Havalansın Xanın səsi

 

Şuşanın çal-çağırlı günləri başlayır

 

«Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim» söyləməklə Ulu Öndərin Şuşada qalan izlərini yaşadan Prezident İlham Əliyev oğul kimi atasına vəfa borcunu da ödədi

 

Liderliyin atributları olan ağıl, zəka, təfəkkür, hikmət, natiqlik kimi mənəvi keyfiyyətləri şəxsiyyətində formalaşdıran ulu öndər Heydər Əliyev xalqının müdrik şəxsiyyətləri ehtiyac olduğu zamanlarda milyonlara yol göstərən dahilərdən biri və bəlkə də birincisidir. Qətiyyəti, siyasi iradəsi, uzaqgörən düşüncəsi ilə müasirləri arasında seçilən, mənalı həyatını xalqına, Azərbaycanın müstəqilliyinin qorunmasına həsr edən dahi şəxsiyyət Heydər Əliyev fenomen zəkası, qətiyyəti ilə Ümummilli Lider adını doğrultdu.

Öndərlərə xas qətiyyətə, ən çətin məqamlarda insanları arxasınca aparmaq qabiliyyətinə malik olduğunu respublikaya rəhbərliyinin hər iki mərhələsində tarixi xidmətləri ilə göstərən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqımızın öz doğma övladına məhəbbətinin ifadəsidir. Həyat yolu illərin fəsillərini xatırladan, qışın soyuğundan sərtlik, yazın ilıq nəfəsindən mərhəmət, yayın istisindən xeyirxahlıq, payızın hərarətindən qətiyyət əxz edən ümummilli lider Heydər Əliyevin dövlətçilik təcrübəsinin bütün dövrlər üçün örnək göstərilməsi bu dahinin bəşəri ideyalara sadiqliyindən qaynaqlanır.

 Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk mərhələsində (1969- 1982-ci illər) respublikamız intibah dövrünü yaşadı. Uzaqgörən siyasətçi olmaqla tarixi hadisələri ağlının, zəkasının qüdrəti, dövlətçilik təcrübəsi ilə saf-çürük edən, erməni məkrinə yaxşı bələd olan dahi şəxsiyyət Heydər Əliyevin yeganə məqsədi və istəyi canından artıq sevdiyi Azərbaycanın müstəqilliyinə, xalqımızın milli birlik və həmrəyliyinə, respublikada siyasi sabitliyin qorunmasına nail olmaq idi. Bu səbəbdən də hələ Sovetlər dövründə əsrlərdən bəri bu ərazilərin yerli əhalisi olan azərbaycanlılarla imperiyanın bu torpaqlarda yerləşdirdiyi ermənilərin birgə yaşadıqları Qarabağın inkişafına, sosial problemlərin həllinə xüsusi diqqət göstərmiş, daşnakların «böyük Ermənistan» xülyalarının baş qaldırmasına, milli münaqişələrin cücərməsinə imkan verməmişdir.

Milli mənsubiyyətindən asılı olmayaraq bir ailənin üzvü kimi yaşayan bütün Azərbaycan vətəndaşlarının birgə səyinin nəticəsi idi ki, qardaşlıq ailəsi adlandırılan respublikamız keçmiş SSRİ məkanında Keçici Qırmızı bayraqlar diyarı kimi tanınmışdı. Hələ o illərdə Ulu Öndərin ermənilərin tarix boyu həsədlə baxdıqları , özü boyda tarixi abidə adlandırılan Şuşanın milli koloritinin qorunması, bu şəhəri tanıdan görkəmli şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi üçün göstərdiyi xidmətlərin müsbət nəticəsi bu günlərdə daha məntiqli görünür.

 Qarabağın tarixini mükəmməl bilən, mədəniyyətinin, incəsənətinin, iqtisadiyyatının inkişafı üçün məqsədyönlü siyasət aparan ulu öndər Heydər Əliyev ermənilərlə azərbaycanlıların birgə yaşadıqları ərazilərdə sabitliyin qorunmasını həmişə diqqətdə saxlamışdır. Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın inkişafına isə xüsusi həssaslıqla yanaşmışdır. «...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublarQarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini,qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir» sözləri ilə bu şəhərin Azərbaycanın mədəni həyatındakı rolunu da yüksək qiymətləndirmişdir .

 Azərbaycanın klassik poeziyasının söz ustadları, «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar» sözləri ilə Şuşanı fəth etmək istəyən Ağa Məhəmməd Şah Qacara «dərs verən» Molla Pənah VaqifinXurşidbanu Natəvanın büstlərinin qoyulması, bu şəhərin tarix-memarlıq qoruğu elan olunması ilə bağlı qərarın qəbulu, genişmiqyaslı mədəni- quruculuq işlərinin genişlənməsi mədəniyyət paytaxtının şöhrətini daha da artırmışdır.

 Molla Pənah Vaqifin məzarı üstündə abidə- məqbərə kompleksinin tikilməsi, təntənəli açılış mərasiminin keçirilməsi, Vaqif Poeziya Günlərinin təşkili bütünlükdə Azərbaycan ədəbiyyatına, bədii yaradıcılığa verilən qiymət idi. Özü boyda qala adlandırılan bu şəhərdəki dini, tarixi abidələrin qorunması ilə bağlı verdiyi tövsiyələr Ulu Öndərin islami dəyərlərə , inanclara bağlılığından qaynaqlanırdı. Şuşada dahi bəstəkar Üzeyir Hacıbəylinin, ustad sənətkar Bülbülün büstlərinin, ev muzeylərinin yaradılması ilə bağlı görülən işlər ümummilli lider Heydər Əliyevin bu unikal şəhərin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğunu təsdiqləyir. Bu şəhəri Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyət məbədi, qəhrəmanlıq nümunəsi adlandıran Ulu Öndər Şuşanı Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün doğma yurd, alınmaz qala kimi dəyərləndirirdi.

 Bu baxımdan 1992-ci ilin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarını işğal edən Ermənistan silahlı qüvvələrinin həmin ilin mayında Şuşaya sahiblənmək istəklərinə nail olmaları hamı kimi Ulu Öndəri də sarsıtdı.

Azərbaycanın incisi adlandırılan bu şəhərdəki tarixi abidələrin, memarlıq nümunələrinin erməni vandalları tərəfindən dağıdılması hamıdan çox Şuşanın intibahında əməyi olan Ulu Öndəri narahat edirdi.

 Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev bu şəhərin Azərbaycan üçün müstəsna əhəmiyyətini «Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur» sözləri ilə ifadə etmişdir. «Kiçik Paris», «Qafqazın sənət məbədi», «Azərbaycan musiqisinin beşiyi» və «Şərqin konservatoriyası» adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli ictimai-siyasi xadimlərin Vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşanın işğaldan azad edilməsi ulu öndər Heydər Əliyevin ruhunu sevindirdi.

 Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlayaraq 44 gün ərzində apardıqları uğurlu hücum əməliyyatları nəticəsində Şuşanın işğaldan azad olunması ilə Azərbaycan xalqının 28 il, 6 aylıq Şuşa həsrətinə son qoyuldu. Zəfər Günü kimi tariximizə yazılan Şuşanın azad olunması, Prezident İlham Əliyevin illərdən bəri apardığı diplomatik səylərinin hərb meydanında Qələbə ilə nəticələnməsi Ulu Öndərin Şuşa ilə bağlı arzularını gerçəkləşdirdi.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını hər şeydən üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində söylədiyi: «İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!» sözlərində Ulu Öndərə sadiqlik ruhu daha çox hiss olunurdu.”

Hazırda yenilənən, dirçələn Şuşa Ulu Öndərin arzusunda olduğu günlərini yaşayır. Prezident İlham Əliyevin diqqəti sayəsində əsrarəngiz təbiəti ilə qonaqlarını valeh edən Şuşa dirçəlir yenilənir, burada həyat tədricən bərpa edilir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin görkəminin, tarixi simasının bərpa edilməsi Ulu Öndərin şəxsiyyətində formalaşan Vətənə, torpağa, yurda sevgidən, milli-mənəvi dəyərlərə sadiqlikdən qaynaqlanır. Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan olunması da Ulu Öndərin əməllərinin bu gün də yaşamasının ifadəsidir. Bir sözlə, Şuşanın çal-çağırlı günləri qayıdır.

Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Vaqif Poeziya Günləri ənənəyə uyğun davam etdirilir. «Xarıbülbül» festivalı ümumxalq bayramı kimi təntənə ilə qeyd olunur. Azərbaycanın unudulmaz şairi Molla Pənah Vaqifin bərpa olunan muzey- kompleksinin açılışında «Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi» söyləyən, fikirlərini «Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq» sözləri ilə davam etdirən cənab İlham Əliyevin bu ifadələri oğul kimi atasına, dövlət başçısı kimi xalqına vəfa borcu idi.

 Azad edilmiş Şuşaya ilk səfəri zamanı son dəfə 39 il bundan əvvəl Ümummilli lider Heydər Əliyevin bu şəhərə səfərini xatırladaraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etdilər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı: «Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik» söyləyən” Prezident İlham Əliyevin Şuşada aparılan bərpa-quruculuq işləri zamanı Ulu Öndərin yadigarları olan abidələrin bərpasına xüsusi diqqət yetirməsi də Ümummilli Liderin mədəniyyət paytaxtımızla bağlı əməllərinin yaşanmasıdır. Erməni vandalizminin şahidi olan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması tariximizə, mədəniyyətimizə göstərilən diqqət olmaqla, Ulu Öndərin bu torpaqda qalan izlərinin yenidən canlanmasıdır.

Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək hər kəsi qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Şuşanın yaralarının sağalması naminə görülən işlər bütünlükdə bu şəhəri müqəddəs hesab edən Ulu Öndərə sadiqlikdir.

Artıq Cıdır düzündə Novruz tonqalları alovlanır, «Xarıbülbül» festivalının səsi- sədası çox uzaq ellərə çatır. Şuşa bütün dünyada təkcə mədəniyyət beşiyi kimi deyil, həm də Müttəfiqlik bəyannamələrinin imzalandığı, beynəlxalq konfransların keçirildiyi siyasi platforma kimi tanınır.

Şuşanın işğaldan azad olunması xəbərini xalqa bildirməmişdən əvvəl Fəxri xiyabana getdiyini, Ulu Öndərin ruhunu sevindirdiyini Şəhidlər xiyabanından xalqa ünvanlanan müraciəti ilə bildirən Prezident İlham Əliyevin «Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri erməni faşizmi üzərində qalibə layiq Qələbə çalan Liderin xalqa verdiyi vədə sadiqliyidir.

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2022.- 10 may.- S.15.