Novruz yeni nəfəsdir
Qarabağda, Şərqi Zəngəzurda,
bütün Azərbaycanda Novruz tonqalları alovlandıqca,
dostlar sevinir, düşmənlərdə isə əbədi
vahimə hissi yaradır
Şərqdə,
o cümlədən Azərbaycanda bolluq, ruzi, bərəkət,
firavanlıq rəmzi, yeni ilin
başlanğıcı sayılan Novruzun bayram edilməsinin dərin kökləri
vardır. 3500 ildən çoxdur ki, bu milli
bayram təbiətin oyanışı ilə
ürəklərdə saf niyyətlərin,
xoş arzuların yarandığı bayram
sayaraq bütün
atributları ilə və elliklə qeyd edilir, onun gəlişinə
xüsusi hazırlıqlar görülür.
Novruz təkcə təzə ili, baharın ilk gününü qarşılamaq deyil, həm də gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Hər il təbiət dəyişir, yeni il gəlir, gecə-gündüz bərabərliyi baş verir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Artıq Novruzun yurdumuza qədəm qoymasına sayılı günlər qalıb. Mart ayının 20-si axşam saatlarında Günəş Şimal yarımkürəsində, yaz bərabərliyi nöqtəsində olacaq. Bununla da ölkəmizə 2022-ci ilin yazı gəlir.
Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunub, şəxsən onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilib. Ümummilli lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında dövlət və milli bayramlarımız, xüsusilə Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilir. Dövlət başçısının Novruz şənliklərində iştirak etməsi bayram təntənələrinə əlavə rəng qatmaqla yanaşı, hakimiyyət-cəmiyyət münasibətlərinə müsbət təsirini göstərir. Qloballaşma şəraitində aparılan işlər milli-mənəvi dəyərlərin dünyaya inteqrasiyasına yollar açır. Belə bir şəraitdə respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən tədbirlər xalqımızın maddi-mənəvi irsinin, milli adət-ənənələrinin təbliği sayəsində atılan ciddi addımlardır. 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilib. Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasını və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi.
Bayram günlərində Heydər Əliyev Fondunun dəstəyi və yerlərdə şəhər, rayon icra hakimiyyətləri aparatı nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin, qazilərin, kimsəsiz və imkansızların qapısı döyülür, onlara bayram təbrikləri və Novruz sovqatları çatdırılır. Hər il Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri ilə Novruz bayramı qəlbi Vətən məhəbbəti ilə döyünən soydaşlarımız və diaspor təşkilatlarımız tərəfindən ölkəmizin hüdudlarından kənarda da böyük təntənə ilə qeyd edilir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin sevinci ilə həmahəng, könül xoşluğu və qürurlu duyğularla qeyd etdiyimiz tarixin özü qədər qədim Novruz bayramını dünyanın bir çox xalqı baharın gəlişi, təbiətin oyanışı kimi bayram edir.
Çoxmillətli ölkəmizin bütün bölgələrində Novruz böyük sevinclə, şən əhvali-ruhiyyə ilə qarşılanır. Xalqımız bayramın gəlişinə bir ay əvvəldən hazırlaşır. Azərbaycanlılar bayram süfrəsinə xüsusi diqqət yetirirlər. Süfrədə adları da “S” hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrəyə, həmçinin sumax, sirkə, süd, səməni, səbzi və sairə düzülərdi. Bunlardan başqa, masanın üstünə güzgü və şamlar, güzgünün üstünə isə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü - aydınlıq rəmzidir. Ənənəyə görə, bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan”. Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür. Sönmüş od, işıq bədbəxtlik əlamətidir. Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçdiyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış əlamətləri sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli, bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə, yağmurlu, külək olsa, deməli, bütün yaz belə olacaq. Qalan üç gündə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.
Novruz bayramı etiqadlarında insanlara qayğı, diqqət, ədalət idealları başlıca yer tutur. Cəmiyyətdə bərabər, rahat yaşam tərzi formalaşdırmağa, xəstələrə, yaşlılara, kimsəsizlərə əl tutmağa çağırış ifadə olunur. Bu məqsədlə də bayram günlərində min bir nemətlə zəngin xonçalar bəzədilir, insanlar bir-birinə müxtəlif bayram payı, bayram şirniyyatı və digər Novruz nemətləri göndərirlər. Ehtiyacı olanlara yardımlar aparılır və beləliklə də, bütün el-oba tam şəkildə bayram şənliklərinə qatılır. Novruza qədər bir çox tamaşa və oyunlar keçirilib. Adət – ənənəyə uyğun olaraq, bu tamaşa və oyunlarda əsasən cavanlar iştirak ediblər. Yaxın keçmişimizdə bölgələrdə keçirilən cıdır, qılıncoynatma, kəməndatma, gözbağlıca, kosa–kosa və digər oyun və tamaşalardan ən çox cıdır və kosa–kosa oyunlarında kütləviliyi seçilib. Çünki bu oyunlarda cavanlarla bərabər, uşaqlar da, yaşlılar da çox olub.
Novruzun ən önəmli atributlarından biri səmənidir. Səməni bayram ərəfəsində dənli bitkilərdən cücərdilir. Bayram boyunca demək olar ki, bütün süfrələrdə səməni olur. Bu səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin, təbiətin, həyat və bolluğun rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Novruzda papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yumurta döyüşdürmək bayramın əsas atributlarındandır. Novruzun digər rəmzlərindən biri boyanmış yumurtadır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması hələ nənə-babalarımızdan dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulur. Novruzda xüsusi şirniyyatlar, o cümlədən qoğal, şəkərbura, paxlava bişirilir. Qoğal - günəşin, şəkərbura - ayın, paxlava isə - alovun rəmzi sayılır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi ovqat verir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa - torpaq ölmür, dirilir, təbiət oyanır.
Bu bayramın özünəməxsus xüsusiyyətlərindən biri də onun çərşənbələrdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Novruzdan əvvəl isə dörd həftə ardıcıllıqla hər çərşənbə günü başqa – başqa adla qeyd olunur. Bu çərşənbələr insanın 4 ünsürdən yaradılması ilə bağlı dini-mifik görüşləri simvollaşdırır və ritual-mifoloji semantikasında yaradılış prosesini dinamik olaraq işarələyir.
Xalqımız bayramaqədərki çərşənbələri adəti üzrə bütün ailə üzvləri ilə birlikdə qeyd edir. Həmin gün hamı bir-birilə – qohum, qonşu, dost, tanış – çərşənbələşirlər (çərşənbələrini təbrik edirlər). Onlar arzularını bildirir, alqış edir, xoş sözlər deyirlər.
Novruz ənənələri yenidən 30 ilə yaxın həsrətində olduğumuz doğma torpaqlarımızda yaşanılır, tonqallar qalanır
Uzun illər idi ki, hər çərşənbədə, bayramlarda ilk alqış – duamız işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı olub. Tanrıdan yalnız bir dilək diləyirdi: “İlahi, gələn ili bu əziz bayramı öz doğma ocağımızda, yurd-yuvamızda qeyd etməyi nəsib et bizə”. Nəhayət ki, saf, ülvi, Vətən özləmli müqəddəs dualarımız çin oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, onun qəhrəman əsgər və zabitləri, canlarını, qanlarını bu torpağa qurban edən şəhidlərimiz elimizə, obamıza qələbə, bayram ərməğan etdilər. Artıq Qarabağımızın, Şərqi Zəngəzurumuzun başındakı duman avazıyıb, çən-çiskin dağılıb və bütöv Azərbaycan başdan-başa bayram libasına bürünüb. İndi Qarabağımızın, Şərqi Zəngəzurumuzun başındakı duman avazıyıb, çən-çiskin dağılıb və bütöv Azərbaycan başdan-başa bayram libasına bürünüb. Şuşanın rəmzi olan xarıbülbül artıq doğmalarının qoynunda çiçəkləyir.
İndi hər günümüz sevincə köklənib, hər anımızda bayram təntənəsi yaşanır. Yeni başlanğıc, firavanlıq, işıqlı gələcək vəd edən el bayramımız Novruz da yurdumuzun dörd bir tərəfində coşqu ilə qeyd edilir. Bu əziz bayramda Azərbaycan xalqı al-əlvan bayraqlı Şəhidlər xiyabanlarına yollanır, Vətən uğrunda canlarından keçən və təqvimdəki bütün günlərimizi bayrama çevirən şəhid övladlarına bir daha əbədi minnətdarlığını bildirir, ruhlarına dualar edirlər...
Bu dəfəki tonqallarımız daha gur yansın, hətta Qarabağımızın ən ucqar yerlərindən belə görünsün. Həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramın mübarək olsun, bütöv Azərbaycanım, sənə şənlik, şadlıq yaraşır!
Yaqut Ağaşahqızı
İki sahil.- 2022.- 19 mart.- S.18.