Qara qızıl”ımız

necə “ağ gün”ə çıxdı?

 

Heydər Əliyev-99

 

Müstəqilliyimizin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun həyata keçirilməsi və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılması obyektiv zərurətə çevrildi. Çünki dünya ölkələrinin inkişaf təcrübəsinə əsasən istənilən cəmiyyətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür.

Lakin müstəqilliyin ilk illərində Azərbaycanda olduqca acınacaqlı sosial-iqtisadi vəziyyət səciyyəvi idi. Belə ki, 1990-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatını olduqca çətin vəziyyətə salmışdı. Bununla belə, bu da az imiş kimi, o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, eyni zamanda, baş verən hakimiyyət böhranı ölkəni nəinki belə bir fəlakətdən azad olmağa imkan verirdi, əksinə, vəziyyəti daha da ağırlaşdırmaqla Azərbaycanı bütün sahələrdə uçuruma yuvarladırdı. Belə sahələrin önündə gedəni isə heç şübhəsiz ki, ölkə iqtisadiyyatı idi.

Azərbaycanın zəngin neft ehtiyatlarına malik olmasına baxmayaraq belə vəziyyətdə ölkəni uçurumun kənarından qurtarmaq elə də asan deyildi. Lakin ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından  sonra ölkədə siyasi sabitliyin bərqərar olunması, atəşkəsin əldə edilməsi ilə irimiqyaslı iqtisadi islahatlara başlanıldı. İlk növbədə 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın tarixində yeni eranın əsası qoyuldu. Yeri gəlmişkən,  "Əsrin müqaviləsi"nin əsasları  ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsinin birinci dövründə qoyulmuşdu. Belə ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və böyük səyi nəticəsində 1970-80-ci illərdə Azərbaycana neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 ton gücündə "Azərbaycan" kranı, "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neftqaz yataqlarının kəşf olunmasına imkan yarandı. Bununla da “Əsrin müqaviləsi”nin imzalanmasına imkan verən zəngin neft ehtiyatlarına malik  yataqlar kəşf olundu.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycana ABŞ və Qərbin böyük həcmdə investisiyalarının cəlb edilməsinə şərait yaratdı. Bu investisiyalar bir tərəfdən iqtisadi mahiyyət daşıyırdısa, digər tərəfdən böyük siyasi əhəmiyyətə malik idi. Belə ki, həmin dövrdə Azərbaycana qoyulmuş xarici sərmayələr iqtisadiyyatı böhranlı vəziyyətdən çıxarmağa imkan verdi. Azərbaycanın ümumi daxili məhsul istehsalı, ixracı artdı, yeni yerləri yarandı, neft hasilatında dünyanın aparıcı texnologiyası ölkəyə gətirildi. Azərbaycan enerji resursları fonunda qlobal iqtisadiyyatın tərkib hissəsinə çevrildi. ABŞ və Qərbin aparıcı enerji şirkətlərinin sərmayələri, eyni zamanda,  Azərbaycanın yürütdüyü balanslı və çoxvektorlu xarici siyasətini dəstəkləmiş oldu.    

Ulu Öndərin neft strategiyasının digər istiqaməti isə enerji resurslarının dünya bazarlarına çıxarılmasında şaxələndirmənin həyata keçirilməsidir. Belə ki, Azərbaycan neftini Rusiya, Gürcüstan üzərindən Qara dənizə çıxaran Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərlərinin sonra Bakı-Tbilisi-Ceyhan kəməri neftimizi Türkiyə üzərindən Aralıq dənizinə çıxarmalı idi. Bununla Bakı-Supsa boru kəməri ilə neft ixracına başlanılan il - 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan Əsas ixrac neft kəmərinin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalandı. Artıq 2002-ci ilin sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və tikintisinə başlanıldı. Neft kəmərin açılışı 2006-cı ilin may ayının 28-də reallaşdı. Neft ixracında texniki imkanlardan əlavə təhlükəsizliyə zəmanət verən bu boru kəməri alternativlərindən xeyli fərqlənməklə həyata keçirilmiş neft strategiyasının tərkib hissəsidir.

Bundan başqa, ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı.

Nəticədə neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynamağa başladı. Bununla da məqsədyönlü iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Beləliklə, müstəqilliyin ilk illərində baş vermiş tənəzzülə  ulu öndər  Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasının nəticəsində  son qoyuldu. Artıq 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı.Bunun nəticəsində  1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını ötdü.

Ulu Öndərin neft strategiyası təbii qaz ixracına da cığır açdı. 2006-cı ildən "Şahdəniz” qaz yatağının birinci mərhələsi üzrə hasilatın həyata keçirilməsi Azərbaycanı dünyaya həm də qaz ixrac edən ölkə kimi tanıdıb. Bunun ardınca yatağın tam işlənməsi çərçivəsində Cənub Qaz Dəhlizinin reallaşdırılması Azərbaycanın təbii qaz ixracının artmasına imkan verib. Bundan başqa, 2017-ci ildə “Əsrin müqaviləsi”nin düzəliş edilməklə və yenidən tərtib olunmaqla müddətinin uzadılması da sözügedən neft strategiyasının uğurlarındandır.

Təbii ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, bu gün bütün bu sadaladıqlarımız haqqında da danışmaq mümkün olmazdı. Bu baxımdan da ötən 29  ildə olduğu kimi, qarşıdakı illərdə də həyata keçiriləcək neft strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olacaq.  

 

Ceyhun Piriyev

 

İki sahil.- 2022.- 7 may.- S.21.