Novruz tonqalımız daha gur olsun!

 

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Ulu babalarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram xalqımız tərəfindən hər il  böyük təntənə ilə qeyd edilir. Çünki Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.

Bu da sevindirici faktdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük nüfuzu sayəsində xalqımızın bu əziz el bayramı da artıq bir neçə ildir ki,  UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.

Tarixçilərin, folklorşünasların gəldikləri  qənaət budur ki, Novruzun tarixi dünyanın və insanın yaranışından başlayır. Hələ ibtidai icma dövründən Novruz bayramı adı ilə olmasa da insanlar bu bayramı özlərinəməxsus şəkildə qeyd ediblər. Çünki soyuq qışın başa çatması, qarın, çovğunun günəşlə, yaşıllıqlarla əvəz olunması o dövrdə yaşayan insanları sevindirib. Onlar təbiətin oyanışını bayram ediblər. Novruz təmizliyi, paklığı, ruzi-bərəkət üzərində qərar tutan, qışın yazla əvəz olunduğunu, gecə ilə gündüzün bərabərləşdiyini simvolizə edən bir bayramdır. Öz gəlişi ilə hər şeyi yeniləşdirən və gözəlləşdirən Novruz insanlar arasındakı münasibətlərin də xoş bir məcraya düşməsinə yol açır, insanda yalnız xoş hisslər oyadır. Bu bayram əhvalımızın bahar havası kimi təmiz olmasını təlqin edir. Təsadüfi deyil ki, Azərbaycanda ta qədimdən Novruzun gəlişinə böyük hazırlıq görülür. Bütün bu hazırlıqlar isə təmizliyin, abadlığın, saflığın, xeyirxahlığın üzərində qurulur.

Bütün müsəlmanların, xüsusilə də türkdilli xalqların mütləq çoxluğunun sevinclə qeyd etdikləri Novruz bayramı sülh və bərabərlik rəmzi kimigeniş bir coğrafiyanı əhatə edir. Ən ağır dönəmlərdə də xalqımız bu ənənələri yaşadıb, Novruzu itməyə, yox olmağa qoymayıb. SSRİ-nin mövcud olduğu dönəmlərdə Azərbaycanda Novruz bayramının qeyd edilməsinə qadağalar olsa da xalqımız bu bayramı yaşatmağa nail olmuşdu. Belə ki, ümummilli lider Heydər Əliyev ötən illərin 70-ci illərində respublikamıza rəhbərlik etməyə başlayandan Sovet hökumətinin bütün qadağalarına baxmayaraq Novruz bayramını belə demək mümkündürsə, ev bayramından el bayramına çevirdi. İnsanlar artıq Novruzu açıq şəkildə, böyük coşqu və sevinclə qeyd edirdilər. Məhz həmin illərdə ilk dəfə olaraq, milli dəyərləri hər şeydən uca tutan respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə böyük atəşfəşanlıqla Novruz bayramları yaz bayramı adı ilə qeyd olunaraq respublika televiziyası ilə canlı yayımlanmışdı.

Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə müstəqil Azərbacanda Novruz bayramı rəsmi dövlət bayramı kimi qeyd olunmağa başladı. Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında demişdir: «Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir».

Artıq neçə illərdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə də Novruz bayramı əsl xalq bayramı kimi qeyd olunur. Dövlət başçısının qərarı ilə bayram günləri əhali üçün geniş şərait yaradılaraq istirahət günlərinin sayı artırılıb. Azərbaycan vətəndaşlarının Novruzu böyük bayram əhval-ruhiyyəsi ilə keçirməsi üçün dövlət tərəfindən lazımi diqqət ayrılıb. Ən böyük tarixi hadisə isə düşmən tapdağı altında olan tarixi torpaqlarımızda Novruz tonqalının alovlanmasını görmək idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri 44 gün ərzində  30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı düşmən əsarətindən xilas edə bildilər. Ümummilli Liderimizin «Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır» müdrik fikri və xalqımızın 30 illik arzusu məhz Müzəffər Ordumuzun şanlı Qələbəsi ilə gerçəkləşdi. Ali Baş Komandanımızın işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağımızın tacı olan Şuşada Novruz tonqalını yandırması artıq haqq-ədalətin, Azərbaycan xalqının Qələbəsinin, ordumuzun Zəfərinin təntənəsi idi.

 

Elçin Zaman

 

İki sahil.- 2022.- 17 mart.- S.4.