və torpaq qatı üzə çıxıb. Torpaqdan sonra isə insan nəfəs aldığı kimi təbiət də nəfəs almağa başlayıb. Dünyanın və insanın yaranmasını şərtləndirən məşhur “abi-atəş-xaki-bad” dördlük sistemi farscadan tərcümə edilərək hər bir ünsürə uyğun şəkildə bir çərşənbə adı düzəldilib. Yəni, ab - su, atəş - od, xak - torpaq, bad - külək. Son dövrlər isə üçüncü çərşənbəni yel çərşənbəsi hesab edirlər. Lakin folklorşünasların bir çoxu bu ardıcıllıqla razılaşmırlar. Onlar hesab edirlər ki, düsturu pozmaq olmaz. Çünki o, həm də insanın yaranış mifi ilə bağlıdır. İnsan qətrədən yaranır. Enerji əlavə olunur, materiya yaranır və ona nəfəs gəlir. Məsələn, körpənin dünyaya gəlməsinə də nəzər yetirəndə görərik ki, kainatın yaranışı ilə insanın yaranışı arasında vəhdət var. Xalqımız həmişə sonuncu çərşənbəyə ilaxır çərşənbə deyib. Sonuncu çərşənbə çox müqəddəsdir. İnancların əksəriyyəti də elə məhz həmin çərşənbə axşamı həyata keçirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Reprezentativ Siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb.

Hazırda Azərbaycan xalqı Novruzu, qalib ölkənin vətəndaşları kimi qeyd edirlər. Ulu Öndərin “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” arzusunu, vəsiyyətini və Azərbaycan xalqının arzularını Ali Baş Komandan, Prezident İlham Əliyev reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdibu gün biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

 

Günel Eyyubova

 

İki sahil.- 2022.- 16 mart.- S.6.