Xilaskarlıq missiyası

 

Ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsində çalışdığı müddətdə müstəqilliyimizin əbədiliyi naminə həyata keçirdiyi islahatlar bu gün daha geniş miqyasda davam etdirilir

 

…Bəşər tarixi çox böyük dahilər yetirib. Onlar arasında inqilabçı, dövlət yaradıb millətləri üçün böyük işlər görənlər də vardır. Ancaq onların çoxunun tarixdə izi, yeri , xidmətləri qalmayıb. Çünki gördükləri işlər gələcəyə hesablanmadığı, dəyərli, faydalı olmadığı üçün uğursuzluqla nəticələnib, ardıcılları olmayıb. Ancaq Azərbaycanda qərinədən artıq bir müddətdə hakimiyyətdə olan Ulu Öndərin xalqı üçün gördüyü işlər o qədər qiymətli, misilsizdir ki, siyasi irsi, dövlətçilik məktəbi, ənənələri bu gün də yaşayır, davam etdirilir, gələcəkdə də yaşayacaq.

Ulu öndər Heydər Əliyev müəllifi olduğu müasir Azərbaycanın müstəqilliyini qoruyub əbədiləşdirməklə, liderlik missiyasını layiqincə yerinə yetirməklə xalqımızın qəlbində əbədi yaşam haqqı qazanıb. Respublikaya rəhbərliyinin hər iki dönəmində dünya siyasətində cərəyan edən prosesləri zəkasının gücü ilə təhlil edən ulu öndər Heydər Əliyev həmişə öz sözü, çəkisi, sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanmış, liderliyin atributları olan ağıl, zəka, təfəkkür, hikmət, natiqlik kimi keyfiyyətləri şəxsiyyətində formalaşdıran Ulu Öndər dünya siyasətçiləri arasında da siyasi iradəsi, qətiyyəti, vədinə sadiqliyi, bacarığı ilə öncüllüyünü qorumuşdur.

İdeyaları, idarəçilik təcrübəsi dünənimiz, bugünümüz, sabahımız üçün məktəb, bələdçi olan ümummilli lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin , mənalı və dəyərlidir ki, hələ uzun illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Adı həmişə milli dövlətçiliyimizlə, müstəqilliyimizlə qoşa çəkilən fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi dahilərdən biri, bəlkə də birincisidir.

Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri işlədiyi illərə xronikal nəzər saldıqda aydın görünür ki, bu gün qürur duyduğumuz, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran yeniliklərin , islahatların təməli o çətin illərdə qoyulub.

Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə biliyi, bacarığı, dövlətçilik təcrübəsi baxımından ittifaqda birləşən respublikaların başçılarından müqayisə olunmaz dərəcədə fərqlənən, fenomenal istedada malik Heydər Əliyevin dəvət olunduğu Kremldəki fəaliyyəti də «baş kommunist» M. Qorbaçov kimi digər korafəhim «rəhbərləri» də qısqandırırdı. Həmin illərdə İttifaqın «düşünən beyni» hesab olunan Kremldə çalışan, sonralar isə yazdıqları kitablarında SSRİ adlı «nəhəng» dövlətin mərkəzi sayılan bu məkanda baş verən fitnə-fəsadlar barədə açıqlamalar verən o dövrün rəsmiləri də etiraf edirdilər ki, orada təmsil olunan ən layiqli dövlət adamı, işinin məsuliyyətini fəaliyyəti ilə doğruldan obyektiv, vicdanlı, savadı ilə müsahiblərini heyran edən yeganə şəxsiyyət Heydər Əliyev idi. Təbii ki, dayaz düşüncəli, ermənipərəst Mixail Qorbaçov özü üçün «təhlükə» hesab etdiyi belə hazırlıqlı kadrları ətrafında görmək istəməzdi. Ona görə də özünə münasib, ermənilərdən ibarət « fitnəkar komandasının» iştirakı ilə Ulu Öndər haqqında əsası olmayan böhtanlar, yalanlar uyduraraq müdrik şəxsiyyət Heydər Əliyevi Kremldən uzaqlaşdırdı. Ulu Öndərin zəkası və ağlı qarşısında səbatsızlığını hiss edən Qorbaçov hətta onun Moskvadan getməsinə belə qadağa qoydu. Amma unutdu ki, rusların da etiraf etdikləri kimi, müdrik siyasətçi Heydər Əliyev nəinki SSRİ-ni , dünyanı idarə etmək qabiliyyətinə malik şəxsiyyətdir. Ulu Öndərin ucaldığı zirvə ilə müqayisədə qorbaçovlar zərrəcik belə ola bilməzdilər. Ulu Öndərin məcburi istefasından sonra Qorbaçovun xeyir-dua verdiyi Dağlıq Qarabağ münaqişəsinin təməli qoyuldu.

…20 iyul 1990-cı ildə Azərbaycana gələn Ulu Öndər «sürprizlərlə» qarşılaşdı. Kremlin hər bir əmrinə itaət etməklə, milli- mənəvi dəyərlərini itirən Azərbaycanın o dövrdəki kommunist ideologiyasının quluna çevrilmiş rəhbərliyi ümummill lider Heydər Əliyevin Bakıya gəlişindən təlaşlandı. Bütün Azərbaycan xalqının sevib, hörmət etdiyi bu müdrik dahiyə təsir etmək üçün onun əlaqə saxladığı dövlət adamlarına qarşı təxribatlar hazırlandı. Ölkədə vəziyyət isə dözülməz idi. Səbatsız, dövləti idarətetmə təcrübəsi olmayan «rəhbərlərin» düşünülməmiş , ələbaxan siyasəti nəticəsində torpaqlarımız ermənilər tərəfindən işğal olunur, ölkə əhalisi iqtisadi böhrandan əziyyət çəkir, xaos içərisində qalan xalqın sabaha ümidi tükənirdi. Ən əsası isə Azərbaycanın varlığı sual altında idi. Belə bir qarışıq, gərgin zamanda hamını bir sual düşündürürdü: Hər an gözlənilən faciələrin qarşısını almaq olarmı? Məhz o zaman insanlar çıxış yolunu müəyyənləşdirdilər : Olar. Əgər hakimiyyət xalqa dəyər verən, Vətənini canından artıq sevən müdrik rəhbərin əlində olsaydı bu cür xaos yaranmazdı. O zəka sahibi isə el ağsaqqalı Heydər Əliyev idi. Xalqın bu seçimini özlərinin məhvi kimi dəyərləndirən «kommunist üsul-idarəsinin» başbilənləri hər cür çirkin əməllərə əl atdılar. Lakin Heydər Əliyev elə parlaq bir varlığa sahib idi ki, ona heç bir ləkə yapışmazdı. Beləcə iki gün Bakıda qalan, paytaxtda sabitliyin pozulmasını istəməyən müdrik insan 22 iyulda doğulub –boya başa çatdığı Naxçıvana gəlir. Həmin tarix Ulu Öndərin xilaskarlıq missiyasının başlanğıcı, Azərbaycan xalqının gələcəyi üçün də önəmli oldu.

… 1990-cı ilin 22 iyulunda Naxçıvan şəhərinin mərkəzi meydanına toplaşan həmyerliləri qarşısında çıxış edən, « Doğma vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm» sözləri ilə insanların öləziməkdə olan azadlıq ruhunun qaldırılması kimi məsul, çətin, hər bir dövlət başçısının öhdəsindən gələ bilməyəcəyi bir vəzifəni üzərinə götürən Ulu Öndər xilaskarlıq missiyasına xalqın xeyir-duası ilə başladı. O missiya ki, təkcə muxtar respublikanın deyil, bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini şərtləndirdi.

 Xalqın ümid yeri olan el ağsaqqalı, sonra deputat, nəhayət Naxçıvan MR Ali Məclisinin Sədri kimi rəhbərlik etdiyi bütün iclaslarda mövcud ağır şəraitin aradan qaldırılmasının həlli yollarından danışır, insanlara arxa, dayaq olurdu.

17 noyabr 1990-cı ildə Naxçıvn MR Ali Məclisinin növbəti iclasına ağsaqqal deputat kimi sədrlik edən Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə tarixi missiyasını davam etdirdi.

O illərdə cəsarət tələb edən addımları gələcək üçün təməl adlandıran Prezident İlham Əliyevin sözləri bu baxımdan daha xarakterikdir: « Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.» Bu sistemin müəllifi Ulu Öndər, «icraçıları»isə onun həmyerliləri idi.

Ulu Öndərin imzaladığı «Naxçıvanda zərərlə işləyən kolxoz və sovxozların ləğv edilməsi və onların əsasında şəxsi təsərrüfatların yaradılması», «Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi» haqqında qərarların qəbulu bazar iqtisadiyyatına keçid olan özəl bölməni formalaşdırdı.

«Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq prosesləri gedir» söyləyən ümummilli lider Heydər Əliyev onu da vurğulayırdı ki, Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir, evini qorumaq deməkdir.

Ulu Öndərin ən böyük xidmətlərindən biri də diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərarın qəbulu idi.

«Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır» müdrik kəlamını həyatda reallaşdıran Ulu Öndər muxtar respublikanın erməni təcavüzündən qorunmasına da yenilməz sərkərdə kimi diqqət yetirirdi. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan, 70 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş motoatıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, mülki texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın inkişafı və müdafiəsi fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu.

Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü işlərdən biri də respublikanın sərhədlərinin , muxtar respublikanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi. Böyük şəxsiyyət olan Heydər Əliyevin nüfuzu bu sahədə də özünü doğrultdu. Naxçıvana hər iki qonşu dövlətdən ərzaq , sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə qonşu dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün «Həyat yolu» adlandırılan «Ümid» körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı.

1992-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri kimi antimilli qüvvələrin təhdidlərinə xalqla birliyi sayəsində qalib gələn Heydər Əliyev 1994-1995-ci illərin acı xatirələri kimi yaddaşlarda iz salan Azərbaycanda dövlət çevrilişlərinə cəhdləri də qətiyyəti, xalqla birliyi sayəsində aradan qaldırdı.

Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir, hətta müşküldür.

1990-cı ildə Bakıda törədilmiş 20 Yanvar hadisələrinə həsr olunmuş, Ali Sovetin yarımçıq dayandırılmış sessiyasını qətiyyətlə pisləyərək Naxçıvan parlamentində bu məsələnin müzakirəsini təşkil etdi. Bir vətəndaş kimi məsələyə münasibətini bildirən ulu öndər Heydər Əliyev vaxtilə ona ünvanlanmış qərəzli iradlara etiraz edərək əsl həqiqəti insanlara çatdırdı: « Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim.» Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qırğını müstəqil bir dövlətin süverenliyinə qarşı siyasi aksiya hesab edən ulu öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən siyasi oyunlardan xəbərdar olan uzaqgörən siyasətçi «İttifaq müqaviləsi»ni Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. Qorbaçovun «yenidənqurma» oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O , «nəticə» ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini «bəxş etdi.»

Yalan, saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etiraz edərək despotizm və qan üzərində qurulmuş bu qurumun üzvlüyündən imtina etdi. Muxtar respublikada kommunist partiyasına məxsus bütün strukturları ləğv etdi, əmlakını milliləşdirdi. Bildirdi ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Naxçıvanda təsis qurultayı keçirilən Yeni Azərbaycan Partiyasının Sədri kimi ölkədə demokratik mühiti formalaşdıran Ulu Öndərin şəxsi nüfuzu hesabına az müddətdə bu siyasi təşkilata üz tutanların sayı artdı.

Cənubi Qafqazın qaynar nöqtələrindən olan Azərbaycan üçün taleyüklü məsələlərlə, ölkədə gedən proseslərlə maraqlananlar, Naxçıvana gəlir, əsl həqiqətləri müdrik siyasətçidən öyrənirdilər. Bu görüşlərin biri haqqında söhbətimizə Ulu Öndərin sözləri ilə işıq salaq: «Bir gün Litvadan gələn müxbirdən soruşdum ki, nə üçün gəlibsiniz? Deyir bir gün Bakıda olduq, sonra Naxçıvana gəldik. Deyirəm nə üçün gəlmisiniz, məndən nə istəyirsiniz? Cavab verir ki, bilirsiniz, indi ən böyük dəyişikliklər Naxçıvanda baş verir, bunları eşitmişik. Ona görə də gəldik.»

İngilis şairi və tənqidçisi Samuel Consonun «Gələcəyi satın ala biləcək tək şey bu gündür» sözləri ümummilli lider Heydər Əliyev kimi müdriklər haqqında deyilmişdir. Vaxtdan səmərəli, yerində, zamanında və məqsədyönlü istifadəyə diqqətlə yanaşan ulu öndər Heydər Əliyevin zəkasına, təcrübəsinə həsəd aparanlar çox idi.

1993-cü ildə Bakıya tarixi QAYIDIŞI ilə insanları bürüyən stresdən, xaosdan, ölkəni isə parçalanmaq təhlükəsindən xilas edən Heydər Əliyev bir daha müstəqilliyin qarantı olduğunu sübut etdi. Dahiliyi şərtləndirən amillər çox olsa da qanunauyğunluqlardan biri də budur ki, liderin qiyməti varisliklə müəyyən olunur. Yəni, rəhbər başçılıq etdiyi dövlətin inkişafını bir neçə dəfə artırmaq üçün özünə layiq davamçılar yetişdirməlidir. Ümummilli lider Heydər Əliyev bu sahədə də müdrikliyini təsdiqlədi. 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə bir daha Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən müdrik şəxsiyyət Heydər Əliyev siyasi varisi və özü qədər inandığı Prezident, Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqına Zəfər sevincini yaşadan İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 7 may.- S.6.