Şuşanın dağları
başı dumansız
“Şuşa
İli”nin işığında dünənki bədbinlikdən
bugünkü nikbinliyə yol alan düşüncələr
Bu günlərdə şəxsi arxivimi vərəqləyərkən 2005-ci il mayın 7-də “Günay” qəzetində dərc olunmuş “Şuşanın dağları başı dumanlı...” sərlövhəli rekviyem nəzər-diqqətimi cəlb etdi. Açığını söyləyəcəm. Şuşanın işğalının 13-cü ildönümü ərəfəsində bütün varlığımı didib-parçalayan qaraqarışıq düşüncələrin təsiri altında qələmə aldığım həmin rekviyem ilk cümləsindən son kəlməsinə qədər bədbinlik notları üstündə köklənmişdi. Təqribən bir əsr bundan əvvəl görkəmli mollanəsrəddinçi şair, dramaturq, “Şuşa şəhərinin tarixi” əsərinin müəllifi Həsən İxfa Əlizadənin insanın ruhunu coşduran, qəlbini riqqətə gətirən, bütövlükdə ata-babalarımızın bu müqəddəs qala-şəhərimizə münasibətini təcəssüm etdirən “...Şuşa! Bu ad nə qədər əziz, doğma bir ad: nə qədər dilnəvaz və mehriban ana-vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, o adın qarşısında daima diz çökərək “xaki-payini” hörmətlə öpmək mənim müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir varlıqdan: candan, maldan, həyatdan və sairədək keçmək, al qana boyanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır” kəlamları ilə başlayan rekviyemdə ürək ağrısı ilə yazmışdım ki, bax, budur Qarabağ adlı cənnət məkanımızın, gözəllik tacı Şuşamızın qədəri, qiyməti! Onu da xüsusi vurğulamışdım ki, tarix boyu milli ruhumuzun beşiyi, başımızın qeyrət tacı, qəlbimizin ən incə, ən kövrək şüşəsi olmuş Şuşanın işğalı bu müqəddəs diyarın hər qarışının yağı düşmən tərəfindən murdarlanması demək idi. Şuşanın işğalı tarixin keşməkeşli dönəmlərində bu cənnət məkana diş qıcayan yağıların tamah dişini sındıran, baldan da şirin sözü-söhbəti, könülləri oxşayan poeziyası, ruhumuzu fəth edən musiqisi, başqa təkrarsız təbii gözəlliklərini demirik, təkcə heyrətamizlik rəmzi xarıbülbülü ilə bənzərsizlik mücəssəməsinə çevrilən Qarabağ adlı müqəddəs Vətən torpağının bağrına ox sancılması demək idi.
Rekviyemdə cavabı yalnız 15 il yarım sonra- 2020-ci noyabrın 8-də tapılan suallar bir-birini əvəz edirdi: Necə oldu ki, Qarabağ adlı qədir-qiyməti heç bir mal-dövlətlə müqayisəyə gəlməyən üzüyün brilyant qaşı, ata-babalarımızın uğrunda hər bir şeylərindən- canlarından, mallarından keçdikləri, yolunda al qana boyanmağı şərəf saydıqları təmiz, billur qəlb şüşəmiz erməni kimi rəzil, insanlıqdan, mədəniyyətdən, sivilizasiyadan xəbərsiz, kəmfürsət tarixi düşmənin murdar pəncəsinə keçdi? Necə oldu ki, yaranışından fəth olunması mümkünsüz görünən uca dağların zirvəsində qərar tutan təbii qala-şəhərimiz belə asanlıqla düşmənə təslim edildi? Necə oldu ki, “Şuşa işğal olunsa başıma güllə çaxacağam” deyən “psevdoqəhrəmanlar”dan sonralar bu təbii qala-şəhərin düşmənə asanlıqla təslim edilməsinin haqq-hesabını, hesabatını sormadıq?.. Belə bir müqayisə də aparmışdım ki, halbuki bu cənnət diyarın qəhrəmanlıq tarixindən bəhs edən “Qarabağnamələr”i vərəqləsək görərik ki, ta qədimdən müqəddəs Qarabağ torpağına əl uzadan düşmənin əli biləyindən kəsilib. Bu yurda kəc baxanların gözünə mil salınıb. Xüsusilə, XVIII-XIX əsrlərdə böyük siyasi oyunların mərkəzində dayanan Qarabağ xanlığı, bu qiymətli üzüyün qaşı sayılan Şuşa Azərbaycanın qeyrət, şərəf simvolu, şöhrət tacı, sözün əsl mənasında alınmaz qalası olub.
Onu da xatırlatmışdım ki, əsası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan bu şəhərin mövcudluğu dövründə çağrılmamış “qonaq” tək bircə dəfə Şuşa qalasını adlaya bilmişdi: “Adlamışdı və…şəhərə sahib olduğu birinci gecədə burada baş qoyub getmişdi. Bu, Ağa Məhəmməd Şah Qacar idi. O, dəfələrlə həmin dövrün ən müasir silahları ilə silahlanmış qoşunları ilə bu alınmaz qalaya hücum etmiş, hər dəfə də şuşalıların igidliyi, qeyrəti qarşısında geri çəkilməyə məcbur olmuşdu. Görün, 1795-ci ildə fateh Ağa Məhəmməd Şah Qacar 33 gün mühasirədə saxladığı Şuşanı fəth etməyin qeyri-mümkünlüyünə əmin olub nə demişdi: “Qalıb məğlubiyyətə uğrayınca, yarı yoldan qayıtmaq daha yaxşıdır. Bizim xilasımız o ola bilər ki, atlarımızın yüyənini bu bədbəxtlik və fəlakət gətirən yerdən başqa səmtə çevirək. Əks təqdirdə qısa müddət ərzində bizim bütün qoşunlarımız bu dərin qanlı dənizdə məhv olar və bizlərdən heç birimiz İran torpağına sağ-salamat gedib çıxmarıq.” Amma Qacar sözünün üstündə durmamış, sonradan Şuşanı bir gecəliyə fəth etməsi ona həyatı bahasına başa gəlmişdi. Amma indi? Düz 13 ildir ki, aranlı-dağlı Qarabağın digər dilbər guşələri kimi, Şuşa da düşmən tapdağı altında inildəyir. Yəqin ki, qəbirləri çatlayır, ruhları od tutub yanır xan babalarımızın, xanım-xatın nənələrimizin. Niyə biz onların adlarına layiq övlad ola bilmədik? Hansı səbəbdən hakimiyyət, kreslo hərisliyimiz Vətən, torpaq, millət kimi ülvidən də ülvi, müqəddəsdən də müqəddəs anlayışları üstələdi və... alınmaz qalamız xəyanətin, satqınlığın qurbanı oldu? Nədən xan babalarımızın bizə ərməğan etdikləri başımızın tacı, qəlbimizin saf, ülvi şüşəsi, namus, qeyrət qalamız Şuşamızı erməni kimi tülkü xislətli, tülkü sifətli, insanlıqdan kənar tarixi düşmənimizə müqavimətsiz-filansız “ərməğan” etdik? Və bu xəyanət, satqınlıq nəticəsində növbəti dəfə doğrandıq, qayçılandıq, kəsildik! Mənzərə ürəkdağlayandır! Bir zamanlar 400 min kvadratkilometr əraziyə sahib olan böyük millət indi 69 min kvadratkilometrlik kiçik bir sahəyə sığınıb, Şuşasız, Qarabağsız qalıb...
Bu gün ermənilərin tarixi adını həyasızcasına, bırsızcasına özününküləşdirib “Şuşi” qoyduqları Şuşanın başı göylərə çatan dağlarını sıx duman, çən alıb. Bu dumandan, bu çəndən cənnət diyarımız görünməz olub. Daha bu cənnət məkandan Xan əminin məlahətli səsi havalanmır. Daha Şuşanın hər yandan sorağı gəlmir. Daha İsa bulağı da tərifəlayiq deyil. Daha Şuşanın dağları, divarı qızlar oylağı deyil. Daha axşamlar Şuşanın səmasında ulduzlar da doğmur. Daha onlardan da gözəl gəlinlər, qızlar yol üstündə oturub yarlarını gözləmirlər. Daha bu cənnət məkanın dərdindən ölməyə gümanlı olanlar da yoxdur....Ah, bu nə dəhşət, bu nə rəzalət! Bu gün qara dumana, çənə bürünmüş Qarabağ dağlarının o tayından erməni dığalarının əcaib səsləri eşidilir. Dəhşətdir, vallah dəhşətdir!”
Daha sonra Şuşanı işğalda saxladıqları 13 il ərzində ermənilərin bu cənnət məkanımızdan azərbaycanlı, müsəlman izlərini itirmək üçün çıxardıqları min cür hoqqadan ürək ağrısı ilə bəhs olunan, yuxarıda da qeyd etdiyim kimi, başdan-ayağa bədbin ovqatda yazılmış rekviyemi bu cümlələrlə bitirmişdim: “Elimizin adətidir, xalqın, ayrı-ayrı fərdlərin başına bir iş gələndə “Allah səbir versin” deyirik. Allah Qarabağ dərdinə dözməkdə bizə heç səbir verməsin. Amin!”
... Axır ki, Ulu Tanrı dualarımızı eşitdi. Səbrimizi daşdırdı və 2020-ci il sentyabrın 27-də qüdrətli Azərbaycan Ordusunun başladığı, baş memarı Müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə İlham Əliyev olan Qələbə soraqlı Zəfər yürüşlərinin növbəsi gözəl Şuşamıza da gəlib çatdı.
“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm.”
2020-ci il noyabrın 8-də, Vətən müharibəsinin 43-cü günündə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza, özünün də ifadə etdiyi kimi, sonsuz fəxarət və qürur hissi ilə çatdırdığı bu müjdəni böyük həyəcanla dinləyən, çöhrələri sevinclə, əlləri üçrəngli bayraqlarımızla, dilləri Vətənin, xalqımızın qürur mənbəyi olan Şuşanı vəsf edən nəğmələrlə, şüarlarla “silahlanmış” milyonlarla soydaşımız, hətta azərbaycanlı olmayan, lakin apardığımız müqəddəs savaşda haqq işimizə dəstək verən minlərlə ədalətsevər insanlar bir göz qırpımında küçələrə, meydanlara axışdılar. Bəs görəsən bu insanların bəlkə də heç 95 faizi Şuşanı görmədiyi, hətta bəziləri bu müqəddəs şəhərin harada yerləşdiyini bilmədiyi halda onları belə coşquya, bu ehtirasa sövq edən nə idi? Fikrimcə, bu suala cənab İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza ünvanladığı sözügedən müraciətində xüsusi yer alan bu müdrik kəlamlardan gözəl cavab ola bilməz: “Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir.”
...Düz 17 il bundan əvvəl, Şuşanın işğalının 13-cü ildönümünə bir gün qalmış işıq üzü görən ağı ruhlu, ağı düşüncəli yazıma “Şuşanın dağları başı dumanlı...” sərlövhəsini seçmişdim. Təbii ki, Şuşanın o zamankı durumuna adekvat olaraq bədbinlik notları üstündə köklənmiş düşüncələri bölüşərkən bundan daha “uğurlu” başlıq seçmək mümkün deyildi. Bu gün isə yenidən doğulmasının tarixi 27 sentyabr 2020-ci ildən başlayan Qarabağın və Şərqi Zəngəzurun hər qarışı kimi, artıq öz tarixi adına və öz tarixi sahibinə qovuşan Şuşanın da başı göylərə çatan dağlarında bir qərinədən artıq müddətdə “lövbər” salan qara buludlar, duman, çən çəkilib gedib. Düz 28 il çağdaş tariximizin ən hüznlü, ən ağrılı anı kimi qeyd etdiyimiz Şuşanın işğalı gününü -8 mayı artıq ikinci ildir ki, tamam başqa ovqatda qarşılayırıq. O səbəbdən ki, nikbin notlara söykənərək bugünündən fəxrlə, qürurla, söhbət açdığımız bu cənnət məkanımız artıq azaddır. Bu gün Qarabağ adlı bənzərsiz üzüyün brilyant qaşı Şuşamızın aydın səmasında Pənahəli xanın, İbrahim Xəlil xanın, əsərindən iqtibas gətirdiyimiz Həsən İxfa Əlizadənin, Mir Mövsüm Nəvvabın, Xan qızı Natəvanın, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Seyidcanın, Xan əminin, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Üzeyir bəy Hacıbəylinin, Bülbülün və adlarını çəkə bilmədiyimiz onlarla digər mədəniyyət və incəsənət korifeylərimizin azad ruhları sərbəst şəkildə dolaşmaqdadır. Artıq bu gün tarixi siması qorunub saxlanmaqla sürətlə bərpa olunan və yenidən qurulan, mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilən, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı statusunu fəxrlə, qürurla daşıyan Şuşadan əvvəllər olduğu kimi, yenə də Xan əminin məlahətli səsi havalanır. Artıq bu cənnət məkanın sorağı hər yandan gəlməkdədir. İsa bulağı da əvvəlki kimi tərifəlayiqdir. Şuşada axşamlar ulduzlar da doğur. Onlardan da gözəl gəlinlərin, qızların yenidən yol üstündə oturub yarlarını gözləyəcəkləri, dağlarının, divarlarının qızlar oylağı olacağı gün də uzaqda deyil...
Yenidən doğuşun, 28 ildən sonra qovuşduğun azadlığın mübarək, əziz Şuşam!
Əhməd
Qurbanoğlu
İki sahil.- 2022.- 7 may.- S.22.