Qayalara Zəfər tariximizi
yazan xüsusi təyinatlılar
Xüsusi Təyinatlı Qüvvələrin
yaradılmasının 23-cü ildönümü münasibətilə
Müdafiə Nazirliyinin XTQ-nin «N» saylı hərbi hissəsində
olan Prezident, Ali Baş Komandan İlham Əliyev artıq təşkilatlanan
bu xüsusi hərbi birləşmənin keçdiyi şərəfli
döyüş yolundan qürurla danışdı
1999-cu
ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə
Azərbaycan Ordusunun ən çevik, yüksək
döyüş qabiliyyətinə malik bölmələrindən
olan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ)
yaradılması Ümummilli Liderin uzaqgörənliyindən
qaynaqlanan təcrübə, orduya inam idi. Birinci və
İkinci Qarabağ müharibələrində göstərdikləri
rəşadətləri əfsanə kimi dillərdə
dolaşan, ən ağır təlimlərdə, əlbəyaxa
döyüşlərdə, kəşfiyyat əməliyyatlarında
xüsusi hazırlıq tələb edən döyüş
taktikaları ilə düşmənə ağır zərbələr
vuran XTQ-nin şəxsi heyəti 2016-cı ilin Aprel
döyüşlərində, eləcə də Vətən
müharibəsində Azərbaycanın hərb tarixinə təkrarolunmaz
qəhrəmanlıq səhifələri yazdı. Heç bir
ağır texnikadan, silahlardan istifadə etməyərək
Şuşa əməliyyatını uğurla başa vurmaqla
İkinci Qarabağ müharibəsindəki Zəfərimizi əbədiləşdirən,
peşəkarlıqları ilə bərabər, fədakarlıq
göstərərək tapşırıqları uğurla
yerinə yetirən, döyüş meydanlarında ləyaqətli,
şərəfli və ədalətli davranışları
ilə XXI əsrin hərb tarixini yazan xüsusi təyinatlılar
arasında orden və medallarla təltif edilənlərin
çoxluğu onlara dövlətin və xalqın tükənməz
inamının, etimadının ifadəsidir.
Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə Müdafiə Nazirliyinin XTQ-nin «N» saylı hərbi hissəsində olan Prezident, Ali Baş Komandan İlham Əliyev artıq təşkilatlanan xüsusi hərbi birləşmənin keçdiyi şərəfli döyüş yoluna nəzər saldı. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək Zəfərimizin əldə olunmasında əvəzolunmaz xidmətləri ilə tarix yazan «xüsusilərin» hər birini qəhərmanlıq salnaməmizin müəllifləri adlandırdı. Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin, Şuşanın, Laçının, Kəlbəcərin işğalı, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantının yaradılması ilə torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qalmasının səbəblərindən söz açan Ali Baş Komandan İlham Əliyev bildirdi ki, bu illər ərzində xalqımızın ən böyük arzusu ərazilərimizin qaytarılması idi. Artıq el arasında müdrik kəlama çevrilən nəyin, necə, nə vaxt ediləcəyini dövlətçilik təcrübəsi, liderlik fəlsəfəsi ilə müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi naminə davam etdirdiyi siyasət sayəsində Azərbaycan Silahlı Qüvvələrinin bütün hissələrində olduğu kimi, XTQ birləşmələrində də silah və sursatlarla təchizat gücləndirildi, ən müasir hərbi texnikaları idarə edəcək peşəkar mütəxəssislər hazırlandı. Qardaş Türkiyənin hərbçiləri ilə birgə keçirilən məşqlər, hərbi təlimlər zamanı ən yüksək döyüş qabiliyyətinə malik kadrlar hazırlandı. Aprel döyüşlərindəki uğurlarımızı işğalçılar üçün bir mesaj kimi dəyərləndirən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, həmin döyüşlərdə qazanılan qələbələrdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Amma havadarlarına arxayınlaşan erməni faşistləri Aprel hadisələrindən nəticə çıxarmadılar. Əlavə torpaq əldə etmək iddiası ilə işğalı əbədiləşdirmək üçün Azərbaycana hədə-qorxu gəlməkdə davam etdilər. «Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. «Qarabağ Ermənistandır və nöqtə» deyən düşmən bu gün «Qarabağ Azərbaycandır» deyir. Nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Biz güclü ordu yaratmışıq. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq» söyləyən Prezident, Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu sahəsində həyata keçirilən islahatlarda XTQ-yə xüsusi diqqətlə yanaşıldığını da bildirdi. Bütün danışıqlarda, ikitərəfli və üçtərəfli görüşlərdə Azərbaycanın torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağını rəsmən bəyan edən Ali Baş Komandan İlham Əliyev bildrirdi ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı düşmənin əlindən alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Belə də oldu. Şanlı tariximiz olan Vətən müharibəsində Ali Baş Komandan ətrafında sıx birləşən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 44 gün davam edən hərbi əməliyyatlarda, Silahlı Qüvvələrlə birgə iştirak edən Azərbaycan xalqı yumruq kimi birləşərək öz ordusuna dayaq, arxa, kömək oldu. Hər gün düşmənə ağır zərbələr vuruldu. «Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edildi. Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir» söyləyən Ali Baş Komandan İlham Əliyev onu da bildirdi ki, 300-dən çox şəhər və kəndin danışıqlar yolu ilə deyil, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək işğaldan azad edilməsində daim ön cəbhədə vuruşan xüsusi təyinatlıların böyük xidmətləri olmuşdur. Onlar Azərbaycan xalqına Zəfər sevincini yaşatdılar. Həmin günlərdə gənc nəsldə daha yüksək olan döyüş əhval-ruhiyyəsi, könüllülərin hərbi əməliyyatlarda iştirakı, xüsusi təyinatlılarımızın dünyanı hərb tarixində görünməmiş taktika və strategiyası bütünlükdə xalqımızda Qələbəyə inamı daha da artırdı. Bütün döyüşlərdə qəhrəmanlıq göstərən, düşmənə ağır zərbələr vuran əsgər və zabitlərimizin dağıtdıqları düşmən istehkamları, sıradan çıxardıqları hərbi texnikalar, işğaldan azad etdikləri ərazilər düşmənə ən ağır zərbə oldu.
«Xüsusi təyinatlıların Vətən müharibəsindəki Qələbəmizdə çox böyük payı var. Mən Ali Baş Komandan kimi bunu bilirəm, bu barədə Azərbaycan ictimaiyyətinə də öz sözlərimi demişəm. Bütün Azərbaycan xalqı bunu bilir və düşmən də bunu bilir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, döyüşlərin davam etdiyi müddətdə özləri haqqında mif yaradan, fərarilərinin sayı artan Ermənistan ordusu ilk günlərdən məhvə məhkum olduqlarını anladı. Qələbəmizin əsas amili isə Azərbaycan xalqında həmişə yüksək olan milli ruh, Vətənə sonsuz sevgi, hərbçilərimizin döyüş qabiliyyətinin yüksək səviyyədə olması, peşəkarlığı idi.
Həlledici əməliyyatlarda ön sırada döyüşən, Şuşanın işğaldan azad olunması uğrunda əlçatmaz zirvələrdən, qayalardan keçərək düşmənə gözləmədiyi yerdən zərbə vuran xüsusi təyinatlılarımızın heç yerdə görünməyən fədakarlığı, əlbəyaxa döyüşlərdə istifadə etdikləri taktika, cəsurluq hələ də öyrənilməkdədir.
Ali Baş Komandan İlham Əliyevin əmrlərini uğurlu əməliyyatları ilə yerinə yetirən, dövlət başçımızın « Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim Qarabağın tacı olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu» sözlərini rəşadətləri ilə doğruldan xüsusi təyinatlılar alınmaz qalanı, Şuşanı azad etməklə Ermənistanın ölüm fərmanını yazdılar, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdilər. Bu gün də Zəfər yolu ilə Şuşaya gələnlər sıldırımlı, keçilməz qayaları fəth edən xüsusi təyinatlıların qəhrəmanlıqlarına heyran qalırlar. Azərbaycanın əsgər və zabitləri o qayalara qəhrəmanlıq tarixlərini əbədi yazdılar. Gücümüz, iradəmiz, peşəkarlığımız, ən başlıcası isə Vətənə olan sevgiimiz nəticəsində işğalçı düşmən Azərbaycan əsgər və zabitlərinin qarşısında dayana bilmədi. Hərbi ekspertlər, münaqişələrlə bağlı araşdırma aparan mütəxəssislər hələ də Azərbaycanın Zəfəri haqqında danışırlar.
Azərbaycan qalib xalq, müzəffər ölkə kimi bu gün də gücünü, müdafiə qüdrətini artırır. Silahlı Qyvvələrimiz ən müasir hərbi texnikalarla, silah- sursatlarla təmin olunur, hərbi birləşmələrdə islahatlar aparılır. Xüsusi əməliyyatları aparmaq iqtidarında olan yeni güc mərkəzləri yaradılır. Tam inamla deyə bilərik ki, Azərbaycan Ordusu müharibə dövründəkindən daha qüdrətli və daha güclüdür.
Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni açılan hərbi hissədəki çıxışında ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edən, ən yüksək standartlara cavab verən yeni hərbi hissələrin təşkilinə xüsusi diqqət göstərildiyni vurğulayan Ali Baş Komandan İlham Əliyev Komando Briqadasının yaradılmasını yenilik adlandırmaqla bu təcrübənin gələcəkdə də davam etdiriləcəyini bidirmişdi. Yüksək təlim keçmiş, möhkəm iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımızın xidmət edəcəyi bu briqadalarda təlim keçən, xüsusi təyinatlılar kimi peşəkarlığa, zəngin döyüş təcrübəsinə malik gənclər hər zaman döyüşə hazırdırlar. «Yeni torpaqlar uğrunda yeni müharibə”yə hazırlaşan» Ermənistan sülh sazişinə razı olmasa İkinci Qarabağ müharibəsindən sonra sayı iki dəfə artırılan, mənəvi-psixoloji keyfiyyətləri, fiziki hazırlıqları, peşəkarlıqları ilə seçilən təkcə xüsusi təyinatlılarla deyil, Komanda Briqadasının cəsur əsgərləri ilə də üz-üzə dayanacaq.
Xuraman İsmayılqızı
İki sahil.- 2022.- 5
may.- S.7.