Naxçıvanın üç incisindən biri

 

Halay və yallılar haqqında dəyərli əsər

 

“Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: “Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq” – deyən  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar respublikamızda yallı sənətinin dərindən araşdırılması, təbliği, qorunması və yaşadılması istiqamətində göstərilən dövlət qayğısının əyani göstəricisidir. Ali Məclis Sədrinin daima diqqət və qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilib. Belə ki, “Yallı” festivallarının təşkil olunması, yallıların ilk dəfə nota köçürülməsi, “Naxçıvan-Şərur el yallıları” kitabının nəşr olunması və s. sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsində böyük əhəmiyyət kəsb edir.

Yallılar xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Bu tarixi gercəkliyə əsaslanaraq 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına  alınıb. Bu sənədin imzalanması çoxəsrlik xalq sənətinin qorunub yaşadılacağına, layiqli təbliğinə zəmanət verən ən böyük mədəniyyət hadisəsindən biridir.

Bu yaxınlarda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın bu yaxınlarda “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görən “Naxçıvan halay və yallıları: tarixi, mənşəyi və fəlsəfi anlamı” monoqrafiyası bu sahədəki ən sanballı material kimi oxucuların istifadəsinə verilmişdir. Zəngin etnomədəni materialının toplanması, tərtibi, təsnifi, tədqiqi, eləcə də elmi - nəzəri və praktiki işlərin reallaşması bu əsərdə öz əksini layiqincə tapır. Monoqrafiya  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun 2021-ci il üçün İş Planına əsasən  nəşr olunub. Əsərin elmi redaktoru  ön sözün müəllifi: filologiya üzrə fəlsəfə doktoru, dosent  Əziz Ələkbərli,  rəyçiləri: AMEA-nın müxbir üzvü  Əbülfəz Quliyev, sənətşünaslıq elmləri doktoru, professor  Rafiq İmrani, filologiya üzrə fəlsəfə doktoru, dosent  Elxan Məmmədov və filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarovdur.

Əsəri elmi cəhətdən təhlil edən dəyərli alimimiz Əziz Ələkbərli yazır: Halay və yallılar kimi qədim mədəniyyət örnəklərinin mənşəyi, yaranma və yayılma arealı ilə bağlı zaman-zaman araşdırmalar aparılsa, fərqli fikirlər irəli sürülsə də, bunların məkanının Türk dünyası olması danılmazdır. Lakin məxsusi olaraq Azərbaycan, əsasən də Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, o cümlədən Dərələyəz mahalı bu rəqslərin, demək olar ki, yarandığı, inkişaf etdiyi, rəngarəng adda və süjetdə formalaşdığı aktiv məkandır. Bu baxımdan – yallının yaranıb formalaşması nöqteyi-nəzərindən Naxçıvanın Şərur rayonu daha qabarıq mövqedədir”.

İki fəsil və 8 paraqrafdan ibarət olan  bu monoqrafiyanın ilk fəsli "Naxçıvanda milli mədəniyyətin formalaşmasında folklorunxalq rəqslərinin rolu” adlanır. Bu fəsildə   Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan folklor mühiti milli yaradıcılıq ənənələri zəngin fatlarla sübuta yetirilir və ümumazərbaycan folklorunun dərk olunmasında ayrı-ayrı bölgələrin və folklor mühitlərinin öyrənilməsi mühüm rola malik olduğu vurğulanır. Bu fəslin “Milli etnik mədəni sistemin təzahürü - Naxçıvan folkloru” adlı ilk  paraqrafında  Naxçıvan yallılarının mənşəyini, formaifa xüsusiyyətlərini  dərindən araşdıran Aytən Cəfərova ən  çox halay və yallı nümunələrinin Şərur  Ordubad rayonlarının payına düşdüyünü qeyd edir.  Məlumdur ki, halay və yallılar geniş mənada sarsılmaz özülə malik olan mədəniyyətimizin bir parçası olmaqla yanaşı  folklormusiqi mədəniyyətimizin nüvəsində dayanır. Bu səbəbdən də “Naxçıvan folklorunun özəllikləri” başlıqlı paraqrafda Naxçıvan folklor mühitinin özünəxas xüsusiyyətləri tədqiqata cəlb olunmaqla yanaşı özünün qədim mədəniyyətini folklor janrlarında qoruyub saxlayan dünyanın mədəni mərkəzlərindən birinə çevrilən Naxçıvanın folklor janrları həm qədimliyi, həm də özünəməxsus ifa xüsusiyyətlərinə görə digər bölgələrin folklorundan fərqli xüsusiyyətləri nümunələrlə təhlil olunur.  Həmçinin müəllif qeyd edir ki, Naxçıvanın coğrafi ərazisində yerləşən kənd və rayonların hər biri ortaq folklor janrlarını yaşatsa da, onların üslub, forma xüsusiyyətlərinə görə bir-birindən fərqli folklor janrlarına aid nümunələri də vardır. Bu cür fərqlər Naxçıvan folklorunu unikal etməklə yanaşı, həm də onu bu regionda hansı növya folklor janrının milli mədəni prosesin inkişafında xüsusi rol oynamasını göstərməsi ilə səciyyələnir. Müəllif belə rayonlar arasında  Şərurun, Ordubadın, Şahbuzun və digərlərinin folklor mühitlərini xüsusi əhəmiyyətindən bəhs açır. Bu paraqrafdan dərk olunan nəticə odur ki, Naxçıvan folklorunun əsas özəlliyi, hər şeydən əvvəl, qədim protoazərbaycan mədəniyyətini – dilini, xalqın milli poetik tərəqqi sənətini, nəğmələrini, məişət və mövsüm mərasim ayinlərini, xalqın milli təfəkkürünün məhsulu olan mifik, aşıq, lirik və qəhrəmanlıq dastanlarını, hekayə, rəvayət, atalar sözləri, ağıları, poetik irsini, xalq mahnı və nəğmələrini, rəqs janrlarını qoruyaraq müasir nəslə çatdırmasıdır.

Əsərin ilk fəslinin sonuncu paraqrafı “Naxçıvan folklorunda mövsüm və məişət mərasim rəqs janrları” adlanır.  Rəngarəng janrları ilə özünəməxsusluq qazana  Naxçıvan folkloru janrları milli mədəniyyətin inkişafında xüsusi rol oynamışdır. Tədqiqatçı mövsüm və məişət mərasimləri ilə sıx bağlı olan rəqs janrlarının aşağıdakı ardıcıllıqda olması qənaətindədir:

1. Mövsüm-mərasim nəğmə və rəqsləri;

2. Məişət-mərasim nəğmə və rəqsləri;

3. Novruz bayramı öncəsi nəğmə və rəqsləri;

4. Novruz bayramı nəğmə və rəqsləri;

5. El bayramları nəğmə və rəqsləri.

Əsərin ikinci fəsli “Halay-yallı rəqslərinin tarixi, mənşəyi və fəlsəfi mahiyyəti" adlanır. Bu fəslin “Halay və yallı rəqs janrının tarixiadlanan ilk paraqırafında yallı və halayların tarixi və mənşəyi haqqında dərin faktlara söykənən məlumatlar verir.  Halay və yallı rəqs janrının mənşəyi”, “Halay və yallıların janrforma xüsusiyyətləri” və s. başlıqlı paraqraflar məntiqi cəhətdən bir digərinin davamıdır. Müəllif məsələnin tədqiqinə kompleks yanaşmış və uğurlu elmi nəticələr əldə etmişdir

Əsərdə maraq doğuran paraqraflardan biri də “Halay və yallı rəqs janrının fəlsəfi mahiyyəti”dir. Bu paraqrafında müqayisəli təhlil aparan A.Cəfərova ən əsası halay və yallıların fəlsəfi mahiyyəti açmağa müvəffəq olur. O, tədqiqat zamanı halay və yallı sözlərinin etimoloji izahları vasitəsilə araşdırma obyektinə çevirir. Məlum olur ki, halay və yallılar incəsənətin üç sahəsini: musiqi, rəqs və ədəbi janrın bünövrəsi olan söz sənətini sintez şəklində birləşdirən möhtəşəm sənət abidəsidir. Bu baxımdan hər üç sahənin – musiqinin, rəqsin və söz sənətinin vəhdətinin bu rəqs növündə nə dərəcədə mövcud olub və nə dərəcədə qorunduğu haqda məsələlər araşdırmanın əsas istiqaməti təşkil edir.

“Naxçıvanın halay və yallılarının yayılma arealı və bəşəri əhəmiyyəti” adlı paraqraf monoqrafiyanın  sonucu hissəsidir. Bu paraqrafda halay və yallı rəqs janrlarının tarixi kökləri dərindən araşdıran tədqiqatçı bu rəqs janrlarının türk dünyasının bir çox məkanları ilə yanaşı, digər Avropa ölkələrinə qədər də yayıldığını da qeyd edir. Bu faktın özü sübut edir ki, halay və yallı rəqs janrları türk dünyasının, xüsusilə də ilkin vətəni Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvandır. Müəllif daha sonra onu da vurğulayır ki,  halay və yallıların tarixinin öyrənilməsi onların ilkin olaraq sırf rəqs janrı olduğunu ortaya çıxarır.

Bu fundamental əsr haqqındakı fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, tədqiqatçının 100-dən çox son dövrlərin nəşri olan ədəbiyyatdan istifadə etməsi də onun zəngin elmi bazaya sahib olmasının əyani göstəricisidir. Əsərin sonunda verilən nəticədən o qənaət hasil olur ki, həmrəylik rəmzi olan Yallı xalqı sülhə səsləyən musiqisi ilə, möhtəşəm ritmik ahəngi ilə çox böyük emosional təsirə malikdir. Bu musiqinin qüdrəti insan mənəviyyatının saflığını ön plana çəkir. Yallı təkcə musiqi və rəqs növü deyil, o qədim türk tarixinin başlıca möhürü, Azərbaycanın mənəvi emblemi və Azərbaycan xalqının azərbaycançılıq simvoludur.

Folklora milli sərməyəmiz kimi yanaşanbu xalq qənimətinin gələcək nəsillərə mühafizəkar şəkildə qoruyaraq çatdırmaqda böyük şövqlə, həvəslə çalışan, zəngin və hərtərəfli elmi fəaliyyətilə həmkarları arasında qibtə hissi oyadan folklorşünas alim Aytən Cəfərovaya yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Zülfiyyə İsmayıl,

AMEA Naxçıvan Bölməsi Filologiya

üzrə fəlsəfə doktoru, dosent

 

İki sahil.- 2022.- 18 mart.- S.7.