SUQOVUŞAN – DİRİLİK
VƏ QALİBİYYƏT RƏMZİ
Millətin
də, dövlətin rəhbərinin də varlığı
azadlıq və dirilik adlanan nemətdə görünən və
dərk olunan dəyər ölçüsünə
bağlıdır. Azərbaycan iki ildir ki, öz tərcümeyi-halında
bu ölçünün hər iki miqyasını ehtiva etməkdədir.
Azadlığını qazanmış, ərazi
bütövlüyünü bərpa etmiş ölkədə
torpağı diriltmə işlərinə, quruculuq proseslərinə start verilib. Təbiət
və tarixlə həmmüəllifliyin, irsi
qırılmazlığın əsas əlamətlərindən
biri də budur. Gələcək nəslə abad olan,
yaşayan, dirçələn, tərəqqi edən bir
materiya, Vətən ərməğan etmək.
Zamanın
sabitliyi ilə mənəvi-əxlaqi dəyərlərin
sabitliyi arasında birbaşa bağlantı və əlaqə
var. Bir də bu əlaqənin ibrət dərsləri ilə
bağlı tarixdə mövcud olan belə bir qanunauyğunluq
mövcuddur. Zamanla həmkarlığın ötəri deyilsə,
ağac ək, on il keçər və sonra sən hər il bəhrə
götürərsən. Bu məşhur fəlsəfi hikməti
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva öz siyasi fəaliyyətlərində
artıq meyara çevirməkdədirlər. Quruculuq işləri
gedən hər ərazi sanki onların əkdikləri
ağaclarla yeni dirçəliş dövrünə qədəm
qoyur. Ardınca görülən digər işlər - məktəb
binalarının inşası, fərdi evlərin tikintisi, yeni
məscidin, turizm kompleksinin təməli, hərbi hissələrin
açılışı və s.
Bu bəşərin salamat qalmasına, ekologiyasının sabaha diri çıxmasına qoyulan ən böyük sərmayədir. Dirilikdir, ümiddir. Yeni oriyentir, yeni meyar və yeni dəyər axtaran və ona doğru yol alan təqvim hər zaman təbiətə sevgidən və onunla təmasdan başlanır. Mən azad edilmiş müqəddəs torpaqlarda qalanan ocaqları da eyni qutsal müstəvidə dərk edirəm. Onu axan dövriyyənin, hərəkət və inkişafın qapalı olmayan məcrada varlığı kimi rəmzləndirirəm. Bütün sahələrdə milli ahəng yaratmağın nümunəsini ortaya qoyan Prezident İlham Əliyevin çıxışında bu qutsal məqamı duymamaq mümkün deyildir: “İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.
Bəli, iki ildir ki, Azərbaycan xalqı öz bayramlarını fərqli atmosferdə, fərqli simada qarşılayır. Ötən il Şuşada, bu il Suqovuşanda yandırılan bayram tonqalları ictimaiyyətə xalqın iradəsi, dövlət başçısının quruculuq missiyası ilə bağlı ibrətli mesajı ötürür. Həm də bir məqamı israrlı şəkildə bəyan edir: torpağı, yurdu dağıtmaq yox, qurub-yaratmaq, abad etmək lazımdır. Bu quruculuq prosesləri bizdə artıq 2020-ci ilin sonlarından qələbə ilə birlikdə milli hərəkatın bir hissəsinə çevrilməkdədir.
Azərbaycan işğal altındakı torpaqları azad etdikdən sonra infrastruktur layihələrinin icrasına başladı. Həm də çox sürətlə. Bir tərəfdə düşmənin basdırdığı minalar təmizlənməyə başlanıldı, digər tərəfdən infrastruktur layihələr reallaşdı. Və bütün bunlar dövlət başçısının planlı siyasəti, uzaqgörən niyyəti və cızdığı perspektivli layihələr üzrə qərar tapdı. Bu layihələrin sürətlə həllini tapdığı məkanlardan biri də Suqovuşan idi. Dövlət başçısının təbrik üçün məhz Suqovuşanı - bu tarixi məkanı seçməsi simvolik xarakter daşıyır.
Çünki Suqovuşan bizim üçün tək dirilik deyil, həm də qalibiyyət rəmzidir. Onun azad edilməsi Azərbaycan Ordusuna bir sıra üstünlüklər qazandırmışdı. Azərbaycan Qarabağın açarını Suqovuşanı işğaldan azad etməklə əldə etmişdi. Bununla da düşmənin əsas təminat yolları, eləcə də digər strateji istiqamətlər Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Bu hadisə Azərbaycan Ordusuna, xalqımıza əlavə mənəvi güc vermiş və bu güc sonrakı bütün qələbə xəbərlərinin əsas stimuluna, qaynağına çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2021-ci ilin aprelində azad edilmiş torpaqlarda görüləcək layihələr barədə çıxışında Tərtər rayonunun Suqovuşan qəsəbəsi ilə bağlı belə bir fikir vurğulamışdı: “Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir”.
Suqovuşan qəsəbəsindəki su anbarı yüzlərlə hektar torpağın suvarılmasını təmin edəcək, aqrar sektorun inkişafı üçün yeni perspektivlər açılacaq. Vaxtilə bu su anbarı Sərsəng su anbarı ilə bərabər 1976-cı ildə inşa edilib. Qəsəbə azad edildikdən sonra “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyaları bərpa olundu, digər infrastruktur layihələri həyata keçirildi. Təbii ki, işlər hələ bundan sonra davam tapacaq və ən yüksək səviyyədə yeni anlam və düzən qazanacaqdır. Elə ölkə başçısının Novruz tonqalını Suqovuşanda yandırması da bundan xəbər verir. Bu torpaqdan axan sular gülüstanlar yaradacaq, quru torpaqlarımıza yaşıllanacaq, gücün, sevginin rəmzi olaraq dirçəlib abad olacaqdır. Bu abadlıq işğaldan azad edilmiş bütün torpaqlarımızı çevrələyəcəkdir. Prezident İlham Əliyev bayram təbrikindəki çıxışında bunu xüsusi vurğuladı: “Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır”.
Hər şey yerini alacaq. Dağılmış şəhərlər, kəndlər yenidən qurulacaq, əzəlkindən də abad olacaq. Qaçqın-köçkünlər yurda qayıdacaq. Ən müasir standartlarla inşa edilən evlərdə yaşayacaq, torpağı vətənə çevirəcəklər. Dövlət başçısı İlham Əliyevin gələcəyə hədəflənmiş amal və niyyətləri hər gün buna daha çox inandırır və o günü daha yaxın edir.
Elnarə
Akımova,
YAP İdarə
Heyətinin üzvü,
filologiya elmləri doktoru,
dosent
İki sahil.- 2022.- 29 mart.- S.5.